MƏHƏMMƏDƏMİN RƏSULZADƏ
RUMINİYADA
1939-cu ildə II Dünya savaşı başlayanda Məhəmmədəmin Rəsulzadə Polşa’da “Prometey” təşkilatının dəstəyiylə siyasi fəaliyyətini sürdürürkən bir yandan da Almaniya’da “Qurtuluş” dərgisini nəşr etməkdə idi. Varşava’da onunla eyni qədəri paylaşmaqda olan Rusiya Türklərinin siyasi mühacir öndərlərindən Ayaz İshaki, Əli Azərtəkin, Balo Bilatti, Edige Mustafa Kırımal, Səid Şamil və Mirzəbala Məhəmmədzadə almanların və rusların əlinə düşməmək üçün 6.9.1939-da təcili olaraq Rumıniya’ya keçirilmişlər. M.Rəsulzadə pasportu olmadığı üçün Buxarest’ə, başqaları Türkiyə’yə getmək üçün Köstəncə’yə (Konstansa; Rumıniyanın Dobruca bölgəsində şəhərdir) yollarına davam etmişlər. M.Rəsulzadə əski dostu, Türkiyənin Buxarestdəki Böyükelçisi Həmdullah Sübhi Tanrıövər’in maddi dəstəyi və himayəsi ilə savaşın sonunadək Rumıniyanın paytaxtı Buxarestdə yaşamışdır. Savaş başladığı tarixdə Rumıniyada Dobruca’da və quzeydəki Bessarabiya’da çox sayda Türk yaşamaqda idi. H.S.Tanrıövər Bessarabiyada yaşayan və xristian inancında olan qaqauzlarla çox yaxından maraqlanmış, onların təhsil səviyyəsinin artması üçün Türkiyədən müəllim və dərs kitabları gətirtmiş, çox sayda tələbəni orta və ali təhsil məktəblərində oxumaq üçün Türkiyəyə göndərmişdir. 1940-cı ildə Sovetlər Rumıniyaya siyasi bir ultimatum vermiş, 1918-ci ildə itirdikləri Bessarabiyanın qaytarılmasını və Bukovina’nın tərk edilməsini tələb etmişlər. Sovetlər ultimatumda verdikləri müddəti gözləmədən hücuma keçərək Purut çayına doğru irəliləyərək qaqauzların yaşadıqları torpaqları işğal etmişlər. Rumıniya, alman basqısı səbəbiylə, 1940-cı ildə Vyana hakim qərarı ilə Dobrucanın, əhalisinin çoxu Türk olan güney bölgəsini Bolqarıstan’a tərk etmək məcburiyyətində qalmışdır.
Kommunizmin pənçəsinə düşənədək
Rumıniyada yaşayan Türklər mədəni
varlıqlarını qoruya bilmək üçün dərnəklər
qurmuş, qəzet və dərgilər nəşr etmişlər.
Mətbuat sahəsində ən uzun ömürlü və təsirli
nəşr orqanı 1930-cu ildə vəkil Müstəcib
Ülküsal’ın güney Dobrucadakı Bazarcıq şəhərində
çıxarmağa başladığı “Əməl” dərgisidir.
“Əməl” dərgisi İstanbul’da Krım Türklərinin
siyasi öndəri Cəfər Seyid Əhməd Kırımər’in
yolgöstəriciliyi ilə nəşr edilmişdir. “Əməl”
daha sonra Köstəncə’yə daşınmış,
öncə ərəb, 1939-da iyul nömrəsindən sonra
latın hərfləriylə basılmış,
M.Ülküsal Türkiyəyə hicrət etdiyinə görə
1940-ın payızında qapanmışdır.
M.Rəsulzadənin
Kırımərlə ilişgiləri
tanışdıqları andan çox isti olmuşdur. Bir-birlərinə
daim yardımçı olmuşlar. İki dost
arasındakı canlı xəbərləşmənin örnəkləri
– məktubları əlimizdədir. Türkiyənin Avropa ilə
dəmiryolu bağlantısının keçid mərkəzi
olan Rumıniyaya İdil-Ural Türklərinin siyasi öndəri
Ayaz İshaki’nin də sıx-sıx getməsi bilinməkdədir.
M.Rəsulzadə Polşada evləndiyi Leyla xanım’ı da
özüylə Rumıniyaya gətirmişdi. “Əməl” dərgisini
1961-dən Türkiyədə yenidən nəşr etməyə
başlayan Müstəcib Ülküsalın “Kırım
yolunda bir ömür xatirələr” (Ankara, 1999) və
1940-1944-cü illər arasında Buxarestdə hərbi
attaşe olaraq çalışmış istefadakı qərargah
polkovniki Kənan Kocatürk’ün “Bir zabitin xatirələri.
1909-1999”, “Bitməmiş simfoniya” (İstanbul, 1999) adlı
xatirə kitablarında M.Rəsulzadənin Rumıniyadakı həyatı
haqqında bəzi qeydlər bulunmaqdadır. “Əməl” dərgisini
Ülküsaldan sonra dəyişik naşirlər 1998-ci ilədək
çıxarmışlar. Dərgi uzun fasilədən sonra
2009-da rüblük olaraq yenidən yayın həyatına
dönmüşdür.
M.Rəsulzadə, həyat
yoldaşı və Ayaz İshaki savaş başlamazdan öncə
– 1939-un avqustunda dincəlmək üçün Köstəncədə
bulunduqları zaman Dobruca Mədəniyyət Birliyinin Mərkəz
Yönətimi onların şərəfinə 50 kişilik
bir ziyafət vermişdir. Ülküsal ziyafət sonunda
türkcə uzun və fransızca qısa bir məruzə
etmiş, Rəsulzadə və İshaki türkcə,
polşalı prof. Tomkeviç fransızca cavab vermişlər.
Ziyafətdəki
çıxışında Məhəmmədəmin Rəsulzadə
“Biz Dobrucanın günəşli sahillərinə bir az
istilik alaraq rahatlanmaq üçün gəlmişdik, ancaq təbiət
bizdən bu lütfunu əsirgədi. Eybi yoxdur,
çünki biz burada yaşayan krımlı
qardaşlarımızın hərarətiylə
qucaqlaşdıq və isindik. Bizi əsl sevindirən və
isidən hərarət qardaş Türk ölkələri
arasındakı hararətdir”. “Son günlərdə
bütün dünyanı yenidən çalxalanmaya və
sarsılmaya, millət və məmləkətlərin müqəddəratı
və haqları danışıq mövzusu olmağa
başlamışdır. Bu arada rus məhkumu millətlərin
və bilxassə biz Türklərin də mühüm yer
işğal edəcəklərinə şübhə yoxdur.
Rusiya’nın parçalanacağı, məhkum Türk ellərinin
qurtulacağı mühəqqəq (gerçək) və
yaxındır. Bu məsud və şərəfli gün
üçün birləşəlim və hazırlanalım”
demişdir.
Ülküsal Rəsulzadəgillə
Avropanın, dünyanın və özəlliklə
Türklüyün gələcək müqəddəratı
haqqında uzun-uzun müzakirələr apardıqlarını
qeyd edir. O, 23 iyun 1940-da Türkiyədən gəlmiş
Həmdullah Sübhi Tanrıövər’i Rəsulzadə ilə
birlikdə Köstəncədə
qarşıladıqlarını, Tanrıövərin Cəfər
Seyid Əhməd Kırımər’dən gətirdiyi məktubu
Rəsulzadəyə verdiyini, Məhəmmədəmin bəyin
Buxarestdə oturma və yaşamasını təmin edəcəyini
bildirdiyini yazır. O, ertəsi gün Rəsulzadə ilə
birlikdə Buxarestə getdiklərini, onu “Kiryazi” hotelində
yerləşdirdiyini, ertəsi gün ziyarətinə getdiyində
ütülətmək üçün verdiyi
şalvarındakı unutduğu bütün pulu
oğurlandığına görə polisə getdiyini,
şikayətinə əsasən bir saat keçmədən
pulun hamısının qaytarıldığını qeyd
edir.
Ülküsal 1940-cı ildə
Buxarestdə M.Rəsulzadəni evində ziyarət etdiyində
onun mühüm bir yerə Qafqaz Konfederasiyası haqqında
hesabat verməsini söylədiyini danışmış və
hesabatın qısa məzmununu bidirmişdir. Rəsulzadə
Ülküsala bunları demişdir: “Türkiyə mənfəətləri
baxımından Qafqaz Konfederasiyasının faydalarına iki
yöndən baxıla və təhlil edilə bilinir: 1) 15
milyonluq bir kütlədən təşəkkül edən bu
konfederasiya rus təhlükəsinin Türkiyəni birbaşa
təhdid etməsinə əngəl olacaqdır. 2) Bu
konfederasiya müstəqil olduğu təqdirdə yaxın
(konşu) və uzaq olan böyük dövlətlərdən
heç birinin bunun üzərində bir haqq və hakimiyyət
iddi etməsinə səbəb tapılmaz. Bundan ən
çox yararlanacaq dövlət Türkiyə olacaqdır,
çünkü Qafqazda çoxluğu təşkil edənlər
Türklər və Müsəlmanlardır. Bunların
Türkiyənin mədəni, siyasi və iqtisadi təsiri
altında qalması qayət təbiidir. Belə olmaqla bərabər
böyük konşumuzun rəqabətini oyandırmayacaq və
konfederasiyanı meydana gətirən xristian millətlərdən
hər hansı birinin bir yabançı dövlətin
müdaxiləsini istəməsinə səbəbiyyət verməyəcəkdir.
Qafqaz Konfederasiyasının
müstəqil bir varlıq olaraq yaşaması Qafqaz millətləri
arasındakı qarşılıqlı əmniyyət və
etimadı doğuracaq və nəticədə bu bölgədəki
asayişi davam etdirəcəkdir.
Türkiyə, geopolitik durumu
səbəbiylə, Qafqaz Konfederasiyası və Sadabad
Paktı millətləri arasında ağırlıq mərkəzi
rolunu oynayacaq və Yaxın Şərq durumunu nizamlamaq vazifəsini
öhdəsinə almış olacaqdır. Qafqaz
Konfederasiyasına Türküstanı almaq mümkün ola
bilir. Zatən aramızdakı Xəzər dənizi
müştərək hüdud işini görməkdədir.
Bu surətlə Türkiyə böyük bir Türk və
müsəlman dövlətlər və millətlər
kütləsi ortasında və başında bulunaraq Sovetlərin
güneyə enməsinə və İslam dünyasına girməsinə
mane olacaq, eyni zamanda Avropa imperializminin doğuya
yayılmasına sədd təşkil edə biləcəkdir.
Bu görüş və düşüncələrimi əhatə
edən hesabatımı bunu alan məqamlar təqdir və məmnuniyyətlə
qarşıladı”. Ülküsal onun bu
açıqlamalarına sayğısı olduğunu, ancaq bir
Türk yurdu olan Krım’ı və İdil-Ural’ı təsəvvür
etdiyi Türk və İslam kütləsinə daxil etməməsindən
məmnun qalmadığını bildirdikdən sonra bu iki məmləkət
haqqında onun düşüncələrini
soruşmuşdur. Məhəmmədəmin Rəsulzadə bu
cavabı vermişdir: “Krım tarixən bir Türk yurdudur. Fəqət
geopolitik durumu baxımından Qafqaz Konfederasiyasına girə
bilməz. Türkiyə ilə qüvvətli bağı ola
bilməz. Bundan başqa, Krımın əhalisi, təəssüf
ki, çox azdır. Digər millətlər
qarşısında çoxluğu yoxdur. Krım Ukraynanın
və ya digər Qərb dövlətlərinin nüfuz
bölgəsinə düşməkdədir. Krım bu
dövlətlərlə bir şey yapmağa
çalışırsa daha yaxşı olur”.
Məhəmmədəmin bəy
İdil-Ural haqqında isə bunları söyləmişdir:
“İdil-Ural Türkləri rusların uzun illərcə
köçürmə və yerləşdirmə siyasəti
üzündən, təəssüf ki, çox
dağılmışlar. Bunlar arasında kompakt rus
kütləsi bulunmaqdadır. İdil-Urallı Türklərin
müstəqil bir dövlət qurmaları ciddən çətindir.
Sonra İdil-Urallılar ilə Qafqazlılar arasında ruslar və
Don kazakları vardır. Bunlar İdil-Ural tatarlarının
Qafqaz Konfederasiyasına qatılmalarına əngəl
olacaqlar”. Ülküsalın “İdil-Urallılar Qafqaza
şimaldan birbaşa bağlanmasalar da şərqdən
Türküstan vasitəsilə bağlana bilirlər,
çünki ikisi həmsərhəddir” cavabına o, “bəli,
bu məsələlər irəlidə hadisələrin
yardımıyla həll edilə bilir” demişdir. “Vaxtıyla
gizli bir Türk Cəbhəsi qurulmuş və
çalışmağa başlamışdı. Bundan bir daha
səs çıxmadı, nə oldu?” sualına isə Rəsulzadə
bu cavabı vermişdir: “Bu iş bir neçə baxımdan əlverişli
deyildi: “Prometey” baxımından, Qafqaz Konfederasiyası
baxımından və bir-birimizə işdə yardım edə
bilməmək baxımından... Məsələn, Ukrayna
Krıma hərbi bir təcavüzdə bulunsa Azərbaycan
Quzey Qafqazdan və ya Gürcüstandan keçərək
ordusu ilə Krıma necə yardım edə bilir? Yaxud
İran Azərbaycana təcavüz edərsə Krım bizə
necə yardım edə bilir? Yaxud ruslar İdil-Urala təcavüz
edərlərsə bizlər İdil-Urala necə yardım
göndərə bilirik?”. Polşa himayəsində qurulan
“Prometey” təşkilatına mənsub Türk qrupları 17-26
aprel 1936 tarixlərində Parisdəki toplantıları
sonucunda təşkilat içində eyni bir cəbhə
birliyi təşkilinə qərar vermişlər. Bu təşkilatın
başına Cəfər Seyid Əhməd Kırımər
seçilmişdir. Bu toplantıya azərbaycanlılardan Məhəmmədəmin
Rəsulzadə, Mustafa Vəkilli, Mir Yaqub Mehdizadə və
Seyid Məhəmmədli qatılmışdır. Siyasi
mühacirətin bu çox bilinməyən təşkilatı,
Parisdəki toplantıda alınan qərarlar və bunların
üzvlərə bildirilməsi xüsusunda “Türk Yurdu” dərgisinin
2003-cü il mart tarixli 187-ci sayının 36-42-ci səhifələrində
çıxan “Sovet məhkumu Türklərin mühacirətdəki
mücadilələrindən bir səhifə: Türk Elləri
Cəbhəsi” adlı yazımızda geniş məlumat
vermişik. M.Rəsulzadə 19 iyun 1940 tarixli məktubunda
Ülküsala “xeyli zaman keçdi, son məktubunuza cavab verə
bilmədim, bəni üzrlü görünüz. Hadisələr
necə əks istiqamətdə inkişaf etdi? Heyrət etmək
vərdişində olmayanlar belə indi heyrətlər
içində qaldılar. Qoca Fransanın qısa bir zamanda
amana gəldiyini görüncə, sentyabr faciəsi əsnasında
zavallı polyakları tənqid edənlər hökmən ibrət
almışlar. Baxalım daha nələr olacaq? İngiltərə
“mücadiləni yürüdəcəyəm” deyir. Fəqət
Almaniyanı qitədə yıxaraq parçalayacaq qüvvət
haradır? Rusiyamı? London Moskva ilə təkrar kur
yapmağa (eşqbazlığa) başladı. Ancaq
Rusiyanın qurtaracağı bir vəziyyət varmıdır?
Uzun bir mücadilə nəticəsində Qərb dövlətləri
kimi Almaniyanın da bitap düşəcəyini təxmin edən
Stalin də aldanmışdır. Baxalım hadisat nə
göstərir? Hər halda, tarixdən, çox da kəsdirilə
bilməyən yollarla da olsa, hadisələrin sonunu milli qayələrimiz
üçün əlverişli bir şəklə
qoymasını təmənni edəlim” yazmışdı. 25
iyun 1940 tarixində həyat yoldaşı və
çocuqları ilə birlikdə Buxarestə ayaq basan hərbi
attaşe, qərargah polkovniki Kənan Kocatürk 1944-cü ilədək
görəvində çalışmışdır.
İstefaya çıxaraq yaşadığı İstanbulda
88 yaşında yazmağa başladığı xatirələrini
90 yaşında tamamlamış və nəşr
etdirmişdir. Rumıniyadakı görəv müddəti ilə
bağlı xatirələrində Məhəmmədəmin Rəsulzadəyə
də bir bölüm ayırmışdır. Kocatürk onun,
günlərini Elçilik mənsublarıyla birlikdə
keçirdiyini, hər kəslə, özəlliklə
Tanrıövər’lə səmimi dost və arkadaş
olduğunu qeyd edir. Rəsulzadənin ən çox daha
geniş və müsaid olmasından dolayı öz
odasında rahatlıq tapdığına, ədəbiyyatın
ikinci peşəsi olduğuna işarə edir. Onun Rusiya, Orta
Doğu və dünya siyasəti haqqında çox dəyərli
bilgi və öyüdlər verdiyini, bu mövzularda
yazdığı məqalələri Elçilik katibi Zəki
Kuneralp’ın (1914–1998) almancaya çevirib yayınlanmaq üzrə
alman basınına göndərdiyini qeyd edir. Ankarada
yürüdülən milli mücadiləyə İstanbulda kəskin
müxalifət edən qəzetçi Əli Kamal’ın
oğlu olan Zəki Kuneralp atası 1922-ci ildə İzmitdə
linç edilərkən hələ 8 yaşındaydı.
Anası yurd dışına çıxmış,
İsveçrədə məhəlli katib olaraq Türk
Elçiliyində çalışmış, Kuneralp təhsilini
tamamlamış və imtahanı verərək Xariciyyə təşkilatına
girmişdir. O, mərkəzdə və dışarıda
uğurlarla dolu önəmli görəvlərdə
bulunmuşdur.İlk xarici görəvi Rumıniyada 1943-1947 illəri
arasında olmuşdur. “Sadəcə diplomat” (İstanbul, 1981)
adlı xatirələrinin Rumıniya bölümündə Məhəmmədəmin
Rəsulzadəni zikr etməmişdir. Rəsulzadəyə
Polşa Xariciyyə Vəkili polkovnik Bek, ölkəsi
hücuma uğramadan əvvəl Fransa’ya qaçarkən
çox özəl, kiçik və zərif
tapançasını bir xatirə olaraq hədiyyə
etmişdir. Rumıniya’da meydana gələn Xorya Sima
üsyanından sonra hökumət xalqı silahlarını
dövlətə təslim etməyə
çağırmış və polis evlərdə silah
axtarmağa başlayanda Rəsulzadə də başı dərdə
girməsin deyə həmin tapançanı gətirib Kənan
Kocatürk’ə təslim etmişdir.
Sədəf qəbzəli, çox
zərif, heç bəlli olmadan cibdə daşına biləcək
bu kiçik tapança Elçilikdəki hərbi
attaşelik kassasında saxlanmışdır. Savaşın
sonuna doğru Kocatürk kuryer olaraq önəmli bəlgələri
qatarla Türkiyəyə apararkən Sofiya’da gözlədiyi
zaman gecə saat 24.00 radələrində kupesində
buraxdığı çantasının gənc bir adamın əlində
olduğunu görəndə bağıraraq perrona
atılmış, cibində bulunan Rəsulzadənin əmanəti
tapançanı çıxararaq 2 əl atəş
açmış və 20 metr irəlidə alman əsgərləri
oğrunu yaxalayaraq çantasını geri vermişlər.
Kocatürk 3 mart 1944 tarixində vəzifəsi başa
çatdıqdan sonra ailəsiylə Buxarest’i tərk etdiklərində
Rəsulzadə orada iqamət etməkdə idi. Almanlar
Stalinqrad savaşını uduzduqdan sonra rus orduları sürətlə
Rumıniyaya irəliləməyə başladı. 1944-ün
aprelində amerikalılar Buxaresti bombaladılar. Bundan 10 ay
öncə – 1943-ün iyulunda Liviyada yerləşmiş
Amerika təyyarələri Buxarestin quzeyində bulunan
Ployeşti neft mədənlərini bombardman etmişdilər.
1944-də başlayıb fasiləsiz davam edən bombardmanlar
Buxarestdə böyük dağıntılara səbəb
olmuş, mülki xalqa böyük ziyan vurmuşdu. 23 avqust
1944-də Buxarestdə baş verən bir çevrilişlə
hökumət devrildi. Yeni hökumət ilk iş olaraq ruslarla
atəşkəs etdi. Bu hadisələr cərəyan etməzdən
öncə Rəsulzadə yeni bir köçə məcbur
olmuş, addım-addım qərbə doğru gedərək
savaşın bitdiyi 1945-də Almaniya’nın Mittenwald bölgəsindəki
qaçqın düşərgəsində gələcəyin
ona nələr gətirəcəyini gözləməkdə
idi. Rəsulzadə bu düşərgədən dostu
Kocatürkə yazdığı 5 avqust 1946 tarixli məktubunda
onun və başqa düşərgə sakinlərinin əhval-ruhiyyəsini
nəql etmişdir: gözlədikləri qısa zamanda
Türkiyəyə gedə bilməkdir. Özünün və
fəlakət görmüş bütün Türklərin
gözləntilərinin gerçəkləşməsi
uzandığına görə dostların yardımına
umud bəslədiyini bildirmişdir. Türkiyə öncə
Avropada müxtəlif düşərgələrdə
yaşamaqda olan və Türkiyəyə gəlməyi arzu edən
əski hərbçi və mülkiləri təsbit etdikdən
sonra onlar haqqında təhlükəsizlik yönündən
gərəkən araşdırmaları bitirmişdir. Bu
iş uzandığına görə Məhəmmədəmin
bəyin dostları (başda Həmdullah Sübhi
Tanrıövər olaraq) onunla bağlı özəl bir
davranış göstərilməsi yönündə
çalışmış, Xariciyyə Vəkili ilə
görüşmüşlər.
Məhəmmədəmin Rəsulzadə 8 iyul 1947 tarixli Bakanlar Kurulu qərarı ilə Türk vətəndaşlığına qəbul edildiyinə görə 1947-nin sentyabrında Türkiyəyə gəlmişdir. Xatirələrində Kocatürk bu nəticənin Tanrıövərin hökumətdəki təşəbbüslərinin və keşmişdəki kimi onun əmriylə sağa-sola qaçmasıyla artıq bir çətinliklə qarşılaşmadan qısa zamanda əldə edildiyini bildirir. Kocatürkə yazdığı məktubu Rəsulzadənin Almaniyadakı düşərgəyə qaçqın işləriylə bağlı olaraq görəvli gələn İskan Müdirliyindən İhsan bəy vasitəsilə əldən göndərdiyi anlaşılır. Təqaüddəki günlərini İstanbul Suadiyədəki evində keçirən Kənan Kocatürk yəqin ki, indi Haqqın rəhmətinə qovuşmuşdur. Xatirələrində bildirdiyi M.Rəsulzadənin almancaya çevrilərək yayınlanmaq üçün alman mətbuatına göndərdiyi, məqalələrindən alaraq saxladığı birər surətlərin aqıbəti nə olmuşdur?
Ömər ÖZCAN
525-ci qəzet.- 2011.- 21 may.- S.25.