“Unutmağa kimsə yox...”
romanı
BARƏDƏ “ULTRADİQQƏTLİ” BİR OXUCUNUN BƏZİ
MÜLAHİZƏLƏRİ
(2-ci məqalə)
İki məsələnin
üzərində xüsusi dayanmaq istərdim. Bunlardan biri
prototipi Aydın Ələkbər olan Ayxan Əliəkbərov
obrazı, o birisi də bədii ədəbiyyatda durğu işarələri
problemi ilə bağlıdır.
Ayxan Əliəkbərov əvəzinə Ayxanəli
(müq.et: Məmədəli, Həsənəli,
Novruzəli, Xanəli və i.a.) Əkbər şəklində
yazılsaydı, daha yaxşı olardı. Müsbət tip
kimi qələmə verildiyimə görə minnətdaram.
Məs., s.245: “Professora” (prototipi akademik Məmmədağa
Şirəliyevdir) “Ayxan müəllimin sözləri bu dəfə
də xoş gəldi (Ayxan müəllim onun sevimlisi idi:
“Yaxşı vurdu!,.”). Lakin Ayxanı
hamının adından İnstitutun zəka zirvəsi saymaq
subyektiv və obyekiv cəhətdən doğru olmaz. Subyektiv cəhətdən
ona görə ki, İnstitutda özlərini “intellektual zirvə”
hesab edənlər nə çox (xüsusən
qadınların içərisində). Obyektiv cəhətdənsə
“Ayxan Ələkbərov İnstitutun intellektual zirvəsi idi,
bunu hamı sözsüz-sovsuz qəbul edirdi, bunu hamı
bilirdi...” (s.244) sözləri aşağıdakı səbəbə
görə özünü doğrultmur. İş
orasındadır ki, elmi kollektivi və ümumən hər
hansı bir kollektivi ağaca yox, dağ silsiləsinə
bənzətmək olar: ağacın zirvəsi olur,dağ
silsiləsinin – zirvələri!.. Kim kardioqramla tanış
deyil? Orada da piklər... və b.k. Hər bir şəxsin fəaliyyətində
öz zirvəsi var. Şəxsiyyət şir də ola bilər,
dovşan da, dəvə də – qoyun da, canavar da – tülkü
də və i.a. Ona görə “unutmaq – unutmamaq” dilemmasında
baxır nəyi: yaxşınımı, pisimi; hansı
insanı: yaxşı adamımı, pis adamımı... Professor yaxşı adam idi rəhmətlik, onu unutmaq olmaz, ona
şamildir latın kəlamı Demortui aut bene aut nihil. Onun (XX əsrin ikinci yarısında yeganə
dilçi akademikimiz kimi bütün türkoloji aləmdə
şöhrətlənmiş bir şəxsiyyətin)
dolğun psixoloji portreti ki, romanda çox gözəl və
böyük ustalıqla təsvir olunmuşdur, insan sadəliyinə,
qəlb saflığına, təbii davranışına, idarəçilik
artistizminə dəlalət edir.
Bədii üslubu başqa
funksional üslublardan ayıran meyarı professor Q.O. Vinokur
ötən əsrin 1-ci yarısında “Poetik nitq haqqında”
məqaləsində söz səviyyəsində belə
müəyyənləşdirmişdi ki, bədii (poetik) nitqdə
(mətndə) söz həlledici məqamlarda diskursda peyda
olarkən eyni vaxtda həm müstəqim, həm də məcazi
mənalarını sanki bir-birinə hopmuş şəkildə
ifadə edir. Qeyri-bədii (məsələn,
elmi) funksional üslubda bir sözün iki ayrıca mənasını
mətnin konkret bir yerində nəzərdə tutmaq
qeyri-mümkündür. Əslində bu cür ikili təbiətli
düşünmə və qavranılma prinsipi bədii dilin
bütün linqvistik səviyyələrinin
(yaruslarının) vahidlərinə aiddir (məs.,
fonemlərin nitq axınında bir-birilə səsləşməsi,
daxili nitq və s.). Durğu işarələri içərisində
məhz dırnaqlar və mötərizələr həmin
prinsipi söyləm səviyyəsində yetirməkdə
vasitəçi rolunu oynayır ki, bu iki durğu işarəsindən
də Kamal Abdulla, həqiqətən, məharətlə və
orijinal üsullarla bol-bol istifadə edir. Bu müddəanı
təsdiq etmək üçün gətirəcəyim
misallardan əvvəl romanın plan forması barədə
haşiyə çıxmağı lazım bilirəm.
Romanın “Əvvəl”i,
8 fəsli, “Axır”ı cərəyan edən hadisələrin
zaman-məkan çərçivəsində fasiləsiz
axınıdır. Bu roman fəsillərə bölünməyə
də bilərdi, çünki onların
kvaziparaqraflarının təfərrüatlı
başlıqları (61 sayda) fəsillərsiz də fasiləsiz
təhkiyə axınının oxucu üçün
çox gözəl bələdçisidir. Mən bu 61
kvaziparaqrafdan ən irihəcmlisini seçib onun üzərində
dayanıram: IV fəsil. Akademiyanın
kitabxanasının qiraətxanası olan Tutuquşu
zalındakı əsas müzakirəyə (Çiçəkli
yazı ilə bağlı) bir gün qalmış Dil və Təfəkkür
İnstitutunda Professorun kabinetində.
Səh.218: Bu böyük və
geniş... qiraət zalına hamı “Tutuquşu zalı”
deyirdi: bunun bir həqiqi mənası vardı, bir də bunun
bir məcazi mənası vardı...
Səh.220: Tutuquşu
zalı bütün şəhərdə məşhur idi...
Bura... gənc mütəxəssislər (əvvəllər
onların bəzilərinə, xüsusilə də Dil və
Təfəkkürün gənclərinə “gənc piranilər”
deyirdilər) və hətta dünənki, bugünkü “sərçələr”
(tələbələr) həvəslə gəlirdilər...
[ Səsləşmə! Romanın ilk cümləsi:
Əvvəl. Həmən axşam göy üzü... teatr pərdəsi
kimiydi.]. S. 225: ... heyət sıx-sıx... yer alıb oturdu.
[ Heç bir qeyri-bədii mətndə
sıx-sıx zərfliyindən sonra “mehriban olun, bir az stulunu,
(...) oxu yanını çək o tərəfə...”
mümkün deyil!] Eləcə də (qrammatikamızın
sintaksisinə görə) 257-ci səhifədə olduğu
kimi cümlə qurmaq caiz deyil: Patriarx “bitdi, məsələ
bitdi, heç hənanın yeridi” onlardan ayrıldı...
Başı ilə “salam,
salam” hamı ilə salamlaşa-salamlaşa... .
[Görün, situativ jest necə də
aydındır! Halbuki “düzgün” qrammatik quruluş
(“başı ilə salamlaşaraq” yaxud “başı ilə “salam, salam” deyə...” kimi konstruksiyalar
paralinqvistik məqsədə qətiyyən xidmət etmir.]
S.228: ... otağın
havası oldu “köhnə hamam, köhnə tas...”
[ Oxu: havası oldu bayaqkı kimi isti,
bürkü, boğanaq!.. ]
“Professor həmişəki
kimi qazdan ayıqdı” [ Otaqdakıların
(!) – 20 nəfərlik bir heyətin daxili nitqi, ümumi
düşünməsi! Hətta bu cür
obrazlı düşünməsi!]
– ... İndi necə olacaq?! (Yenə teatral fasilə!) ... [
Müq.et: kvaziparaqrafın əvvəlində (sə225):
Nəhayət, üzlər Professora çevrildi. Başlamaq olardı. Professor qısa
bir fasilə verdi (“bir, iki, üç...”) ... – və
axırında (s.252): ... Professor balaca sükut etdi (“ bir, iki, üç...”), yenə ayağa
qalxdı (yəni: “çıxışlar kəsildi!”)... Bu teatral (aktyorluq ustalığına işarə!)
“bir-iki-üç” nə saniyədir, nə dəqiqə: məhz
andır! (müq.et: bir an)]
S.230-231: ... “Bizi bura nəyə
yığıblar?.. Teatr düzəldiblər...”
Otaqdakılardan bəzilərinin üzündə
bu “üsyankar” sözlər açıq-aşkar
yazılmışdı; bir-birilə baxışmalarında həmin
“yazılar” əməlli-başlı “oxunurdu”. [NB:
Ayrı-ayrı üzlərdə sözlər yazılır,
bu sözlü üz-gözlərin baxışmasında isə
artıq yazılar (!) əməlli-başlı oxunur! (Romanın leytmotivi də elə Çiçəkli
yazının oxunması deyilmi?)]
S.232-233: Vahid Cavanşirzadə
[Professorun müavini, müşavirədə ilk sözü o
almışdı] ... bütün sonrakı fikir mübadiləsinə...
xüsusi bir ton verdi. Ad
[sabahkı əsas müzakirəyə məruzə ilə
göndəriləcək mütəxəssisin adı] çəkməməsi
isə... bu o qədər vacib deyildi. Başqaları
onsuz da çəkəcək. [Oxucu gərək bilsin:
“xüsusi bir ton verdi” təhkiyəçinin
fikridir, ardınca gələn “ad çəkməməsi isə...
bu o qədər vacib deyildi. – Vahid Cavançirzadənin
(dırnaqlar olmasa da). Sübut? – s.237: Vahid müəllim F.Q-yə “Çiçəkli
yazı” adını mən ilk dəfə Professordan
eşitmişəm” yalanını heç cür
bağışlaya bilmirdi, amma... bunu unutmaq da olardı: “adlar əsas
deyil, mahiyyət əsasdır!”].
S.239-240: ... F.Q.
ətrafdakıların [otaqdakıların] ona him-cimlə “dur
danış, sən də bir nəsə de” səssiz
çağırışlarına... biganə idi. [Bu qanahəris “gənc piranilərə” “qan”
lazım idi.] Vahid müəllim də, Zabitə xanım
da... Ayxanın bu “xunveybinlərə” rəhbər kimi [dərnəkdə]
təyin edilməsini Professorun... uzaqgedişli hərəkəti
kimi... dəyərləndirmişdilər – və bu, həqiqətdən
uzaq deyildi... Piranilərin pərən-pərən düşməsində
elə Ayxan müəllimin amansız məntiqə əsaslanan
sözləri əsas rollardan birini oynadı...
S.241: ... F.Q. İnstitutun
yeraltı sularının hansı səmtə və necə
axdığını... yaxşıca öyrəndi;... münasibətlərin görünməyən
tərəfinə... nüfuz etməyə...
alışdı. Bu cür iclasların ab-havası[nda
(Zabitə xanımın və Vahid müəllimin sözü
olmasın) “bişmişdi”]. O yaxşı bilirdi ki, ... indi susmalı, yalnız Professor [ona]
söz verərsə, danışmalıdır. Gənc pirani
isə... atardı özünü ortaya (... “yuyulmamış
çömçə” kimi), yumardı gözünü,
açardı ağzını... s.243:... buz tamam əridi,
hamı... hərəkətə gəldi... və qibtə [həsəd?
Paxıllıq?] əhvalı
bu həftəbecərdə... əriyib itdi... başında
köhnə havalar qalan keçmiş gənc piranilərin tək-tük
nümayəndələrinin gözündə mübarizə
odunun son qığılcımı da söndü. [NB: buz əridi
– əhval əridi; başında hava – gözündə od...] ... Nəriman müəllim həmişəki
kimi yenə də yersiz-yuvasız özünü
ortalığa dürtmədimi?.. dürtdü!..
S.247: F.Q. Professorun ürəyindən
keçənləri onun baxışlarından
duymadımı?.. duydu!..
Elə IV fəslin sonu da (s.258) belə konstruksiyalar ilə
bitir:... qanı damarlarında
donmamışdımı, donmuşdu.
S.251: – İndi biz,
yoldaşlar, – Zabitə xanım deyirdi, – gəlin
çalışmayaq bizim kimi düşünməyənlərin
ağzına elə o saat bir daş basaq. (Vahid müəllim:
“Oyunun olsun...” yerində qurcuxdu). [NB s.238: – Mən də
F.Q.-nin namizədliyini dəstəkləyirəm. – Vahid müəllim
oturduğu yerdəncə dilləndi... Zabitə
xanım dözmədi. Yenə “oyundan kənar”
qala bilərdi.]
Oxuduqdan sonra
öz-özümə düşünürəm: Nə
güclü şeymiş əsl bədii (poetik) əsər!
Ayxanəli Əkbərə Professoru, Vahidi, Zabitə xanımı
(və bir neçə başqa xanımı), Nəriman
müəllimi yaxından tanımaq üçün onlarla
30-40 il elmi əməkdaşlıq etmək
lazım imiş... Halbuki Kamal Abdulla bir otaqda ikicə saat . [s.251: (iki saata yaxın idi ki, iclas davam
edirdi)] davam edən bir iclasın bədii filmini çəkməklə,
sözlərdən, dırnaqlardan, mötərizələrdən
mahiranə (virtuozno!) istifadə etməklə bu alimlərin
simalarını oxucu Aydın Ələkbərin gözündə
möhtəşəm bir Ahəngdə (v blistatelğnoy
qarmonii) canlandırmışdır! Sonra da Tolstoyun,
Dostoyevskinin psixoloji portretləri boyalarla yaratma
ustalıqlarından dəm vururlar...
Romanın
yazıldığı dildə bütün incəlikləri
(mətnaltı, allüziv, reminissent, simvolik və b.k.)
qavrayıb dərk etmək azərtürk oxucusu
üçün xeyli müşkül olduğu bir halda,
görün, bu romanın ən çox yayılmış
dünya əhəmiyyətli ədəbi dillərə tərcüməsi
necə təsəvvedilməz çətinliklərlə
qarşılaşmış olur! Sətiraltı
tərcümələr yararlığa gəlmir, durğu
işarələri elə bir köməklik edə bilmir, nitq
intonasiyası, deyimin, söyləmin ritmik-melodik quruluşu
bilinmir, çünki işarələnmir və ancaq canlı
dil sahibinə məlumdur. Beləliklə, ədəbi
dilin danışıq dili ilə çarpazlaşmasından
yaranmış fərdi dil-nitq üslubu tərcümədə
itib gedir. Bir sözlə, dünya ədəbiyyatına
qədəm qoymuş yeni bir növ roman özünəməxsus
bədiiliyini bəşəriyyətə faş edə bilmir.
Bir vaxt
Sonda yalnız
onu deyə bilərəm ki, Kamal Abdullanın romanistikadakı
bu şedevri şəxsən mənim özümdə gəncliyimin
kitab oxumaq həvəsini yenidən oyatmış, hətta
(hiss edirəm) yazı tərzimə də güclü təsir
göstərmişdir.
Aydın Ələkbərli
525-ci qəzet.- 2011.- 28 may.- S.16.