“Ən yaxşı ümumtəhsil
məktəbi” müsabiqəsi: 3-cü tura yekun vurulub
Prezidentin “Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında” sərəncamına
uyğun olaraq 2010-2011-ci dərs ilində keçirilən “Ən
yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin
3-cü turu başa çatıb. Bu il “Ən yaxşı
ümumtəhsil məktəbi” müsabiqəsində
iştirak üçün ölkənin əksər bölgələrindən
145 məktəb Təşkilat Komitəsinə müraciət
edib. Bu isə keçən illə müqayisədə 22 məktəb
çoxdur. Onlardan 63-ü Bakının, 82-si digər rayon və
şəhərlərin məktəbləridir. İştirak
üçün sənədləri qəbul edilən məktəblərin
göstəriciləri əvvəlki illərdə olduğu
kimi, 10 ballıq sistem üzrə qiymətləndirilib. Ekspertizanın
nəticələrinə görə, 145 məktəbdən
108-i 2,3–7,8 arasında bal toplayaraq növbəti mərhələdə
iştirak etmək hüququ qazanıb. Onlardan 4 məktəbin
direktoru üzrlü səbəblərdən
üçüncü mərhələdə – təqdimat mərhələsində
iştirak etməyib. Müvafiq qaydalara görə, 104 məktəb
üzrə ikinci mərhələnin nəticələri isə
IX və XI sinif şagirdlərinin yoxlama imtahanlarında fənlər
üzrə əldə etdikləri keyfiyyət faizi əsasında
müəyyənləşdiriləcəkdir. Artıq III turu
başa çatan müsabiqənin hər üç mərhələsinin
nəticələrinə Təşkilat Komitəsində
baxılaraq qalib olan 47 ümumtəhsil məktəbi müəyyən
ediləcək. “Ən yaxşı ümumtəhsil məktəbi”
müsabiqəsinin 3 qalibi isə ötən illərdə
olduğu kimi, Naxçıvan Muxtar Respublikasının tədris
ocaqları arasından seçiləcək.
Təhsil naziri Misir Mərdanovun
sözlərinə görə, müsabiqənin keçirilməsində
başlıca məqsəd innovativ təhsil proqramlarının
tətbiqi ilə təlim-tərbiyə sahəsində
uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə
görə fərqlənən ümumtəhsil məktəblərini
müəyyən etməkdir. Həmçinin yaradıcı
pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini ölkə
miqyasında geniş yaymaq, təhsil müəssisələri
arasında yenilikçilik uğrunda sağlam rəqabətin
güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin,
valideynlərin, xeyriyyəçi iş adamlarının,
biznes qurumlarının diqqətini ümumtəhsil məktəblərinin
inkişafı ilə bağlı məsələlərə
fəal cəlb etməkdən ibarətdir. Nazirin sözlərinə
görə, müsabiqə hər tədris ili üzrə Təhsil
Nazirliyi tərəfindən keçirilir.
Müsabiqədə bu qaydaların 2-ci bölməsi ilə müəyyən edilmiş şərtlərə cavab verən hər bir ümumtəhsil məktəbi iştirak edə bilər. Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi tərəfindən həyata keçirilir: “Təşkilat komitəsinin tərkibinə beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilə bilərlər. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat komitəsi tərəfindən müəyyən edilir.
Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Təhsil Nazirliyi tərəfindən apelyasiya komissiyası yaradılır”. Təhsil nazirinin dediyinə görə, müsabiqədə iştirak etmək istəyən ümumtəhsil məktəbləri müəyyən şərtlərə cavab verməlidir. Belə ki, müsabiqəyə qatılmaq arzusunda olan ümumtəhsil məktəbinin son üç ildə məzunlarının ali məktəblərə qəbul faizin yüksək olmalıdır. Son üç ildə ali məktəblərə qəbul imtahanlarında məzunlarının yüksək bal toplamalı, müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirak etməli, respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutmalıdır. Eyni zamanda, ali təhsilli müəllimlərinin faizinin yüksək olmalı, ümumtəhsil məktəbinin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin səviyyəsi aşağı olmamalıdır. Təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməli, ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfindən, o cümlədən təhsilalanlar arasında aparılan sorğularda ümumtəhsil məktəbi haqqında müsbət mülahizə, rəylər irəli sürülməməlidir. M.Mərdanov bildirib ki, müsabiqə üç mərhələdə keçirilir.
Müsabiqənin mərhələlər üzrə keçirilmə müddətləri hər il üçün Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
Birinci mərhələdə iddiaçı ümumtəhsil məktəblərinin rəhbərləri müsabiqədə iştirak etmək barədə ərizə ilə müvafiq rayon (şəhər) təhsil şöbələrinə müraciət edirlər. Bu Qaydaların 2-ci bölməsində nəzərdə tutulmuş şərtləri təsdiq edən sənədlər ərizəyə qoşma kimi əlavə olunur. Ərizə müvafiq rayon (şəhər) təhsil şöbəsi tərəfindən qeydiyyata alınır və ümumtəhsil məktəbinin fəaliyyətinin bu Qaydaların 2-ci bölməsində müəyyən olunmuş şərtlərə uyğunluğunu təsdiq edən aşağıdakı sənədlər Təşkilat komitəsinə göndərilir. Ümumtəhsil məktəbinin müsabiqədə iştirakının irəli sürülməsi barədə müvafiq rayon (şəhər) təhsil şöbəsinin təqdimatı, müsabiqədə iştirak etmək üçün əsas olan şərtlərə uyğun ümumtəhsil məktəbinin göstəriciləri: “Bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdən sonra müvafiq rayon (şəhər) təhsil şöbəsi tərəfindən bu Qaydaların 3.4-cü bəndinə uyğun olaraq Təşkilat komitəsinə təqdim edilən sənədlər qəbul edilmir. Təqdim edilən sənədlərin ekspertizasını Təşkilat komitəsi tərəfindən təhsil sahəsində nüfuzlu mütəxəssislər, təhsilin idarə olunması üzrə təcrübəli işçilər, müsabiqə materiallarının qiymətləndirilməsində səriştəsi olan şəxslər daxil edilməklə yaradılan ekspert qrupu (qrupları) həyata keçirir. Təqdim edilən sənədlərin ekspertizası prosesində meydana çıxan, ümumtəhsil məktəbinin əhəmiyyətli göstəriciləri hesab oluna biləcək xüsusi hallar da nəzərə alınmaqla, ümumtəhsil məktəbinin iştirak üçün müəyyən olunmuş şərtləri hansı səviyyədə ödəməsi ayrılıqda müvafiq balla qiymətləndirilir”. Nazir qeyd edib ki, ekspertizanın yekununa görə daha çox bal toplamış ümumtəhsil məktəbləri ekspert qrupunun təqdimatı əsasında Təşkilat komitəsinin qərarı ilə ikinci mərhələyə buraxılırlar. Müsabiqənin ikinci mərhələsi yerlərdə təşkil edilir. Bu mərhələdə iştirakçı məktəblərin IX və XI sinif şagirdlərinin bilik səviyyəsi hər il Təşkilat komitəsinin müəyyən etdiyi fənlər üzrə xüsusi testlər vasitəsilə yoxlanılır. Testlərin hazırlanmasını, yoxlamaların keçirilməsini və nəticələrin qiymətləndirilməsini həmin məqsədlə Təşkilat komitəsi tərəfindən yaradılmış ekspert qrupları həyata keçirirlər. Bu mərhələnin yekunları barədə ekspert qrupları tərəfindən bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdə Təşkilat komitəsinə hesabat təqdim edilir. Müsabiqənin üçüncü mərhələsi bilavasitə Təşkilat komitəsi tərəfindən keçirilir.
Bu mərhələnin iştirakçısı olan ümumtəhsil məktəbləri müsabiqədə 3-5 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil edilə bilərlər. Üçüncü mərhələdə iştirakçı məktəbin rəhbəri ümumtəhsil məktəbinin fəaliyyəti barədə 10 dəqiqəlik təqdimatla çıxış edir və verilən suallara cavab verir. Təşkilat komitəsinin hər bir üzvü təqdimatı fərdi qaydada qiymətləndirir. Yekun qiymətləndirmə balı isə aparılan ümumi müzakirənin nəticəsinə görə müəyyən edilir: “Təqdimatın qiymətləndirilməsi zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır: təqdimat üçün maraqlı və orijinal formanın seçilməsi, təqdimatın tamlığı və zəruri məsələləri əhatə etməsi, ümumtəhsil məktəbinin inkişafyönümlü fəaliyyətinin, yaradıcı iş üslubunun, informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsinin real faktlarla diqqətə çatdırılması, suallara cavabların əsaslandırılmış və inandırıcı xarakter daşıması, ümumtəhsil məktəbini təmsil edən nümayəndə heyətinin vahid məqsəd ətrafında birlik nümayiş etdirməsi, ümumtəhsil məktəbinin fəaliyyətinin perspektivləri və yaxın 3 ildə gözlənilən nəticələri haqqında aydın təsəvvürlərin yaradılması”. M.Mərdanovun sözlərinə əsasən, təşkilat komitəsi tərəfindən zonalar üzrə müsabiqə qaliblərinin seçilməsi üçün ümumtəhsil məktəblərinin say nisbəti nəzərə alınmaqla kvotalar müəyyənləşdirilir. Təşkilat komitəsi hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox bal toplamış 50 ümumtəhsil məktəbini seçir və müsabiqənin yekununu müvafiq aktla rəsmiləşdirir. Müsabiqədən müvəffəqiyyətlə keçmiş ümumtəhsil məktəblərinin siyahısı, müsabiqənin yekunlarına dair əsaslandırılmış arayış əlavə edilməklə, Təhsil Nazirliyi tərəfindən Prezidentinin İcra Aparatına təqdim edilir. Təhsil Nazirliyi zərurət yarandıqda müsabiqənin keçirilməsi ilə bağlı zəruri sənədləri (məlumatları) Prezidentinin İcra Aparatına təqdim etməlidir: “Hər tədris ili üzrə müsabiqədən müvəffəqiyyətlə keçən ümumtəhsil məktəbləri prezidentin müvafiq sərəncamı ilə ən yaxşı ümumtəhsil məktəbi mükafatı ilə mükafatlandırılırlar.
Ən yaxşı ümumtəhsil məktəbi mükafatı ilə mükafatlandırılmış ümumtəhsil məktəbi mükafatlandırıldığı tədris ilindən 4 il keçdikdən sonra müsabiqədə təkrar iştirak edə bilər. Ümumtəhsil məktəblərinə verilmiş mükafatlar məktəb şurasının qərarı ilə aşağıdakı istiqamətlər üzrə xərclənə bilər: laboratoriya, kompyuter və idman avadanlığının alınması, informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, istedadlı şagirdlərə və işdə fərqlənən müəllimlərə mükafatların verilməsi, inkişafyönümlü layihə və proqramların hazırlanması, elektron tədris vəsaitlərinin, elmi-metodik ədəbiyyatların alınması, innovativ təhsil proqramlarında iştirak üçün xarici ölkələrə ezamiyyələrin təşkili. Ümumtəhsil məktəbləri verilmiş mükafatlardan tam istifadə edildikdən sonra xərc barədə hesabatı nazirlik tərəfindən müəyyən olunan formada Təhsil Nazirliyinə təqdim edirlər”.
M.Mərdanov əlavə edib ki, prezident İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq müsabiqə əsasında seçilən 50 ən yaxşı ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılır: “”Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi zamanı Təhsil Nazirliyi tərəfindən obyektivlik və şəffaflıq qorunur. Bu səbəbdən də hər il müsabiqə iştirakçılarının sayında artım müşahidə edilir”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 28 may.- S.14.