Sevimli... Zərif... MƏNİM...
Hekayə
Səhər saat doqquz radələrində bəyaz geyimli qız Beşmərtəbə meydanındakı “5 qazan” restoranına daxil oldu. Bayaqdan bəri salonda bekar gəzişən ofisiantlar “Poison” ətrindən məst olub canfəşanlıqla ona yer göstərməyə cumdular. Qızsa onların yanından laqeydliklə, sanki ürəyində mahnı oxuyurmuş kimi şən, ədalı yerişlə keçib yuxarı qalxdı. Aşağıdakı salonun ofisiantlarının üzündəki ümid nişanələrinin puç olması ilə yuxarı mərtəbənin ofisiantlarının sevinci eyni vaxta düşdü. Qız isə lap küncə, döşəmədən tavana kimi uzanan şüşənin qabağına keçdi və baxışları üstündən çırpıb stulu çəkdi. Gödəkçəsini asılqana keçirib oturdu. Lakin çılpaq ayağı şüşənin soyuğunu hiss etməyə macal tapmamış ofisiant odlu sualı ilə başının üstünü aldı:
– Nə içəcəksiniz?
– Yasəmənli yaşıl çaay!!!
“Ç” hərfi ofisiantın qulağından keçib ayaqlarını döşəməyə mıxladı. Səsin məlahətindən özünü unutmuş oğlan fikirləşdi: ömrümdə bir dəfə məndən bu səslə nə isə istədilər...Onda da ...ancaq çay...ehhh...
5...10...15 saniyə...Sükut. Gözünü Füzulinin abidəsindən ayıran qız qarşısında heykələ dönmüş adama baxdı:
– Nəyi gözləyirsən? Başqa heç nə istəmirəm. Get çay gətir də... – qız bunları demədi. Sadəcə ofisiant fikirləri onun baxışlarından oxudu, ayaqlarını mıxlamış “ç” hərfi əridi, donu açıldı. Getdi sifarişi gətirməyə.
...Qız Bakının səhərinə baxırdı. Şəhər bomboz idi... Gözlərini qıyıb Teatrın arxa məhəllələrinə sarı boylandı... Sıxıldı. Daha baxmaq istəmədi... Sağ çiynini şüşəyə söykəyərək qulaqcıqları taxıb telefonundakı musiqilərə qulaq asmağa başladı. Qara Qarayevin “Yeddi gözəl”inin fraqmentləri fikrini harasa çooox uzaqlara apardı ...
Uzun saçlı, arıq, hündür, görünüşündən müasirlik yağan rəssam Dram teatrının arxasındakı məhəllələrdən çıxıb ayaqlarını sürüyə-sürüyə avtobus dayanacağına tərəf gedirdi. Gözlərində elə bir təəssüf var idi, sanki uzun illərdir gecə-gündüz çalışıb çəkdiyi rəsmi əlindən alıb dənizə tullamışdılar. Dəniz rənglərin hamısını acgözlüklə udmuşdu...
Dayanacağa çatanda molberti yerə qoyub rəngsiz baxışlarla ətrafı süzdü: “5 qazan”...- bu nə addı restorana qoyublar?! Yox bir... – hər şeydən narazı, qoca təqaüdçülər kimi ürəyində deyinməyə başladı – bu ölkədə estetika, adamı ilhamlandıran gözəllik tapmaq mümkün deyil. Hər şey....
... Birdən-birə Beşmərtəbə itdi, maşınların səsi batdı, ətrafda nə vardısa, hamısı yox oldu... Parıltısı ilə göz qamaşdıran büllur bir saray peyda oldu. Sarayın pəncərəsinin arxasında isə çiynini şüşəyə söykəmiş, ayağını ayağının üstünə aşırmış, saçlarının qarası ilə bəyaz donu ideal bir rəng harmoniyası yaratmış Qız...!
5...10...15 saniyə... Bu saniyələr ərzində rəssam bu səhnəni kətan üzərinə köçürdü, ən məşhur sərgilərdə şəklin nümayişini keçirdi, xarici kolleksionerlər əsərin sorağıyla bura gəldilər, böyük pullar təklif etdilər... Hətta tanınmış Sənətşünaslıq doktorunun bu tabloya aid çıxışı da qulaqlarında səsləndi: “Gənc bir rəssamın bu cür sənət əsəri yaratması məni sevindirdi. Obraz şüşə arxasında da aydın görünür. Məncə son illər rəssamlıq sənətimizdə belə güclü qadın çatışmırdı. Gənc dostumuz zahiri gözəllik, zəriflik arxasında gizlənmiş gücü harasa yuxarılara dikilmiş baxışların vasitəsi ilə gözəl şəkildə çatdırmağı bacarmışdır. Adam bilmir bu rəsmə nə ad versin?! “Sevimli qadın”? “Zərif qadın”? yaxud da “Onun qadını...”
Cavanların dayanacağa arxa çevirib durmasından, avtobuslara minməməsindən narahat olan dispetçer yaxınlaşıb nə isə soruşmaq istədi. Amma heç kim ona reaksiya vermədi. Hamı robot kimi dayanıb harasa baxırdı. Yalnız balaca bir oğlan barmağını uzadıb şüşə arxasındakı qızı göstərdi. Elə bu vaxt onun telefonuna zəng gəldi. Sürücülərdən idi. Bircə anda ruhu keyimiş dispetçer mexaniki hərəkətlə telefonu qulağına tutub – Alo – dedi.
– Mənə bax, dayanacaqda gözləyən yoxdusa, daha oralara girməyim, Nizaminin qabağından dönüb qayıdım mikrorayona.
Dispetçer cavab verə bilmədi. Əvəzində boğazından nasaz maşın xırıltısına bənzər boğuq inilti çıxdı.
–Nədi, niyə danışmırsan, sürüm ora? Adam çoxdu?
Dispetçerin səsi açıldı:
–Burda Həyat var ey...
Ratsiyanın səsi PPX-nın sarımsaq ətirli, yekəqarın komandirini səhər 6-da Dəmiryol Vağzalı yaxınlığındakı “Zirzəmi” kafesində yediyi xaşın təəssüratlarından ayırdı. Sıravi polis serjantının həyəcanlı səsi eşidildi:
– Rəis, Beşmərtəbənin qabağında şübhəli adamlar toplaşıb.
– Yenə yalandan hay-küy salmısan? Bu dəfə dəqiq olmasa, təpəni dağıdacam. Ha-ha-ha...
– Vallah, rəis, düz deyirəm.
10-15 adam olar. Hələ telefonla şəkillər də
çəkirlər. Bəlkə yenə nə isə
aksiyadı?!
– Yaxşı, sən
oraları nəzarətində saxla. Nə isə olsa, xəbər
verərsən.
Komandir əvvəl zəhləsi
gedən bölmə rəisinə zəng etdi. Onun telefonunun
sönmüş olmasına ürəkdən sevinərək
birbaşa rayonun polis rəisinə zəng vurdu. Səsinə
işgüzarlıq qatıb təşviş içində
dedi:
– Cənab rəis,
bağışlayın Sizi narahat edirəm, Beşmərtəbənin
qabağında xeyli adam toplaşıb. Hələ heç
bir səs-küy yoxdur. Məqsədləri məlum deyil. Amma
mən narahat oldum. Birdən mitinqə hazırlaşarlar...
– Hanı sənin bölmə
rəisin? Ona məlumat vermisən?
– Rəis, telefonu
söndürülüb. Yəqin axşam yeyib-içməkdə
olub. Ona görə yatıb. Çox vaxt belə edir.
– Yaxşı, çərənləmə!
Sən uşaqlara tapşır oraları əhatəyə
alsınlar. Amma dinc adamlara toxunmasınlar. Bizim rayonda heç
vaxt belə hadisə olmur. Maraqlanaram görüm nədir.
– Oldu, Rəis.
Polis rəisi az qala qaça-qaça rayon İcra
Hakimiyyəti başçısının yanına gedib vəziyyəti
danışdı. Bu qədər adamın sakit, dinməzcə
bir yerə yığışması təəccüblü
idi. Ona görə də məsləhətləşib
mülki geyimli polisi Beşmərtəbə meydanına
yolladılar.
“Şəhər”
telekanalının passiv, heç bir işə yaramayan
reportyoru rayon İcra Hakimiyyətində işləyən
dostunun zəng vurub Beşmərtəbənin qabağında
mitinq hazırlığı getdiyini, gənclərin bir yerə
yığışdığını deməsindən sonra
cəld “Xəbərlər” departamentinin baş redaktorunun
yanına qaçıb hadisəni bacardığı qədər
şişirdərək danışdı:
– Eldar müəllim, Beşmərtəbə
meydanında mitinqdir. Yüzlərlə adam toplaşıb..
Polislər yolu bağlayıb, mühasirəyə alıblar
oraları. Hələ mətbuat bilmir. Gizli saxlayırlar. Mənə
dostum xəbər verdi.
– Doğrudan? – baş
redaktorun gözləri işıldadı. – iyirmi dəqiqədən
sonra “Xəbərlər” proqramı efirdədi. Görəsən,
uşaqlardan kimi göndərək, ordan birbaşa efirə
çıxsın?
– Heç kim yoxdu. Bəlkə
elə özüm gedim?
– Axı sən canlı efirə
heç vaxt çıxmamısan? Yaxşı... Immm... Onda
get çəkiliş apar, baxarıq! Tez ! Getdin!
Qaça-qaça!
... “Mən elə bir
süjet hazırlayım, bütün şəhər bir-birinə
dəysin. Onda bu əclaf mənim qabağa çəkdiyi
qohumlarından yüz dəfə artıq olduğumu başa
düşər...” – Reportyor bütün yolboyu yalnız bunu
fikirləşirdi. Azdramanın yanında maşını
saxlayan kimi operatorunu da tələsdirərək, cəld “5
qazan”ın yanındakı qələbəliyə
yaxınlaşdı.
– Kameranı elə qur,
adamlar lap çox görünsün. O biri mitinqlərdə eləyirdiz
ey, bax elə. Aşağıdan götür.
– Mənə öyrətmə
də... – telefon zəngi operatorun cavabını eşidilməz
etdi.
– Bəli, müəllim.
İndi çatmışıq.
Redaktor idi.
– İki dəqiqəyə
canlı efirdəsən. Hazırlaşın. O biri kanallar bizdən
qabağa düşməsinlər. Özün də türk
reportyorları kimi həyəcanla danış! Elə bil
dünyanın dağılması xəbərini verirsən...
Növbəti dəqiqədə
heç kimin tanımadığı bir müxbir həyəcanlı
səsiylə ölkənin ən qalmaqallı
telekanalının efirində göründü:
– ...Deyəsən, ərəb
ölkələrindəki olaylar bizlərə də təsir
edib. Füzuli meydanında adam əlindən tərpənmək
olmur, lakin hamı sükut içindədir, hüquq
mühafizə orqanları əməkdaşları hələ
ki hadisəni kənardan seyr edirlər. Budur, gənclərin
üzündə tufanqabağı sükut həyəcanı
var. Bütün baxışlar “5 qazan” restoranının ikinci
mərtəbəsinə zillənib. Yəqin, etiraz
aksiyasının təşkilatçıları məhz bu yerdən
camaata müraciət edəcəklər. Bəli, restoranın
ikinci mərtəbəsi, binanın küncündəki pəncərənin
... Mitinqin səbəbkarına bax e... Ay Allah...
Rabitə gözünü
ekrana zilləmiş minlərlə tamaşaçının
heyrət dolu baxışları altında, bircə anda kəsildi,
camaatın qulağında isə reportyorun son olaraq dediyi “Ay
Allah” sözü qaldı.
Studiyadakı aparıcı
qız həmişə belə qalmaqallı məqamlarda
olduğu kimi fantaziyasını işə saldı:
– Hörmətli
tamaşaçılar, görünür, Füzuli
meydanında vəziyyət çox gərgindi. Biz əməkdaşımızla
telefon əlaqəsi saxlamağa çalışsaq da, cavab
vermir...
Ətrafındakı olaylara
fikir verməyən rəssam öz işində idi.
Karandaşın və kömürün qarası təkcə
əllərinə yox, saçlarına, alnına da
çıxmışdı. Kənardan dünyanı unudan,
sanki öz aləmini kağız üzərində yaradan birinə
bənzəyən rəssam, həm də balaca, pinti
uşaqlara oxşayırdı.
...Kağızı molbertin
üstündən götürüb nəzərdən
keçirdi. Başını qaldırıb restoranın pəncərəsinə
baxdı... Nə fikirləşdisə, qapıya
yaxınlaşdı, ofisiantı çağırıb əlindəki
rəsmi ona verdi, utana-utana nə isə deyib sürətli
addımlarla uzaqlaşmağa başladı...
Ofisiant kağızı
açıq şəkildə qızın qabağına
qoyanda....
5...10...15 saniyə...Qızın
nitqi tutulmuşdu. Qarşısındakı öz rəsmi idi:
Şüşə arxasında... Tək...Xəyallara
dalmış... Yalnız sadə qələmlə çəkilmiş
rəsmin aşağı, sağ küncündə
qırmızı rənglə üç kəlmə
yazılmışdı: Sevimli... Zərif... MƏNİM...
... Səhər ədayla
qalxdığı pillələri 3-3, 5-5 düşən
Qız küçəyə çıxdı. Bayaqdan bəri
sevimli rəssamlarının iş prosesini müşahidə
edən gənclərdən onun hansı istiqamətdə
getdiyini soruşdu...
P.S. – Aprelin 3-də
bütün mətbuat dünən Beşmərtəbə
meydanında baş verən hadisədən – bəyaz
paltarlı gözəl xanımın məşhur rəssamın
arxasınca qaçmasından danışırdı...
PƏRVIN
525-ci qəzet.- 2011.- 21 may.- S.27.