Vəli Axundov: işıqlı on
il
Bu gün, mayın 14-də
tanınmış ictimai və dövlət xadimi Vəli Yusif
oğlu Axundovun anadan olmasının 95 illiyi tamam olur. Bu tarixi gün münasibətilə XX əsr
tariximizin görkəmli araşdırıcısı professor
Cəmil Həsənlinin Vəli Axundov haqqında
hazırladığı “qısa həyat hekayətini”
oxucularımıza təqdim edirik.
Azərbaycanın XX əsr tarixində 50-60-cı illəri çoxlarının yaddaşında dərin izlər buraxıb. 30 illik Stalin erasının başa çatması sovet totalitarizminin yumşalması ilə müşayət olunmağa başladı. Cəmiyyət tədricən Stalinin “sapoqları” altından çıxmağa başlayırdı. Bu dövrün siyasi səhnəsində olanlardan biri də Vəli Axundov idi. Əslində, öz siyasi məzmununa, milli taledəki roluna, ədəbiyyat, sənət və mədəniyyətdəki ümumi qayəsinə görə, Azərbaycan tarixinin 1959-1969-cu illəri əhatə edən on ili Vəli Axundov onilliyi adlana bilər. O, millətçiliyə görə cəzalandırılıb vəzifədən uzaqlaşdırılan komandanın içindən çıxmışdı. Millətçiliyə qarşı Azərbaycan hakimiyyətini gücləndirmək fonunda hakimiyyətə gəlsə də, Axundov onilliyi sovet şərtləri daxilində milli diriliyin oturuşduğu bir mərhələ idi. Ədəbiyyatda, sənətdə, ictimai fikirdə baş verən böyük dəyişikliklər, milli kimlik ideyasının ictimai müzakirəyə gəlməsi, xalqın milli ruhunun oyanması baxımından 60-cı illər yaddaşımıza dərindən həkk olunmuşdur. Əlbəttə, bu, bir tərəfdən sovet mərkəzində gedən tarixi proseslərlə bağlı idisə, digər tərəfdən yerlərdə milli kimlik şüurunun cilalanması ilə bağlı idi. Hakimiyyətə gələndə hamı Axundovdan sərtlik gözləyirdi. Lakin Stalinin hələ XX qurultayda lənətlənən çəmdəkinin movzaleydən çıxarılması, stalinizmin külünün göyə sovrulması yerlərdə ümid çırağını şölələndirmişdi. Ondan sərtlik gözləyənlərə Axundov xəbər göndərmişdi ki, onsuz da, bu millət otuz il Stalinin çəkmələri altında tapdanmışdır, bir az imkan vermək lazımdır ki, rahat nəfəs alsın. Bu “rahatlığın” nəticəsi kimi Bəxtiyar Vahabzadənin “Gülüstan”ı və İsmayıl Şıxlının “Dəli Kür”ü meydana çıxdı. Əliağa Vahid öz gözəl qəzəllərinin çələngində Fəxri xiyabanda sakinləşdi. Milli ideya axtarışı ədəbiyyatın və sənətin başlıca qayəsinə çevrilməyə başladı.
Azərbaycan tarixində
tanınmış dövlət xadimi, elm adamı və
böyük ziyalı kimi yadda qalan Vəli Axundov 1916-cı ildə
may ayının 14-də Bakı quberniyasının Saray kəndində
doğulmuşdur. 1924-1929-cu illərdə ilk təhsilini
Sarayda alan V.Axundov, 1929-1931-ci illərdə atasının
çalışdığı Biləcəri stansiyasında
peşə məktəbində oxumuş, 1931-1936-cı illərdə
isə Bakı sənaye texnikumunda təhsilini davam etdirmiş,
1936-1941-ci illərdə Azərbaycan Tibb İnstitutunun
müalicə profilaktika fakültəsinin tələbəsi
olmuşdur. V.Axundov tələbə olarkən
tibb institutunun ictimai həyatında yaxından iştirak
etmiş və hətta institutun komsomol təşkilatının
katibi seçilmişdi. Böyük Vətən
müharibəsinin başlanması ilə bağlı institutu
bitirən kimi o, orduya səfərbər edilmiş və
1941-ci ilin iyul ayından 1945-ci ilin avqust ayına qədər hərbi
həkim kimi İranda, Polşada, Almaniyada və
Çexoslovakiyada sovet ordusu sıralarında xidmət
etmişdir.
1946-cı ilin mart ayında ordudan tərxis edildikdən sonra V.Axundov Azərbaycan Tibb İnstitutunun səhiyyə tarixi kafedrasında assistent kimi əmək fəaliyyətinə başlamış, 1948-1949-cu illərdə isə o, tibb işçiləri həmkarlar təşkilatının respublika komitəsinə rəhbərlik etmişdir. 1949-1953-cü illərdə V.Axundov səhiyyə nazirinin müavini və Baki vilayət səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışmış, 1953-1954-cü illərdə Azərbaycan KP MK-nın inzibati və maliyyə-ticarət orqanları şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmiş, respublikada İ.Mustafayev, M.İbrahimov və S.Rəhimovdan ibarət yeni rəhbərlik formalaşdırıldıqdan sonra isə, o, 1954-cü ildə səhiyyə naziri vəzifəsinə təyin edilmişdi. 1958-ci ilin yanvar ayında Azərbaycan KP MK katibi seçilənə qədər V.Axundov bu vəzifədə çalışmışdır. Yüksək partiya işinə irəli çəkilməsi Vəli Axundov üçün böyük perspektivlər vəd edirdi. O, çox qisa müddət ərzində böyük sürətlə respublikada hakimiyyət olimpinə doğru irəliləməyə başladı. V.Axundov altı aydan da az MK katibi işlədi. 1958-ci ilin iyununda Nazirlər Sovetinin sədri S.Rəhimovla bağlı məsələ gündəliyə gələndə İ.Mustafayevin təqdimatı ilə o, respublika hökumətinin sədri təyin edildi. 1954-cü ildən səhiyyə naziri, 1958-ci ildən MK katibi və Nazirlər Sovetinin sədri kimi Vəli Axundovun siyasi karyerasi İ.Mustafayevlə bağlı idi. V.Axundov kimi istedadlı, hazırlıqlı, mədəni və geniş dünyagörüşə malik bir kadrın irəli çəkilməsi İ.Mustafayevin xidməti olaraq dəyərləndirilməlidir. Hələ, səhiyyə naziri işlədiyi dövrdə, 1956-cı ildə Ali Sovetin “Azərbaycan dili” haqqında fərmanından sonra səhiyyə naziri Vəli Axundov rəhbərlik etdiyi sahədə hamıya göstəriş vermişdi ki, xəstəlik tarixlərini Azərbaycan dilində yazsınlar və tibb sahəsində yazışmaları milli dildə aparsınlar. O, bir siyasi rəhbər kimi Nəriman Nərimanovun vurğunu idi. Görünür, peşə etibarı ilə həkim olması da, bu vurğunluqda az rol oynamırdı. Kommunist millətçiliyinin lideri kimi 50-ci illərin ikinci yarısında Nərimanova bəraət verildikdə, səhiyyə naziri Vəli Axundov 1957-ci ilin aprel ayında Azərbaycan Dövlət Tibb İnstitutunun N.Nərimanovun adına verilməsi barədə İ.Mustafayevə məktubla müraciət etdi. O yazırdı: “Təhsil etibari ilə həkim olan N.Nərimanovun dövlət quruculuğu işlərində və xüsusilə xalq səhiyyəsinin qurulması işində xidmətləri hamıya məlumdur. Tamamilə təbiidir ki, respublikada bir sıra tibb müəssisələri Azərbaycan xalqının şanlı oğlu, görkəmli dövlət xadimi doktor N.Nərimanovun adını daşımalıdır. Yeri gəlmişkən, hazırda respublikada heç bir müalicə müəssisəsi onun adını daşımır. Əvvəllər isə onun adını daşıyan müəssisələrin adı ya dəyişdirilib, ya da onun adına adlandırılması dayandırılıb. Azərbaycan SSR Səhiyyə Nazirliyi belə hesab edir ki, bu vəziyyəti dəyişməyin zamanı gəlib çatıbdır və ona görə də bir sıra təkliflərlə, o cümlədən Azərbaycan Dövlət Tibb İnstitutunun N.Nərimanovun adına verilməsi təklifi ilə çıxış edir”. Bu məktuba əsasən 1957-ci ilin aprel ayının 27-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri M.İbrahimov Tibb İnstitutuna N.Nərimanovun adının verilməsi barədə fərmanı imzaladı. Vəli Axundov Azərbaycan KP MK-nın birinci katibi seçilməsi qabaqcadan planlaşdırılmamışdı. Lakin 1959-cu ilin payızında Sov.İKP MK-nın partiya orqanları ilə iş şöbəsi müdirinin müavini general İ.Şikin başda olmaqla Moskvadan Azərbaycana göndərilən yoxlama brigadsı respublikanın altını üstünə çevirmişdi. Bu yoxlamada əsas məqsəd millətçiliyin güclənməsi ilə bağlı faktları aşkara çıxarmaq idi. 1956-cı ilin avqust ayında Azərbaycan konstitusiyasına ana dili haqqında maddə əlavə edildikdən sonra respublikada günü-gündən güclənən milli özünüdərk prosesinin bütün məqamları yoxlama briqadası tərəfindən araşdırılmışdı. Maraqlı burasıdır ki, Şikin komissiyasının arayışında kəskin tənqid edilən rəhbər işçilərdən biri də Vəli Axundov idi. Komissiya hələ onun səhiyyə naziri işlədiyi dövrdə xəstəlik tarixlərinin Azərbaycan dilində yazılmasına göstəriş verilməsindən tutmuş, Nazirlər Sovetinin sədri olan vaxt 1959-cu ilin mart ayında rus məktəblərində Azərbaycan dilinin tədris edilməsi haqqındakı məruzəsinə qədər hər şeyi təftiş etmişdi.
Həmin ilin mart ayının 25-də Azərbaycan SSR Ali Sovetinin sessiyasıda V.Axundov “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və Azərbaycan SSR-də xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında” geniş məruzə ilə çıxış etmişdi. V.Axundov deyirdi: “Məktəblərimizdə uşaqlar rus dili ilə yanaşı olaraq Azərbaycan dilini öyrənirlər. Bu fənnin öyrənilməsi nəinki sovet xalqları arasındakı qardaşlıq və dostluğun sübutudur, həmçinin böyük əməli əhəmiyyətə də malikdir. Rus məktəblərində oxuyan şagirdlərin xeyli hissəsi Azərbaycanda anadan olmuşdur, məktəbi bitirdikdən sonra öz ata-anaları kimi respublikanın xalq təsərrüfatının müxtəlif sahələrində işləyəcəklər. Ünsiyyət vasitəsi olmaq etibarilə Azərbaycan dilini bilmək onlar üçün son dərəcədə vacibdir. Buna görə də dərs planlarında rus məktəblərində Azərbaycan dilinin öyrənilməsi nəzərdə tutulur”. V.Axundovun məruzəsindən sonra İ.Mustafayev başda olmaqla büro üzvləri İ.Abdullayevin otağında toplaşıb yenidən məsələni müzakirə etmişdilər. Mərkəzi Komitənin birinci katibi İmam Mustafayev, Ali Sovetin Rəyasət Heyətinin sədri İlyas Abdullayev və Nazirlər Sovetinin sədri Vəli Axundov öz çıxışlarında bildirmişdilər ki, indiki şəraitdə rus məktəblərində Azərbaycan dillərini könüllülük əsasında öyrətmək mümkün deyil, onlar belə qərara gəlmişdilər ki, rus məktəblərində Azərbaycan dili icbari qaydada öyrədilməlidir və bu, qanunla təsbit edilməlidir. Bu müzakirələrdən sonra Ali Sovetin sessiyası “Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və Azərbaycan SSR-də xalq təhsilinin sonrakı inkişafı haqqında” qanunu qəbul etdi. Qanunun 11-ci maddəsi respublikanın rus məktəblərində Azərbaycan dilinin tədrisinin icbari xarakter daşıdığını təsbit edirdi. Bütün bu məsələlər Şikin komissiyasının araiışında əks olunmuşdu və əlava olaraq Şikin bildirmişdi ki, 1958-ci ilin noyabrında “Azərbaycan Kommunist partiyasının tarixi” kitabının müzakirəsinə həsr olunmuş Bakı müşavirəsində Sov.İKP MK yanında Marksizm-Leninizm institutunun direktor müavini N.Şataqin Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanovun millətçi çıxışından İ.Mustafayev və V.Axundova şikayət etsə də, onlar heç bir tədbir görməmişdilər. Belə şəraitdə heç kəs gözləmirdi ki, Vəli Axundovu respublika partiya təşkilatına rəhbər təyin etsinlər. Lakin 1959-cu ilin iyun ayının sonlarında Azərbaycan rəhbərliyi tam heyətdə Moskvaya dəvət edildikdə hamı narahatçılıq içərisində idi. Bununla belə respublika rəhbərliyində təmsil olunanlar Nikita Xruşşovun İmam Mustafayevə isti münasibətini nəzərə alıb, onun vəzifədən azad ediləcəyinə inanmırdılar. Məhz elə, Xruşşovun “etimadına” ümid edən Mustafayev Şikin komissiyasının iddihamlarının əsassız olduğunu sübut etməyə cəhd göstərməsi onun taleyini həll etdi. İyul ayının ilk günlərində Sov.İKP MK katibliyində və Rəyasət Heyətində Nikita Xruşşov belə qənaətə gəldi ki, Mustafayevi birinci katib vəzifəsində saxlamaq olmaz. Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə o, Vəli Axundovun adını çəkdi. İ.Şikin komissiyasının hazırladığı arayışda Vəli Axundov haqqında çoxlu tənqidi məqamlar olduğu üçün Xruşşovun təklifi nəinki Azərbaycan rəhbərliyi, hətta Rəyasət Heyətinin üzvləri üçün gözlənilməz oldu. Sov.İKP MK Rəyasət Heyətinin üzvü Nurətdin Mühitdinovun iştirakı ilə bir həftə sonra keçirilən Azərbaycan KP MK-nın IX plenumunda Vəli Axundov 43 yaşında respublika partiya təşkilatının birinci katibi seçildi və on il bu vəzifədə işlədi. Millətçilik üstündə damğalanmış bir respublikaya rəhbərlik etmək elə də, asan deyildi. Mustafayev ilə birlikdə “sayıqlığını” itirdiyinə görə, Azərbaycan rəhbərliyində Moskvanın adamı hesab edilən Dmitri Yakovlev də, Mərkəzi Komitənin birinci katibi vəzifəsindən azad edildi. Respublikaya nəzarəti gücləndirmək üçün Axundov birinci katib vəzifəsinə seçildikdən bir ay sonra bu vəzifəyə Nikita Xruşşova çox yaxınlığı ilə seçilən, Sov.İKP MK-nın partiya orqanları ilə iş şöbəsinin müdiri Vladimir Semiçastni göndərildi. Əslində, Semiçastni şöbə müdiri vəzifəzinə elə 1959-cu ildə təyinat almışdı və bu vəzifəyə sovet komsomolunun birinci katibi postundan gəlmişdi. 1961-ci ildə onun SSRİ DTK-nə sədr təyin edilməsi və yeddi il sovet xüsusi xidmət orqanlarına rəhbərlik etməsi Azərbaycanın üzərində hansı nəzarətin qoyulmasından xəbər verirdi. Vladimir Semiçastnin 2002-ci ildə Moskvada nəşr olunmuş “Narahat ürək” xatirələrindən aydın olur ki, Azərbaycanda onun nəzarətindən və diqqətindən kənar heç nə olmayıb. O yazır: “Mən belə bir qayda qoymuşdum: MK-nın heç bir qərarı mənim icazəm olmadan buraxılmırdı. Hətta Axundov imzalasaydı belə”. Vladimir Semiçastnin əsas nəzarəti ədəbiyyat və incəsənətin üzərində idi. Hələ sovet komsomolunun birinci katibi işləyəndə Boris Pasternakın 1958-ci ildə Nobel mükafatı almış “Doktor Jvaqa” əsərinə qarşı ən ədəbsiz çıxış edən məhz Vladimir Semiçastnı olmuşdu. Əliağa Vahidin “nəşəli” qəzəl oxumasından, muğam axşamlarında Seyid Şuşinskinin “tiryək” çəkməsinə qədər hər şey muğamı “otlaq mahnısı” hesab edən Semiçastnının nəzarətində idi. Məhz, Axundov birinci katib kimi işə belə şəraitdə başladı və tədricən hər şeyi yoluna qoydu. 1964-cü ildə Nikita Xruşşov sovet rəhbərliyindən kənarlaşdırıldıqdan sonra Vəli Axundov onun qəzəbinə gəlmiş, bir tərəfdən millətçiliyə, digər tərəfdən isə, kosmopolitizmə görə yüksək vəzifələrdən uzaqlaşdırılmış istedadlı adamların demək olar ki, hamısını rəhbər vəzifələrə qaytardı. 1959-cu ildə Xruşşovun “faşistlərdən də qatı millətçi” adlandırdığı Mirzə İbrahimova məhz Vəli Axundovun ciddi təkidi ilə 1961-ci ildə Azərbaycanın Xalq yazıçısı fəxri adı verildi və N.Xruşşov sovet rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra o, Axundovun təqdimatı ilə 1965-ci ildə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi seçildi. 1961-ci ildə bilavasitə Nikita Xruşşovun şəxsi göstərişi ilə Azərbaycan KP MK-nın şöbə müdiri vəzifəsindən uzaqlaşdırılmış Şıxəli Qurbanov 1966-cı ildə məhz Vəli Axundovun təşəbbüsü ilə yenidən MK-da daha yüksək vəzifəyə, ideoloji məsələlər üzrə katib vəzifəsinə qaytarıldı.
1967-ci ildə onun qəfil vəfatından sonra 50-ci illərin birinci yarısında dəbdə olan kosmopolitizmə qarşı mübarizə fonunda rəhbər partiya işindən uzaqlaşdırılımış istedadlı alim və geniş dünyagörüşə malik Cəfər Cəfərov 1967-ci ilin avqustunda V.Axundovun təqdimatı ilə ideoloji məsələlər üzrə Azərbaycan KP MK-nın katibi seçildi və 1971-ci ilə qədər bu vəzifədə işlədi. Uzun müddət milli respublikalarda, o cümlədən Azərbaycanda da formalaşmış bir ənənəni də məhz V.Axundov aradan qaldırdı. Bu, dövlət təhlükəsizliyi orqanlarının başında kimin, daha doğrusu, hansı millətin nümayəndəsinin dayanması ilə bağlı məsələ idi. Respublikada bu təşkilatın başında dayanan sonuncu azərbaycanlı Novruz Rizayev olmuşdu. Əgər təkcə soyadlarına diqqət yetirilsə, 1930-cu ildən etibarən Azərbaycanda təhlükəsizlik orqanlarına Frinovski, Aqrba, Sumbatov, Rayev, Yemelyanov, Quskov, Kopılov, Kardaşev və Sviqun başçılıq etmişdi.
Vəli Axundovun təşəbbüsü və təkidləri nəticəsində 1930-cu ildən sonra ilk dəfə 1967-ci ilin iyununda respublika təhlükəsizlik orqanlarının rəhbərliyinə milliyyətcə azərbaycanlı gətirildi. Bu azərbaycanlı az sonra nəinki Azərbaycanın taleyində, eləcədə SSRİ həyatında mühüm rol oynamış Heydər Əliyev idi. Heydər Əliyev Moskvaya təsdiqə gedəndə Vəli Axundov onunla bağlı çox parlaq bir xarakteristika imzalamışdı, SSRİ-nin partiya və hökumət rəhbərlərindən şəxsən onu qəbul edib dinləməyi xahiş etmişdi. 1996-cı ildə Vəli Axundovun 80 illik yubileyini qeyd edəndə H.Əliyev həmin illəri xatırlayaraq deyirdi: “Mən o illərdə, yəni Vəli Axundov respublikaya rəhbərlik etdiyi illərdə onunla birlikdə, onun rəhbərliyi altında işləmişəm. Bilirsiniz ki, mən Dövlət Təhlükəsizliyi Komitəsində işləmişəm və iş prosesində onunla sıx əlaqədə olmuşam. Bəzən onun dərdini də hiss edirdim, çətinliklərini də. Onun ürək ağrısını görür, hiss edirdim. Bunların bəziləri obyektiv xarakter daşıyırdı, bəziləri də işlərin görülməsi üçün bəlkə də onun özünün lazımi imkanı olmamasından irəli gəlirdi”. V.Axundov respublika rəhbərliyinə gəldikdən sonra 1947-ci ildə müəmmalı şəkildə avtomobil qəzasında həlak olmuş və gizli şəkildə Buzovna qəsəbəsindəki vərəm dispanserinin həyətində dəfn edilmiş Cənubi Azərbaycan milli hökumətinin başçısı S.C.Pişəvərinin məzarını Fəxri xiyabana köçürməyə Moskvadan icazə ala bildi. 21Azər hərəkatının və Cənubi Azərbaycanda milli hökumətin qurulmasının 15 illiyi ərəfəsində Azərbaycan Demokrat Firqəsinin MK-sı 1960-cı ilin fevral ayında respublika rəhbərliyindən Pişəvərinin məzarının Fəxri xiyabana köçürülməsinə, onun seçilmiş əsərlərinin nəşr edilməsinə, Bakı şəhərinin küçələrindən və ya müəssisələrindən birinin S.C.Pişəvərinin adına verilməsinə yardımçı olmasını rica etmişdi. Lakin Sov.İKP MK SSRİ ilə İran arasında münasibətləri gərginləşdirəcəyini bəhanə edərək Pişəvərinin seçilmiş əsərlərinin nəşrini və hər hansı küçə və ya müəssisəyə onun adının verilməsini məqsədəuyğun saymadı. Məzarın köçürülməsinə isə V.Axundov razılıq ala bildi və 1960-cı ilin mart ayının 22-də Azərbaycan KP MK bürosu S.C.Pişəvərinin məzarının Fəxri xiyabana köçürülməsi haqqında qərar qəbul etdi. 1965-ci ildə isə V.Axundov Pişəvərinin seçilmiş əsərlərinin nəşrinə də icazə ala bildi və Bakı küçələrindən biri də onun adını daşımağa başladı. Son illərdə, Azərbaycanda Novruz bayramının qeyd edilməsi ilə bağlı xeyli müzakirələr getmişdir. Sovet cəmiyyətinin mahiyyətinə bələd olanlar bilirlər ki, respublika partiya təşkilatının birinci katibinin rəyi və razılığı olmadan belə şeyləri etmək qeyri-mümkün idi. Bu istiqamətdə ilk cəhd 1958-ci ildə olsa da, Novruz bayramının qeyd edilməsi istiqamətində real addımlar 60-cı illərin ortalarında atıldı. Məhz, Vəli Axundovun razılığı ilə Azərbaycan KP MK katibliyi 1965-ci ilin mart ayının 17-də cənublu demokratların Novruz bayramını qeyd etməsi üçün qərar qəbul etdi. Bu qərara görə respublika Qırmızı Aypara Cəmiyyətinə tapşırıldı ki, “ənənəvi bahar bayramını keçirmək üçün” ehtiyat fondundan Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinə 1500 manat vəsait ayrılsın. 1966-cı ildə Şıxəli Qurbanov Mərkəzi Komitəyə ideoloji məsələlər üzrə katib vəzifəsnə gətirildikdən sonra MK Bürosunun qərarı ilə Novruz bayramlarının təşkili və keçirilməsi işi ona tapşırıldı və o, bu işin öhdəsindən böyük məharətlə gəldi...
Cəmil HƏSƏNLİ,
Tarix elmlər doktoru,
professor
525-ci qəzet.- 2011.- 14 may.- S.28-29.