“Özümü hansısa sirli
maddəni almağa çalışan kimyagər kimi hiss edirəm”
Müsahibimiz
tanınmış yazıçı-dramaturq, əməkdar
incəsənət xadimi Afaq Məsuddur. Bu gün yeni pyeslər
üzərində işləyən Afaq xanım
dramaturgiyanın onu daha çox cəlb etdiyini qeyd edərək,
zaman keçdikcə nəsrlə dramaturgiya arasında olan
maneələrin mahiyyətini açacağı
iddiasındadır. Yazıçı-dramaturq həm
yaradıcılığındakı yeniliklər, həm də
teatrlarımızın bugünkü durumu ilə bağlı
fikirlərini oxucularla bölüşür.
– Siz əsasən yazıçı kimi tanınırsız. Ancaq pyesləriniz də uzun illərdir müxtəlif teatrlarda səhnəyə qoyulur. Hal-hazırda Akademik Milli Dram Teatrında sizin yeni pyesiniz əsasında hazırlanan tamaşanın məşqləri gedir. Dramaturgiyaya müraciət etməyinizin səbəbini bilmək istərdik. Bu, özünü yazıçılıqda sona qədər ifadə edə bilməməkdən, qəhrəmanlarını canlı görmək istəyindən, yoxsa, başqa bir səbəbdən irəli gəlir?
–Düzü, heç vaxt ağlıma gəməzdi ki, nə vaxtsa səhnə əsəri yazacağam. Bilirsiz ki, mənim nəsrim əsasən, insanın təhtəlşüur qatı, onun iç dünyasıyla bağlıdır ki, bu da çılpaqlığı və hadisəliliyi sevən səhnə sənətinə tamamilə zidd bir üslubdur. Lakin belə oldu ki, 2004-cü ildə mənim “Can üstə” hekayəm nəşr olundu və bu əsər “Yuğ” teatrının bədii rəhbəri, istedadlı rejissor Vaqif İbrahimoğlunun diqqətini çəkdi. O, bu hekayənin alt qatında sezilən daha dərin informativ axıntılarla, müasir teatr estetikasının tələblərinə cavab verə biləcək gizli situasiyaların zənginliyi ilə tamaşa prespektivli olduğunu bildirdi. Əslində o, yanılmamışdı. Hekayə həqiqətən də, neçə illərdən bəri yazılmaqda olan yeni romanımın içindən çıxarılmış epizodlardan biri idi və romanın ayrı-ayrı fəsillərinə yayılmış bu hadisənin şaxələri burda hekayənin yığcam formatına sıxışdırılmışdı. Hekayəni pyesə çevirmək Vaqifin təklifi oldu. Nəsrimin özəlliklərinə görə dramaturgiya ərazisinə keçməyimin mümkünsüzlüyünü əslində mənə, mərhum rejissor qardaşım – dünya dramaturgiya mədəniyyətinə dərindən bələd olan Eyvaz təlqin etmişdi, onun tələbəlik dostu olan İbrahimoğlu isə bunun əks versiyasını irəli sürür, məni, teatrın maraqlı, baxımlı, insan duyğularına təsir edə bilən istənilən əsərdən yarana biləcəyinə inandırırdı... Mən ürəkləndim və “Can üstə” pyesini işləməyə başladım. Vaqif İbrahimolğlunun rəhbərliyi və köməkliyi altında gedən bu iş hədsiz çətin və ağrılı bir proses idi. İlk dəfə idi ki, mən daxili yaşantıları hadisəyə və dialoqlara çevirməyi, səhnə dilinə gəlməyən bir çox, mənə hədsiz əziz hiss və duyğularımdan imtina etməyi öyrənirdim. İlk səhnə əsərim olan “Can üstə” belə yarandı. Məhz “Can üstə” mənim bir yazıçı kimi, nəsrdən dramaturgiyaya keçidimdə körpü rolunu oynadı və sözün əsil mənasında, böyük uğur qazandı. Olsun ki, bu uğur, yaxud, mənim bilmədiyim daha nə isə neçə illərdən bəri üzərində işləyib tamamladığım romanıma olan marağımı heçə endirib. İş hətta o yerə çatıb ki, mən bu irihəcmli əsəri pyeslərə parçalamaq fikrinə düşmüşəm. Səbəb – neçə illərdən bəri nəsrimə gizli-gizli damızdırdığım gizli dünyanın – insanın iç həyatını burda – səhnədə aşkarlanmaq imkanıdır. Düzdür nəsr, kitab zaman səddlərini aşmaq baxımından daha etibarlı və uzunömürlüdür, lakin səhnə – istənilən zaman və məkan çərçivələrində reallığa və cəmiyyətə sirayət etmək qabiliyyətinə malikdir ki, bu da bir müəllif kimi mənim üçün böyük əhəmiyyət kəsb edir. Nəsrin cəmiyyətə təsir qüvvəsi ilə teatrın təsir gücünü müqayisə etsək, bunun təxminən, musiqinin cəmiyyətə olan təsiri ilə sosial-iqtisadi göstəricilərin təsiri qədər fərqli olduğunu anlayarıq.
–Dramaturgiyanı nəsrdən fərqləndirən əsas cəhətlərdən biri – ədəbi əsərdə yaradılmış qəhrəmanın tamaşada bir ayrı şəkil alması, bəzən yazıçının təsəvvüründəki obrazdan fərqlənməsidir. Bir müəllif kimi sizi hansısa aktrisanın ya aktyorun yaratdığınız obrazı təsəvvürlərdə dəyişə bilməsi narahat etmir ki?
– Bu, hər bir yazıçı üçün ağrılı bir məqamdır. Təsadüfi deyil ki, Markes öz obrazlarının yaradıldığı kimi qorunub saxlanılması naminə “Yüz il tənhalıqda” romanının səhnələşdirilməsindən, yaxud kino-lentə alınmasından daim imtina edir. Əsərin tamaşaya qoyulması, yaxud kino-lentə alınması – yazıçının tənhalıqda, mübhəm hisslərlə yazıb-yaratdığı əsərini bir növ, rejissora, səhnə və lent özəlliklərinə təslim etməsidir ki, burda da sözsüz ki, meydana müəyyən uyarsızlıqlar və fikir ayrıqlıqları çıxır. Bunun nəticəsi olaraq, əsər də, obrazlar da, müəllifin bədii niyyəti də mütləq nə isə itirir. Hətta tamaşa və kino uğur qazansa belə. Bu mənada, yazıçının əsaslı dayağı kitabdır. Bir onu heç bir qüvvə nə dəyişə, nə təhrif edə bilər. Məni də sakitləşdirən – pyeslərimin gələcək nəsillərə kitab halında saxlanılacağıdır.
– Sizin ilk səhnə əsəriniz “Yuğ” teatrında səhnələşdirilib. Bu teatrın özəl estetikası – səhnənin itirilməsidir. Yəni tamaşaçının da əsər boyu özünü səhnədə hiss etməsi, sanki hadisələrin iştirakçısına çevrilməsidir. Bu mənada, Akademik Milli Dram Teatrı ilə “Yuğ” teatrı arasında fərqli cəhətlər nədən ibarətdir?..
– “Yuğ” un öz atmosferi
var. Bu, tamaşaçının az qala əli ilə toxuna biləcəyi
məhrəm bir mühitə düşməsi, dediyiniz kimi, əsərin
iştirakçılarına çevrilməsidir ki, bu da milli
teatr məkanımız üçün önəmli və
qeyri-ənənəvi bir özəllikdir. Akademik Milli Dram
Teatrının səhnəsi isə tamam ayrı şərtlər
ehtiva edir. Bu, klassik tamaşa atributlarını özündə
cəmləyən, həyata və insanlara müxtəlif
prizmalardan baxmaq imkanı qazandıran, kifayət qədər
geniş imkanlı bir səhnədir. Bu gün hələ
hazırlıq prosesində olan “Qatarın altına atılan
qadın” əsərim məhz belə bir imkanları olan səhnə
tələb edir. Əslinə qalanda, “Can üstə” pyesi də
belə bir səhnəyə hesablanmış əsərdir.
Sadəcə, İbrahimoğlu onu “Yuğ” – un estetikasına
uyğunlaşdıraraq, kiçik səhnədə
tamaşaya qoydu. Lakin düşünürəm ki, bu əsərin
böyük səhnədə də oynanılmasına ehtiyac
var.
– Yeri gəlmişkən, son
vaxtlar Akademik Miili Dram teatrında ciddi islahatlar aparılır.
Bu barədə də fikirlərinizi bilmək istərdik.
– Akademik Milli Dram Teatrı əlbəttə
ki, ölkə teatrlarımızın flaqmanıdır və
bu mənada, bu sənət ocağına daha həssas
yanaşılmalıdır. Heç kimə sirr deyil ki, son illər
bu teatrda, eləcə də digər teatrlarımızda qəribə
bir süstlük, intellektual tamaşaçının teatr
binalarından uzaq düşməsi, tamaşa
salonlarının süni şəkildə doldurulması və
sair bu kimi hallar müşahidə olunmaqda idi ki, bu da –
ümumilikdə teatr sferamızda köklü islahatların
aparılması zərurətindən xəbər verirdi. Bu zərurət
2009-cu ildə ölkə Prezidentinin Milli teatr sənətinin
inkişafı ilə bağlı Dövlət
Proqramının qəbul olunması ilə nəticələndi
ki, bu da teatr sahəsində köklü islahatların həyata
keçirməsini günün vacib tələbinə
çevirdi. Həmin bu islahatların bu gün Akademik Milli Dram
teatrında davamlı və prinsipial şəkildə həyata
keçirilməsi, sözün əsl mənasında
sevindirici haldır. Teatr binasının mükəmməl səviyyədə
təmiri, dünya teatrı tələblərinə cavab verən
yeni texniki avadanlıqlarla təchizi, neçə illərdən
bəri eyni müəlliflər və rejissorlarla işləyən
bu sənət ocağına yeni yaradıcı qüvvələrin
– gənc rejissorların və aktyorların cəlb edilməsi,
yaradıcı heyətlə, dünya teatr məkanı
praktikasında olduğu kimi, müqavilələr əsasında
iş əlaqələrinin qurulması, beynəlxalq teatr məkanına
inteqrasiya istiqamətində görülən əhəmiyyətli
işlər, dünya teatrları ilə iş birliklərinin
qurulması, repertuarın yeniləşdirilməsi və sair
bu kimi dəyişikliklər burda mütərəqqi bir
teatrın qurulmasından xəbər verir. Lakin labüd bir həqiqət
bundan ibarətdir ki, hər bir yeniləşmə, dəyişmə,
islahatlar ağrısız və zədəsiz
ötüşmür. Yeni dalğa mütləq özü ilə
kimlərinsə ürəyincə olmayan, kimisə nədəsə
qane etməyən rahatsızlıqlar və ləngərtilər
gətirir.
Bir məsələni anlamaq
lazımdır ki, bu gün Akademik Milli Dram Teatrında gedən
islahatlar teatr rəhbərinin əlahiddə
şıltaqlığı yox, Zamanın tələbi,
bütövlükdə Azərbaycan mədəniyyətinin
uğuruna aparan yolun başlanğıcıdır. Bu yeniləşməyə,
bu tərəqqiyə sevinməyin, köməklik göstərməyin
əvəzinə, süni əngəllərin
yaradılması, düşünürəm ki, ümumilikdə
mədəniyyətimizin inkşafına yönələn
düşmən zərbəsindən savayı ayrı bir
şey deyil.İllər uzunu çökmüş durumda
yaşayan bir teatrın yeniləşib, dəyişib, tamamilə
ayrı bir səviyyədə zühur etməsinə ilk
növbədə, yeni qan və bu ocağın süqutuna xərclənmiş
zamanın (onilliklərin) müəyyən hissəsi gərəkdi.
– Sizcə, İsrafil
İsrafilov qarşıya qoyulan məqsədlərə nail
ola biləcəkmi?
– Bəli, mən ona
inanıram. Bu gün sözü gedən bu teatra, bu
ocağın mənəvi sahibi rəhmətlik Tofiq
Kazımovun tələbəsi, onun ideya davamçısı,
sənətşünaslıq elmləri doktoru İsrafil
İsrafilov rəhbərlik edir. Bu teatrın daxili həyatına
yaxın olanlar bu gün bu sənət ocağında tamamilə
yeni bir ab-havanın baş qaldırdığını, rəhmətlik
Ədil İskəndərovun nizam-intizamının, teatrdaxili
etik qaydaların yavaş-yavaş işə düşməyə
başladığını, burda uzun illərdən bəri
itirilmiş sənət məsuliyyətinin bərpa olunmaq istəyini
hiss edə bilərlər. Yaxın günlərdə
teatrın qonağı olan Gürcüstanın Marcanaşvili
teatrının baş rejissoru Levon Tsuladze ilə
görüşümüz zamanı belə məlum oldu ki, o,
burda tamaşa qoymaq və Azərbaycan dramaturgiyasını
Gürcüstan teatrlarında təbliğ etmək niyyətindədir.
Beləcə, bu gün Polşa, Litva, Ukrayna, Krım
teatrları ilə, İtaliyanın məşhur Pikkola teatrı
ilə əlaqələr yaradılır. Levonla söhbətlərimiz
zamanı belə məlum oldu ki, yaxın qonşumuz olan
Gürcüstan teatrlarında nəinki tamaşa vaxtı
boş yerlər olmur, hətta tamaşaçılar tamaşa
bitdikdən sonra belə zalı tərk etmir, teatrın foyesində
qalır, orda çay, qəhvə içə-içə təəssüratlarını
bölüşməkdən xüsusi zövq alırlar.
Düşünürəm ki, Azərbaycan teatrı da
yaxın zamanlarda belə bir cazibə qüvvəsini əldə
edəcək. Bu gün bu istiqamətdə kifayət qədər
işlər görülür.
–Son vaxtlar dünya
teatrında belə tendensiya yaranıb ki, səhnəyə
texniki köməkçi vasitələr – ekran
görüntüləri və sair gətirilir. Bununla hardasa
teatrla kinonun sərhədlərini itirmək məqsədi
güdülür. Sizin buna münasibətiniz necədir?
– Teatr – mənim
üçün mistik bir məkandır. Burda adi söz, yaxud
qəfil bir hərəkət salonu riqqətə gətirib
şahə qaldırmağa, yaxud tamaşaya qədər olan
durumunu tamamilə dəyişib yeniləşdirməyə
qadirdir. Teatrın dediyim bu mistik qüvvəsi haqqında
dünya ədəbiyyatında neçə-neçə əsərlər
də yazılıb. Mistika olan yerdə, düşünürəm
ki, texnika acizdir və əgər belə vasitələrə əl
atılırsa, bu, əsərin, yaxud rejissorun acizliyindən,
onun bədii imkansızlığından xəbər verir.
–Sizin əsərlərinizdə
psixoloji qat və insanın təhləlşüuru
üstünlük təşkil edir. Maraqlıdır, nəsrinizin
bu cəhətini səhnəyə çıxara biləcəksizmi?..
– Təhtəlşüurun səhnəyə
çıxış yolu tapılmalıdır. Müasir
insanı maraqlandıran və narahat edən məqamlardan biri
və ən əsaslısı da budur. Vaxtı ilə bununla
Freyd məşğul olurdu. Lakin onun kəşfləri elmi nəzəriyyə
səviyyəsindən o yana keçmədi. Ədəbiyyatın
gücü isə elmin adlaya bilmədiyi ənginlikləri fəth
edə bilmək qüdrətindədir. Bu mənada, əgər
dediyim həmin o təhtəlşüur qatında baş verənlər
səhnəyə çıxış yolu tapa bilsə, bu, nəinki
Azərbaycanda, düşünürəm ki, dünya teatr məkanında
bir inqilab olacaq.
– Sizcə dramaturgiyanın
yazıçı Afaqa təsiri necə ola bilər? Bu sizi
yazıçı kimi unutdura, yaxud əksinə sevdirə bilərmi?
Belə bir düşüncə sizi həyəcanlandırmır
ki?
– Heç bir həyəcan
yoxdur. Əvvəla, dəfələrlə demişəm ki,
ictimai fikir heç vaxt mənim üçün elə bir əhəmiyyət
kəsb etməyib və bu bu gün də belədir. İkinci
səbəb “Can üstə” tamaşasının kifayət qədər
uğur qazanmasıdır. Bir də mənə elə gəlir,
dramaturgiyam elə nəsrimin davamıdır və məhz buna
görə də qeyri-ənənəvidir. İndi
qarşımda duran əsas məsələ – nəsrdən
dramaturgiyaya keçiddə yaşanan əngəllikərin
mahiyyətinə varmaq, bu maneələrin və səddlərin
incəliklərini daha dərindən anlamaqdır. Mən bu
sirri olsun ki, yaza-yaza açağacam. Həqiqətən qəribədir.
Hər ikisi ədəbiyyatdır, biri səhnədə, o
birisi kağızda baş verir və aralarında bu boyda
uçurum var...
– Əsərlərinizdə
dialoqlardan qaçırsınız. Amma dramaturgiya sırf
dialoqdur...
– İndi yeni bir pyes üzərində
işləyirəm. Çalışıram, orda ümumiyyətlə,
dialoq az olsun. Çalışıram, tamaşa insanın ruhi
qatında baş verən hadisələri canlandıra bilsin,
bu dildə danışsın. İndi bütün bu
çalışmalarla mən özümü laboratoriyada kimyəvi
reaksiyalarla hansısa sirli maddəni almağa
çalışan kimyagər kimi hiss edirəm. Maddələri
bir-birinə qatıb, alınacaq son rəngin dəyişməsini,
yaxud tüstülənməsini gözləyirəm... Əgər
bu baş tutarsa, düşünürəm biz tamamilə yeni
bir teatrın astanasında olacağıq, insan təfəkkürü
üçün tamam yeni bir mərhələ
açılacaq...
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 14 may.- S.20.