Elmin inkişafı naminə fəaliyyət: Təhsil Nazirliyi bu sahədə də öz sözünü deyir

 

 Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra təhsilin səviyyəsini qaldırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə geniş miqyaslı islahatların həyata keçirilməsinə başlanılıb. Ali təhsil sahəsində aparılan islahatlar həm yüksəkixtisaslı kadrların hazırlanması, həm də ölkənin elmi-texniki potensialının gücləndirilməsi istiqamətlərini əhatə edir. Yüksəkixtisaslı kadrların hazırlanmasında və elmi-texniki tərəqqinin təmin olunmasında ali məktəblərin xüsusi yeri var. Təhsil Nazirliyi sisteminə daxil olan 20 dövlət ali təhsil müəssisəsində hazırlanan mütəxəssislər respublika iqtisadiyyatının bütün sahələrində çalışır, ali məktəb alimləri tərəfindən əldə olunan elmi-texniki nailiyyətlər iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunur və ölkənin sosial-iqtisadi inkişafını təmin edir.

Ali məktəb elmi ölkədə aparılan elmi tədqiqatların mühüm hissəsini təşkil edir. Bu sahəyə yönəldilən vəsaitin miqdarı ildən-ilə artırılır, nəticədə elmi tədqiqatların müasir səviyyədə aparılması və keyfiyyətinin yüksəldilməsi təmin olunur. Ali məktəblərdə elmi tədqiqatlar həm kafedralarda, həm də elmi tədqiqat müəssisələrində aparılır. Hazırda Təhsil Nazirliyinə tabe olan ali məktəblərdə dövlət büdcəsindən maliyyələşdirilən 3 elmi-tədqiqat institutu, 5 elmi mərkəz və 90-dan artıq elmi-tədqiqat laboratoriyası, Azərbaycan Dövlət Neft Akademiyasında isə bir təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir.

Elmi-tədqiqat işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsinin əsas şərtlərindən biri sayılan informasiya təminatı ali məktəblərin kitabxanaları və informasiya mərkəzləri tərəfindən həyata keçirilir.

Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, ali məktəblərdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi sahəsində dövlət siyasətinin və təhsil qanunvericiliyinin həyata keçirilməsi işini Təhsil Nazirliyinin Elm Şöbəsi icra edir. Şöbə həmçinin elm sahəsi ilə bağlı normativ hüquqi sənədlərin hazırlanmasını təmin edir, elmi-tədqiqat işlərinin planlaşdırılması və əlaqələndirilməsini tənzimləyir, prioritet elmi istiqamətləri müəyyənləşdirir, elmi-tədqiqat institutları, mərkəzləri, laboratoriyalarının təşkili, yenidən təşkili, ləğv edilməsi barədə təkliflər hazırlayır, onların monitorinqini həyata keçirir. Təhsil sistemində standartlaşdırma, metrologiya xidmətlərini, patent-lisenziya işini və ali məktəb, akademiya, sahə elminin inteqrasiyasını təmin edir, habelə ali məktəblərlə digər müəssisələrin yeni inteqrasiya formalarını inkişaf etdirir. Təhsil sistemində elmin idarəedilməsinin təkmilləşdirilməsinə, elektron elm idarəetmə sisteminin yaradılmasına köməklik göstərir, təhsil sistemində nəşr olunan elmi jurnalların və məcmuələrin keyfiyyətinin yaxşılaşdırılması barədə təkliflər verir, Azərbaycan elminin dünya elminə inteqrasiya siyasətini aparır, ali məktəblərdə elmlə tədris prosesinin qarşılıqlı əlaqələrinin yaradılması istiqamətində təkliflər, ali məktəblərin elmi fəaliyyəti ilə bağlı hesabatları təhlil edir, ümumiləşdirir, müvafiq məlumatlar və arayışlar hazırlayır. Nazirin sözlərinə görə, ötən il dövlətlərarası elmi əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihə və proqramların həyata keçirilməsi və elmi tədqiqatların maliyyələşdirilməsi üçün beynəlxalq fondlardan vəsaitlərin cəlb olunması istiqamətində aparılıb işlər nəticəsində, qrant layihələrinin sayı artıb. Bu sahədə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutu xüsusi fərqlənib. Təhsil naziri bildirib ki, “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə alimlik dərəcələri verilməsi üzrə ixtisasların nomenklaturası”nın YUNESKO-nun və digər beynəlxalq təşkilatların qəbul etdiyi elmi ixtisas siyahılarına uyğunlaşdırılması məqsədilə yeni nomenklaturanın hazırlanması üzərində Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən aparılan işdə və müzakirələrdə Təhsil Nazirliyi yaxından iştirak edib. Elmi tədqiqat işlərinin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün elmi müəssisələrin maddi-texniki bazasının müasirləşdirilməsi və yeni avadanlıqlarla təmin edilməsi məqsədilə ali məktəblərin ehtiyacları öyrənilib, 2011-ci ildə alınması vacib olan yeni avadanlıqların siyahısı şöbəmiz tərəfindən tərtib edilmiş və İqtisadiyyat şöbəsinə təqdim edilib. Elmi tədqiqat işlərinin istehsalata tətbiqini sürətləndirmək üçün texnoparklar haqqında əsasnamənin layihəsi hazırlanıb: “Elm, texnologiya və texnikanın prioritet istiqamətlərinə uyğun aparılan fundamental və tətbiqi elmi tədqiqatların planlarının hazırlanması istiqamətində iş aparılıb, 2011-2013-cu illərdə ali məktəblərdə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin mövzuları dəqiqləşdirilmiş və əlaqələndirmə məqsədilə AMEA-ya təqdim edilib. Ali məktəblərdə elm sahəsində mövcud idarəetmə sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, “Elektron elm” idarəetmə sisteminin yaradılması məqsədilə ali təhsil müəssisələri tərəfindən elmi fəaliyyətdə informasiya texnologiyalarının tətbiqi vəziyyətini əks etdirən sorğu anketləri doldurulub, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna təqdim edilib. Ali təhsil müəssisələrində elmin infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 1 elmi-tədqiqat mərkəzi, 2 elmi tədqiqat laboratoriyası yaradılıb, yeni avadanlıq və cihazlar alınıb. Elmi əsərlərin nüfuzlu jurnallarda çap edilməsinə diqqət artırılıb, bəzi ali məktəblərdə həyata keçirilən stimullaşdırıcı tədbirlər, nəticədə impakt-faktoru olan jurnallarda dərc edilən məqalələrin sayı artıb. Ötən il Azərbaycan elminin tarixində ilk dəfə olaraq ölkədə nəşr olunan “Applied and Computational Mathematics” (“Tətbiqi və hesablama riyaziyyatı”) beynəlxalq jurnalı Elmi İnformasiya İnstitutunun SCİ 0,633 impakt-faktoru ilə daxil edilib. Qeyd edim ki, bu jurnal Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu tərəfindən təsis edilib və 2002-ci ildən ingilis dilində nəşr olunur. Ötən il həmçinin tələbə elmi-tədqiqat işinə dair normativ hüququ bazanın monitorinqi keçirilib, hazırlanması lazım olan sənədlərin siyahısı hazırlanıb. Həmin sənədlərdən “Ali məktəb tələbələrinin elmi fəaliyyəti haqqında Əsasnamə”nin layihəsi hazırlanıb. “Tələbə Elmi Cəmiyyəti haqqında nümunəvi Əsasnamə”nin layihəsi üzərində iş aparılıb, ali məktəb tələbələrinin XXII Respublika elmi konfransının və “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin keçirilmə Qaydaları hazırlanıb. Ali məktəb tələbələrinin XV Respublika olimpiadası keçirilib”.

M.Mərdanovun dediyinə görə, şöbə tərəfindən elmi kitabxanaların işinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar Fəaliyyət Planı hazırlanıb və yerlərə çatdırılıb, ali təhsil müəssisələrində elektron kitabxanaların yaradılması istiqamətində aparılan işlər haqqında məlumatlar toplanıb, müəyyən edilib ki, əksər elmi kitabxanalar kompyuter texnikası ilə təchiz olunan, internetə qoşulub,hazırda müvafiq kompyuter proqramının, elektron kataloqların, kitabxanaların veb-saytlarının yaradılması istiqamətində iş aparılır. Elektron kitabxanalarla bağlı arayış hazırlanıb və Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib, ali təhsil müəssisələrinin kitabxana fondlarında saxlanılan nadir kitablara dair məlumatlar toplanıb, məktəb kitabxanalarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların və digər sənədlərin hazırlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən işçi qrupu yaradılıb, bu iş Respublika Elmi Pedaqoji Kitabxanasına tapşırılıb, il ərzində həmin işçi qrupu tərəfindən kitabxanaların fəaliyyətini tənzimləyən 12 adda normativ sənədlər işlənib hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub. Təhsil naziri bildirib ki, ötən il Nazirlər Kabineti ilə razılaşdırılmış siyahıya əsasən müxtəlif ali məktəblərdə 90 elmi və elmi-praktik konfrans, o cümlədən 23 beynəlxalq konfrans keçirilib: “Məlumat üçün bildirim ki, hər il Təhsil Nazirliyinin təşkilatçılığı ilə Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransları keçirilir. Həmin konfransın materialları şöbə tərəfindən nəşrə hazırlanır, baza ali məktəbdə nəşr olunur və konfrans iştirakçılarına pulsuz paylanılır. Ötən il də Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının materialları çapdan çıxıb və paylanıb”. Təhsil nazirinin sözlərinə əsasən, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün əsas maliyyələşmə mənbəyi olan dövlət büdcəsi ilə yanaş, digər mənbələrdən də istifadə olunur: təsərrüfat hesablı müqavilələr, beynəlxalq fondlar tərəfindən ayrılan qrantlar və sair. Son vaxtlar tətbiqi xarakterli tədqiqatların aparılmasına meyl və marağın artması müşahidə olunur. Bu, həm alimlərin sərbəst qərar qəbul etmək və işləmək imkanlarının genişlənməsi, həm də iqtisadi maraq amilinin daha önəmli olduğu mühitin yaranması ilə bağlıdır. İxtiralara görə alınan patentlərin sayının artması məhz bunun nəticəsidir. Belə ki, 1998-ci ildə, 12, 2001-ci ildə 35, 2004-cü ildə 51, 2007-ci ildə 69, 2008-ci ildə 44 patent alınıb. Təhsil müəssisələri ilə istehsalat arasında elmi əlaqələr get-gedə möhkəmlənir, ali məktəblər tərəfindən istehsalat müəssisələri üçün yerinə yetirilən təsərrüfat müqaviləli elmi-tədqiqat işlərinin sayı və həcmi artır. Lakin elmi nəticələrin istehsalata tətbiqində olan çətinliklər hələ də qalmaqdadır. Ali təhsil müəssisələri ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əlaqələr inkişaf edir. Akademiya sistemində işləyən alimlər ali məktəblərdə tədris prosesinə cəlb olunur, buraxılış işlərinə, dissertasiyalara rəhbərlik edirlər. Ali məktəblərdə aparılan elmi işlərin mühüm nəticələri AMEA-nın koordinasiya şuralarında və Rəyasət heyətinin iclaslarında müzakirə edilir: “Son illər ali məktəblərdə elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması elmi nəticələrin istehsalatda tətbiq edilməsi, innovasiya, ixtiraçılıq və patent-lisenziya fəaliyyəti, elmi jurnalların, dissertasiyaların, elmi məqalələrin dərsliklərin, tədris-metodik vəsaitlərin hazırlanması və nəşri sahəsində əhəmiyyətli işlər görülür. Yalnız 2008-ci ildə ali məktəblərdə çalışan alimlər tərəfindən 296 monoqrafiya, 294 dərslik, 489 dərs vəsaiti, 1609 adda proqram və metodik ədəbiyyat nəşr etdirilib.

 Alimlərimiz Azərbaycan elmini müxtəlif beynəlxalq elmi konfranslarda təmsil edir , onların məqalələri xarici ölkələrin elmi jurnallarında dərc olunur. Xarici jurnallarda alimlərin 1676 məqaləsi, beynəlxalq konfransların materiallarında 630 məruzə tezisi nəşr edilib. Son 6 il ərzində Azərbaycan alimləri tərəfindən xarici jurnallarda nəşr olunmuş məqalələrin sayı 2,6 dəfə, beynəlxalq konfransların materiallarında dərc edilmiş tezislərin sayı isə 2,2 dəfə artıb. Xarici jurnallarda nəşr olunan məqalələrin sayının artmasına baxmayaraq onlardan yalnız 4-5 faizi dünyada tanınan və impakt-faktoru olan jurnallarda çap olunub. Ali məktəblərdə yerinə yetirilən işlərin nəticələrini elmi ictimaiyyətə çatdırmaqda elmi nəşrlərin rolunu nəzərə alaraq onların təsis edilməsinə və müntəzəm nəşrinə xüsusi fikir verilir, yeni elmi-tədqiqat nəşrlərinin sayı artırılır. Təhsil Nazirliyi sistemindəki ali məktəblərdə Ali Attestasiya Komissiyası tərəfindən tanınan 37 adda elmi məcmuə və jurnal nəşr edilir”. Nazir vurğulayıb ki, ötən il ərzində şöbəyə 508 məktub, 13 ərizə və şikayət daxil olub. Şikayətlərdən biri kitabxanaların işi ilə, biri Lənkəran Dövlət Universitetində dissertasiya mövzusunun təsdiqi ilə bağlı idi. Bir şikayət AMEA-nın aspirantı ilə bağlı olduğuna görə aidiyyəti üzrə həmin təşkilata göndərilib. Ərizə və şikayətlərin hamısına baxılıb, məktubların əksəriyyətinə cavablar hazırlanmışdır, doktoranturaya qəbul planı ilə bağlı olan məktublar isə isrardadır. Görüləcək işlər haqqında danışan M.Mərdanov vurğulayıb ki, şöbə tərəfindən bu il ərzində kollegiyada müzakirə üçüm məsələnin hazırlanması Elmi-Metodik Şuranın yeni strukturunun və tərkibinin təsdiqə təqdim edilməsi, “İlin gənc alimi” müsabiqəsinin keçirilməsi, tələbələrin XXII Respublika elmi konfransının və konfrans çərçivəsində “Ən yaxşı tələbə elmi tədqiqat işi” müsabiqəsinin təşkili nəzərdə tutulub. Həmçinin ali məktəblərdə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində aparılan elmi problemlərin və mövzuların, habelə idarəetmə sisteminin monitorinqinin aparılması Dövlət Proqramlarının həyata keçirilməsinin təmin edilməsi, Azərbaycan Milli Elmlər Akademiyası, digər elmi təşkilatlar və istehsalatla əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi “Təhsil haqqında”Qanuna uyğun olaraq yeni yaradılmış doktoranturaların fəaliyyətini tənzimləmək məqsədilə normativ hüquqi bazanın yaradılması, elmi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlərin görülməsi, tələbələrin elmi-tədqiqat işinə cəlb olunmasını təmin edən yeni mexanizmin hazırlanması, kitabxana informasiya sisteminin inkişafının təmin olunması üçün tədbirlərin həyata keçirilməsi də görülməsi nəzərdə tutulan işlərdəndir.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 14 may.- S.14.