Əbülfəs Qarayev: “Bu, ermənilərin
Azərbaycan mədəniyyətinə açdığı
atəşdir”
Mayın 6-da mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Muzey Mərkəzində
mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına
görə, tədbir bugünlərdə Sankt-Peterburqda yerləşən
Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyatı
İnstitutundan – “Puşkin evi”ndən gətirilən səs
yazıları ilə bağlı olub. Nazir bildirib ki, keçən
il nazirliyin kino idarəsinin əməkdaşları və
Musiqi Mədəniyyəti Muzeyinin nümayəndə heyəti
“Puşkin evi”ndə tədqiqatlar aparıb. Tədqiqatlar nəticəsində
məlum olub ki, orada saxlanılan Azərbaycan musiqi folkloruna məxsus
səs yazıları erməni millətinə məxsus
nümunələr kimi qeydə alınıb. Nazir qeyd edib ki,
bu nümunələr 1927-29-cu illərdə Zaqafqaziyada kənd-kənd
gəzərək toplanılıb. Bu nümunələr Qərbi
Azərbaycan, indiki Ermənistan ərazisindəki
Zülağac, Aşağı Arcaman, Görus, Qarakilsə,
Bazraçay, Quşbələk, Gərgər, Malişki,
Keşişkənd, Molla Göyçə, Şulaverən,
Arxvəli, Qırxdəyirman, Karvansara kəndlərində, eləcə
də Tiflis, İrəvan və digər yerlərdə mexaniki
səsyazma üsulu ilə yazılıb: “Bu yazılardakı
xanəndlərin hamısının ifası Azərbaycan
dilindədir. Amma qeydiyyat dəftərində bir dənə də
olsun “Azərbaycan”, “Azərbaycan musiqisi” sözlərinə
rast gəlinmir. Bütün yazılar erməni millətininki kimi
qeydə alınıb. Halbuki kolleksiyalarda Rast, Çahargah,
Hicaz, Mahur, Şur, Bayatı-Şiraz, Mirzə Hüseyn
Segahı, Sarı gəlin, Koroğlu və digər adlar qeyd
olunub. İfaların da hamısı Azərbaycan dilindədir.
Bu isə onu sübut edir ki, bunlar Azərbaycan xalqının folklor
nümunələrinə aiddir”. Ə.Qarayevin sözlərinə
görə, aşkar olunmuş bu fakt onu göstərir ki, ermənilər
Azərbaycan mədəniyyətinə sovet ittifaqı yeni
qurulan vaxtlardan təcavüz etməyə başlayıb,
ittifaqın o vaxtkı rəhbərliyi isə bunu dəstəkləyib:
“Mən bunu erməni siyasətinin ölçülmüş
strategiyası hesab edirəm. Bu, ermənilər tərəfdən
Azərbaycan mədəniyyətinə atılmış bir atəşdir.
Bu mövzu bizi ciddi şəkildə narahat etməlidir, bununla
bağlı həyəcan təbili
çalınmalıdır. Biz sübut etməliyik ki, bu
nümunələr Azərbaycan xalqına məxsusdur”. Nazir
onu da qeyd edib ki, “Puşkin evi”ndən gətirilmiş bu 4
saatlıq səs yazıları Musiqi Mədəniyyəti
Dövlət Muzeyinə təqdim olunacaq, üzərində
müxtəlif tədqiqat işləri aparılacaq, eyni zamanda
bu barədə film çəkiləcək. Tədbirdə Azərbaycana
gətirilən səs yazılarından qısa parçalar mətbuat
işçilərinə təqdim olunub.
525-ci qəzet.- 2011.- 7 may.- S.17.