Gürcüstan Azərbaycanlılarının
Mədəniyyət Mərkəzi
mükafata layiq görülüb
Tbilisidə Gənc və Yeniyetmələrin Yaradıcı
Kollektivlərinin mükafatlandırılma
mərasimi keçirilib. Diasporla
İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən
Lent.az-a verilən məlumata görə, Gürcüstanın
gənc və yeniyetmələrdən ibarət rəqs
qrupları və ifaçıları arasında
keçirilmiş müsabiqədə Marneulidən Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət
göstərən “Sarvan” folklor rəqs qrupu da iştirak edib.
Gürcüstanın Birləşmiş Həmkarlar
İttifaqının nümayəndəsi, tanınmış
şairə, tibb elmlər doktoru Nana Tsintsaidze tədbiri
açıq elan etdikdən sonra bir-birinin ardınca səhnəyə
qalxan Gürcüstanın müxtəlif bölgələrindən
gəlmiş rəqs qrupları və ifaçılar
çıxış ediblər. Azərbaycanlıların Mədəniyyət
Mərkəzinin nəzdində fəaliyyət göstərən
“Sarvan” folklor rəqs qrupunun “Yallı”, “Odlar yurdu” və
“Cücələrim” rəqsləri, aşıq Samirin isə
saz havaları tamaşaçıların alqışları
ilə müşayiət olunub. Tədbirin
sonunda 2010-cu ilin nəticələrini elan edilib.
Münsiflər heyətinin qərarına əsasən
ifaçılar arasında Tbilisi, Qori, Quriya, Çürciani
və digər bölgələrin təmsilçiləri ilə
yanaşı, Azərbaycanlıların Mədəniyyət Mərkəzinə
Gürcüstanda Azərbaycan mədəniyyətini layiqincə
təmsil etdiyinə , eləcə də Mərkəzin nəzdində
fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupuna
Azərbaycanın folklor rəqs nümunələrini
professional şəkildə ifa etdiklərinə görə fəxri
diplom və mükafat təqdim olunub. Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov
və “Sarvan” folklor rəqs qrupunun bədii rəhbəri Cəmilə
Məmmədova tədbirin təşkilatçılarına təşəkkürlərini
ifadə edərək onların fəaliyyətinə yüksək
qiymət verilməsindən fərəh hissi keçirdiklərini
qeyd ediblər. Müsabiqənin münsiflər
heyətinin sədri, Gürcüstanın Bəstəkarlar İttifaqının
rəhbəri Vaja Azaraşvili Azərbaycan və gürcü
xalqları arasında həmişə səmimi dostluq
münasibətləri olduğunu söyləyərək Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkürünü
bildirib. O “Sarvan” folklor rəqs qrupunun
çıxışlarını olduqca bəyəndiyini və
zövq aldığını söyləyib.
525-ci qəzet.-
2011.- 3 may.- S.7.