Zirzəmidə gecələyən
şəhər
Uzun zamandı Ağdamdan gətirdiyim
uşaqlıq, gənclik illərimin xatirələr toplusuna –
arxivinə əl vurmurdum. Bu yaxınlarda açdım, doqquz,
onuncu siniflərdə oxuyanda yazdığım
yarımçıq hekayələr, universitet illərinin,
jurnalistliyin ilk dövrünə aid qəzet yazıları,
fotolar, əhəmiyyəti yalnız xatirələri diri
saxlamağa yetən neçə-neçə köhnə sənədlər
tarix qoxusa da, sağ idilər. Bu yazını da elə ordan
tapdım. Şuşasızlığın 19-cu ilində
Şuşaya son səfərimlə bağlı yazını
bir də oxudum. Vahid QAZİ Ağdam aeroportunda iynə atsan yerə
düşməzdi. Evlərinə qayıtmaq istəyənlər
Şuşaya, Qarabağın başqa qəsəbə və
kəndlərinə gedən döyüşçülərə
qarışmışdılar. Vertolyotlar yardıma ən
çox ehtiyacı olan kəndlərə uçurdular.
İlk növbədə hərbçilər yola
salınırdı. Bir-iki günə vəziyyətin
ağırlaşacağı xəbəri öz işini
görmüşdü, adamlar təlaş içindəydilər.
Rus hərbçiləri hərbi texnikaları ilə birlikdə
ermənilər yaşayan məntəqələrə çəkilmişdi.
Hər cür hadisə gözləmək olardı.
Uzaqdan top, raket səsləri ara vermirdi. Qaradağlı kəndinə
uçmaq daha təhlükəli idi. Erməni güllələri
hər an vertolyotlara dəyə bilərdi. Malıbəylidən
gələn vertolyotun pərindən vurulması uçuş
qorxusunu birə beş artırmışdı. Odur ki,
artıq Malıbəyliyə uçuş
dayandırılmışdı. Axşama yaxın vertolyotla
altı yaralı gətirdilər.
Danışmağa heyini hələ
itirməyən Mütəllim Əhmədovdan bunları
öyrəndim: “Kərkicahanda vəziyyət çox
ağırdı. Dörd tərəfdən hər cür
silahla bizə atəş açırlar. Dekabrın 14-də
kəşfiyyata getmişdik. Mühasirəyə
düşdük. Atışma xeyli çəkdi. 4 erməni
öldürdük. Özümüz də yaralandıq. Bizi
atası, anası erməni olan “metis”lər satır. Belələrini
öldürmək lazımdı. Özü də bu, birinci dəfə
deyil. Onlar hər yerdə casusluq edirlər ermənilərə,
lap Bakının özündə də... Son günlər 70-ə
yaxın “boyevik” öldürmüşük, amma elə bir
ucdan gəlirlər”. Ertəsi gün Şuşaya uça
bildim. Qarabağın çölləri, dağları qarla
örtülmüşdü. Alnımı vertolyotun
illüminatoruna dirəyib aşağı baxırdım. Bu
yüksəklikdən hər yan ovuc içi kimi
görünürdü. Aşağıdakı torpaqlar
oğlundan imdad diləyən əsir anaya bənzəyirdi.
Ürəyim ət parçası yox, sanki bir topa laxta qan
yığını idi. Şuşa – qarlı dağlar
arasında tənha, paytaxtından aralı qərib şəhər.
Son üç ildə qayalarının üzü bir qat da
qırışıb, rəngi bir çalar da qaralıb. Səni
heç belə hüznlü, biganə görməmişdim,
Şuşam mənim! İlk getdiyimiz yer milis şöbəsi
oldu. Əsgərlik dostum Əli Əliyev ezamiyyə vərəqinə
möhür vurdurmalı idi. Əli Xüsusi Təyinatlı
Milis Dəstəsində vuruşurdu. Bu səfərdə məni
tək qoymamaq üçün icazə almışdı. Milis
şöbəsində öyrəndik ki, iki gündür
Şuşaya qaz gəlmir. Dekabrda Şuşada qazsız qalmaq
zülm işdi. Bir də bu gecə güclü hücum
gözlənilirdi. Şər qarışırdı. Komendant
saatına düşməmək üçün şöbədən
çıxıb gecələməyə Əlinin
tanışıgilə getdik. Qədirin evi buz kimi idi. İki
körpə balası məni, çiyni avtomatlı Əlini
görəndə sevindiklərindən atılıb
düşürdülər. Uşaqların səsi evi
başına götürmüşdü. Bayırda isə
sakitlik idi. Axşam yeməyindən sonra beş yaşlı
Zamit Əlini sorğu-suala tutdu: “Əmi, heç erməni
öldürmüsən? Onlar top atanda sən də “padvala”
düşəssən? Mən heç ermənidən
qorxmuram. Atam deyir ki, ermənilər qorxaq olur, eləmi? Sənin
avtomatın məndə olsa, gedib Vazgeni öldürərəm!”
Beş yaşlı
uşağın yaşantılarını dinc dövrün bəlkə
də əlli beş yaşlısının illərinə
paylamaq olardı. Amma bu uşaq yaşadığı
günlərin, saatların fərqində deyildi, qürurlu
idi, hələ qürurun nə olduğunu bilməsə belə.
O sevinirdi. Sevinirdi ki, əli avtomatlı bir oğlan gəlib
onlara. O inanırdı ki, bu oğlan onları qoruya bilər.
Bayırda sakitlik idi. Televizorda Məmməd Arazla
görüşü göstərirdilər. Ev sahibi
Şuşanın son günlərdəki vəziyyətini dərdli-dərdli
danışırdı. O deyirdi ki, məktəblər
bağlanıb, uşaq bağçasına heç kəs
uşaq qoymur, ermənilər qaz kəmərini partladıb,
gecələr sübhədək top atırlar, hamı öz
evinin zirzəmisində gecələyir. Bir azdan doğrudan da
top, raket və avtomat səsləri gecənin sükutunu pozdu. Əvvəl
bu səslər tək-tək gəlirdi. Sonra get-gedə
artmağa başladı və partlayış səslərinin
hesabı itdi. Evin zirzəmisində balaca Zamit atasına
qısınıb bir az sonra yuxuya getdi. Artıq neçə
gecə idi ki, Şuşa camaatı zirzəmilərdə gecələyirdi.
Mərmi partlayışlarından qorunmaq üçün zirzəmidən
təhlükəsiz yer yoxuydu. Gecələdiyimiz zirzəmi
sallaqxana soyuducusundan da betər idi. Bayırda isə
atışma ara vermirdi. Bizimkilərin atəşi yaxından
açıldığı üçün ermənilərinkilərdən
seçilirdi. Sən demə, güllənin də yadı,
doğması olarmış. Doğma güllə!
Bağrına basılası, öpüb göz üstünə
qoyulası güllə! Doğma güllələrin gətirdiyi
sevinci yaşadım o gecə, yad güllələrin qorxunc sədaları
ilə birlikdə. Öyrəşəndə mərmi səsi
zirzəmidə adamı qorxutmur. Adama qorxu bu səs kəsiləndə
gəlir. Sakitlikdə çöldə nə baş verdiyini
bilmirsən – bəlkə elə düşmən şəhərə
dolub?.. Özümü nə qədər tox tutsam da, yəqin
üzümdəki təlaşı görübmüş, ona
görə Əli ovuclarını bir-birinə sürtüb
ev yiyəsinə “İçməyə nəyin var?” dedi. Həmin
gecə ev yiyəsinin zirzəmidə açdığı
süfrə, süfrədəki gözdən alov
çıxaran tut arağı, palıd boçkasında
qoyulmuş kələm şorabası dadımıza
çatdı. Səhərə yaxın güllə səsləri
yavaş-yavaş azaldı. Biz zirzəmidən çıxanda
atışma səsi xeyli uzaqdan gəlirdi. Şəhərdə
adamlar üçbir, beşbir yığılıb
axşamkı atışmaların nəticələrini
saf-çürük edir, bizimkilərin əks cavablarından
danışırdılar. Bir neçə ev
dağılmışdı. Ölən, yaralanan yox idi, amma
hamının üzündən nigarançılıq, təlaş
süzülürdü. Keçmiş raykom binasında əli
avtomatlı əsgərlər bizi içəri
buraxmadılar. Şəhərin rəhbəri Mikayıl
Gözəlov qətlə yetiriləndən sonra ciddi rejimə
keçmişdilər. Çox gecikmişdilər.
Şuşa camaatı Mikayıl Gözəlovdan sonra
sınmış kimi görünürdü,
“Şuşalıların kisəsindən getdi” deyirdilər.
Danışırdılar ki, onu öldürən tutulub.
Amma mən xalqına sahib
durmaq istəyən başqa adamların müəmmalı qətlləri
kimi, bu ölüm işinin də açılacağına
inanmıram. Çünki bu sirli qətllər hadisələri
idarə edən naməlum əllərlə törədilib.
Elə bu naməlum əllər da neçə-neçə
qatı erməni cinayətkarını aç-burax edib və
etməkdədi. ...Cıdır düzünə çıxan
yolun üstündə bir dəstə adam vertolyot gözləyirdi.
Amma vertolyotun gələcəyinə ümid çox az idi.
Cıdır düzü erməni güllələrini öz
qoynuna sıxıb Şuşaya getməsinə imkan vermirdi.
Burada atlar əvəzinə güllələr yarışa
çıxmışdılar. Vertolyot belə yerə
düşə bilməzdi. Ağdama qayıtmaq
üçün yeganə əlac Laçın yoluyla getmək
idi. “Zastav” deyilən yer Şuşanın
çıxacağında, Laçın yolunun üstündədi.
Neçə il 1 may bayramında atam bizi Şuşaya gətirər,
hər dəfə də “Zastav” pavilyonunda qonaqlıq verərdi.
İndi buralar tamam dəyişib. Laçına gedəcək
maşını gözləyirdik. Daşaltı kəndi tərəfdə
döyüş gedirdi. Döyüşə gedən əsgərlərdən
eşitdik ki, atışma gecədən davam edir. Əməliyyatın
bu qədər uzanmasına səbəb o imiş ki, bizimkilərin
əməliyyat planından ermənilərin əvvəlcədən
xəbəri olubmuş. Satqınlıq söhbəti burda da
aktual idi. Əsgərlər deyirdilər ki, qarışıq
ailələrdən olanlar şəhərdən
çıxarılmasa satqınlıq bitməyəcək. Nəhayət,
Laçına maşın düşdü. Şuşadan
aralandıqca atəş səsləri azalırdı.
Sürücü jurnalist olduğumu və bu yerlərə gəlməkdə
məqsədimi biləndə gördüyü, eşitdiyi
hadisələrdən həvəslə
danışırdı. Maşın dağların arasıyla
ilan kimi uzanan dar və sürüşkən yollarla gedirdi.
Zarıslı kəndi arxada qalmışdı.
Sürücü Məhərrəm dörd ildə bu yollarda
baş verən hadisələrin yerini göstərir və ətraflı
məlumat verirdi: “Bax, bu körpünü görürsən,
rəhmətlik Salatını burda öldürüblər.
Odey, o da Qaladərəsi. Ermənilərin sursat anbarı bu dərədəydi.
O tərəfdə isə Kirov kəndidi”. Yolun
sağındakı təpədə Salatınkənd yerləşir.
Orada əvvəllər ermənilər yaşayırdı.
İndi bu kənddə azərbaycanlılar məskunlaşıb.
Yoxsa Şuşa camaatının gediş-gəlişi
müşkülə dönmüşdü. “Bax, bu yerdə
Laçın xalq cəbhəsinin üzvü Rza Sadıqov
öldürülüb. Allah rəhmət eləsin, cəngavər
oğlanıydı” deyə sürücü nəhəng bir
qayanı göstərdi. O danışırdı ki, Qaladərəsi
boşaldılandan sonra əvvəllər burada
yaşamış ermənilər rus hərbçiləri ilə
gəlib evlərin tavanlarında, zirzəmilərində gizlətdikləri
yüzdən çox avtomat, pulemyot aparıblar. Bizimkilərin
isə elə bu kənddən tapdıqları silahı hərbçilərə
təhvil vermələrini də yanıqlı-yanıqlı o
söylədi. Laçında maşından düşəndə
günortadan xeyli keçmişdi. Laçınlı dostumuz
İlhamın köməyilə maşın tapıb
küllü Qarabağın başına dolanan yola
çıxdıq.
Dağların səmaya açılan qoynunda az qala göylərə yerləşməyən şəhəri balaca zirzəmiyə sığan görmək nə qədər kədərliydisə, elə o qədər kədər dolu duyğularla yarım saatlıq Şuşa yolunu bir günə qayıtdım. Ağdama çatanda gecədən xeyli keçmişdi, hər yan qaranlıq idi, ürəyimə çökmüş qaranlıq kimi. “Ədalət” qəzeti, 24 dekabr 1991
Vahid QAZI
525-ci qəzet.- 2011.- 7 may.- S.19.