Taleyindən razı zoğal
ağacının nağılı
Zoğal ağacı, əslində,
elə lap əvvəllərdən – gənc yaşlarından
deyingən idi və o vaxtlar ki, Zoğal Ağacının
bitdiyi bu dağ döşü hələ sıx meşəlik
idi, o vaxtlar ki, insanlar hələ ətrafdakı
ağacları qırmamışdı, həmin ağaclar təəccüb
edirdi: bu Zoğal Ağacı bu cür deyingənlikdə kimə
oxşayıb? Onların tanıdığı zoğal
ağaclarının, hətta ən yaşlılarının
da arasında belə deyingən olanı yox idi. Ağaclar
Zoğal Ağacının deyinməyindən hərdən o qədər
bezirdilər ki, meşənin ağsaqqalı Qoca Palıddan
soruşurdular: – Bizim meşədə haçansa bu cür
deyingən ağac olub? Qoca Palıd yaşıl
başını bulayıb: – Yox...- deyirdi və qədim
zamanları yadına salıb yenə təkrar edirdi:- Yox...
Zoğal Ağacı
dünyaya təzə-təzə göz açanda
bütün bu yerlər başdan-başa meşəlik idi və
Zoğal Ağacı da elə hey deyinirdi: – Belə də
sıxlıq olar? Nəfəs almaq mümkün deyil!..
Yay vaxtı:
– İsti bir tərəfdən, bu
sıxlıq da bir tərəfdən!..
Qış vaxtı da əksinə:
– Bu palıda bax də!..
Bu
yemişana bax də!..
Elə aralı bitiblər ki,
qarın hamısı mənim başıma
tökülür!..
Havanın sakit vaxtlarında:
– Belə də sükut olar?..
Elə bil, ölmüsən!..
Külək əsəndə:
– Belə də həyat olar?..
Üstümdə yarpaq
qalmır!..
Sonra hər şey dəyişdi:
birdən-birə insanlar – kiminin əlində bel, kiminin əlində
çəkic, külüng, ling, bu yerlərə
tökülüşdü və meşənin
aşağı tərəfindən dəmiryolu çəkməyə
başladılar. Bu yerlərin o gözəl sakitliyi ki,
Zoğal Ağacını deyindirirdi, həmin sakitlik
insanların bu yerlər üçün tamam yad olan səs-küyü
içində həmişəlik yox oldu. Fəhlələr
dağın bu külək tutmayan döşündə
ağacları qırdılar, köhnə vaqonları çəkib,
gətirib, burada yataqxana düzəltdilər və gün
batanda o vaqonlarda yatıb, gün çıxanda da vaqonlardan
çıxıb eləcə yad səs-küy sala-sala işlədilər.
Dağın döşündə
ağaclar qırılmış, meşə xeyli aralıda
qalmışdı və o Zoğal Ağacı da tək
qalmışdı; ona görə tək qalmışdı, ətrafdakı
meşə ağacları kimi dibindən kəsilməmişdi
ki, iş bitdikdən sonra fəhlələr
üç-dörd kilometr uzaqlıqdan alıb gətirdikləri
cürbəcür ucuz konservləri açıb, kolbasaları,
pendirləri doğrayıb, araqları iri stəkanlara
boşaldıb Zoğal Ağacının altında
yeyib-içirdilər, sonra da Zoğal Ağacına
dırmaşıb, o gözəl turşməzə və ətli
meyvələri yeyirdilər.
O meyvələrin – zoğalların
– təptəzə və turşməzə təmi-şirəsi
fəhlələrin ağzında qalmış araq, konserv,
kolbasa təmini – bir-birinə qarışmış ürəkbulandırıcı
təmləri – yuyub aparırdı.
Zoğal Ağacı səhərin
gözü açılandan gecənin yarısına kimi ancaq
deyinməklə məşğul idi və insanlar onun dilini
bilmədikləri üçün, aydın məsələdir
ki, heç nə başa düşmürdü, Zoğal
Ağacının deyintisini heç eşitmirdi də. Meşə
isə, dediyim kimi, dağ döşündən aralı
düşmüşdü və Zoğal Ağacının
deyinməyini ancaq onun özü eşidirdi. Deyinirdi, deyintisini
özü eşidirdi, amma deyinməkdən yorulmurdu.
Zoğal Ağacının deyintisini
bir özü eşidirdi, bir də Qoca Palıd. Ağaclar
– o cümlədən də Qoca Palıdın törəmələri
– bir-bir dibindən kəsildiyi üçün, dağ
döşündən xeyli boş məsafə aralıda
qalmış o dərdli Qoca Palıd o qədər
hündür, qollu-budaqlı, möhtəşəm idi ki, onun
budaqları uzaqlardan gələn ağac səslərini də
antena kimi tuturdu və Zoğal Ağacının deyinməyini
eşitdikcə, acıqlanır, Zoğal Ağacına tərəf
bağırmaq istəyirdi:
“- Sən nə
üçün şükür etmirsən ki, insanlar səni
də dibindən kəsib yox eləmədi?!” Ancaq Qoca
Palıd o Zoğal ağacının üstünə
bağırmırdı, çünki bilirdi ki, bunun bir mənası
yoxdur, çünki deyingən Zoğal Ağacı, uzaq
başı, belə cavab verəcəkdi: “Kaş, elə məni
də dibimdən kəsəydilər, bu dünyadan canım
qurtaraydı!..
Fəhlələr vaqonlara girib
yatmazdan əvvəl o Zoğal Ağacının altında
oturub siqaret çəkirdilər və o ucuz
tütünün tüstüsü ilə nəfəs almaq,
iyini qoxulamaq Zoğal Ağacı üçün
dünyanın ən böyük məşəqqəti idi. Elə
ki, günün batmağı, yəni axşamın
düşməyi yaxınlaşırdı, onu gözləyən
o məşəqqətin iztirabı Zoğal Ağacına əzab
verməyə başlayırdı və Zoğal Ağacı
bərkdən deyinərək, bu dünyadakı qara bəxtindən
gileylənirdi. Nəhayət, fəhlələr dəmir yol
relslərini düzə-düzə bu yerlərdən
uzaqlaşdılar və özləri üçün növbəti
yataqxana düzəltmək üçün köhnə
vaqonları da apardılar. O yad səs-küy də
qurtardı, o siqaret tüstüsünün məşəqqəti
də qurtardı, bu yerlərə bir sakitlik çökdü
və o sakitliyi yenə cırcırama
cırıltısı, dağın arxa hissəsindəki
gölməçənin kənarından gələn
qurbağa qurultusu, quşların meşədən eşidilən
civiltisi pozurdu... Zoğal Ağacı isə yenə deyinirdi:
– Bax də!...
Mənim
günümə bax!..
Gecə-gündüz qurbağalara
qulaq asmalıyam! Cırcırama cırıltısı
zəhləmi tökməlidi!..
Sübh tezdən
quşların səsinə yuxudan oyanmalıyam!..
Sonra insanlar o dəmir yolunu çəkib
qurtardılar və dağın döşündəki o
sakitliyi dəmir yolundan keçən qatarların səsi, hərdən
də elektrovozların fiti pozmağa başladı. Hər
dəfə qatar keçəndə, elə bil, dağın
döşündən də bir zəlzələ
dalğası ötüb keçirdi. Zoğal Ağacı
deyinirdi: – Nə üçün mən o qatarların səsini
eşitməliyəm? O qatarlar keçdikcə, elə bil, zəlzələdir
– nə üçün mənim köklərim
torpağın altında titrəməlidir? Nə
üçün o elektrovozların mənfur fiti hər dəfə
məni səksəndirməlidir?
Bir müddətdən sonra
isə dəmir yolunda relsdəyişdirmə məntəqəsi
yaratdılar və o Zoğal Ağacının yanında Relsdəyişən
İnsan üçün qırmızı kərpicdən
kiçik bir ev tikdilər. Relsdəyişənin eybəcər
bir arvadı var idi – hər halda Zoğal Ağacı onu
dünyanın ən eybəcər və məlun məxluqu
hesab edirdi – və Relsdəyişənin o eybəcər
arvadı əlinə yekə bir çəkic alıb,
yuduğu paltarları asıb qurutmaqdan ötrü Zoğal
Ağacının gövdəsinə uzun və yoğun bir
mismar vurdu ki, zivə bağlayıb yuduğu paltarları
assın. Və o eybəcər məxluq yekə bir çəkici,
uzun və yoğun mismarı əlinə alıb ona
yaxınlaşanda, Zoğal Ağacı hələ heç nə
başa düşmürdü, amma elə ki, o məlun
qadın mismarın ucunu Zoğal Ağacının gövdəsinin
tən ortasına dirəyib, çəkiclə döyəcləməyə
başladı, elə ki, hər zərbədən sonra o soyuq,
iyrənc və dəhşətli uzun dəmir
qırığı hərisliklə Zoğal
Ağacının gövdəsinə soxuldu, o zaman Zoğal
Ağacı hiss etdiyi müdhiş
ağrının-acının içində bu
dünyadakı bütün həyatında ilk dəfə
deyinə bilmədi, çünki o uzun dəmir
qırığının buz soyuğu onun bütün
varlığını üşütdü.. Ağacların
dilində və bu ağrını-acını, Zoğal
Ağacının gövdəsinə girmiş o dəmir
soyuqluğunu ifadə edə biləcək bir söz, bir kəlmə
yox idi. Gövdəsinə girib orada da qalmış o uzun dəmir
qırığının verdiyi əzab, onun ət ürpəşdirən
soyuğu ağrını da üstələmişdi və
Zoğal Ağacını gecələr yatağa,
gündüzlər heç olmasa lap azacıq mürgüləyib
dincəlməyə qoymayan da ağrıdan çox,
içindəki o metal soyuğu idi. Əvvəllər
Zoğal Ağacı bütün gücünü toplayıb,
gücənirdi ki, gövdəsindəki o metal
parçasını çölə atsın, ancaq bu
mümkün deyildi. O eybəcər və qəddar məxluq –
Relsdəyişənin arvadı – yoğun və uzun mismarı
o qədər dərinə vurmuşdu ki, yəqin Zoğal
Ağacının nə qədər ömrü var idi, o qədər
də onun gövdəsində qalacaqdı və Zoğal
Ağacı bunu fikirləşəndə içindən səssiz
bir nalə qopurdu. Zoğal Ağacı daha deyinmirdi,
çünki onun deyincənliyini indi yalnız səssiz nalələri
əvəz edirdi. Düzdür, o nalə səssiz idi, ancaq
meşədəki Qoca Palıd, dediyim kimi, elə bil, həssas
bir antena idi, həmin naləni də o saat tuturdu və öz
ucalığından Zoğal Ağacına baxa-baxa ona təskinlik
vermək istəyirdi, ancaq heç nə demirdi, ancaq heç
nə demirdi, çünki bunun mənası yox idi, Qoca
Palıd bilirdi ki, Zoğal Ağacı ömrünün sonuna
kimi gövdəsindəki dəmirin verdiyi əzaba məhkumdur.
Ancaq Qoca Palıd yanılırdı.
Bir müddət keçdi və
insanlar dağın döşündə stansiya yaratdılar. Bura
yollar çəkildi. Qatarlar burada dayandılar, yaxın ətrafda
yaşayan sərnişinlər düşdü, yüklər
boşaldıldı. Yavaş-yavaş dağın o
döşündə insanlar qəsəbə saldı və
günlərin bir günü Relsdəyişənin
qırmızı kərpic evini sökdülər, Zoğal
Ağacının ətrafına cürbəcür çubuq
əkdilər, burada kiçik bir bağça saldılar. Zoğal
Ağacı hələ ki, bütün bunların fərqində
deyildi, çünki o zivəni qoparıb
atmışdılar, amma o uzun mismar eləcə Zoğal
Ağacının gövdəsində qalmışdı və
başı paslanmış o yekə mismarın soyuğu gecə-gündüz
onun varlığındaydı. Ancaq yenə də günlərin
bir günündə yeni salınmış
bağçanın bağbanı bir vedrə əhəng
götürüb iri fırçası ilə artıq
yarpaqlamağa başlamış çubuqların da, Zoğal
Ağacının da gövdələrinə əhəng
çəkməyə başladı və gözü o
paslı mismara sataşdı. Vedrəni yerə qoyub getdi və
bir əlində yekə kəlbətin, o biri əlində də
bir kətil geri qayıtdı, kətilin üstünə
çıxıb kəlbətinlə o paslı mismarı
dartmağa başladı. Zoğal Ağacının gövdəsini
müdhiş bir ağrı bürüdü, ancaq Zoğal
Ağacı o saat hiss etdi ki, bu müdhiş ağrı
içindəki o soyuğu götürüb aparacaq və
Zoğal Ağacı hansısa bir istinin, hərarətin ərəfəsindədir;
Zoğal Ağacının içindən qopub gələn
isti bir ümid o müdhiş ağrını üstələdi.
O paslı mismar çətin çıxırdı,
Bağban isə qoca idi. Ağrını üstəlyən o
isti ümid Zoğal Ağacının bütün
varlığına yayılmışdı...
Nəhayət Bağban paslı mismarı Zoğal Ağacının gövdəsindən dartıb çıxardı, hətta axırıncı dəfə elə hirslə dartdı ki, mismar çıxanda az qaldı qoca Bağban arxası üstə yerə yıxılsın, ancaq kətilin üstündə müvazinətini saxlaya bildi, kəlbətinin ucundakı başı paslanmış uzun mismara baxdı və özünü saxlaya bilməyib, mismarın qarasına yağlı bir küçə söyüşü söydü. Zoğal Ağacı insanların dilini bilmirdi, amma təhtəlşüur hiss etdi ki, Bağban indicə nəsə gözəl, çox gözəl sözlər söylədi. Sonra Zoğal Ağacının varlığını bütün həyatı boyu heç vaxt hiss etmədiyi bir rahatlıq, azadlıq hissiyyatı bürüdü...
Həyat necə gözəl idi!.. Quşların meşədən
gələn cəhcəhi, cırcıramaların
cırıltısı, dağın arxasındakı gölməçədən
gələn qurbağa qurultusu necə gözəl idi!.. Hətta
qatarların o səsi, elektrovozun o fiti də gözəl idi!..
Və o çağdan sonra Zoğal Ağacı gecə-gündüz
beləcə bir xoşbəxtlik içində ömür
sürməyə başladı... Onun gövdəsindən,
budaqlarından, yarpaqlarından bütün ətrafa xoşbəxtlik
dalğaları yayılırdı... Təzə-təzə
boy atan çubuqlar bu xoşbəxt Zoğal Ağacına
baxa-baxa sevinirdilər ki, onların yenicə göz
açdıqları həyat belə gözəldir...
Qoca Palıd daha deyinməyən
xoşbəxt Zoğal Ağacına baxa-baxa fikirləşirdi
ki, yüz illərlə ömür sürüb, amma yenə də
dünyanın elə qəribə işləri olur ki, hətta
onu, yəni Qoca Palıdı da təəccübləndirir...
18 iyul 2010. Zuğulba.
ELÇİN
525-ci qəzet.- 2011.- 7 may.- S.21.