Əli İldırımoğlunun
yeni kitabları
“DAŞ YAĞAN GÜN” VƏ “KÖZƏRƏN SƏTİRLƏR”
(İNGİLİS DİLİNDƏ) ÇAPDAN ÇIXIB
Bu günlərdə görkəmli
yazıçı-publisist Əli İldırımoğlunun
“Daş yağan gün” kitabı işıq üzü
görüb. “Nurlan” nəşriyyatı tərəfindən nəfis
tərtibatda çap olunan kitaba yazıçının son
vaxtlarda qələmə aldığı “Daş yağan
gün” romanı və “Tənhalıq anları” sərlövhəli
fəsildə toplanmış şeirləri daxil edilib.
Məlum olduğu kimi qatı erməni
millətçiləri və onların bədnam ideoloqları
olan daşnaklar neçə illərdi türklərə, azərbaycanlılara
qarşı məkrli siyasət yürüdür, qanlı
müharibələr törədirdilər. Qəvi
düşmən ötən əsrin əvvəllərində
və axırlarında qonşuluqda olan yüzlərlə Azərbaycan
kəndlərini vəhşicəsinə məhv edib,
insanları qocalı-cavanlı amansızlıqla qətlə
yetirmişlər. Və ya doğma yurdlarından didərgin
salmışlar. Erməni vandalizmi nəticəsində onlarla
Azərbaycan kəndi yerlə-yeksan edilib, yer üzündən
silinib. Yazıçı Əli İldırımoğlunun
oxuculara təqdim olunan “Daş yağan gün” romanında erməni
millətçilərinin insani normalara sığmayan qəddarlığı,
Azərbaycanın şəhər və kəndlərinə
tutduğu divan tarixi faktlarla bədii dildə təsvir edilib. Kitaba
ön sözü tanınmış
yazıçı-publisist Yaşar yazıb. O, oxucunu bu
romanın mütalicəsinə dəvət edərək
yazır: “Bu roman bir millət kimi bizi özümüzə
tanıdır – təbii ki, səhvlərimizlə,
qüsurlarımızla birlikdə. Ən əsası isə
odur ki, “Daş yağan gün” bir bədii əsər, roman
kimi bizim düşüncələrimizi qidalandırmağa,
qan yaddaşımızı oyatmağa xidmət edir. Amma bir
şərtlə ki, oxucu bu ağır mənəvi yükü
daşımağa gərək hazır olsun. Çünki əziz
oxucu, indi mütaliəsinə başlayacağın bu əsər
sənin vaxtını almaqdan yox, vaxtını yaşatmaqdan
ötrü yazılıb. ...Əli İldırımoğlu
tale yazıçısıdı. Yəni, o təbii ki,
yazıçı təxəyyülündən istifadə
etməklə yalnız özünü, öz
yaşantılarını, gördüklərini və
eşitdiklərini qələmə alır. Yəqin elə bu
səbəbdəndi ki, onun əsərlərindəki hadisələr
və əhvalatlar belə inandırıcıdı. Yazıçının
son romanında da hər şey sözün həm birbaşa,
həm də məcazi anlamında “Daş yağan gün”dən
başlayır. Yəqin ki, yazıçının doğulub
boya-başa çatdığı elin Həsənli adlı kəndinin
uca-uca dağlarının, yaylaqlarının başına erməni
daşı yağmasaydı, bu heç bu roman da yaranmazdı.
Yazıçının uşaqlıq yaddaşından
boylanan o müdhiş hadisə uzun illərdən sonra öz bədii
həllini məhz bu romanda tapdı. Müəllifin romana
öz uşaqlıq illərinin təsviriylə
başlaması, sonra hadisələri öz bədii axarına
buraxaraq qeyb olması və bir də sonda artıq
yaşının ahıl çağında yenidən əsərə
qayıdaraq, onu yekunlaşdırması Azərbaycan
romançılığında müasir yanaşma olmaqla bərabər,
həm də həyatla ədəbiyyat arasında olan sərhədlərin
götürülməsinə xidmət edir. Oxucu
yazıçıya inanır və təxəyyülün təqdim
etdiyi bu əsəri həm də tarixi sənəd kimi
qavrayır, duyur, dərk edir. Yaşar roman haqqında olan
geniş və məzmunlu ön sözünü belə
tamamlayır: “Ekkleziastın belə bir kəlamı var:
“Daşları atmaq vaxtı, daşları yığmaq
vaxtı”.
Geniş anlam kəsb edən
bu ifadə həm də bir çağırışdı –
insanları günahlardan təmizlənməyə, tövbəyə
çağırış. Görkəmli yazıçı Əli
İldırımoğlunun hələlik sonuncu “Daş
yağan gün” romanı da məhz bu ali məqsədə
xidmət edir. Bəli, bu roman da insanın insanlıqdan
çıxmamasına, başı üstündə Allahı
görməsinə bir çağırışdı. Bu
roman bəşər övladının qanının
tökülməsinə, yurd-yuvaların xarabazara çevrilməsinə
qarşı bir üsyandı. O daşlar göydən yerə
min illərdi yağır. Səmavi kitabda və indi
oxuyacağınız əsərdə deyildiyi kimi, daha yetər,
daşları yığmaq vaxtıdı. Sonra gec olacaq!” Bu
kitabda ictimaiyyətin yazıçı və jurnalist kimi
tanıdığı qələm sahibi Əli İldırımoğlunun
istedadının daha bir qatı üzə çıxır. Öz
yaşantılarını, hiss və duyğularını illərcə
proza vasitəsilə oxucularına təqdim edən
yazıçı bu kitabda ilk dəfə olaraq poeziya nümunələriylə
çıxış edir. Bu lirik və hardasa ömrün
hesabatı xarakterli şeirlər oxucunu poeziyanın
sirrli-sehrli dünyasına aparır. Əli
İldırımoğlu özü bu ovqatın hardan gəldiyini,
necə doğulduğunu şeirlərin təqdimatı
öncəsi belə izah edir: “Gecələr tənha oluram. Qələmimin
meydanı genişlənir. Sətirlər biri-birini əvəz
edir. Yorulanda dördüncü mərtəbədəki mənzilimin
eyvanına çıxıram. Xəyalım səmanın ənginliklərində,
zülmət gecənin dərinliklərində, sükuta
dalmış haylı-külü, çil-çıraqlı
şəhərin sakitliyində dolaşır. Belə anlarda bəzən
özümdən asılı olmayaraq qəlbimdə qafiyəli,
qafiyəsiz şeirlər də misralanır. Tez iş
otağıma keçib yazı masamın arxasında əyləşirəm...
Lakin yazdığım şeirləri car çəkmirəm.
Düşünürəm ki, ürəyimi
boşaltdığm kifayətdi. Məqamı gələndə
yazdığın şeirlər arxiv
kağızlarımın arasında qalsa yaxşıdır.
Ancaq məlum və naməlum bir qüvvə məni həmin
şeirlərdən ikisini bu kitabın son səhifələrinə
çıxartmağa vadar etdi...” Bu kitabında müəllifin
digər əsərləri kimi oxucular tərəfindən dərin
maraqla qarşılanacağına inanır və
yazıçıya yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Yeri gəlmişkən, Əli İldırımoğlu yaşının bu müdrik çağında daha məhsuldar çalışır, yeni mövzular üzərində işləyir. Yazıçının bu günlərdə “Közərən sətirlər” romanı da ingilis dilində dərc olunaraq oxucuların mühakiməsinə verilib. “Təhsil” nəşriyyatının nəfis tərtibatda çap etdiyi kitabı ingilis dilinə BDU-nun müəllimi, tərcüməçi Bəylər Hacıyev çevirib.
Gündüz
525-ci qəzet.- 2011.- 7 may.- S.18.