Azərbaycan istiqlalının
93-cü ildönümü
Azərbaycan milli istiqlalı mübarizəsi xalqımızın uzun illər boyu yürütdüyü Azərbaycan davasının, azad və müstəqil yaşam uğrundakı mücadiləsinin məntiqi davamıdır. Azərbaycan xalqı uzun illər boyu Rus istibdadına qarşı əzm və cəsarətlə mücadilə edib. Bu mücadilə tarixi inkişaf prosesi boyunca davam edib və müxtəlif mərhələlərdən keçib. Hələ ötən əsrin əvvəllərindən – Azərbaycan torpaqlarının hissə-hissə çar Rusiyası tərəfindən işğalından başlayaraq xalqımız çətin və ağır sınaq qarşısında qalıb.
Belə qənaətə gəlinir ki, xalqın oyanışında, yeni siyasi dərkinin yaranmasında açıq fikirli, geniş düşüncəli şəxsiyyətlərimizin də böyük rolu olub. Xalqı gerilik və cəhalət girdabından xilasa çalışan bu adamlar onun mübarizə əzminin və bacarığının güclənməsinə ciddi təkan veriblər.
Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə “Azərbaycan davası” məqaləsində yazırdı: “Tarixdə fikirlərin əhəmiyyəti var, şəxslərin isə heç bir dəyəri yoxmudur? Əlbəttə vardır. Fəqət bu dəyər şəxslərin fikirlərə sədaqətləri və fikir sahiblərinə bağlılıqları nisbətindədir. Bu sədaqət və bağlılığın şəkil və dərəcəsi ancaq bir şəxsi bir şəxsiyyət mərtəbəsinə ucaldır. Tarixdə dəyər və əhəmiyyət kəsb edən şəxslər, işdə, müəyyən bir fikir cərəyanlarına və nümayəndələrinə bağlanan, onlara simvol olan şəxsiyyətlərdir”. Qeyd edək ki, Azərbaycanın tanınmış dövlət xadimi M. Ə. Rəsulzadə də bütün fəaliyyəti dövründə Azərbaycan milli istiqlal mübarizəsinin ilhamçısı və təkanverici qüvvəsinə çevrildi. Uzun illər Azərbaycan mühitində milləti istibdad rejimindən xilasa çalışan şəxsiyyətlərimiz olsa da, M. Ə. Rəsulzadə İstiqlal mübarizəmizin çoxillik tarixi olduğunu müəyyənləşdirmiş, milli hərəkatın xarakterini aydınlaşdırmışdır. M. Ə. Rəsulzadəyə görə Azərbaycanın İstiqlal mübarizəsinin məzmun və prinsipləri aşağıdakı qaydalar üzrə formalaşıb və bu istiqamətlərdə də araşdırılmalıdır:
I – Azərbaycan Milli İstiqlal mübarizəsi
çoxillik tarixə malikdir;
II – ideoloji mənşəyi
etibarı ilə milli Azərbaycan hərəkatı, Şərqdəki
milli qurtuluş ideyaları ilə Qərbdəki kültür
və demokratiya cərəyanlarını özündə
birləşdirən bir hərəkatdır;
III – Azərbaycan milli istiqlal
mübarizəsi ayrı-ayrı adamların həyatı və
adı ilə ölçülə bilməz; bu mübarizənin
böyük fikir qurucuları və bu ideyaya bütün fəaliyyətləri
ilə bağlanmış şəxsiyyətləri var;
IV – yaxın keçmişi,
ideya və şəxsiyyətləri inkar etmək Azərbaycan
milli istiqlal mübarizəsinin əhəmiyyətini azaltmaq deməkdir;
V- Azərbaycan milli istiqlal
mübarizəsində şəxslərin mövqe və
nüfuzu, əsas ideologiyaya göstərdikləri sədaqət,
bağlılıq və xidmətləri ilə mütənasibdir.
Bu mənada, Azərbaycan
milli istiqlal mübarizəsi tarixində M. Ə. Rəsulzadənin
xüsusi yeri var. Azərbaycan İstiqlalının elan edilməsinin
93-cü ildönümündə M. Ə. Rəsulzadənin
“Azərbaycan İstiqlalının elanı”
yazısının oxuculara təqdim edirik.
Məhəmməd Əmin Rəsulzadə: Azərbaycan
istiqlalının elanı
Bundan 35 il əvvəl, Azərbaycan
Milli Şurası Azərbaycan Cümhuriyyətinin
istiqlalını bütün dünyaya elan etdi.
O tarixə qədər
milliyyət olaraq varlığını sübut
üçün mücadilə edən Azərbaycan xalqı
bu tarixdən etibarən, millət olaraq, bir dövlət qurdu
və bu dövlətin müstəqil yaşaması
uğrunda bütün mövcudiyyəti ilə mücadilə
meydanına atıldı. Mədəni böyük bir ənənəyə
malik olan Azərbaycan siyasət sahəsində də
böyük və dəyərli nümunələr göstərmişdi.
İstiqlal uğrunda yapılan tarixi savaşların ən
qanlısı XIX yüz yıl başlarında Rusiyaya
qarşı yapılmışdır. Uzun müddət davam edən
bu savaş qəhrəmanlıqlarla doludur. Bunlardan Cavad xanın
1804-də Gəncədəki şanlı qazası dillərdə
dastandır. Onun “Ölmək var, dönmək yoxdur!” deyə
nəsildən-nəsilə nəql olunan sözü həqiqi
vətənsevənlərin təqdir etdikləri ən müqəddəs
bir şüardır.
28 May 1918-də
istiqlalını elan etməklə, Azərbaycan, tarixinin təbii
bir nəticəsini fikirdən işə keçirirdü.
Eyni zamanda o, zəmanəyə hakim olan rəis Vilson
şüarından istifadə edirdi - “Hər millət öz
müqəddəratını bizzat həll etmək haqq və
səlahiyyətindədi” düsturunca xalqın ümumi rəyinə
əsaslanaraq, istiqlal elan edirdi.
İstiqlal elanı üzərinə
qurulan Milli Azərbaycan hökuməti az zamanda məmləkətdə
çox böyük işlər gördü. Yüz ildən
bəri əsgərlikdən məhrum edilən Azərbaycanda
bir ordu yarandı. Çarlıq zamanında dövlət idarəsinə
yaxın buraxılmayan azərbaycanlılardan zabıtə və
əmniyyət qüvvələri təşkil etdi. Sosial həyatda
əsaslı islahata girişdi: kəndlilərə torpaq vermək
üzrə qanunlar hazırladı. İşçilərin
haqlarını qorumaq məqsədi ilə tədbirlər
aldı. Xalq ana dilində oxutmağa başladı.
Türkçəni dövlətin rəsmi dili elan etdi. Orta və
ali məktəblər açdı. Qərbi Avropa
demokratiyası misalında, xalq tərəfindən
seçilmiş parlamentə qarşı məsum bir hökumət
üsul idarəsi yaratdı. Hakimiyyət tamamilə millətin
əlində idi. Milli Məclisdən etimad almadıqca
heç bir hökumət iş başında qalmazdı. Məmləkətdə
tam bit hürriyyət vardı. Terror deyilən şeydən
heç bir əsər yoxdu. Şəxslər də, məskənlər
də azadlıqda idi. Vətənin qapıları
bütün dünyaya açıqdı. Qonşular və
Avropa dövlətləri ilə dostluq münasibətləri
təsis edilmişdi. Bütün məmləkətlərlə
ticari münasibətlər var idi.
Bütün bunların nəticəsində
Cümhuriyyətin istiqlalı, Avropa dövlətləri ilə
birləşik Amerika tərəfindən tanındı.
Bunları təqribən böyük-kiçik bir çox
dövlətlər də istiqlalımızı
tanıdılar.
Türk və Müsəlman
dünyasında ilk dəfə olaraq təşkil olunan bu
Cümhuriyyəti tanıyanlar arasında qardaş qonşu məmləkətlər-
Türkiyə ilə İran vardı. Bunlarla Cümhuriyyət
arasında dostluq və qardaşlıq nümunələri
imza olundu. Hələ Türkiyənin istiqlalımızın
qorunmasında oynadığı fəal rol ayrıca əyani
qeyd və şükrandır.
12 yanvar 1920-də
Cümhuriyyət istiqlalının dövlət tərəfindən
tanınmasını Azərbaycan xalqı candan bayram
etmişdi. Bu həqiqətən də böyük bir
gündür. Bu gündən etibarən Azərbaycan davası
Rusiyanın bir iç məsələsi olmaqdan
çıxmış millətlərarası bir məsələ
olmuşdu.
Mədəniyyət
tariximizin şanlı fikir adamları tərəfindən
alqışlanan hürriyyət və istiqlal fikirləri bu
tarixdən etibarən məmləkətimizdə felən yerləşir
və bu, irəli dünya demokratiyası tərəfindən
də təqdirlə qarşılanırdı. Yüz ıildən
bəri üstümüzə çökən istibdad və
istila kölgəsi artıq bizdən uzaqlaşırdı.
Heyhat, zalımın
sınaqları tamam deyilmiş. Qanlı çar
istibdadının yerini bu dəfə ondan daha qanlı
bolşevik istibdadı tutdu. Doğma hürriyyət və
istiqlalımız qızıl istila çətələrinin
çəkmələri altında çeynəndi. Bu təcavüz
və vəhşətə qarşı gələn məmləkətdə
qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl,
Sovet təbliğatçıları 27 Apreldə baş verən
istila hadisəsini həyasızca bir hürriyyət və
istiqlal hadisəsi kimi göstərdilər. Onların, sözdə
dünyanın ən hür və demokratik rejimi kimi təsvir
olunan Sovet quruluşu işdə ən qəddar və ən
yalançı bir istibdad rejimidir.
Azərbaycan və onunla
birlikdə bütün Qafqaz Cümhuriyyətləri həqiqi
hürriyyət və istiqlallarına 1918-in Mayında
qovuşdu. 1920-də isə bu hürriyyət və istiqlal
qızıl Rus ordusu tərəfindən üstün qüvvələrlə
qanla və atəşlə basdırıldı. Faciələr
və qəhrəmanlıqlarla dolu olan mücadilədə on
minlərlə vətəndaş şəhid oldu.
1920 istiqlalına
qarşı 1918 istiqlal haqqını müdafiə edən
Qafqaz millətləri indi 33 ildir ki, türlü vasitələrlə
mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər
alan bu mücadilədə, vaxtı ilə yalançı
kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar
belə bu gün həqiqi millətçilər və vətənpərvərlər
cəbhəsinə keçmişlərdir.
Yabançı istilası üzərinə əcnəbi məmləkətlər sığınmış bulunan Qafqaziyanın milli istiqlal davasını mədəni dünya əfkarı ümumiyyəsinə anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan burada danışmağın yeri deyildir. Bu qədər demək lazımdır ki, Sovetlərdə kommunist rejiminə düşən millətləri hər türlü haqq və hüquqdan məhrum kölələrdən ibarət topluluqlar halına gəldiyini, hür dünyaya anlatmaq çox çətin olmamışdır. Şükür ki, hadisələr bizə yardım edir; dünya Sovet həqiqətini görməyə başlayır. Səkkiz ildən bəri hərbi bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, hürriyyəti və insan haqlarını inkar edən kommunistlər böyük bir dövlət halında ayaqda durduqca dünyanı inqlab atəşi ilə yaxmaq için körüklədikcə yer üzündə heç bir zaman sülh və asayiş qurulmayacaqdır.
Hürriyyət cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət tək qalınca dünya həqiqi hürriyyət və əmniyyət üzü görməyəcəkdir.
1918 mayısındakı tarixi qərarlarıyla hürriyyət sevən birləşmiş millətlər cəbhəsində yer alan Qafqaziya millətlərinin müqəddəratları, hür millətlərin müqəddəratlarıyla bağlanmışdır.
“Rusiyadan ayrılmamın bir irtica, başqalarından ayrılmanın isə bir inqilab” olduğunu söyləyən iki üzlü Sovet diktatörü Stalin ölmüşsə də qurduğu iki üzlü sistem – stalinizm qalmaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri ilə daha çox toqquşmaqda, haqq ilə batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parlayacaq, hürriyyət siyasəti Birləşmiş Millətlər prinsipini və insan haqlarını iltizam edən tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-ci ilin Mayında olduğu kimi, yenidən doğacaqdır. Buna qətiyyən şübhə etmirik!..
Nəsiman Yaqublu,
Tarix elmləri namizədi
“Birləşik Qafqasya” jurnalı, 1953cü il, May,N 5
(22).Almaniya, Münhen.
525-ci qəzet.- 2011.- 28 may.- S.11.