RAFİQ ƏZİMOV – SƏHNƏMİZİN ƏZMKAR SƏNƏTKARI

 

(oçerk)

 

Bu danılmaz bir faktdır ki, hər bir bədii əsərin səhnə təcəssümü ciddi yozum tələb etdiyi kimi, obraz bölgüsü də rejissordan diqqət, böyük təcrübə və ağıl tələb edir. Çünki burada əsas ağırlıq tamaşaçı ilə təmasda olan aktyorun üzərinə düşür. Onun istedadı, zahiri görkəmi, diksiyası əsas amillərdəndir. Əslində tamaşaçı da ilk qiyməti məhz bu aspektdən verir. Bildiyimiz kimi, görkəmli sənətkarlar həm zahiri, həm də daxili potensiyalı etibarilə geniş diapazona malikdir. Ötən əsrin 60-cı illərindən öz istedadı, bacarığı ilə səhnəmizdə özünə xas olan bir yol açmış, iz qoymuş Rafiq Əzimov da belə sənətkarlardandır. O, bunlara məhz özünün sənətə olan sevgisi, istedadı, inamı və inadkarlığı ilə nail olub. Rafiq Əşrəf oğlu Əzimov 1938-ci ildə Bakıda anadan olub. Azərbaycan ziyalılarının taleyinə bir fəlakət kimi qənim kəsilən qara otuzuncu illər. Balaca Rafiqin dünyanın pisindən, yaxşısından xəbəri olmadığı bir zaman. Amma illər keçəcək, o bu pislikləri, yaxşılıqları müxtəlif obrazlarda təcəssüm etdirərək xalqını yaxşıdan-pisdən hali edəcək. ..

1962-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunan aktyor əlli ilə yaxındır ki, fasiləsiz olaraq bu teatrın səhnəsindədir. Əlli illik fərdi teatr, sənət ömrü. Az ömür deyil. Yarım əsrə bərabər üzdə olmaq, səhnə həyatı yaşamaq. Və bu səhnədə öz həyatı ilə yanaşı səhnə həyatını da inamla yaşatmaq, qorumaq... Əslində aktyor elə həmişə səhnə həyatını yaşayır desək, yanılmarıq. Hər bir obrazın daxili dünyasını zahirə ötürülməsinə çalışan aktyor bu illər ərzində saysız-hesabsız obrazları yaşayır-yaradır. Onlarla gülür, onlarla qəmlənir, onlarla düşünür... Çətin, əzablı sənət yollarında yorulmaq bilmədən çalışan Rafiq Əzimov hər bir obrazı duymaq, yaratmaq üçün onu yaşayır və yaradır. Aktyor yaratdığı obraza qəlbinin gözü il baxaraq, onun həqiqətinə inanır, onu özününkü bilir, məhz buna görə də iztirablarını, hiss və həyəcanlarını yaşamağı bacarır. Həyatda süniliyi sevməyən aktyor, səhnədə də bundan uzaq olub. Ona görə də müxtəlif tipli obrazları yaradarkən (istər müsbət, istər mənfi) onu bütün varlığını ilə faş etməyə, iç dünyasını açmağa çalışıb. Bəlkə də onu tez bir zamanda səhnəmizdə sevdirən, məşhurlaşdıran da bu cəhəti olub. Pillə-pilə yüksələn aktyor S. Rəhmanın “Toy” komediyasında Mirzə Hüseyn, “Yalan”da Zəki, “Nişanlı qız”da Qasım, H.Cavidin “Şeyx Sənan”ında Anton, “İblis”də Kiçik zabit, C.Cabbarlının “Oqtay Eloğlu”sunda Oqtay, “Aydın”ında Mirzə Cavad, “Ulduz, yaxud Ədirnə fəthi”ndə Şeyx, M.F.Axundovun “Xırs quldurbasan”ında Frans Fok, “Müsyo Jordan və Dərviş Məstəli şah”ında Müsyo Jordan, C.Məmmədquluzadənin “Dəli yığıncağı”nda Həmzad Qurban, “Anamın kitabı”nda Rüstəm bəy, Anarın “Səhər yuxuları”nda Doktor Mahmud, “Adamın adamı”nda Fənd Bağır, “Sizi deyib gəlmişəm”ində Mozalan, S.Səxavətin “Qızıl teşt”ində Aleksandr Petroviç, “Gecə döyülən qapılar”da Qəni müəllim və sairə, bir-birindən maraqlı, yadda qalan obrazlar yaradıb. Yeri gəlmişən onu da qeyd edək ki, 80-ci illərdə R.Əzimovu bir aktyor kimi daha çox tanıdan, gənclərə sevdirən məhz xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərində oynadığı rollar oldu. Ümumiyyətlə, 80-cı illərdə Akademik Teatrın ən çox baxılan və sevilən, həmçinin hələ təhvil verilməzdən əvvəl əks-sədası ilə fərqlənən tamaşaların əksəriyyəti dövrün tanınmış dramaturqu İlyas Əfəndiyevə məxsus idi. Ötən əsrin altmışıncı illərində öz istedadı ilə həm dramaturq taleyində, həm də teatr sənətində lirik-psixoloji janrın əsasını qoymaqla kəskin dönüş edən İ.Əfəndiyev həm də səhnəmizdə yeni-yeni istedadların yetişməsinə yol açdı.Onların arasında özünəməxsus sənət yolu olan aktyor Rafiq Əzimov da var. Əslində İ. Əfəndiyevin dramaturgiyası əsasən hisslər, duyğular dramaturgiyasıdır və teatrşünasların fikrincə belə müəllifin tamaşalarında oynamaq çox çətindir. Bəzən bir obraz iki xarakterik cəhəti ilə fərqlənir. Əlbəttə hər iki ampluada obrazın daxili və zahiri dünyasını lazımınca açıb tamaşaçıya ötürmək psixoloji gerçəkliyi yaşamaq deməkdir. Bunu isə aktyor Rafiq Əzimov dramaturqun saysız-hesabsız əsərlərində öz rollarında yaradıb və onlar bu gün də tamaşaçıların yaddaşlarında yaşayır. “Mahnı dağlarda qaldı” da Rəhman, “Sevgililərin cəhənnəmdə vüsalı”ında Anaşkin, “Bizim qəribə taleyimiz”də Rəhmanzadə, “Tənha iydə ağacı”nda Behbud bəy, “Qəribə oğlan”da Əhmədcan, “Hokümdar və qız” da Axund Mirmöhsün ağa və daha neçə-neçə obraz aktyorun ifasında canlandı, tamaşaçı qəlbinə yol tapdı, könül evində yuva qurdu... Sənət dözümü, sənətkar mətinliyi ilə seçilən, təbiətən çox sakit görünən, daxilən isə həmişə narahat olan Rafiq Əzimov Azərbaycan teatr və kino səhnəsində öz adına, istedadına layiq yer tutdu. On il bundan əvvəlin sözüdür. Onda orta məktəbdə oxuyurdum. Valideynlərim məni Akademik Dram Teatrına tamaşaya gətirmişlər. Orada İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” əsəri tamaşaya qoyulmuşdu. Rafiq Əzimov da bu əsərdə Rəhman obrazını yaratmışdı. Tamaşa qurtardıqdan sonra alqışların sədası sanki salonu titrədirdi. Alqışla qarşılanan aktyorlardan biri də Rafiq müəllim idi. Kimi ona gül dəstəsi verir, kimi şəkil çəkdirmək istəyir, kimi avtoqraf götürür, kimi də səmimi sözlərini bildirərək əlini sıxırdı. Bu gün başa düşürəm ki, R.Əzimov bu alqışları, gül-çiçək dəstələrini, xoş sözləri neçə-neçə illər ağır zəhmətin hesabına qazanıb. Aktyor bunlara öz istedadı, zəhməti, səbri, dözümü sayəsində nail olub. Aktyorun diksiyasına, ifasına xələl gətirməyən sakit, həlim, lakin bir az ötkəm danışıq tərzi sanki tamaşaçını ovsunlayır. Unutmaq olmaz ki, tamaşaçı ilə üz-üzə gələn aktyordu. Teatr tədqiqatçılarının fikrincə, “aktyor bütün yaradıcılıq prosesinin yekunu deməkdir və məhz tamaşaya qədər bütün zəhmət onun fərdində cəmlənir”. Bu isə istedadlı və bacarıqlı aktyorun məharəti sayəsində heyətin əməyinə müsbət, istedadsız və bacarıqsız aktyorun “məharət”ində isə mənfi rəyə səbəb olur.

 70-80-ci illərdə artıq Rafiq Əzimovun repertuarında nəinki teatr tamaşaları, həm də televiziya səhnəsində qoyulan tamaşalardakı rollar da var idi. O, səhnədə yaratdığı obrazlarla kifayətlənmədi, kinoda, radio tamaşalarda yeni-yeni uğurlar əldə etdi. Azərbaycan Dövlət televiziyasında S.S.Axundovun “Dibdat bəy” əsərində Dibdat bəy, İ.Səfərlinin “Göz həkimi”ində İvanov, dahi Üzeyir bəyin “Ordan-burdan”ında İsmayıl obrazları televiziyanın fondunda saxlanılır. Bu tamaşaların lent yazıları bu gün də ekranda göstəriləndə diqqətimizi cəlb edir. Təbii bu cəlbetmədə müəyyən qədər Rafiq Əzimovun da əməyi var. Xüsusən də “Göz həkimi” pyesindəki İvanov obrazı. Bu, baş rol olmasa da, aktyorun məharəti nəticəsində tamaşaçının diqqətini cəlb edir. R.Əzimovun yaratdığı obrazlardan peşə yönümünə, davranışına, danışıq tərzinə görə kəskin fərqlənirdi bu rol. Belə bir obrazın ekran reallığını təmin etmək üçün, sözsüz ki, böyük sənət məktəbinin sahibi olmaq vacibdir. Çox səmimi, sadə xasiyyəti və mehribanlığı ilə fərqlənən İvanov (Rafiq Əzimov) ətrafındakılarla münasibətində tamaşaçının məhəbbətini qazanır. Tamaşaçı onun gözlərinin açılmasını həsrət və intizarla gözləyir. Bütün bunları aktyor o qədər canlı, təbii yaratmışdır ki, sanki o, İvanovun özü idi. Burada dahi Şekspirin sözlərini xatırlatmaq yerinə düşərdi: “Sənətdə təbiilik və həqiqi hisslər ümumi ideyanın yol verdiyi dərəcədə zəruridir”. R.Əzimov bir fərd kimi, insanın özünün taleyi, yaşam tərzi, gündəlik qayğıları, ətrafdakıların laqeydliyi, biganəliyi kimi amilləri inandırıcı bir şəkildə səhnədə əks etdirməyi bacaran aktyorlardandır. O, səhnədə nəhəng sənətkarlarla, dövrün korifeylərilə tərəf-müqabil olub. Həmişə onlardan öyrənməyə çalışıb. Odur ki, bu günəcən istər Milli Dram Teatrının, istərsə də Azərbaycan Dövlət Televiziyasının səhnəsində yüzlərlə yadda qalan, sevilən obraz yaradıb. Onu da qeyd edək ki, obraz yaradıcılığı prosesində aktyorun qarşısında duran birinci şərt onun zahiri əlamətlərini deyil, səhnəyə gələcəyi məqama, yəni hadisənin baş verəcəyi zamana qədər onun xarakteri, insani xüsusiyyətləri, yaşam tərzi, dünya baxışı, əxlaqi keyfiyyətləri kimi vacib cəhətləridir ki, aktyor oynadığı obrazın bu keyfiyyətlərini dəqiq öyrənməli və oynamalıdır. Peşəkar səhnəmizin ustad sənətkarlarından sayılan R.Əzimovun üstün cəhətlərindən biri də odur ki, oynayacağı obrazı özü üçün tam aşkarlayır, mənfi və ya müsbət obraz olmasına baxmayaraq, sənət üçün yaşayacaq ikinci insan taleyinə, bu insanın həyat məramına haqq qazandırır. Məhz bu haqq qazandırma əsl sənət obrazının yaranmasına kömək edir. Bu haqda teatrşünas İ.Rəhimli yazır: “Obrazın taleyinə, yaşam tərzinə inanmayan ifaçı, sözsüz ki, onunla ruhən qovuşa bilməz və obrazagirmə alınmaz. Bir aktyor kimi Rafiq Əzimovun obraz yaradıcılığı prosesi üçün seçdiyi mövqe düzgün mövqedir, ona görə də hər bir obrazı bəyənilib, sevilib, yadda qalıb”. Müxtəlif dünyagörüşünə, həyat səviyyəsinə, düşüncə tərzinə malik olan sürətlər, lirik, psixoloji, satirik obrazlar... Bu çoxplanlılığın öhdəsindən məharətlə gələn Rafiq Əzimov hər bir obrazın daxili aləmini çox böyük məharətlə açaraq, obrazdan-obraza püxtələşib, məşhurlaşıb. Bu sadalanan keyfiyyətlər aktyora tamaşaçı auditoriyası, sevgisi, alqışları qazandırıb. Belə olduqda aktyor illərin yorğunluğunu unudaraq, daha əzmlə çalışmağa başlayıb. Onun bu zəhməti layiqincə qiymətləndirib. 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür. Rafiq Əzimov dünyagörmüş, ölkələr gəzmiş, həyatın hər əzab-əziyyətinə qatlaşmış, hər şirini-acını dadmış sənətkarlarımızdandır.

Lakin heç bir çətinlik, heç bir sənət uğurları onu çaşdırmayıb, öz yolundan döndərməyib. Elə ona görə də bu gün xalqın sevimli sənətkarıdır və hər bir xoş sözə layiqdir.

 

 

Cəmilə ƏHMƏDOVA,

BDU-nun Jurnalistika fakültəsi,

IV kurs

 

525-ci qəzet.- 2011.- 21 may.- S.19.