Əli Kərim Azərbaycan Yazıçılar Birliyində yad edilib

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda böyük şair Əli Kərimin anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin sədri xalq yazıçısı Anar böyük şairin poeziyasının işığına toplaşan hər kəsi salamlayıb: “Şairə doğma olan bu məkanda Əli Kərimin 80 illik yubileyi, təəssüf ki, onsuz qeyd edilir. Həyatı, yaradıcılığı və ən başlıcası şəxsiyyəti işıqlı olan bu qələm sahibini hər kəs yüksək insani keyfiyyətlərə sahib qüdrətli bir sənətkar kimi xatırlayır. Qısa ömür sürməsinə baxmayaraq, yaradıcılıq siqləti o qədər geniş, ədəbiyyatımıza gətirdiyi yeniliklər o qədər zəngindir ki, illər keçsə də, onun poeziyamızdakı özünəməxsus yeri heç vaxt dəyişməyəcək”.

 AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca çıxışında Ə.Kərimin yaddaşlardan heç vaxt silinməyəcəyini diqqətə çatdırıb: “Əli Kərimin bütün şeirləri içərisində “Qaytar ana borcunu”n xüsusi yeri var. Şairin “İki sevgi” şeiri də yazılma dövrünə görə müasirliyi ilə seçilirdi və düşünürəm ki, bu nümunələrdən daha yaxşısı hələ yazılmayıb”. Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı Ə.Kərim yaradıcılığından danışarkən deyib. “Əli Kərim müraciət etdiyi janrdan asılı olmayaraq həmin istiqamətdə olduqca maraqlı nümunələr yaradıb. Elə nümunələr ki, heç kim ondan daha yaxşısını yarada bilməz. Onun qələmə aldığı şeirlər etalondur. Azərbaycan ədəbiyyatı durduqca Əli Kərim poeziyamızın ən görkəmli simalarından biri olaraq qalacaq”. Şair Ramiz Rövşən dünyadan cavan köçən şairlərdən Mikayıl Müşfiq və Əli Kərimi müqayisə edib: “İkisidə həyatdan cavan gedən Mikayıl Müşfiq və Əli Kərimin yaradıcılıqları isə fantastik dərəcədə bir-birindən fərqlənir. Mikayıl Müşfiq həyat dolu şeirlərində, əsərlərində həyatın gözəlliklərini tərənnüm edirdisə, Əli Kərim daha çox ölümü əsərlərində canlandırırdı”.

Ata haqqında ən maraqlı şeir nümunəsini Ə.Kərimin yazdığını dilə gətirən R.Rövşən şairin qısa ömür yoluna atalıq və oğulluq hissini gözəl sığışdırdığını bildirib. “Əli Kərimin şeirləri insan ömrü uzadan çörək ətrinə bənzəyir. Onun qələmindən çıxan əsərlər yüksək əyarlı poeziya nümunələridir. Dünyaşöhrətli əksər əsərlər kimi onun da yaradıcılığı izaholunmazdır”. Bu fikirləri tədbirdə şair Paşa Qəlbinur səsləndirib. Tənqidçi Vaqif Yusifli Ə.Kərimin yaradıcılığının hansı ədəbi nəslin nümayəndəsi tərəfindən tədqiq olunmasından asılı olmayaraq, onun yenidən doğulduğunu, şairin yaradıcılığından danışmağın Azərbaycan ədəbiyyatının əhəmiyyətli dövrlərindən bəhs etmək demək olduğunu bildirib.

Mərasimdə digər çıxış edənlər də Ə.Kərimin yüksək insani keyfiyyətlərini diqqətə çatdırıraraq, şairlə bağlı fikirlərini və xatirələrini dilə gətiriblər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 3 may.- S.7.