“Alnına bir şeir sıxacam sənin...”
(Qismətin “Vitrin” kitabında toplanmış şeirləri
haqqında mülahizələr)
Ədəbi
janrlar arasında poeziyanın diqqətiçəkəcək
qədər kütləviliyi həmişə müşahidə
olunub. Amma bu kütləvilik anlayışının
özü zamanına görə nisbi səciyyə
daşıyıb. Belə ki, bir vaxtlar
(indi həmin zamanı təkcə şairlər deyil, elə
bəzi şeirsevər oxucular da nostalji hisslərlə
xatırlayırlar) poetik məhsulun “istehlakı” xüsusi
dinamikası ilə seçilirdi. Fəqət
biz indiki halda şeirə tələbatın yüksələn
xətt üzrə artımını şərtləndirən
obyektiv və subyektiv amillər üzərində geniş
dayanıb ekspromt gəzişmələr etməyə o qədər
də ehtiyac duymuruq.
Maraqlı, həm də təəssüf
və təəccüb doğuran hal burasıdır ki, poetik
təsərrüfatda həmin “istehlak paradiqmasını” bu
gün xaotik bir “istehsal bumu” əvəz etməkdədir. Yəni
bir az kobud səslənsə də, deməliyik ki, şeir
yazanların sayı şeir oxuyanlardan çoxdur; başqa
sözlə, “poetik bazarda” sayı riyazi silsilə ilə azalan
oxucunu, bu müstəvidə sayı həndəsi silsilə
ilə artan “şairlər” əvəz etməkdədir. Belə çıxır ki, şair var, oxucu yoxdur.
Bir növ real oxucu kütləsi şairləşib.
Bütün bunların pis və ya yaxşı əlamət
olduğunu isbata çalışmaq, belə düşünmək
olar ki, hətta, bir az absurd da görünə
bilər. Amma əlahəzrət fakt göstərir
ki, poeziya adı altında boz-bulanıq bir axın gəlməkdədir.
Doğrudanmı
şeir yazmaq bu qədər asanlaşıb və adiləşib? Doğrudanmı
biz sanki “şair xalq” olmaq üçün,
götürdüyümüz hansısa öhdəliyi yerinə
yetirməkdən ötrü Sizif əzabına məhkum
olunmuşuq? Bütün bu ritorik (və
qeyri-ritorik) suallara rəğmən deyə bilərik ki, əslində
bizdə əsl poeziya nümunələri də yox deyildir.
Hərçənd ki, istedadlı, məsuliyyətli
adamlar üçün indi şeir yazmaq daha çətin bir
işə çevrilib və ya çevrilməkdədir.
Hər kəsin poeziya haqda,
ümumən ədəbiyyat haqqında, öz mülahizələri
ola bilər. Bu cəhətdən olsun ki, mənim
də mülahizələrim bir qədər fərqli səciyyə
daşısın; necə ki, hər kəsin dünya
haqqında öz fərdi mülahizəsi var. Məsələn,
elə bax bu cür, özü də qeyri-ənənəvi
mülahizə:
Dünyanın bakirə
çağları getdi...
Daha oksigen də
saxtadır, saxta.
Dünya dünya deyil,
supermarketdi,
Hamı
satıcıdır, hər yan piştaxta.
“Vitrin”.
Poeziya,
bütün digər ədəbi janrlar kimi, ətraf aləmi
inikas etdirir.
Bu “ətraf aləm”, əslinə çox yaxın bir məsafə-
lap şairin öz iç dünyası da ola
bilər, əlçatmayan bir aləm- uzaq qalaktika da. Burada
söhbət ondan gedə bilər ki, bu görünən və
görünməz aləmi kim, özü
də necə təqdim edir. “Görünənlərin”
olduğu kimi kağız üzərinə
köçürülməsinin əsl poeziyaya elə də dəxli
yoxdur, bunu qismən publisistikadan tələb etmək daha
düzgün olardı. Əslində,
hansısa bir həyat materialının kətana
köçürülməsinin də əsl rəssamlığa
dəxli yoxdur, bu işi fotoqrafiya daha yaxşı bacarır.
Ölüm
haqda çox yazılıb. Amma deyəsən bu
barədə bütün metaforalar sonacan deyilib tükənməyib.
Bitəcəksə bir
gün yolum,
Üzmü
cırım, saçmı yolum?
Ölmə, ölüm,
qurban olum,
Bəs məni kim öldürəcək?
“Nikbinlik”.
Məncə
orijinaldır.
Ölüm haqqında olan bu şeirin bir özəlliyi
də onun “Nİkbinlik” adlandırılmasıdır. Bax
elə indicə, bu misranı oxuyarkən mənim
yaddaşımda illər öncəsi oxuduğum bir seirin bir
misrası assosiativ şəkildə təkrarlanıb bərpa
olundu; hələ bir neçə əsr öncə
Ənənəçilik
yaxşı şeydir. Lap elə poeziyada da. Amma “ənənə”
adı altında yaprıxmış, çürüyən,
öləziyən nəsnələri az
qala qılınc-qalxanla qoruyub bütə çevirmək
özü də bir cahillikdir. Məncə
poeziyanın bir vəzifəsi də ənənəni “inkar
etməkdir”. Ənənənin
“yaxşı” inkarı yenilikdir, novatorluqdur.
Bəli,
poeziyada novatorluq yaxşı şeydir. Amma “novatorluq”
adı altında sərsəm fikirləri, mənasız ifadə
yığımını, məntiqsiz “söz həftəbecərliyini”
əldə və dildə bayraq etmək ən azı poeziyaya
parodiyadır.
İndi cəmiyyət
təkcə kimyəvi tullantılardan deyil, həm də mənəvi
tullantılardan əziyyət çəkir. Sən demə,
hətta azadlıq havasından, “azadlığa yoluxmaqdan” da
qorxanlar olurmuş.
...amma siz,
azadlığa yoluxmaqdan qorxan adamlar,
kürəkləri çarpayı,
üzləri yorğan adamlar,
siz, mənim öskürəyimə
də dəymirsiz...
Yanıma gəlməyin.
“Vəba xəstəsinin
son günlərindən”.
Poeziyada “biz”
olmur, “mən” olur. Əslində buradakı “mən”
özü də “biz”in ekvivalenti kini çıxış
edir.
Yanında elə bil yersiz
qonağam,
Mən sənə
günaham, suçam, yasağam,
Sən güllə deyilsən,
mənsə qorxağam...
Səni öz
başıma sıxardım, olmur.
“Olmur”.
Poeziyanın
(başqa sözlə, şairin) hökm vermək səlahiyyəti
və imkanı yoxdur. Əsl poetik nümunədə “olmalıdır!”
hökmü yoxdur, “ola bilər” amacı var. Amma bu arzunun
özü elə “olmalıdır!” hökmü qədər
güclü və yetərlidir.
Əsl poeziya
ümumiləşdirmir, xüsusiləşdirir. Amma bu xüsusinin
özü də ümumi olan qədər polifonikdir, çoxsəsli,
çoxrənglidir; burada poetik “solo”nun poetik “xor”a çevrilmək
imkanı hüdudsuzdur.
Bir simurq lələyi
yandır bu gecə,
Yoxdu bu quyuya
düşüb qayıdan.
Bu şüşə quyunu
sındır bu gecə,
Mənim div
canımı çıxart quyudan.
“Məlikməmmədin
quyudan üçüncü qıza yazdıqları”.
Əsl poeziya
nümunəsi açıq olduğu qədər “qapalı”,
sadə olduğu qədər də “mürəkkəbdir”.
Biz küçələrin
gecəsinə abunə yazıldıq,
təqvimlərindən töküldük
yarpaq-yarpaq,
hər gün payıza oyandıq
yuxulardan,
hər gecə qatı bir
qaranlığı yardıq ,
gecələrin lampasını ovuşdurdu
gözlərimiz,
cin çıxmadı,
çin çıxmadı yuxular.
“Biz”.
Orijinal, istedadla
yazılmış poetik nümunələr insanı (oxucunu)
dünyaya bir az “başqa”, yeni bir rakursdan
baxmağa məcbur edir. Əsl söz adamı, əsl
şair uzaqgörən olur. Poetik daltonizm
şairə yaxşı heç nə vəd edə bilməz.
Yazırıq ürəyi
hey yeyə-yeyə,
Çıxır hər təzənin
sonu köhnəyə,
Ömür dedikləri qara
lövhəyə,
Ağarır
saçımız təbaşir olur.
“Şairlər”.
Oxuculara təqdim
edilən (və edilməyən) şeirlərdə mübahisə
doğura biləcək nəsnələr də yox deyildir. Bu isə təbiidir.
Bəzən yeni, orijinal olanı hamı qəbul
edə bilmir. Amma nə edəsən ki,
hamının qəbul etdiyi də hər zaman orijinal olmur.
Meqopolislər
haqda çox yazılıb. Həm nəsr, həm
də publisistik yazılarda böyük şəhərlərin
gətirdiyi böyük problemlərdən çox söhbət
açılıb. Amma meqopolis təkcə
faciələrdən ibarət olmur. O, kimlərəsə
xoşbəxtlik də bəxş edir. Amma
baxır kimə? Bu ovqatın poetik yozum və
“təsvirini” vermək elə asan olmasa da, bu cəhddə
bulunmaq pis nəticə verməyə də bilərmiş.
Məsələn, bu cür:
Bir ömür
gözünü yollara dikən,
Tənha
qadınların möhnəti Bakı.
Pullu kişilərə
baxıb “ah” çəkən,
Pulsuz kişilərin
qisməti Bakı.
“Bakı
üçün elegiya”.
Bakı haqda deyilən bu
“elegiya” təkcə Bakıya və yalnız böyük
şəhərlərə deyil, həm də o böyük
şəhərlərdə ( və o
cümlədən Bakıda) xoşbəxtlik axtaranlara və
bunu tapmayanlara bir elegiyadır.
Və nəhayət,
haqqında söhbət açdığım bu şeirlərin
müəllifi Qismətdir. Mən bilərəkdən
onun adının qarşısında “gənc şair”
epitetini, sifətini işlətmirəm. Çünki
meqopoeziya da meqopolis kimi bəzən amansız olur. Çünki hər ikisində adamların
“vaxtındanəvvəlqocalma” xəstəliyi olduğu kimi, “həmişəcavanqalma”
mərəzi də olur. Hər iki hal təhlükəlidir.
Hər iki amplua faciəvidir. Hər iki vəziyyət ağlamalıdır. Birinci halda adamlar anadan olan kimi qocalmağa, ikinci halda
isə bütün həyatları boyu “gənc” qalmağa məhkum
olurlar. Əslində isə poeziyaya, ümumən ədəbiyyata
qədəm qoyan adam, normal durumda öz təbii
ömrünü yaşamalıdır. Lap həyatda
olduğu kimi.
Qismətin “Vitrin” adlı
şeirlər toplusu (“Mütərcim” nəşriyyatı,
2010-cu il) çağdaş poeziyamız
haqda nikbin düşünməyə əsas verir. Əminəm ki, Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə “525-ci qəzet”in gerçəkləşdirdiyi
layihə əsasında işıq üzü görən
“Vitrin” kitabı vitrinlərdən oxucu auditoriyalarına, oradan
da yaddaşlara addımlayacaq.
Qismətə əsl
şair taleyi və qisməti arzulayıram. Mən sözümü, bu
yazının əvvəlində bir bəndini sitat gətirdiyim
“Vitrin” şeirinin dünyaya xitabən deyilən misraları ilə
yekunlaşdırıram:
Bir şair nəfəsi gəlib-gedirsə,
Bir uşaq bircə bənd
şeir bilirsə,
Şairlər qazacaq sənin
qəbrini...
Firuz MUSTAFA
525-ci qəzet.- 2011.- 7 may.- S.26.