Oralarda kimlər var: İSA İSMAYILZADƏNİ SEVƏNLƏR

 

YUBİLEY ...NƏ YUBİLEY...Keşkə , özü görəydi...

 

Bu dünyaya bir də qayıtmağım var...

Qəbrimin üsütündə bitən gülləri,

Uyumuş, Soymuş torpağı –daşı

Ölüm sükutundan oyatmağım var.

Bilmirəm çiçəklə,bilmirəm otla

Bilmirəm ağacla,yoxsa buludla

Dağları yerindən oynadıb gələn

Dəli qışqırıqla,yoxsa sükutla-

deyə bilmərəm...

........................................................

Nəsə ürəyimə damıb bilirəm-

Bəlkə də yüz ildən,min ildən sonra,

Milyon ildən sonra-nə bilmək olar

Nə vaxtsa dönəcək ömrün illəri...

 

Tofiq Abdinin giriş qeydləri

 

     ...Ha çalışdım ki, bu xəbər-yazını mən yazmayım, fırlatdılar... fırlatdılar... atdılar mənim boynuma. Və bu xəbər-yazını yazmaq, inanın ki, mənim üçün çox ağırdı.Ola bilsin hər adam üçün uzun illərin dostu olan yaxın adamı haqqında yazı yazanın imzasında da bu sözləri oxumusuz, amma bir həqiqəti deyim : mənim üçün İsanın mənə elədiyi yaxşılıqları bir qırağa qoyuram, sadəcə indiki durumumla, yəni stres keçirmiş və hələ də əsəbdən müalicə oluna-oluna nə zamansa itirdiyin bir dost və bir gözəl şair barədə yazmaq heç də asan deyil.Ola bilsin, bu yazı bir az geniş də alınar və həmən deyim ki, ola bilsin oxuculardan kimsə fikirləşər: Tofiq zarıya- zarıya bu boyda yazı yazır, gör indi vəziyyəti yaxşı olsaydı, nə boyda yazardı.Haqlısınız dostlar, vallah haqlısınız.

Bu gözəl yubiley səfərinin iştirakçısı olan şair Abbas Abdulla belə bir yazını yazmaq üçün hazır deyil, yəni qocaman bir yazıçıdı, yazar Nəriman Əbdülrəhmanlı çox haqlı olaraq dedi: əşi, qonarar da vermirlər, nə yazasan. Bizimlə bu səfərdə iştirak edən yenicə tanış olduğum və hələ çox illər unudulmayacaq və daha mehribanlaşacağımıza gümanım olan şair Nurafiz ( mən tez-tez çaşıb Rəşad Məcidin oğlunun adı ilə ona Mirhacib deyirdim,Nəriman olmayan bığlarının altında gülümsünürdü və başa düşürdüm çaşmışam) tamam başqa bir sahənin insanı olduğu üçün ondan umacığımız da yox.Və bir də həmin yubiley günlərində bir neçə dəfə :Tofiq bəy ,yəqin ki,qeydlərini yazacaq ORALARDA KİMLƏR VAR... səhifəsində, “525”ci qəzetdə...Bu da boynumda bir yük,buyurun!!!!!!!!!!!

Və təbii, bu günlər, yəni unudulmaz şairimiz və dostumuz İsa İsmayılzadənin 70 illik yubileyinə gedişin özü belə çox çətin idi.Çünki hələ gənclik illərində dəfələrlə deyirdik : inşallah 70 illiyimizdə gör nələr olacaq...

Baxın : həqiqətən “gör nələr olacaq” ifadəsini biz o zaman elə-belə deyirdiksə, inanın şair İsa İsmayılzadənin Gürcüstanda,Qardabanidə ( Qarayazıda) keçirilən 70 illik yubileyinin bu qədər gözəl keçiriləcəyini mən gözləmirdim və heç gözləmirdim.Önümüzdəki həftəsonu İsa haqqında başqa bir yazım da oldu bəlkə,bir zamanlar İsa vəfat edəndə Türkiyədə yazdığım və “...ah istanbul... istanbul” kitabıma daxil etdiyim “Bir şairi kayb ettik”yer alacaq, ona nədənlə mən həmin yubileyin A-dan Z-yə hər gözəlliyini yazmaq çətinliyini çəkəcəm.Birincisi o gözəlliyin təsviri burada bir çox insanın xətrinə toxuna bilər və ikincisi hər halda indi bizim üçün xaric olan Gürcüstanda azərbaycanlı şairin 70 illik yubileyinin bu qədər insani,bu qədər təmtəraqlı və bu qədər gözəl keçirilməsi bir çox qələm sahibini təəccübləndirə bilər və mənim özüm də hələ də həmin yubileyin şirinliyi ilə məstixumaram.Belə deyək nə olar.Burada söz təkcə bizə bir qonaq kimi edilən hörmətdən getmir. ( Bunu da deyim, biz haçan rəyasət heyətində oturmuşuq ki,lap elə heyranlıqla baxmayaq bizə olan hörmətə ), yox buradakı yaradıcı insanların bu yubileyi bu qədər hövsələ ilə təşkil elədikləri hər bir azərbaycanlını sevindirməyə bilməzdi.Belədi,vallah,belədi.

Çox yubileylər gördük, çox yubileylərin kimlərinsə göstərişi ilə keçirildiyindən xəbərimiz oldu.Amma Qarayazılı şair İsa İsmayılzadənin bu yubileyi heç bir rəsmi göstərişə, heç bir bürokratik tilsimə raslamadan keçdi.Bu da çox böyük bir təsəlli idi.Yəni bu yubileyin çox mühüm tərəflərindən biri təşəkkürdən,tərifdən,kimlərinsə ünvanına xüsusi təntənələrdən və kiminsə xüsusi olaraq diqqətə alınmasından uzaq olması idi.

 

Yazar Nəriman Əbdülrəhmanlıya verilən rəsmi məlumat

 

Yazarımız və xüsusiylə bu yubileyin təşkilində və Azərbaycandan gedən qonaqların rahatlığı üçün can yandıran Azərbaycan Yazarlar Birliyi İsa İsmayılzadə irsinin qorunması üzrə məsul şəxs Nəriman Əbdülrəhmanlının mənə verdiyi yarım səhifəlik məlumatda bu yubileydə kimlərin iştirak etdiyini sizin diqqətinizə çatdırmaq istərdim və sonra mən yenə də “görməmişliyimə” davam edərəm.

İsa İsmayılzadənin 70 illik yubileyinin təşkilatçısı çox simpotik bir gənc, təbii ki, bizə və ədəbiyyata çox bağlı, gözəl şair Rafiq Hümmət və “Varlıq” mədəniyyət mərkəzi.Rafiq Hümmət həqiqətən bir təşkilatçı kimi hər zaman bizim yanımızda oldu və İsanı tanıyan çox gözəl bir şair kimi onun həssasiyatı ürək açan idi.

İndi məsələ gəlir bu gözəl təşkilatçının bu vaxta qədər keçirdiyi əziyyətlərə ki,məncə ADNŞ-nin Gürcüstan nümayəndəliyi bu yubileyin bütün ağırlığını öz üzərinə götürmüş və yenə də bu şirkətin rəhbəri Mahir Məmmmədov çox gözəgəlimli bir ziyalı olmaqla, həm də İsanı tanıyan və İsa poyeziyasını çox böyük diqqətlə izləyən bir insan olaraq toxluqdan uzaq azərbaycanlı kimi diqqəti çəkirdi.Sadə və istiqanlı olan bu adam həqiqətən də Azərbaycanın adını orada, o xarici ölkədə yaşadan ziyalı sırasına daxildir.

Gecədə və ya gündüzdə ( Tiflisdəki yubiley gündüz Qriboyedov teatrında keçirildi ) Tiflisdəki Azərbaycan səfirliyinin nümayəndəsi bığ yeri təzəcə tərləmiş Şövqü Mehdizadə, Azərbaycan Xarici işlər nazirliyinin nümayəndəsi ziyalı nəslindən olan Fəxri Valeh oğlu ( bu yaxınlarda rəhmətə gedən alim Valeh Hacıyevin oğlu), şairlər Alxan Binnətoğlu, Tapdıq Yolçu, Afiq Muxtaroğlu, Osman Əhmədoğlu, Allahverdi Təhləli, İbrahimxəlil, Fatma Aslanqızı. Burada mən bir parantez açmaq istərdim. (Fatma xanım haqqında sadəcə bir neçə söz. Bu ədəbiyyatçı xanım əfəndi İsa İsmayılzadənin şeir və publisistik yaradıcılığını bu vaxta qədər heç bir tənqidçinin araşdırıb söz deyə bilmədikləri gözəl bir məruzəyə bənzər çıxış etdi.Məruzəyə bənzər ona görə deyirəm ki,İsa İsmayılzadə yaradıcılığında bizim bilmədiyimiz bəzi detalları çox gözəl və sərrast bir dillə danışdı və özü də heç bir mənbəyə baxmadan İsadan misal gətirdiyi şeirləri əzbərdən dedi.Açığını deyim ki,Fatma xanımın çıxışı vergülünə,nöqtəsinə toxunulmadan çapa gedəsi bir araşdırma çıxış idi).

Çıxışlar sırasında İsanın şeirlərini gürcü dilinə tərcümə edən Zezo Modulaşvili, Mirzə Məmmədoğlu, Cambul Məmmədli, tədqiqatçı alim, fəlsəfə doktoru Fərhad Xubanlı, professor Mahmud Hacıxəlil də vardı.

    

Ortaq qeydlər

    

İkinci gün yubiley İsanın doğma Qarayazısında oldu.Onun oxuduğu orta məktəb indi yoxdu.Amma indiki gözəl tikili olan orta məktəbdə çox ürəkaçan bir məclislə davam edildi dünəndən başlanan gün. Orta məktəb binasının dəhlizində İsa İsmayılzadənin şəxsiyyətini və yaradıcılığını əks etdirən bir neçə stend vardı.Və insan bir anlığa hər şeydən uzaqlarda bir ayrı dünyada onun yaşadığını hiss eləyir :İsanın yadigar qoyub getdiyi şeir dünyasında.Bu da belə bir potetik cümlə.Orta məktəbin   direktorluğu   da həqiqətən öz yetişdirmələrinin adına yaraşan həqiqi mənada gözəl bir yubiley keçirdilər.

Orta məktəbdəki yubileydən qabaq bir dəstə adam İsanın yaşıllıqlar içində boy verən məzarını ziyarət etdik və onun məzarı üstündəki büst istər-istəməz içimizi soyutdu.

İsanın Qarayazısında keçirilən yubileydə də orta məktəbin direktoru Firdovsi İskəndərov, Bakıdan gələn İsanın qələm dostlarını bir-bir təqdim etdi, şairin adına yaraşan bir çıxış elədi və İsanın dostu və mənim də Bakı illərindən tanıdığım Hidayət Bayramlı maraqlı çıxışı ilə yadda qaldı.

Tamam rəsmiyyətdən uzaq bu yubileydə yalnız bir rəsmi vəzifə sahibi vardı: Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifov.Vallah, bu insan da sadəliyi ilə gör nə qədər seçilməyib ki, bizlərdən biri kimi orada olub və yaşananlara şahidlik edib.

Təbii olaraq anım günlərində hər zaman həyəcanlı olan və atasının adına layiq Araz İsmayılzadə iştirakçılara təşəkkürünü bildirdi və bircə onu qeyd edim ki,o qədər sərrast və anlaşıqlı danışdı ki,kiminsə salondan olan GÖZƏL DANIŞIR replikasına kimsə dedi : ŞAİR OĞLUDUR DƏ...

Yazıya son söz olaraq təkrar edirəm: Bütün təşkilatçılara, xüsusiylə Azərbaycan Neft Şirkətinin Gürcüstan nümayəndəliyinə bir daha təşəkkür edirik və bu gözəl işlərinin davamını gözləyirik.

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2011.- 28 may.- S.23.