Ötən il Təhsil Nazirliyi Aparatı 40-a yaxın normativ-hüquqi sənəd layihəsi hazırlayıb

 

BU QURUM NAZİRLİYİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ ÜZRƏ İŞLƏRİN TƏŞKİLİ VƏ HƏYATA KEÇİRİLMƏSİNDƏ MÜSTƏSNA ROL OYNAYIR

 

Təhsil Nazirliyinin struktur bölmələri arasında qarşılıqlı işin qurulması, nazirlik üzrə hazırlanan sənədlərin, qərar layihələrinin və digər sənədlərin müzakirəsi, ümumiləşdirilməsinin təşkili, onların nazirliyə təqdim olunması, kollegiya iclaslarının təşkili, keçirilməsi, qərarların icrasına nəzarət, nazirlikdə vətəndaşların qəbul işinin təşkili, özəl təhsil müəssisələrində vahid dövlət təhsil siyasətinin həyata keçirilməsinə və təhsil qanunvericiliyinin icrasına nəzarət, qanunsuz təhsil müəssisələrinin aşkar olunması, onların fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlərin görülməsi Təhsil Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir. Həmçinin saxta təhsil sənədlərinin aşkar olunması, onların mövcud qaydada ləğvi, nazirlik üzrə müxtəlif tender posedurlarının təşkili, icrasına nəzarət, hər il üçün təhsil müəssisələrinin dövlət nümunəli təhsil sənədlərinə tələbatların öyrənilməsi, ümumiləşdirilməsi, sifarişinin təşkili, Azərbaycanda təhsil alan şəxslərin təhsil sənədlərinin ölkədən kənarda tanınması üçün lazımi təsdiqedici sənədlərin verilməsi, nazirlik üzrə hazırlanan sənədlərin hüquqi baxımdan düzgün olmasının təmin olunması, məhkəmələrdə Təhsil Nazirliyinin təmsil olunması, məktəbəqədər təhsilin məzmununun, inkişaf perspektivlərinin müəyyən edilməsi, xaricdə təhsil alan şəxslərin diplomlarının ölkədə tanınması, dövlət nümunəli təhsil sənədlərinin alınması, saxlanması, doldurulması, verilməsi və uçotuna nəzarət Aparatın əsas fəaliyyət istiqamətlərindəndir.

Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, ötən il Aparat tərəfindən “Təhsil qanunu”na uyğun olaraq 40-a yaxın normativ-hüquqi sənədin layihəsi hazırlanıb, müzakirəsi, digər aidiyyəti nazirliklərdə razılaşdırılması təşkil olunub. Ötən il ərzində Prezident Aparatından 30-a yaxın, Nazirlər Kabinetindən isə 70-ə yaxın sənədin digər şöbələrlə birlikdə icrası təşkil olunub, icranın nəticəsi barədə müvafiq qurumlara məlumat verilib. 2010-da Aparatın əməkdaşları nazirlikdə vətəndaşların qəbulunun təşkilində yaxından iştirak ediblər. Ötən il 864 vətəndaş təhsil naziri, 2103 Aparat rəhbəri, 4000-ə yaxın isə Aparatın əməkdaşları tərəfindən qəbul olunublar. Qəbul nəticəsində 3500-ə yaxını vətəndaşın məsələsi həll olunub, digər vətəndaşlara isə müvafiq izahat verilib. Təhsil nazirinin sözlərinə görə, hazırda ölkədə 15 özəl ali, 1 özəl orta ixtisas təhsili, 17 ümumtəhsil və 21 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bütün özəl təhsil müəssisələrinin özlərinin tədris binaları mövcuddur. Aparat tərəfindən özəl təhsil müəssisələrində vahid dövlət təhsil siyasətinin həyata keçirilməsi və təhsil qanunvericiliyinin icrasına nəzarət edilir: “Ötən il Aparat tərəfindən özəl təhsil müəssisələrində qış, yay imtahan sessiyasının monitorinqi təşkil olunub. Monitorinqin nəticələri təhlil edilib və bununla bağlı tərtib olunan arayış rektor, prorektorların iştirakı ilə müzakirə edilib. 2009-10-cu tədris ili üzrə buraxılış yekun dövlət attestasiyasının keçirilməsi məqsədi ilə müvafiq kommissiyalar təşkil olunub, attestasiyaya buraxılması nəzərdə tutulan tələblərin sənədləri yerində araşdırılıb. Tədris planında nəzərdə tutulanları tam yerinə yetirmiş və sənədlərin qaydasında olan tələbələrin siyahıları tərtib olunub, yalnız onlar dövlət attestasiyasına buraxılıblar. Dövlət attestasiyası bitdikdən sonra komissiya sədrləri hesabatlarını nazirliyə təqdim ediblər. Yalnız müvafiq siyahıda adları olan və komissiya tərəfindən müsbət qiymətləndirilən məzunlar üçün müvafiq ali məktəblərə nazirlik tərəfindən dövlət nümunəli diplom verilib. Özəl ali məktəblərin magistratura səviyyəsində tədrisin təşkilinin monitorinqi keçirilib, monitorinqin nəticələri təhlil olunub, nəticədə 6 ali məktəbin magistratura səviyyəsinə yenidən tələbə qəbulu planlaşdırılmayıb. Özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr haqqında nazirlikdə olan məlumat bankı yeniləşdirilib”. M.Mərdanovun dediyinə görə, ötən il ərzində müxtəlif təşkilatlardan daxil olan sorğuların yoxlanılması, yerlərdə aparılan araşdırmalar zamanı 25 saxta diplom aşkar edilib. Bu saxta diplomlar müvafiq tədbirlər görmək üçün Baş prokurorluğa göndərilib. Ötən il Aparat tərəfindən təhsil müəssisələrinin dövlət nümunəli sənədlərə tələbatı öyrənilib, müvafiq tender prosedurları keçirilib, tender nəticəsində qalib olan Xəzər-Etiket MMC tərəfindən sifarişin vaxtında və lazımi səviyyədə icrası təmin olunub. 2010-cu ilə Aparata və onun nəzdində sektorlara 4500-ə qədər ərizə, 3000-ə yaxın məktub daxil olub. Ərizələrə baxılıb məktublara cavablar verilib: “Bu il Aparat hesabatın əvvəlində göstərilən əsas fəaliyyət istiqamətlərinə uyğun işlərini davam etdirəcək. Görüləcək işlər yaxın günlərdə nazir tərəfindən təsdiq ediləcək Aparatın illik fəaliyyət planında öz əksini tapacaq”. Təhsil sənədlərinin tanınması işi üzrə sektorunda görülən işlər haqqında məlumat verən nazir ki, sektor öz fəaliyyətində Azərbaycanın qanunvericilik aktlarını, Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nı, direktiv orqanların, eləcə də təhsil nazirinin əmr, sərəncam, göstərişlərini, nazirliyin kollegiya qərarlarını rəhbər tutur. M.Mərdanovun sözlərinə əsasən, Təhsil Nazirliyində sektor tərəfindən təhsil sənədlərinin tanınması ilə bağlı xüsusi kompüter proqramı hazırlanıb. Bu proqramda, müraciət etmiş vətəndaş və onun təqdim etdiyi diplom haqqında məlumatlar, həmçinin ekspert qrupunun rəyi əks olunur. Əlavə olaraq proqramda statistik məlumatların verilməsi nəzərdə tutulur. Sektorun son bir illik fəaliyyəti dövründə 1166 müraciət daxil olub. Müraciət edən vətəndaşların əksəriyyətini MDB-nin müxtəlif ölkələrində və Türkiyədə təhsil alanlar, müəyyən bir qismini isə Avropa, Amerika, Asiya, Ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil edib. Son bir il fəaliyyəti nəticəsində diplomların tanınması ilə əlaqədar Təhsil Nazirliyinə 1060 müraciət daxil olub. Müzakirəyə çıxarılan şəxsi işlərdən 776-sı müsbət həll edilib, 218 vətəndaşın işləri bu günə kimi sektor tərəfindən baxılmaq üzrədir. Həmin işlərin bu günə kimi icra olunmamasının səbəbi, vətəndaşlar tərəfindən vaxtı-vaxtında tələb olunan müvafiq sənədlərin təqdim edilməməsidir. Sektor tərəfindən bir il ərzində təqdim edilən sənədlər arasında 66 qeyri-qanuni fakt aşkarlanmış və onlarla bağlı Azərbaycan ərazisində tanınmaması haqqında qərar qəbul olunub. Sektorun iş fəaliyyəti nəticəsində nostrifikasiya ilə bağlı 66 mənfi cavab alanlar arasında 8 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi faktı sübuta yetirilib. Saxta diplomları verən ölkələr arasında Rusiya, ABŞ-ı, Qazaxıstan və Ukraynanı göstərmək olar: “Bu il sektorun fəaliyyətinin daha da səmərəliliyini təmin etmək məqsədilə sektorun işini gücləndirmək, məlumat bazasını kompüter avadanlığı ilə təmin etmək, xarici ölkələrdə orta ixtisas, peşə və orta təhsil alan vətəndaşların sənədlərinin də ölkə ərazisində tanınması üçün Nazirlər Kabinetinə təkliflə müraciət etmək, təsdiq olunan müvafiq qaydalarda dəyişiklik edilməsi barədə vəsatət qaldırmaq nəzərdə tutulub. 2011-ci il üçün sektorun təklifləri isə bunlardır. Sənədlərin tanınması ilə bağlı işlərin çox olduğunu nəzərə alaraq sektor əməkdaşlarının sayını artırmaq, xarici təşkilatların təcrübəsini öyrənmək və müvafiq seminarlarda iştirak etmək, sektor üçün xüsusi avadanlıqların alınması”. Məktəbəqədər təhsil sektoru haqqında məlumat verən M.Mərdanov qeyd edib ki, sektor məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki, psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad, qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsi-ni, təbiətə, insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Sektorun əsas vəzifələri “Təhsil haqqında Qanun”un tələbləri baxımından, ailənin və cəmiyyətin mənafeyini qorumaqla məktəbəqədər yaşlı uşaqların hərtərəfli inkişafına nail olmaq, onları milli zəmində sistemli təhsilə hazırlamaq, məktəbəqədər təhsil müəssisələri şəbəkəsini qorumaq və inkişaf etdirmək, maddi-texniki, tədris bazasını gücləndirmək, uşaqlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə, Vətənə hörmət, qayğı hisslərinin aşılanması, onların vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə olunması, müstəqil həyata, əmək fəaliyyətinə hazırlanması üçün məktəbəqədər təhsil müəssisələrində şəraitin yaradılmasına nail olmaqdır. Məktəbəqədər təhsilin keyfiyyətinə, “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”nın həyata keçirilməsinə, uşaqların məktəbə hazırlanmasının təşkilinə dövlət nəzarətini təmin etmək, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün məktəbəqədər təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyi həyata keçirmək və sairdir. Ötən il şöbə tərəfindən “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” hazırlanıb və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib. İl ərzində 4 yeni uşaq bağçası inşa edilib, 6 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunub, 32 müəssisədə cari təmir işləri aparılıb. Təhsil Nazirliyinin sifarişinə əsasən “Şərq-Qərb” ASC tərəfindən 39 adda müxtəlif təlim vəsaitləri – şəkilli əlifba, müxtəlif yaş qrupları üzrə nağıl kitabları, yığmacalar və sair hazırlanıb, ölkənin bütün məktəbəqədər təhsil müəssisələrinə paylanıb: “Bu il məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsi, 5 yaşlıların hamılıqla məktəbə hazırlığının təmin olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi, məktəbəqədər təhsil sahəsində kadr siyasətinin təkmilləşdirilməsi, uşaq bağçasında təlim-tərbiyə prosesinin ən müasir təhsil texnologiyaları əsasında qurulmasını təmin edən və məktəbəqədər təhsilin müxtəlif formalarını özündə birləşdirən resurs mərkəzlərinin yaradılması, məktəbəqədər təhsil üzrə monitorinq, qiymətləndirmə sisteminin yaradılması və sair nəzərdə tutulub”. Təhsil naziri əlavə edib ki, nazirliyin hüquq sektoru öz fəaliyyətində aşağıda göstərilən normativ-hüquqi aktların müddəalarını rəhbər tutur. Azərbaycanın Konstitusiyası, “Təhsil haqqında” Qanun, “Təhsil Nazirliyi haqqında” Əsasnamə, Mülki Prossesual Məcəlləsi və sair: “Təhsil Nazirliyinin qanunvericilik bazasının təkmilləşdirilməsi: “Sektor tərəfindən bu il “Təhsil haqqında” qanunun və digər normativ hüquqi aktların icrasını təmin etmək məqsədi ilə yerlərdə maarifləndirmə işlərinin aparılması, monitorinqlərin keçirilməsi, Mülki-Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya instansiyalarında vəkilin iştirakı məcburi olduğu üçün vəkil xidmətlərinin ödənilməsi üçün vəsaitin ayrılması, təlim-tərbiyə müəssisələrinin zəbt olunmuş ərazilərinin qanunvericiliyə əsasən geri qaytarılması üçün təhsil idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması ilə bağlı tədbirlərin görülməsi, təhsil müəssisələrinin nizamnamələrinin yeniləşdirilməsi, təlim-tərbiyə müəssisələrinin ilkin texniki pasportlarının bərpa olunması ilə bağlı qanuna müvafiq tədbirlərin görülməsi”. M.Mərdanov bildirib ki, ötən il xüsusi şöbə tərəfindən təhsil sənədləri müvafiq qaydada ali, orta ixtisas, ilkin peşə təhsili və ümumtəhsil məktəblərinə təhvil verilib, anbarda qalan təhsil sənədlərinin uçotu müntəzəm olaraq aparılıb, 2010-cu ilin hər rübündə təhsil sənədlərinin hesabatı Təhsil Nazirliyinin muhasibatlığına təhvil verilib, qiymətləndirmə, monitorinq, TİMS şöbələri ilə birlikdə şagird adlarına nömrələnmiş attestat blankları təhsil şöbələrinə təhvil verilib: “Bu il 2010-cu ildə anbarda qalan təhsil sənədləri ilə bağlı məlumat əsasında sifarişə ehtiyacı olan təhsil sənədlərinin müəyyənləşdirilməsi, tələb olunan təhsil sənədləri daxil olduqdan sonra Nazirliyin balansına keçirilməsi və mühasibatlığa verilməsi, 2010-2011-ci tədris ilinin buraxılış sinif şagirdlərinin adlı siyahısının məlumatlar bazasına daxil edilməsi, ali və orta ixtisas müəssisələri məzunlarının adlı siyahılarının məlumat bazasına daxil edilməsi, tələbə adına nömrəli diplomların təmin edilməsi və sair”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 7 may.- S.14.