Ağ paltarlı qadın
“Kuba dəftəri” silsiləsindən
Günəş milyon illərdi gördüyü işi elə 2006-cı ilin dekabr səhərində də görürdü; tələsmədən gecənin yaxasını açır, qucaqlayıb boynuna sarılır, nəvazişlə bağrına basırdı. Bu izdivacdan dünyaya ağappaq, tər-təmiz işıq gəlirdi. İşıq ürkək-ürkək özünə yer axtarırdı. Pərdənin pəncərə küncünü tutmayan yerindən onun bir zolağı da yatağıma sarı sürünürdü. Yuxunun ağırlığı o zolağın üzümə toxunuşuyla əriyirdi.
Gün işığı oğrun-oğrun gəlsə də, gözlərimi qəfil yaxaladı.
Gözümün acısını ovuşdura-ovuşdura dağıtdım. Əzələ-oynaqların haray-həşirinə fikir verməyib ayağa qalxdım. Pərdəni çəkib eyvana çıxdım. Gün işığı bədənnüma dərimə yapışdı. Günəşin şüaları sanki okeanın sonsuz çöllüyündə böyük bir ocaq qalamışdı, sular alışıb yanırdı, “ocağ”ın nəfəsi üz-gözümü yalayır, canıma istilik verirdi.
Hotelin eyvanından açılan mənzərənin bir hissəsi Meksika körfəzi, bir hissəsi də Havananı tuturdu. Səhər okeanın o başından şəhəri oyatmağa gəlmişdi. Şəhər stola sərilən xəritə kimi məhəllə-məhəllə, küçə-küçə aydın görünürdü. Burda “kommunizm günəşi” vaxtilə bizdəki kimi şimaldan doğmamışdı, elə çıxacağı yerdən – Şərqdən çıxmışdı. Çıxmışdı ki, bütöv bir adaya, onun sakinlərinə işıq bəxş eləsin, xoşbəxt gələcək yolunda çıraq olsun. Milyon-milyon insanı ağappaq günə çıxarsın. Hər gələn işıq adamı xoşbəxt eləsəydi, nə vardı ki...
O milyonlardan biriylə
görüşəsiyəm bu gün.
Otağa qayıdıb əynimi
geyindim, şalvarın dar, dərin “piston cibin”dən ünvan
yazılan kağızı iki barmağımın arasına
güclə keçirdim. Havanada ünvan Bakıdakından fərqli
yazılır, evin və mənzilin nömrəsiylə
yanaşı hansı iki küçənin kəsişməsində
yerləşdiyi də qeyd olunur.
Tərcüməçi
Elnuru restoranda tapdım. Təyyarəsi gecəyarısı gəldiyindən
görüşə bilməmişdik. Elnur universiteti bu il
bitirib, bir neçə dil bilir. Bakıda ispandilli tərcüməçi
tapmaq asan deyil. Bəxtim gətirmişdi. Elə onunku da.
İspan dilini mükəmməlləşdirmək
üçün əlinə əla fürsət
düşmüşdü.
Naməlum qəhrəmanımızı
tapmağa getmək üçün vədələşdiyimiz
vaxtda hotelin çöl qapısı ağzında
görüşdük. Üzümüzə gülən taksi
sürücülərini görmürükmüş kimi yan
keçdik. Kubada taksilər dövlətə məxsusdu.
Şəxsi maşınlarından taksi kimi istifadə edənlər
də az deyil, amma bu maşınlar çox köhnədi.
Ümumiyyətlə, burda 1940-50-ci illərin ABŞ, 60-80-ci
illərin sovet istehsalı olan avtomobillər əksəriyyət
təşkil edir. Maşınların on illər boyu bir ailədə
qalmasının tək səbəbi odur ki, adamlar
özünün olan bu maşınları sata bilməzlər,
ona görə də nəsildən-nəslə
ötürülərək qalıb.
Mənə burda taksi
sürücülərinin təhlükəsizlik orqanları
ilə əməkdaşlığını demişdilər.
Odur ki, dostuma “Biz maşını yoldan tutacağıq” dedim.
Kommunizmi dirigözlü görən gənc dostum məni təcrübəli
bilib dediklərimə həvəslə əməl edir, tarixi
missiyanın iştirakçısı olmaqdan zövq alırdı.
Nuh əyyamından
qalmış “Şevralet” arxadan gömgöy tüstü
buraxa-buraxa Havananın küçələri ilə
şütüyürdü. Sürücü nəsə
danışır, basıb bağlayırdı. Elnur onun dediklərini
maşını başına götürən ritmik “Mambo”
musiqisindən necə ayırırdı, bilmirəm.
Anlamasam da,
görürdüm ki, dedikləri Elnura maraqlı gəlir, ona
tez-tez suallar verirdi. Binalarda peyk antenlərinin yoxluğunu
Elnurun gözü almışdı. Sürücü bunu belə
izah elədi ki, Kubada peyk antenləri qadağandı, bunun
üçün həbs cəzası da var. Bəzi hallarda
adamlar gizlində belə antenalar quraşdırırlar. Amma təhlükəsizlik
orqanları xüsusi cihazlarla onları tez tapa bilir. Bəli,
Elnur kommunizmlə ilk görüşünə beləcə
başlayırdı. Mən də haçansa bu “xoşbəxtliyi”
yaşamış sovet xalqının övladı kimi onu
maraqla müşahidə edirdim.
Getdiyimiz evə iki tin
qalmış maşından düşdük.
Sürücünün hansı ünvana gəldiyimizi bilməsini
istəmirdim. Bir qədər piyada getdik. Vedado Havananın
çoxu bir-birinə oxşayan ikimərtəbəli evlərdən
ibarət yaşayış məhəllələrindəndi.
Şəhərin bu hissəsində yaşayanları sosial
statusuna görə ortabab təbəqə hesab eləmək
olar. Burda bu “ortabab”larla birgə “inqilab keşikçiləri”
də ömür sürürlər. Əslində onlar da sadə
kubalılardı, amma bir qədər fərqli.
Kubada hər məhəllədə
“inqilab keşikçiləri” kontoru var. Kontorlar bir növ
bizim JEK-ə oxşayır, amma qeyri-rəsmi işi sakinləri
nəzarətdə saxlamaq, şübhəli işlər barəsində
siyasi polisə xəbər verməkdi. Vəzifələri
inqilaba təhlükəni görüb xəbər eləmək
olsa da, başqa işlərə də burunlarını
soxurlar. Bir sözlə, qorxulu adamlardılar, onlardan nə qədər
uzaq dursan, o qədər yaxşıdı. Qorxu və
şübhənin insanların taleyində yaratdığı
çatlar bizə otuzuncu illərin bolşevik dönəmindən
tanışdı – heç kimə bel bağlamaq olmaz, hətta
ailə üzvlərinə də.
Ünvanı
tapmışdıq, qalırdı diqqəti cəlb eləmədən
binaya girmək. Yerli olmadığımız balaca uşaqlara
da aydın idi. Turistlər kimi geyinməyimiz diqqəti bizdən
yayındıra bilməzdi, çünki buralar turistlərin hələm-hələm
gəldiyi yer deyildi.
İkinci mərtəbənin
eyvanında yaraşıqlı bir qadın paltar sərirdi.
Mehriban çöhrəsi vardı, əlini bir anlıq
saxlayıb çoxdanın tanışı kimi bizə elə
xoş təbəssümlə baxdı ki,
açığı ilk anda ağlımdan başqa fikirlər
keçdi. Qəşəngliyinə söz ola bilməzdi.
Binanı ötüb
keçdik. Ünvanı bir daha dəqiqləşdirməyə,
blokun qapısının bağlı olmadığına əminliyə,
bir sözlə şəraiti aydınlaşdırmağa vaxt
lazım idi. Geri qayıdanda eyvandakı qadın bizə daha
diqqətlə baxdı.
– Odur! - dedim.
– Nə bilirsən? - bu,
Elnurun mənim təcrübəmə ilk şübhəsiydi.
– Fəhmim belə deyir. Bura
məşhur dissidentin yaşadığı binadı. Bizim
kimilər buralara az gəlmir yəqin.
– Onda bizi güdürlər
ki...
– Özünü o yerə
qoyma! Soruş görək!
Elnur 360 dərəcə
çevrə vurub guya ətrafa turist marağı ilə
baxdı. Sonra üzünü eyvandakı qadına tutdu.
Anladığım qədər belə deyirdi: “Salam. Bizə
xanım Dalqado lazımdı!” Elə bil eyvandakı bir dəstə
qızıl gülün qönçəsi ilahi bir əfsunla
hərəkətə gəldi, qadının təbəssümü
qızıl gülün ləçəkləri kimi qat-qat
açıldı. Valehedici, iri, parlaq gözləri
güldü. Əli ilə bloku göstərib, nəzakətlə
“4-cü mənzilə qalxın” dedi.
Qapını açıb
bizi içəri dəvət elədi. Qara dərili qədimi
divanda yer göstərdi, içindəki son paltarları da sərib
vannanı ortalıqdan götürdü. Yüngül
yır-yığışdan sonra döşlüyünü
çıxardı. Bizi yuxudan təzəcə durana
oxşayan cavan bir qızla tanış eləyib gülə-gülə
yan otağa keçdi. Qızı olduğunu deməsəydi,
bacısı, yaxud başqa tay-tuşu zənn edərdim.
Bir neçə dəqiqə
keçmiş saçına, üz-gözünə, əyin-başına
yüngül əl gəzdirib iki fincan qəhvəylə
qayıtdı. Fincanları balaca mizin üstünə qoyub
bizimlə qabaq-qənşər kresloda oturdu. “Gisela Dalqado”.
Özünü belə təqdim elədi. Ağzını
açıb danışmasaydı, elə bilərdin ki,
gözəl bir şərqli qadınla üz-üzə
dayanmısan. Gözlərinin iriliyi onu cənublu məşhur
müğənni Ququşa bənzədirdi.
Qırışsız üzü hamar idi. Boğaz, çiyin,
qol dərisinin tarımlığı bədənin təravətindən
xəbər verirdi. Təravətli bədən isə göz
parıltısından sonra qadınlarda həyat eşqinin
ikinci zahiri əlamətidi.
Əyninə yaşıl rəngli
qolsuz, yaxası açıq kofta, bir də uzun yubka
geyinmişdi. Bəzənib eləmədən də gözəlliyi
göz deşirdi. Bədən ölçüləri bizim vərdiş
elədiyimiz iyirmi yaşlı qız anasının bədən
ölçülərinə oxşamırdı.
Saçına dən düşməsəydi, elə onu da tələbə
sayardım. Yəqin bu qız ərinin əvvəlki
arvadındandı, deyə düşünmüşdüm.
Yanıldığımı isə səhəri gün biləcəkdim.
Söhbətimiz elə ilk
sözlərdəncə tutdu. Bir saat sonra bizi görən
olsaydı, elə bilərdi ki, yüz ilin
tanışlarıyıq. Xəritədə Azərbaycanı
tapıb uzaqlığına təəccüblənən
qızı Giselle bizə ekzotik varlıq kimi baxırdı.
Elnurdan gözünü çəkmirdi. Anası ilə
söhbətimizdə kiçik pauza yaranan kimi girəvələyib
suallar verirdi.
Qəhvəni üç
qurtuma içdim. Şirinliyi Krım tatarlarının dəmlədiyi
qəhvəni xatırladırdı. Ayağa qalxıb
danışa-danışa müxtəlif yöndən onun
şəklini çəkir, maraqlı anlar tutmağa
çalışırdım.
Gisela kompüter mütəxəssisidi.
Amma bu sahədə işləmək ona qadağandı. Səbəb
də sadədi – siyasi məhbusun, “xalq düşməni”nin
arvadı işləyə bilməz, özü də
kompüter kimi strateji texnika ilə.
İxtisasca fizik olan əri
tanınmış dissidentdi. Xarici mətbuatda Kastronu
davamlı kəskin tənqid etdiyi üçün iyirmi
beş illik həbsə məhkum olunub. Bu illərin hələ
dördünü yatıb. Kubada iyirmi beş illik həbs adi cəzadı.
Giselanın da üzv olduğu “Ağ paltarlı qadınlar” hərəkatı
bütün dünyaya səs salmasaydı, bəlkə ərinə
“vətən xaini” kimi ölüm hökmü
çıxarardılar, ya da ömürlük iş verərdilər.
“Ağ paltarlı
qadınlar” hərəkatı atası, qardaşı, əri,
oğlu siyasi məhbus olan qadınların təşkilatıdı.
Hərəkatın aksiyalarından sonra ağ paltar geyinmək
yasaq olunub. Amma qorxmayan etirazçılar həmişə
tapılır. Bir dəfə küçədə belə
bir qadına rast gəldim. Şəklini çəkmək istəyəndə
elə götürüldü ki, elə bil quşu
yuvasından perik salırdım. Cəmi bir foto çəkə
bildim, kameraya dikilən gözündəki qorxu bütün
çılpaqlığı ilə düşüb.
Kuba türməsi
dünyanın ən dözülməz məhbəslərindən
sayılır. Min bir xəstəliyin tüğyan etdiyi,
işgəncə və təhqirlərin ölçüyə
sığmadığı bu yerdən salamat çıxmaq hər
adama nəsib olmur. Buranın işgəncə
üsullarını faşistlərin gestaposuna, bolşeviklərin
NKDV-sinə tay tuturlar. Elə Gisela da ərinin
sağlamlığı sarıdan narahatdı. Deyirdi ki, karserdən
bu yaxınlarda çıxıb. Ayaqları şişib, yeriyə
bilmir. Meksikalı dostlar dərman göndəriblərmiş,
həbsxanaya aparıb, amma ərinə çatmasına
ümidi azdı.
Bu vaxt Giselle divardakı qəfəsə
yaxınlaşır. Quşları doğma bir səslə əzizləyib
yedirtməklə diqqətimizi cəlb edir. Deyir ki, bunları
yedizdirəndə elə bilir həbsdə olan xəstə
atasına qulluq edir.
Giselle Havana Universitetində
oxuyur, təbii ki, istədiyi diplomatiya fakültəsində
yox, dövlətin məsləhət bildiyi fakültədə.
Dissident qızını diplomat olmağa qoymazlar. Səbəbini
soruşanda bir himə bənd imiş kimi ürəyini
boşaltmağa başladı. Öyrəndik ki, Havana
Universiteti 1793-cü ildə yaradılıb. İnanılmaz səslənir,
amma belədi: 55 fakültəsi var. Kubada tədris məcburidir.
Təhsildən yayınma qanunla təqib olunur. Məktəbə
getməyən şagirdlərin valideynlərini dörd ilədək
həbs gözləyir. Bir sözlə, hamı
oxumalıdı, amma ixtisas seçmək hüququ dövlətin
əlindədi. Onun da ixtisasını universitet özü
seçib.
Sonra Gisela bizi kitabxanası
ilə tanış elədi. O, ölkənin hər yerində
fəaliyyət göstərən 137 ictimai kitabxananın
koordinatorudu. Bura kitabxanaların ən böyüyüdü.
Kubada kitabxanalar QHT-ləri əvəz eləyir. İndi 83
kitabxana qalıb. O birilərini hökumət bağlayıb.
Siyasi polis vaxtaşırı bu kitabxanaları “lazımsız
ədəbiyyatdan” təmizləyir. Hər halda, burda dövlət
kitabxanalarında rastlamadığın maraqlı kitab tapmaq
mümkündü.
Siyasi polis dissidentlər,
onların ailələri, ümumiyyətlə ictimai-siyasi
işlərlə məşğul olanlar üçün bir
kabusdu. Kompüter, printer, yazı makinası, siyasi ədəbiyyat
polislərin kefinə soğan doğrayan şeylərdi. Odur
ki, vaxtaşırı basqın eləyib onları
götürürlər.
Bizim gəlişimizin onlar
üçün təhlükə olacağından
narahatlığımı bildirdim. Səsini bir qədər qaldırıb
cavab verdi: “Onsuz da hökumət xaricilərlə
görüşən hər kəsi müxalifətçi
sayır. Siz qonaq gəlmisiniz, görüşməyimizi istəmirlər,
zəhmət çəkib qapının ağzına qarovul
qoysunlar. Sizin kimi dostların gəlişindən də xəbər
tuturlar. Sizdən sonra ola bilər gəlsinlər”. Bu sözləri
elə səlis deyirdi ki, sanki dediklərini kiməsə
eşitdirirdi. Bəlkə də mənzilində “juçok”
(dinləmə aparatı) olduğunu bilirdi və
sözünü qorxmadan “juçok” yiyələrinə
çatdırırdı. Bu söhbətdən sonra ona gətirdiyimiz
noutbuku, ispanca siyasi ədəbiyyatı, filmlər olan diskləri
və DVD pleyeri sabah şəhərdə görüşəndə
verməyi qərara aldım.
Səhəri gün
qaldığımız “Havana Libre” hotelində onlarla
görüşdük, nahara dəvət elədik. Yerli əhalinin
turistlər olan yerlərə icazəsiz girməsi yasaqdı.
Gisela hər gün bu hotelin yanından keçib gedir, amma
indiyəcən içəridə olmayıbmış. Bizimlə
gəldikləri üçün içəri girə bilərdilər.
Bunun onlar üçün nə qədər riskli olduğunu
soruşub, başqa yerə getməyi təklif elədim. Dedi
ki, bütün yerlər eynidi, onsuz da harda xarici ilə nahar eləsək
biləcəklər. “Siz qorxursunuzsa, başqa, mən qorxmuram
onlardan” deyib gülə-gülə hotelin qapısını
açıb bizə yol verdi. İlk dəfə hotelin
içini görürdülər, ətrafa elə
heyranlıqla baxırdılar ki...
Onları ən çox heyrətləndirən
menyüdəki qiymətlər oldu. Elnur ana-balanın söhbətini
qorxurmuş kimi pıçıltıya tərcümə
edir: “Heç nə yemək istəmirlər, deyirlər ki,
burda ən ucuz yeməyin qiyməti bir kubalının aylıq
qazancı qədərdi”. Biz təkid edirik. Demək olar,
dinib-danışmırlar. Hər kəsin – ofisiantdan tutmuş
qapıçıyadək – xüsusi xidmət orqanları ilə
əməkdaşlığına şübhə yoxdu. Odur
ki, elə mən danışası oldum.
Onlara Azərbaycan haqda, onun
tarixi, azadlıq mücadiləsi, Qarabağ davası, indiki
durumundan danışırdım. Diqqətlə dinləyir, hərdən
sual verirdilər. Dünənki sözlərindən,
bugünkü suallarından Giselanın geniş
dünyagörüşlü, məlumatlı qadın
olduğuna əminliyim artdıqca onunla söhbətdən
aldığım zövq də yüksəlirdi (Ümumiyyətcə,
ağıllı qadınlarla söhbət həmişə
xoşdu, beləsi üstəlik gözəl olsa, adam tək
ağlıyla deyil, qəlbiylə də bağlana bilər).
Çox oxumuşdu. Xalqların azadlıq, demokratiya uğrunda mübarizəsi, xüsusilə Polşanın “Solidarnost” hərəkatı, postkommunist ölkələrin keçid dövrü üzləşdiyi problemlər onu daha çox maraqlandırırdı. Suallarından belə başa düşürdüm ki, onu mövcud rejimlə mübarizədən çox, rejimdən sonrakı vəziyyət daha çox düşündürür. Keçmiş sovet ölkələrində siyasi azadlıqlar, çoxpartiyalı demokratiya, vətəndaşların siyasi fəallığı, mətbuat və seçki azadlığı mövzusunda suallar verirdi. Cavabım isə onu təəccübləndirirdi. Onun təsəvvüründə Azərbaycan qarışıq, əksər postsovet ölkələri bu illər ərzində xeyli qabağa getməliydilər. Ona demokratik cəmiyyət quruculuğunun nə qədər çətin bir proses olduğunu, buna uzun illər, yeni nəsillər gərəkliyini deyirdim. Məni axıracan dinləyəndən sonra gözləmədiyim belə bir sual verdi: “Bəs onda ölkənizin Kubadan fərqi nədir? Bununçün bu qədər mübarizə aparmağa, qurbanlar verməyə dəyərdimi?”
Həmin gün bu sualını cavablandırmadım, geniş məktub yazacağıma söz verdim. Giselanın ayda bir dəfə İsveçrə səfirliyindəki informasiya mərkəzinə getməyə icazəsi vardı və internetə çıxışı da bu vaxt mümkün olurdu. Gələn məktubları yalnız orda oxuyur və cavablandıra bilirdi.
Ayrılanda bizi yüz ilin dostu kimi qucaqladı. O, necə də sadə, səmimiydi... Kasıb, qapalı ölkələrin adamları belə olurlar. Onların gözləri də təmiz olur, dibini göstərəcək qədər təmiz. Bu adamların özlərindən xoşbəxt və azad zənn elədikləri insanlara baxışlarını dilə gətirmək olmur, görmək lazımdı. Bu, sovet adamının ilk illər avropalı, amerikalılara baxışını görənlərə tanış mənzərədi. Özümü bir anlıq Gisela üçün uzaq, okean dalğalarının bitdiyi yerdəki o məchul azad ölkənin bəxtəvər vətəndaşı sandım. Əla duyğudu. Amma heyf ki, bu, sadəcə bir duyğudu, yarpaqlar arasındakı bir əlcə göy üzündən bir andaca keçib gedən bulud kimi ötəri duyğu...
Əllərimlə hər iki çiynindən tutub gözlərinə baxdım. “Əriniz tezliklə azad olacaq. 21 il yox, heç 21 ay da qalmayacaq orda” dedim.
Verdiyin təsəllinin təsiri dediyin sözə özünü nə qədər inandırmağından asılıdı...
Kubaya qısamüddətli ilk səfərim beləcə başa çatdı. Bakıya qayıdanda ona geniş məktub yazdım. Sonra “Ağ paltarlı qadına” adı ilə tərcümə olunub Kubanın demokratik kəsimi arasında yayılacaq bir məktub.
Vahid QAZİ
525-ci qəzet.- 2011.- 28 may.- S.18.