BDU-da Abay Kunanbayev adına Mərkəzin rəsmi açılışı olub
Dünən Bakı Dövlət
Universitetində (BDU) qazax şairi, yazıçısı,
ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının
banisi Abay Kunanbayev adına Mərkəzin rəsmi
açılışı keçirilib. Azərbaycan və
qazax xalqları arasındakı mədəni əlaqələri
daha da inkişaf etdirmək məqsədilə yaradılan mərkəzin
rəsmi açılışında Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov və
Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin
rektoru, professor Baxıtcan Abdraim iştirak ediblər. Tədbirin rəsmi hissəsi BDU-nun Heydər Əliyev
Məktəbində davam edib. Qonaqları və
tədbir iştirakçılarını salamlayan rektor,
akademik Abel Məhərrəmov Abay Mərkəzinin BDU-da
açılmasını yalnız universitetin deyil, hər iki
xalqın həyatında əlamətdar hadisə hesab edib.
Azərbaycan və qazax xalqlarının
qardaşlığından danışan rektor, onların eyni
mədəniyyətə, eyni tarixi köklərə və
eyni dilə malik olduqlarını qeyd edib. Akademik
Abel Məhərrəmov bildirib ki, tarixlər boyunca
xalqlarımız arasında olan əlaqələrin daha da
inkişafında ən böyük uğur Heydər Əliyev
və Nursultan Nazarbayevin birgə səyləri nəticəsində
əldə edilib və bu siyasət prezident İlham Əliyev
tərəfindən də uğurla davam etdirilir. Tədbirdə
Qazaxıstan Prezident Administrasiyasının daxili siyasət
şöbəsinin müdiri Darxan Mınbay, Lev Qumilyov
adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan
Abdraim, Qazaxıstanın ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri Serik Primbetov
çıxış edərək Azərbaycan-Qazaxıstan əlaqələrindən
danışıb, mərkəzin fəaliyyətə
başlamasının əhəmiyyətini
vurğulayıblar.
S.QARAYEVA
525-ci qəzet.-
2011.- 14 may.- S.11.