Kürdəmirdə Nəriman Həsənzadə
Günü
“Şairlə bir görüş, ya adi söhbət –
Allaha xidmətdir, bəndəyə hörmət...”
(Nəriman Həsənzadə)
Əyalətdə insanların darıxmağa daha çox səbəbləri olur. Bütün baş verənləri – ədəbiyyatı, tarixi, musiqini ancaq televiziyadan izləyə bilirlər. Bəlkə də efirdən Nəriman Həsənzadənin yubileyi ilə bağlı keçirilən tədbirləri izləyəndə heç düşünməmişdilər ki, qocaman şair onların da görüşünə gələcək günlərin birində, onların da qonağı olacaq yaşının səksənində...
Həmin gün rayonumuzda qəribə
bir canlanma hiss etdim. Tədbir keçirilən məkanın –
Kürdəmir Rayon Mədəniyyət Evinin
qarşısında adamlar toplaşıb səbrsizliklə mərasimin
başlamasını gözləyirdilər. Hava da elə isti
idi ki. Bakının tozlu küləyindən, səs-küyündən
bezən paytaxtlı qonaqlar da havadan, məkandan məmnun
görünürdülər. Dəhlizdə düzülən
foto, kitab sərgisi qonaqların başını elə
qatmışdı ki, tədbirin başlayacağı saatı
unutmuşdular az qala. Yavaş-yavaş vaxt yetişirdi. Zalda bir
dənə də boş yer yox idi. Nəhayət ki, qonaqlar, səbəbkar
Nəriman Həsənzadə və rayon icra hakimiyyətinin
nümayəndələri zala daxil oldular. İsti rayonumuzun
isti insanları qonaqları gur alqışla müşayiət
etdilər. Beləliklə, AMEA Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional
şöbəsi və yerli icra hakimiyyətinin birgə təşəbbüsü
ilə xalq şairi Nəriman Həsənzadənin 80 illik
yubileyinə həsr edilmiş yubiley tədbiri açıq
elan edildi. Giriş sözü ilə Ədəbiyyat Muzeyi Aran
regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə
doktoru Yaqut Bahadurqızı çıxış etdi.
Hamını salamlayıb, gələn qonaqları – BDU-nun
professoru Qara Namazovu, tənqidçi, “Azərbaycan”
jurnalının baş redaktor müavini Vaqif Yusiflini, şair
Simax Şeydanı, əməkdar artist, usta diktor Eldost
Bayramı, Ədəbiyyat Muzeyinin əməkdaşları Sədaqət
Hüseynovanı, filologiya elmləri doktoru Şəfəq Əlibəylini
bircə-bircə təqdim etdi. Məncə, tədbirə
giriş əslində Nəriman Həsənzadənin
fotolarından ibarət videoçarxın monitorda
görünməsilə başladı. O ağ-qara şəkillər
hamını məclisə köklədi bir anda.
Çıxış
üçün ilk söz Kürdəmir rayon icra hakimiyyəti
başçısı Fəxrəddin Məlikova verildi.
Görkəmli alimləri, ziyalıları rayonumuzda görməkdən
şad olduğunu bildirən Fəxrəddin Məlikov Nəriman
Həsənzadənin 2008-ci ildə də Kürdəmirdə
qonaq olmasından, elə o gündən də kürdəmirlilərin
yaddaşında xoş izlər qaldığından söz
açdı. Nəriman Həsənzadənin həyat və
yaradıcılığı haqqında geniş
danışandan sonra: “Məncə, bu zalda kimi ayağa
qaldırsaq, Nəriman Həsənzadədən, heç
olmasa, 5 şeir əzbər deyə biləcək. Nəriman Həsənzadə
ürəyinin diliylə danışan şairdi, onda vətənpərvərlik
hissləri o qədər güclüdür ki, əsərlərində
bu mövzuya dəfələrlə toxunub. O, tariximizi, dünənimizi
gözəl yazan, ustalıqla qələmə alan ədibdir.
Nəriman müəllim, doğrudan da, sizinlə
görüş – Tanrıya xidmət, bəndəyə
hörmətdi” – deyərək,
çıxışını tamamladı. Söz şairin
Kürdəmirə 2008-ci ildəki gəlişindən
düşmüşkən, onunla bağlı növbəti
videoçarxda xalq şairi Nəriman Həsənzadənin el
şairi, qocaman aşıq Əhməd Rüstəmovla
görüşündən fraqmentler ekrana gəldi və
hamıda nostalji hisslər yaratdı. Zala çökən
sükutu Nəriman Həsənzadənin sözlərinə
yazılmış “Sən bağışladın”
mahnısı pozdu. Gözəl ifadan sonra dəyərli radio
diktoru, Nəriman Həsənzadənin təbiri ilə desək,
şeirlərinin ikinci müəllifi Eldost Bayramın xoş səsini
eşitmək lap yerinə düşdü. Kürdəmirə
gəlməsindən şad olduğunu bildirib gözəl,
ürəyəyatan səsiylə hamının
ovqatını şeirə köklədi.
Növbəti
çıxış imkanı şairin gənclik dostu
professor Qara Namazovun oldu. Qara Namazov gənclik illərini
xatırladı, Nəriman Həsənzadənin bütün əsərlərini
oxuduğunu dedi. Sonra da: “Onun bir dastanı var, Poylu kəndinə
həsr edib – “Poylu dastanı”. O kənddə nə qədər
adam var, hamısının taleyini nəzmə çəkib.
Bir kənd haqqında bu qədər ustalıqla yazmaq necə
mümkün olub, adam təəccüblənir. Elə bil tərcümeyi-halıdı
kəndin. Nəriman tarixdən də yazanda ən dərin
qatlara gedir. Tarixə həm müasir, həm tarixi yöndə
yanaşmağı bacarır. O, seçdiyi mövzunun
bütün incəliklərini öyrənməyənə qədər
yazmaz” – deyib şairə cansağlığı dilədi, yeni
əsərlər yaratmasını arzuladı.
Tədbirin bu yerində
söz musiqiyə verildi. Milli Konservatoriyanın müəllimi
xanəndə Qəzənfər Abbasov gözəl bir
muğam parçası oxumaqla hamını feyziyab etdi. Sonra
alim Şəfəq Əlibəyliyə söz verildi. O, Nəriman
Həsənzadəni özünə mənəvi ata bildiyini
söylədi: “Nəriman Həsənzadə yazır ki, “Bir
insan ömrünü girov qoymuşam, Bir şair
ömrünü yaşamaq üçün” . Mən mənəvi
atamın həm insan, həm şair ömrünü mənalı
yaşadığının şahidiyəm”- deyərək
çıxışını yekunlaşdırdı. Tədbirin
bu yerində məktəblilərin təqdimatında “Xarı
bülbül” poemasını səhnələşdirilmiş
variantı maraq doğurdu. Yenə şeirin hamını həzinliyə
köklədiyi anda əhvalımızı aşıq musiqi dəyişdi,
aşıq İlham Astanbəylinin ifası məclisə
şuxluq, nikbinlik gətirdi.
Uzun illər Nəriman Həsənzadə
yaradıcılığını diqqətlə təhlil edən
Vaqif Yusifli səhnəyə çıxar-çıxmaz,
şeiri şeir caladı. Həm şairlə
tanışlığına aid maraqlı məqamları, həm
də onun yaradıcılığı ilə bağlı
fikirlərini bölüşdü.
Sonra söz yenə də
muğama verildi, gənc xanəndə Nasir Ətapur gözəl
ifayla hamının rəğbətini qazandı. Möhtəşəm
ifadan sonra səhnədə balaca məktəblilər
göründü. Şairi bir dəmət çiçəklə
təbrik edib, uşaq şeirlərindən nümunələr
səsləndirdilər. Balaca çocuqlardan sonra bəndənizə
növbg çatdı, məni şair özü dəvət
etdi səhnəyə. Nəriman Həsənzadə
haqqında fikirlərimi yazıb çap etdirmişdim deyə,
tədbirdəki çıxışıma burda yer
ayırmağı lazım bilmirəm, onsuz da Nəriman müəllimə
rəğbətim və orada nələr dediyim təxminən
məlumdur.
Söz artıq zala
verilmişdi. Kürdəmirli ədəbiyyat müəllimi Əsbət
Musayeva Nəriman Həsənzadədən bir neçə bənd
şeir dedikdən sonra növbə yenə saza gəldi.
Meydanı bir andaca ələ alan aşıq Vüqar
havanı havaya bənd eləyib, sonda Aşıq Əhmədin
“Bir salam verək” mahnısını oxudu. Almaniyadan gələn
şair qonaq Simax Şeyda da Nəriman Həsənzadəni təbrik
etdi, qürbətdə yazdığı bir şeiri söyləyib,
kövrəldi, bu tədbirdə iştirakından
şadlıq duyduğunu bildirdi.
Və nəhayət, söz xalq şairi Nəriman Həsənzadənin özündədir... Bu günün onunçün unudulmaz günlərdən olduğunu deyən şair rayon icra hakimiyyətini başçısı Fəxrəddin Məlikova, tədbirin ssenari müəllifi və aparıcısı Yaqut Bahadurqızına, mərasimin təşəbbüskarına – AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru Rəfael Hüseynova, eləcə də qonaqlara, zaldakı hər kəsə dərin minnətdarlığını bildirdi. Gəncliyindən, təhsilindən, ömrü boyu başına gələnlərdən danışdı. Son illər yazdığı şeirlərindən oxudu. Axırda da qonaqlarla, oxucularla xatirə şəkli çəkdirdi. Tədbirin gedişatı da, çıxışlar və üzdəki ifadələr də hər kəsin bu görüşdən özüylə xoş hisslər apardığından xəbər verirdi.
Nərmin HÜSEYNZADƏ
525-ci qəzet.- 2011.- 14 may.- S.17.