Yazarlar Modern mifin bitdiyi yerlərdə

 

(Kamal Abdullanın “Unutmağa kimsə yox” romanının üzərinə qeydlər)

 

Kamal Abdulla Azərbaycan ədəbiyyatında olmayan, bənzərsiz bir roman yazmışdır. Bəlkə də bu sözü biz hər təzə yaranan roman barəsində deməliyik, demək istərdik, amma nə edəsən ki, belə olmur. “Unutmağa kimsə yox” romanının son dərəcə bənzərsizliyi barəsində artıq yazılmışdır; Arif Acaloğlu Kamal Abdullanın roman (Mətn) fəlsəfəsini (A.Acaloğlu, Qarağacın kölgəsində kainatı çözmək – Kamal Abdulla. Unutmağa kimsə yox. Bakı, 2011), Rüstəm Kamal isə yazıçının poetikasını (R.Kamal, Yazıçı kosmoqoniyası: paralel dünyaların ahəngi – “525-ci qəzet” yüksək səliqə ilə açmışlar; hətta o qədər dürüst-mükəmməl ki, qabağında başqa söz demək də çətindir. Amma məncə, bu söhbətlər başlıca olaraq roman texnikası, yazıçı ustalığına dair məsələlərdir.

Və A.Acaloğlu ilə razılaşmalıyıq: Kamal Abdulla qələmi məhz o nöqtəyə çatmışdır ki, nəhayət bizdə də romanda romandan başqa ayrı nəsə axtarmaq lazım gəlmir. Hər hansı oxucu romanın ideologiyasız-basqısız, məhz estetik mühitində özünü son dərəcə rahat-sərbəst duyub, onu özününkü kimi oxuya bilir. Bu, peşəkarlıqdır, yazıçı ustalığıdır. Bəs o halda “Unutmağa kimsə yox” bizə nə deyir, nə dürlü həqiqətlər (ideyamı, ideologiyamı?) açır? Deyilənləri təkrar etmədən, bu barədə qeydlərimi oxucu ilə bölüşmək istərdim.

1) Əvvəla, romanın bəxti onda gətirib ki, ilk öncə ona intellektuallar müdaxilə eləyib; yəni bu, birbaşa Kamal Abdulla oxucularıdır, yazıçının düşüncə sferasına, romanlarının mövzu-predmet qatına, fəlsəfi qayəsinə bələddirlər, yeni romanın problem-mətləb-məna ehtivasını da elə bu hüdudlarda axtarırlar. “Yarımçıq əlyazma” – “Sehrbazlar dərəsi” – “Unutmağa kimsə yox” – yazıçının da bir müsahibəsində xəbər verdiyi kimi, bitmiş trilogiyadır; bütöv bir “Kainat”dır ki, yeridir isnad verək, məsələn, Arif Acaloğlu onu mərkəzi obraz Günortac olmaqla romandakı “Qarağacın kölgəsində” uğurla çözür. Bu sıraya artırası sözüm yox.

 2) Amma düşünürəm ki, məsələn, reklamsız-filansız, təsadüfən kitab bazarından alıb romanı eləcə belletristika nümunəsi kimi oxuyası oxucu da heç uduzmaz. İlk səhifələrdən hadisələr oxucunu qanadına alır: şəxsi maşınında Vəng dağına doğru, orda, mağarada tapılmış “çiçəkli yazı”nı oxumaq üçün şütüyən qəhrəman – F.Q. dərhal maraq doğurur və romançının qarşısına çıxardığı hər cür çarpaz, paralel, əlavə dünyalardan xəbərsizcəsinə də sonacan “nə olacaq” ehtimalı-ehtirası onu təqib qılır, ta “heç nə” ilə (yazının taleyi), ya da “çox şey”lə (ölüm-itim-qalımlar) üzbəüz qalanacan... Rüstəm Kamal romanın çoxqatlı poetikasında həzinlik ölçülərinin yağış və qar detallarında: yaxın və uzaq, isti və soyuq kimi simvolizə olunduğunu diqqətə çatdırır; elə bircə bu hava bolluğu hadisəyə meylli oxucunu təsiri altında saxlamağa bəs edir.

3) Mən şəxsən romanda sosial həqiqətlər tamarzısıyam; odur ki, Dil və Təfəkkür İnstitutunun gənc əməkdaşı F.Q.-nın süjeti: həyatı, həyat mübarizəsi, əhatəsi və əhatəsinə münasibəti, fikir və daxili dünyası daha çox çəkir məni. Əslində, sosial-psixoloji nəsr bizdə gəlişmiş sahədir, romanda bu nəsrin reminissensiyası var; kontekst təzə olduğundan bir zaman olmuşları da təzədən və təzə cür oxumağa vadar edir. Məsələn, bir oxucudan eşitdim ki, Dil və Təfəkkür İnstitutundakı uzun-uzadı mübahisələr ona çox darıxdırıcı gəlmiş; amma əksinə, mən bu “bir zaman olmuşları” böyük həvəslə izlədim, bəlkə tanış mənzərələrdir deyə yox ki; və heç ona görə də yox ki bu dartışmaların elə bir dərin elmi mündəricəsi var. Qəhrəmanın içindən fokuslanıb, “bir zaman olmuşları” bugünə dartıb gətirməyə çalışan əsərlər indi çox yazılır (məsələn, M.Süleymanlının “Erməni adındakı hərflər”, S.Səxavətin “Qaçaqaç”, A.Abdullanın “Sarı tağ”, Əlabbasın “Qiyamçı”, N.Əbdülrəhmanlının “Yalqız” və s. romanlarını xatırlada bilərəm); bu hələ də 1960-80-ci illər romançılığıdır. Burda isə fokus nöqtəsi nə birbaşa sosial münasibətlərdir, nə fərdin psixoloji yaşantıları; sonucu “heç nə” ilə bitən yazıdır – Çiçəkli Yazı; fərdiyyətləri də, hər növ sosiallıqları da içinə qapsayan Ömür mifologemi. Hərçənd nədən “heç nə” deyirik, kiminçünsə bunun altından sosial mövcudluq: karyera-patriarxlıq-hakimiyyət-möhür, kiminçünsə eləcə fərdi-ekzistensial özünüifadə, bir sevgi məktubu çıxa bilir...

4) Eyni qayda ilə “Unutmağa kimsə yox” bizi XX əsrin kənd-kolxoz romanlarına aparır; diqqət edin, kəndə gəlmiş şəhər qəhrəmanını əsərdə kim qarşılayır – kəndin böyüyü (kənd soveti) Mübariz kişi və axıra qədər də onu qayğı-himayə dairəsində saxlamağa çalışır... İndi bir ona da diqqət edək ki, ümumən bizim XX əsr kəndimiz romançılığımızda “kolxoz tarixi”ndən ayrı deyildir; hətta İsa Hüseynovun qəhrəmanları da həmin kolxoz mühiti ilə savaşda milli olurlar; son olaraq, Sabir Əhmədli “Dünyanın arşını” ilə ölçməyə çalışırdı: necə edəsən ki onu (kolxoz kəndini) bir ayrı cürə görəsən? İndi neyləyək, kolxozlarla birgə bütün XX əsr kəndimizdən də əl çəkək, neqativlərdə qoyaq qalsınmı; ya bəlkə onu, yəni kəndi bir başqa gözlə, təzədən oxumağa cəhd edək? “Unutmağa kimsə yox” sosialçılığı da (“kolxoz tarixi”ni) içinə alıb həzm etməklə kəndi əzəli ahənginə qaytarmağa çalışır... İntellektual oxucular iqrar edir və biz də görməyə çalışırıq: romanda paralel dünyalar var, həm də bir çeşiddə yox; zaman-məkan, ölçü-məsafə, keçmiş-indi bilmədən sehr-yuxu-mistik-ruhsal yuvalar tapıb ətrafımızda dolaşır; məhz Kainatda olan təki...

Doğrusu, dostum Etimad kimi, mistika-filan mənim də beynimə o qədər girməz; hətta “idarə olunan yuxu”dayamsa da, etiraf edim, bundan əsla xəbərim yox. Amma paralel dünyaları mən həqiqətən romanda görə bilirəm, görürəm; bu, təhkiyənin sehridir, çox yerdə qəhrəmanın (F.Q.-nin) düşüncələrindən “hadisələrin üfüqü”nə açıldığı kimi, asanca onu tərk edib ətrafda nə varsa: daşın, ağacın, təpənin..., özgələrinin, küylər içərisində hər növ eşidilən Səsin nöqteyi-nəzərindən də qurula bilir. O cümlədən kənd həyatını da burda mən artıq “kolxoz tarixi”nin bir parçası kimi yox, normal ölçülərdə: öz səsləri-rəngləri-sükunət və hərəkəti olan bir yer kimi, məhz romanda qabardıldığı tək: F.Q.-nin və digər personajların da oluşduğu “möhtəşəm ahəng” içrə görürəm. Lap 3D formatlı filmdəki kimidir: kənd sovetliyi-Kəhrizli arx-Qarağacın altı-çoban papağına bənzər koma-Radio meydanı-Kəhrizli körpü-Quzğun dimdiyi qaya- ən nəhayət, çiçəkli yazının gizləndiyi Mağara... təkcə hadisələrin cərəyan elədiyi məkan olmayıb, içində olduğumuz-yanaşı durduğumuz-üstündə gəzdiyimiz- və üstümüzə gələn, qorxu-təlaş-ağrı-sevinc-həzz aşılayan, birbaşa canlı təmasını duyduğumuz bir dünyadır... Özlüyündə mistika, paralel dünyalar, məsələn, “Mağaranın ruhu” nə cür ola, nə maraq kəsb edə bilər ki; əgər hər cür İnsan kolliziyaları (Yazı!), F.Q.-nin-Bəhram dayının-Mübariz kişinin ehtirasları bura cəlb olunmasa; əslində, İnsanın ayaq qoyduğu yerlərdən keçir paralel dünyalar...

 5) “Unutmağa kimsə yox”un poetikasına dair Rüstəm Kamalın daha bir mühüm qeydi var: “Romanın epik məkanı tənha kişilərin (Patriarx, Mirzə Pirqulu, F.Q., Bəhram kişi...) məkanıdır”. Qeydə alıram: “Geriyə baxma, qoca” (İ.Əfəndiyev), “Dədə Bəhmən”in gücü və gücsüzlüyü (Əfqan), Cahandar ağa (İ.Şıxlı)... – 1960-80-ci illər romançılığını adlayıb 1950-ci illərə endikcə bu patriarxaliyanın yeri orda daha da çoxdur, papaq atırsan – romanlarda Kişiyə, Dədəyə, Oğula dəyir (Rüstəm kişi, Nəcəfəli baba, Sultan Əmirli, Kosaoğlu və s.); Bəhram dayı da, Mübariz kişi də, Patriarx-Professor-Aslanzadə də məhz o ərazilərdəndir... Amma bir daha unutmamalı, “Unutmağa kimsə yox” bu paradiqmdə vurğunu dəyişir, milli mövcudluğun üsulu kimi “kişi”liyi yox, məhz tənhalığı qabardır; həm də paradiqmin tarixini irəli, daha qədimlərə çəkir K.Abdulla: Tənha Dədə Qorqud, Bayındır xan, Lələ Hüseyn, Cəllad Məmmədqulu, Mirzə Pirqulu; və bir ucunu da günümüzə gətirir – F.Q. Fərdin təkliyinə, ekzistensial dünyasına açılan romanlar bu gün də yazılır, məsələn: Aydın Talıbzadə, “Kəpənək modeli 102”; Məqsəd Nur, “Şəhər meri” – amma üzü keçmişə: birincidə “kişi”lik modifikasiyası üzərində, ikincidə – əzab kultu. Diqqət edin, F.Q.-nin təkliyi ekzistensial yaşam sırasında, məsələn: Nehmət, Zaur (Anar), Müslümdən (R.Rövşən, “Daş”) nə ilə fərqlidir; birincilər “qadın başlanğıcı”na uduzurlar (məsələn, Təhminə kultu!), F.Q. isə “möhtəşəm ahəng”ə girib də, hələ uduzmaq fikrində deyil:

“Hər şey necə də sadədən sadə imiş. O qədər sadə ki, gözə də görükmür. Gözə görükməyənsə, deməli, yoxdur! Mənsə ona inanmışdım. İndi artıq mən dəqiq bilirəm: Möhtəşəm ahəng məni aldadıb”. Məncə, bu, modern mifin (romanın) bitib də postmodernə keçid istəyən nöqtəsidir; hərçənd romançı burda dayanmağı lazım bilir... 6) “Unutmağa kimsə yox” ilə Kamal Abdulla trilogiyasını bitirdiyini bildirir; mənə görə isə, bu həm də elə Kamal Abdulla romançılığının başlandığı nöqtədir. “Yarımçıq əlyazma” mən böyük mədəniyyət aktı, fərdi başlanğıcdan da çox ümumən ədəbiyyatımızın uğuru kimi qavramışam. “Sehrbazlar dərəsi”ndə K.Abdulla öz roman dünyası-üslubu-poetikasını yaratmağa-formalaşdırmağa məşğuldur; mənə görə, bu daha çox fərdi aktdır, çoxları bəyənir-sevirsə də, kiməsə xoş gəlməyə də bilər. “Unutmağa kimsə yox” isə, mənimcə, ədəbiyyatımızda öz yeri olan özgə bir romandır; bu – Kamal Abdulla romançılığıdır. İntellektuallar deyir ki, “Unutmağa kimsə yox” açıq mətn prinsipi ilə yazılmışdır; bu necə olur, çox da baş açmasam da, deyən, mən də onu elə bu üsulla oxumağa çalışdım. Postmodern romanın bir əlaməti də odur ki, açıq-gizli sitatlar üzərində gəlir-gəlişir, bunu da mən demədim, amma göstərməyə cəhd elədim. Bir qeydimi də deyim, dürüst olsun: romançı qələmə aldığı dünyaya çox bağlı-ehtiraslı-yanğılı görünür, amma məsələn, mənimcə: azca ironik yanaşma bəs idi ki, roman daha bir rakursdan postmodern məxrəclərə açıla. Sərt olduğu qədər də sağlam həmin ironiya Umberto Ekoda var; nə vaxtsa olmuşları həzzlə bugünün üstünlüyünə çözən Borxesdə də bu var. Əslində, Oğuz cəmiyyətinin gününə ağlayan həmin gizli-potensial həzz “Yarımçıq əlyazma”da da var. Hərçənd yozmam bir qədər trivial görünəcək: məgər sadə həyat məntiqini Ciddiyyət fantomlarına qarşı çevirən Çiçəkli Yazıda da ironik mövqeyə yer yoxmudur? Əslində, müşahidələrimə görə: Kamal Abdulla bir fərd və yazıçı kimi gəlib-çatdığı tənhalıq (bir yazıda deyildiyi kimi: “təkcənəlik”) postunda həmin (ironik) mövqenin həndəvərindədir. Bəsdir ki, bu İroniyanı dayandırmayıb, fəlsəfəsinə rəvac verə; ax, nə dürlü həqiqətlər açıla bilər! Nə vaxtsa bu olacaq, görəcəyik. 

 

 

Tehran Əlişanoğlu

 

525-ci qəzet.- 2011.- 14 may.- S.27.