Sabir Rüstəmxanlı
fenomeni və ya zəmanəmizin Zərdüşt atası
Xalq şairi,
millət vəkili, dəyərli ziyalı Sabir Rüstəmxanlının
65 illik yubileyinə
Onunla hər dəfə görüşəndə,
söhbət eləyəndə,
təmasda olanda, nə üçünsə
mənə elə gəlir ki, neçə-neçə əsrlər,
qərinələr geri
qayıdıb, qarşımda
Sabir Rüstəmxanlını
yox, Ulu Zərdüşt atanı
görürəm. Bir
vaxtlar tamaşaya hazırladığımız, Zərdüşt ata, Sabir Rüstəmxanlının
“Uzaq əsrlərin həqiqəti” pyesində
el-el, oba-oba gəzərək,
əllərini göyə
qaldırıb imdad, kömək diləyərək
deyirdi:
— Ey, Ulu Tanrı. Bu milləti birləşdirmək
üçün yol göstər mənə. Yol göstər, mənə anlat, ən yaxşı həyatın özülü
necə qoyulacaq? Ədalət necə qalib gələcək? Zülmkar hakimlərə xalqı sevməyi necə öyrədim? İnsanı yalanla idarə eləyənləri
düz yola necə çağırım?
Hara qaçım əyriliyin,
namərdliyin, nadanlığın
əlindən? Dözüm
ver mənə... Yol göstər... Ey millətim, mən düzlük carçısı olduğumdan,
Sizi hökmdardan qorxmamağa, düzlüyə,
birliyə çağırıram.
Bilin ki, milləti dörd amal millət edər: BİRLİYİ, QEYRƏTİ,
QÜDRƏTİ, MƏDƏNİYYƏTİ...
Cəmi 24 yaşında
yazdığı “Uzaq
əsrlərin həqiqəti”
pyesinin baş qəhrəmanı Zərdüşt
ata – Sabir Rüstəmxanlı özü
idi. Axı elə həmin yaşlarından Sabir Rüstəmxanlı, Doğudan
Batıya qədər
ölkə-ölkə, oba-oba
bütün Türk məmləkətlərini gəzərək,
türkləri birliyə,
həmrəyliyə çağırır.
Cismən bizdən ayrılıb, torpağa qovuşan, dünyasını
dəyişən Zərdüşt
atanın, Zərdüşt
peyğəmbərin ruhu,
bizim əsrdə mən belə başa düşürəm
ki, Sabir Rüstəmxanlıda yaşayır.
Bu ruh “Ömür kitabı” ilə ömrümüzdən
keçən Vətəni, Vətən torpaqlarını
axtarır... Zərdüşt ata, təkcə öz
ömrünü yox, Sabir Rüstəmxanlı ilə yeni bir
ömür yaşayır... Monqolustanda 1300 il bundan qabaqkı
ilk yazılı ədəbiyyatımızın, Orxon-Yenisey
abidələrində kökünü axtarır. “Tanrı”
sözünün, “Türk” və “Yer” sözünün,
“Oğuz” və “Bəy” sözünün ilk dəfə
daşa köçürülmüş incilərini oxuyaraq,
gündoğandan, günbatana qədər olan ərazidə
türk millətləri ilə, türk xalqları ilə
çörək kəsir, onlarla yol yoldaşı olur Sabir
Rüstəmxanlı. Onları HƏMRƏYLİYƏ,
TÜRK XALQLARININ BİRLİYİNƏ çağırır...
Və yenidən özü
boyda bir ocaq olan Azərbaycana dönür. O, bilir ki, bu ocaqda
çoxlu həqiqət közü yatır. O, bilir ki, bu millətin
tarixi həqiqətlərinə saysız-hesabsız alabəzək,
qara pərdələr çəkilib. Əsl həqiqət isə
yadellilərin, işğalçıların və öz millətinin
qanına susamış, onu kölə etmək istəyən,
ona tarix boyu zülm eləyən, həqiqəti deməyə
imkan verməyən qəddar hökmdarların, onların
qulbeçələrinin qılıncları, top – tüfəngləri
ilə doğranıb, ayaqlar altında didik – didik,
parça-parça olub, külü də göyə
sovrulub...
Sabir Rüstəmxanlı – Zərdüşt
ata, uzun illərdir ki, dünya boyda sonsuzluğa səpələnmiş
və tikə-tikə, parça-parça olmuş Azərbaycan
adlı bir kitabın qırıntılarını,
böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq
yapışdırıb, bu millətin “Ömür kitabı”nı
yazır. Hər əsərində, hər şeirində, hər
çıxışında.
Tarix dəllalları ilə
vuruşa-vuruşa bu millətə öz dədə-babasını,
öz kökünü tanıdır. Öz keçmiş həqiqətlərini,
əsl tarixini bilməkdə köməklik eləyir.
Özü də heç bir tarixi sənədə xəyanət
eləmədən, həqiqəti olduğu kimi göstərir,
yazır, deyir. Bu milləti özünə
tanıtdırır.
Sabir Rüstəmxanlı – Zərdüşt
ata, oba-oba, el-el gəzərək türkləri Qan
yaddaşını unutmamağa çağırır. Bunun
üçünsə, milləti HƏMRƏYLİYƏ,
BİRLİYƏ çağıraraq, Ulu Tanrıdan kömək
diləyir. Gözü qarşısında baş verən
haqsızlıqları, tayfabazlığı, qəddarlığı,
qanunsuzluğu, xalq malının talan edilməsini
gördükdə bu dərdlərdən qurtulmaq
üçün ürək ağrısı ilə belə
deyir:
Yolsuz zirvə,
yolsuz dərə,
Ümid olub yol bizlərə,
Allah mənə yol göstərə,
Bu dərdlərdən
qaça biləm...
Bu dərdlərdən
qaça bilməyən
Sabir Rüstəmxanlı
– Zərdüşt ata,
oba-oba, el-el gəzərək,
dərdlər, ələmlər
içərisində bu
millətin adından üsyan eləyərək
deyir:
Yurdun sərvətini
talayan alçaq,
Onsuz da erməni talayır bizi.
Niyə od vurursan ürəyimizə,
Dərd öz ocağında qalayır bizi.
Rüşvət məzənnəni
qovzama belə,
Haramı fikrimə
qazıma belə,
Qardaşın qanına
susama belə,
Ya çıx
qardaşlıqdan, al ayır
bizi.
Bu nə
vurhavurdu, bu nə qazancdı?
Millətin didərgin,
millətin acdı,
Pul hansı
hikməti üzünə
açdı,
Nadanlıq qurd olub dalayır bizi.
Bu gün
gözümüzün qarşısında
baş verən, bizi də öz
qazanlarında qaynadan,
milləti məhvə
sürükləyən nadanları,
quldurları, qəddarları
görən böyük
şair-filosof, millətin
tarix boyu deyə bilmədiyi dərdlərini, meydanlardan,
dövlətin ən mötəbər tədbirlərində,
Milli Məclisin xitabət kürsülərindən
uca, aydın səslə, dərin ağılla, məntiqli fikirlərlə deyən böyük siyasətçi,
millət vəkili Sabir Rüstəmxanlı
– Zərdüşt ata,
hamımızı, dünyaya
səpələnmiş bütün
Azəri türklərini
– Vətənini, millətini,
torpağını təmənnasız
sevən insanların ətrafında toplaşmağa,
birləşməyə çağırır...
Əgər biz millətiksə,
əgər biz Qan yaddaşımızı unutmamışıqsa,
biz yenidən torpaqlarımızın
birləşməyini, millətin
bir olmasını, gələcək nicatımızı
istəyiriksə, balalarımızın
xoş gələcəyini
istəyiriksə, gəlin
onun VƏTƏNDAŞ HƏMRƏYLİYİ
çağırışını eşidək. Sabir Rüstəmxanlı – Zərdüşt
atanın fikirlərini,
istəklərini, ali məqsədini dəstəkləyək
və millətin birliyinə, birləşməsinə
çalışaq. Bu müqəddəs
yolda mübarizə aparaq. Onunla birlikdə deyək:
— Bu yurd düzlük
carçılarının, yaxşılıq oduna
bürünmüş kişilərin VƏTƏNİDİR.
Babalarımızın ən qədim andı Günəş
idi. Oda iman gətirmək idi. Biz də düzlük
carçısı olan Sizə iman gətirərək, istəyirik
ki, odumuz yansın, çörəyimiz olsun,
işığımız gəlsin, ocağımız
sönməsin. Onu bilin ki, bu millətin ocağını
söndürmək istəyənlərin cəzasını
yalnız biz, birlikdə verə bilərik. Ona görə də
bizim milli birliyimiz lazımdır. Hökmən lazımdır.
Milli birliyimiz olmalıdır. Milli birliyi olmayan xalqı, tarixlər
boyu parçalayıb, kölə ediblər. Əsarətdə
saxlayıblar. Hər bir millətin böyüklüyü,
qüdrəti onun milli birliyindədir.
Bu sözlərlə ətrafında
toplaşmış insan axınının, insan selinin
qarşısında, Azadlıq meydanının ən uca zirvəsində
dayanan Sabir Rüstəmxanlı – Zərdüşt ata, onunla həmrəy,
həmfikir olan, milyonlarla qan qardaşlarına, can
qardaşlarına, vətənini sevən kişilərinə
rəğbətlə baxaraq deyir:
— Mənim xalqımın əxlaqı
üç sözlə, üç müqəddəsliklə
ifadə olunur: Xeyirxah fikir. Xeyirxah söz. Xeyirxah əməl.
Biz insan kimi bütöv olmalıyıq. Düşüncəmizlə
əməlimiz, sözümüzlə işimiz arasında
ayrılıq olmamalıdır. Biz ruhu, qəlbi azad olan
adamları sevmişik. Əgər bizim ruhumuz, qəlbimiz azad
ola bilsə, əgər biz qəlbimizdən dahi Əfzələddin
Xaqaninin dediyi on şeyi – haram, qeybət, kin, paxıllıq,
tamah, yalan, riya, həsəd, ədavət və kələyi
ata bilsək onda birləşə bilərik. Bir yumruq ola bilərik.
Zərdüşt peyğəmbər deyən kimi: “Qoy insan
düzlük, paklıq carçısı olsun”.
Onun sözlərinin
axırıncı cümləsini bura toplaşan insan seli,
insan axını təkrar eləyək deyir:
— Qoy insan düzlük,
paklıq carçısı olsun!
Bu sözlər elə ucadan
səslənir ki, Azadlıq meydanı lərzəyə gəlir.
Vulkan kimi püskürür...
Ürəyimdə, daxilimdə,
beynimdə bir inam yaranır. Öz-özümə deyirəm:
— Əgər bu millət bütün kini, küdurəti, cılız hissləri, tayfabazlığı, yerlibazlığı, mənəm-mənəmliyi bir kənara atmaq istəsə birləşə bilər. Keçmiş tariximizdən ibrət dərsi götürüb, birləşə bilər. Və nə qədər ki, birliyimiz olmayacaq, bax beləcə torpağımız, millətimiz, dilimiz, Vətənimiz parçalana-parçalana gedəcək... Əgər belə olsa, belə getsə yer üzündən Azərbaycan adlı bərəkətli, cənnətməkan bir məmləkətin adı silinəcək. Çünki 4 milyon 500 min kv.km torpağı olan bu məmləkətin 86,6 min kvadrat kilometr torpağı qalıb. Onun da 20 faizi erməni tapdağı altındadır.
Ağalar İDRİSOĞLU
525-ci qəzet.-
2011.- 21 may.- S.20