Küveytdə Azərbaycan mədəniyyət günləri
keçirildi
Mayın 10-12-də Küveytdə Azərbaycan mədəniyyət günləri keçirilib. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Küveyt Dövlətinin Mədəniyyət və Ədəbiyyat Ali Şurası və buradakı səfirliyimiz tərəfindən təşkil olunan Azərbaycan Mədəniyyət günləri çərçivəsində Küveyt ictimaiyyətinə zəngin konsert proqramı, Azərbaycan milli paltarları ekspozisiyası, ölkəmizin füsünkar təbiətini, tarixi və memarlıq abidələrini, günbəgün dəyişən ölkəmizin müasir simasını əks etdirən foto-sərgi təqdim olunub. Azərbaycan mədəniyyət günləri Küveyt Dövlətində böyük uğurla keçmiş, dost ölkənin ictimaiyyətinin böyük rəğbətini qazanmış, kütləvi informasiya vasitələrinin xüsusi diqqət mərkəzində olub. Nümüayəndə heyətimizin üzvləri Küveyt Dövlət Televiziyasının KTV1 kanalının rəhbərliyi ilə görüşüb, bu kanalda yayımlanan və ölkədə ən yüksək reytinqə malik “Sabahın xeyr Küveyt” verilişində çıxış ediblər. Eyni zamanda, Küveytin KTV2 televiziya kanalı mədəniyyət xadimlərimizin konsert proqramını tam şəkildə yayımlamış, sərgi ekspozisiyalarımızdan dolğun reportajlar hazırlayıblar. Küveyt Dövlətindəki səfirimiz Tural Rzayevin “Ər-Ray” televiziya və Küveyt radio kanallarında müsahibələri efirə gedib. Küveytin yüksək tirajlı və nüfuzlu “Əl-Qabas”, “Vatan”, “Əs-Siyasə”, “Əl-Cəridə”, “Əl-Vasat”, “Ən-Nahar”, “Əl-Ənbə” və “Əs-Sabah” qəzetlərində mədəniyyət günləri haqqında müfəssəl məlumat və məqalələr, foto-şəkillər çap olunub, ölkəmizin zəngin mədəniyyəti və cəlbedici turizm potensialından ətraflı bəhs edilmiş, iki ölkə arasında mədəniyyət və turizm sahəsində sıx əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
525-ci qəzet.-
2011.- 14 may.- S.2.