Oralarda kimlər var: Zəlimxan Yaqub-3
Xalq şairi Zəlimxan
Yaqubun danışmaq hızına heç bir qələm
sahibi çatdıra bilməz və onun
danışığı da yazı tərzinə çox
yaxın olduğundan üz-üzə oturmaqdan vaz
keçdim.Sualları göndərdim və cavabları aldım.Öz
tempinə uyğun suallara cavab verdi.Temp beləydi: sualları
alandan bircə gün sonra, yalan danışdım deyəsən
bir neçə saat sonra telefon açdı və :
sualların məni tərpətdi,qulaq as, ilk üç
sualına cavab vermişəm. Ev telefonuyla yenə də öz
tempində oxudu cavabları. Qulaq asdım və sonunda dedi: necədi
səninçün? Bu SƏNİNÇÜN deyimini o bir az
da şirin deyir və hansı ləhcənisə
yamsılayıb deyir.Bunlar öz yerində. Və mənim
başqa bir qazancım oldu.Zəlimxan bəy, mənə dedi
ki, cavablarıma müdaxilə edə bilərsən.Bax, bu
oldu çox gözəl bir iş.Doğrudur Zəlimxan o qədər
sərrast və o qədər düzümlü
danışıb, yazır ki,ona müdaxilə eləmək
çox çətindi.Amma yenə də bu
azadlığı aldığım üçün sevindim. Və
onun dediklərinə müdaxiləm çox olmasa da, var ancaq.
–Çox-çox illər
öncə sizin mənim evimə gəldiyinizi yeri düşəndə
fəxrlə dostlara danışıram. Sizdən belə bir
şey soruşum: deyə bilərsinizmi, mən harda
yaşayıram? Bir az da başqa dostlara not olsun.
– Sizin harda yaşamağınız
mənim üçün o qədər də önəmli
deyil. Məni məişət suallarına endirmə, önəmli
olan odur ki, siz mənim xatirələrimdə, yaddaşımda
və qəlbimdəsiniz. Ancaq sizin bir cümlənizdə
çox ciddi bir məqam var ki, onu diqqətdən kənarda
qoymaq olmaz. O bizim yaralı yerimizdir. Bu, bizim ziyalıların
ünsiyyət məsələsidir. Təəssüflər
olsun ki, bu gün yazıçı və şairlərimizin,
qələm dostlarımızın arasında bir mənəvi
uçurum, mənəvi boşluq yaranıb. Bu dövrün,
zamanın, ziyalıların və ziyalılığın
faciəsidir. Ağıllı, təcrübəli, səviyyəli
ziyalılar arasında mənəvi bağlılıq, ruh
qohumluğu yoxdursa, əqli qidalanma, müzakirə və
mübahisə, təhlil və təqdimat yoxdursa, bu, ədəbiyyatı
da, ədəbi prosesi də ölümə doğru
aparır. Vay o ziyalının halına ki, o dünyadan gedəndə
onun haqqında acılı-şirinli xatirələr dillərdə
dolaşıb onu yaşatmayacaq. Xatirə də
boş-boşuna yaranmır. Məclislərdən,
görüşlərdən, söhbətlərdən, səfərlərdən
yaranır. Bu gün ən çox itkiyə məruz qalan bizim
ünsiyyətimizdir, o boşluğu doldura bilməsək
yazıçılar, şairlər yaradıcı ziyalıdan
daha çox robota oxşayacaq. Hərəkət var, ruhu
yoxdur. Demək həyat yoxdur.
–Cavanlarla sıxı münasibətləriniz
var, bilirəm. Bu, hansı qatdan gəlir? Gələcək
onlarındımı deyə, yoxsa içdən gələn
bir yaxşılıqdımı bu? Mənim cavanlarla
münasibətlərimin sıx olmağı məndən əvvəlki
ədəbi nəslin mənə göstərdiyi qayğının
mənəvi davamıdır. Bu, kiməsə xoş gəlmək
üçün deyilmiş gəlişigözəl söz
deyil. Qayğı görən insan qayğı göstərə
bilməsə, demək onun adamlıqda payı yoxdur. Gənclik
ömrün ən həssas, ən kövrək, ən
çox qayğı tələb edən dövrüdür.
Heç söz deməsən də bircə köntöy
baxışla onun ürəyinə xal salmaq olar və yaxud əksinə
bir isti baxışla, bir xoş təbəssümlə onun
ürəyinə elə işıq salmaq olar ki, o, gələcəyin
ən barlı ağacına, ən dadlı meyvəsinə
çevrilə bilər. Gənclər kimlərdi? Tələbələr,
yeni yaradıcılığa başlayanlar, böyük
arzularla yaşayıb, uzaq uçuşlara hazırlaşanlar.
Əgər sən ona qayğı göstərməsən,
onun qanadları bərkiməyəcək. Bərkimədisə
uça bilməyəcək. Qayğı birbaşa
uçuş deməkdir. Uğur və qələbə yeni
yaradıcılıq məhsulları deməkdir. Gənclik həm
də sevmək, sevilmək deməkdir. Onların ümidlərini
qırmaq, sevgisinə biganə qalmaq birbaşa nadanlıq deməkdir.
Nisbətən yaşlı nəslin gəncliyə
qayğı və sayğı göstərməyi münbit
torpağa düşən sağlam toxuma bənzəyir. Əgər
onun suyunu vaxtı-vaxtında versən,
işığını, havasını bol eləsən, o, gələcəyin
bərəkətinə və məhəbbətinə
çevriləcək. Mən gəncəm, bilirəm
istiqbalım var, Hələ bədr olmamış bir
hilalım var.
– deyən Müşfiq güllələnmə
yox, qayğı görsəydi bu böyük istedadın sayəsində
görün ədəbiyyatımız nələr
qazanardı. Kar da, kor da bilir ki, gələcək gəncliyindir.
Qış öz yerini bahara verdiyi kimi ağsaqqal da öz
yerini yaratmaq eşqiylə alışıb yanan gəncliyə
verməlidir. Və bu təbii prosesdən kim qaçırsa,
o, öz keçmişini və gələcəyini itirir. Gəncliyin
üzünə qayğı qapıları taybatay açılmalıdır.
Bu mənim içimdən gələn, ruhumdan, qanımdan
süzülüb gələn həqiqət və məhəbbət
duyğularıdır. Qoy sənin göstərdiyin
qayğı sayəsində gənclər dünyanın
yaxşı üzünü görsün yaxşı olsun,
pis üzünü görüb pis olmasın. Hər arzusu
daşa dəymiş gəncin taleyində bir yaşlı
adamın günahı və biganəliyi var. Gənclik
yaşıllıqdır. Onun rəngi vaxtsız solursa biz
günahkarıq. Gəncliyi ürəkli və böyrəkli
yetişdirsək bu, Allaha da xoş gedər, onun bəndəsinə
də.
–Yazılarınızı əllə
yazırsınız, yoxsa bilgisayarla?
– Yazıları nəylə
yazmaq əsas deyil, necə yazmaq əsasdır. Sualın
cavabına gəlincə yazılarımı bilgisayarla yox, əllə
yazıram. Bəşəriyyət tarixində yazı yazmaq
üsulu üç mərhələdən keçdi. Lələkdən
qələmə, qələmdən bilgisayara. Mənim aləmimdə
əllə yazmaqla bilgisayarda yazmağın yer-göy, zəmin-asiman
qədər fərqi var. Fərq ondan ibarətdir ki, əllə
yazanda daha böyük ixtiyar sahibi olursan. Sərbəst və
rahat işləyirsən. Ancaq bilgisayar elə bil adamı
robotlaşdırır, dəmirləşdirir, texnikləşdirir
ki, bu da canlı və emosional olmur. Soyuq olur buz kimi. O
adamın ürəyini isidə bilmir, ancaq beynini işlədir.
Yaradıcılıq üçün də beyindən daha
çox ürək öz işini görməlidir.
–Sizin nəslin İLK
İNSANI haqqında nə kimi təsəvvürünüz
var? Təxminən 20 ilin söhbətidi, Borçalıya
gedirdim. Ağstafada qatardan düşəndə xarakteri,
gözəlliyi, poeziya dəlisi olmağı indi də
gözlərimin önündən getməyən istiqanlı
bir oğlan çox böyük sevinclə məni
Borçalıya, doğma kəndimiz Kəpənəkçiyə
aparmaq təklifini qəbul etdi. Yolda gözəl söhbətlər
edir, şeirlər oxuyurduq. Borçalının Lejvədinli
kəndinin içindən keçəndə
maşını yolun kənarına çəkib mənə
bir maraqlı xatirə danışdı. “Zəlimxan müəllim,
2 il bundan əvvəl yenə sizin kimi bir hörmətli qonaq
aparırdım Borçalıya. İndi maşını
saxladığım yerdə maşının dal təkəri
buraxdı. Mən təkərlə məşğul olmağa
başladım. Məndə uşaqlıqdan belə bir vərdiş
var. Fiziki iş görəndə tələsmədən, sərin-sərin
özüm üçün dodaqaltı qımqıma,
zümzümə edə-edə, fışqırıq
çala-çala işləyirəm. Burda da həm beləcə
təkərlə məşğul olur, həm də
fışqırığımdan qalmırdım. Yolun kənarında
təxminən 70-80 yaşlarında qoca bir kişi mənə
çox diqqətlə baxırdı. Mən maşını
tərpətmək istəyəndə həmin bu qoca kişi əl
elədi, mən maşını saxladım. Kişi
birbaşa adı həmişə mənim üçün əziz
olan ata babamın adını çəkib, “a bala, sən
filankəsin nəvəsi deyilsən ki”, sualını verdi.
Heyrətimdən damarda qanım dondu. Bir kəlmə belə kəsməmişik,
bu hardan bildi ki, mən kimin nəvəsiyəm. Gözüm bərələ
qalmışdı. Dilim tutar-tutmaz, nədən bildin, əmi –
sualını verdim? Dedi, ay oğul, sənin babanla 30 il
çoban yoldaşı, yaxın dost olmuşuq. Sən
fışqırıq çalanda o kişinin
qımqıması, zümzüməsi,
fışqırığı gəlib durdu gözümün
qabağında. Elə bildim o kişi dirilib, özü də
sənə çox oxşayırdı, elə bil yarı
almasınız. Belə-belə işlər, Tofiq bəy!
Dünyada kişilər olub. Ruhu sağlam, yaddaşı
möhkəm, hafizəsi kəskin, fəhmi yerində,
fışqırıqdan insanın kimliyini müəyyən
edib. Mən də arxaya boylanıb öz nəsil-şəcərəmi
varaqlayanda, mənim nəslimin hardan, kimdən
başladığını xatırlayanda çox çətinlik
çəkmişəm. Gəlimli-gedimli, son ucu
ölümlü dünyada hamının kökü, əsli-nəsli,
nəcabəti, gövdəsi, budağı, çiçəyi,
meyvəsi var. Köklə meyvənin arasında ilahi bir
bağlılıq olduğu kimi, insanlar arasında Adəmdən,
Həvvadan, Habildən, Qabildən başlamış bu günə
qədər bir bağlılıq var. Elə bir
bağlılıq ki, təbiət və cəmiyyət bu
bağlılığın, bu ahəngin üstündə
dövr edib dolanır. Bir yaramaz adamdan söhbət düşəndə
el arasında deyirlər: “filankəsin kökü yoxdur,
köksüz adamdır” və yaxud əksinə, kamil şəxsiyyət
kimi cəmiyyətdə boy göstərən adamlar
haqqında deyirlər: “Filankəsin kökü var,
köklü-köməşli adamdır”. İstər-istəməz
bu yerdə yaradıcılığını yaddaşımda
gəzdirdiyim, əsərlərinin heyranı olduğum Yunus Əmrədən
bir bənd şeiri xatırlayıram: Bir göl idim,
qıldı ərənlər nəzər, Dəniz oldum hər
yana irmaq ilə. Məni görən bir pula saymaz idi, İndi
görən göstərir barmaq ilə. Bəli, mən sadə
bir kənd müəllimini oğluydum. Hamı kimi doğuldum,
iməklədim, yeridim, yüyürdüm, böyüdüm.
Belə bir söz var: istedadlı, Allah vergisi olan adamlar
haqqında deyirlər: nəsildə 7 dırnaqdan birində
istedad özünü bildirir. İndi fikir ver bu deyimin hikmətinə.
Nəsil-şəcərəmi sizə təqdim edirəm. 7-ci
babamdan mənə qədər bilinənlər: yuxarıdan
aşağıya – Nəbi, Allahverdi, Qurban, Yusif, Şamil,
Yusif, Zəlimxan! Bu şəcərənin 7-ci nümayəndəsi
mənəm, bu nəslin 7-ci dırnağı mənəm. Məndən
də oğullarıma, nəvələrimə gəlsək
bu, 9 nəsil eləyir. Bu doqquz nəsil də təxminən
beş yüz ili əhatə edir. Ümumiyyətlə, mən
öz nəslimin ilk insanını necə təsəvvür
edirəm. Təxminən elmi düşüncənin
gücünə yox, ilahi fəhmin gücünə deyə
bilərəm ki, mənim nəslimin ilk insanı və yaxud
ilk insanları fiziki və mənəvi cəhətdən
çox güclü, bədən, boy-buxun cəhətdən
çox hündür və enlikürəkli, pəhləvan
cüssəli, gur səsli, gər nəfəsli, möhkəm
iradəli, döyüşkən, eyni zamanda
sazlı-sözlü, nəğməli, haylı-haraylı
olublar. Aranlı-yaylaqlı, dağlı-binəli,
elli-elatlı, qaynayıb qarışan, xeyrə-şərə
yarayan, düşmən gözü tökən, dost qədri
bilən insanlar olublar. Əgər elə olmasaydı 7-ci
dırnağın yetirdiyi Zəlimxan Yaqub olmazdı.
Yaxşı mənada inadkarlıq, zəhmət,
yaradıcılıq, səbir, uzağa baxma, sabahı görmə,
özünə qarşı tələbkarlıq, məsuliyyət
hissi heç şübhəsiz ki, nəsil-şəcərəmdən
mənə keçən, məndə özünü
göstərən keyfiyyətlərdir. - İnsan və
yaradıcı olaraq isti və yaxın bir planet kimisiniz. Sizdən
çox şeyləri soruşmaq olar. Mənim yerimdə
olsaydınız nə soruşardınız? Allah amanında
gözəl insan və gözəl şair!!!
– Məni planet adlandırdığınız üçün sizə təşəkkür edirəm. Sizin yerinizə mən olsaydım Zəlimxan Yaqubdan soruşardım ki, şair dost, 18 il səni yağ içində böyrək kimi saxlayan doğma Kəpənəkçi kəndi, Borçalı mahalı üçün darıxmırsan ki, 44 ildi Bakıdasan, bu illər ərzində əksər şeirlərinin baş qəhrəmanı olan Borçalı mahalının həsrətinə necə dözdün? Sən ki, sağlam və möhkəm adam idin, ürəyi, böyrəyi niyə bada verdin? Səni itirən dostlarının sayı çoxdu, yoxsa sən itirdiyin dostların? Sazını sındırsalar, qələmini qırsalar yaşaya bilərsənmi? 30 il Müşfiqdən çox yaşamısan, 10 il Səməd Vurğundan, 105 il ömür sürən Ələsgər eşqinə düşməmisən ki? Sizin evinizdə adını və soyadını verdiyin balaca bir Zəlimxan Yaqub yaşayır. Onu gələcəkdə hansı yolda, hansı sənətdə görmək istəyirsən? Yaponiyanı vuran sunami bir gün bizim mənəviyyatımızı vursa əlacı, köməyi, xilas yolunu kimdə və nədə axtaracaqsan? Qarabağda müharibə başlasa torpaq yolunda şəhid olmaq eşqinə düşərsənmi? Mən Tofiq Abdin sizin evə qonaq gəlsəm məni hansı saz havası ilə qarşılayacaqsan? Mənə maraqlı və cığal suallarınla geniş söhbətə imkan yaratdığın üçün xüsusi təşəkkür edirəm. Sağlıqla qal, turşməzə dost, əziz insan!!! 09.04.2011 P.S. Bu son yazı çapa hazırlananda Xalq şairi Zəlimxan Yaqubun evinə telefon açdım. Ailəsinin verdiyi bilgilərə görə Almaniyada neçə günlərdi müalicə olunan sevimli şairimiz həftə sonu Vətənə qayıdır.Ona can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 21 may.- S.23.