“Türkiyə-Rusiya münasibətlərində
Azərbaycan məsələsi” adlı kitabın təqdimatı
keçirilib
Dünən Azərbaycan
Universitetində tarixçi alim Vasif Qafarovun Azərbaycan Xalq
Cümhuriyyəti dövrünə həsr olunan və yeni
çapdan çıxan “Türkiyə-Rusiya münasibətlərində
Azərbaycan məsələsi (1917-1922)” adlı
kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə
çıxış edən tarixçi alim Xaləddin
İbrahimli ötən əsrin əvvəllərində
yaranmış Azərbaycan Xalq Cümhuriyyəti barədə
danışaraq bildirib ki, bu, ölkəmizin uzun illər əsarətdən
sonra əldə etdiyi ən böyük uğurdur. Onun
sözlərinə görə, Azərbaycanda tarixən
müxtəlif güclü dövlətlər olub, lakin 1918-ci
ildə yaradılmış demokratik dövlət onlardan
seçilib: “Bu cümhuriyyət sözün həqiqi mənasında
xalqın istəyilə qurulmuşdu və Məhəmməd Əmin
Rəsulzadə bu məqamı hər zaman
vurğulamışdı. Cəmi 23 ay yaşayan Cümhuriyyət
dönəmində əsası qoyulan bir sıra məsələləri
hətta sovetlər də tanımağa məcbur oldu. Təsadüfi
deyil ki, Azərbaycan ikinci dəfə müstəqilliyini əldə
edərkən özünü 1918-ci ildə qurulmuş
Cümhuriyyətin varisi elan etdi”.
Professor Cəbi Bəhramov “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922)” adlı kitabda müəllif tərəfindən bir çox məsələlərə aydınlıq gətirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, kitabda Azərbaycan tarixinin o dövrə aid həqiqətləri geniş əks olunub: “Müəllifin bu kitabının hər fəslini oxumuşam və bir çox insana da bu kitabı istinad verərək oxumalarını tövsiyə etmişəm ki, vaxtilə buraxılan səhvlər təkrarlanmasın. Çünki ermənilər nə qədər ki, Azərbaycanın qonşuluğundadır, bizim millətə dinclik yoxdur. Tarixə nəzər salsaq görərik ki, hər zaman ermənilər bizə qarşı kin və nifrət yanaşıb, torpaqlarımızı ələ keçiriblər. Bu kitabda fikirləri yer alan Ənvər Paşanın dediyi kimi, çibanı kökündən çıxartmaq lazımdır”.
Kitabın müəllifi, tarix elmləri üzrə fəlsəfə doktoru V.Qafarov bildirib ki, kitab Azərbaycan tarixinin olduqca mürəkkəb, ziddiyyətli və eyni zamanda maraqlı bir dövrü əhatə edir. Onun sözlərinə görə, 1917-1922-ci illərdə Türkiyə-Rusiya münasibətlərinin düyün nöqtəsinə çevrilən “Azərbaycan məsələsi” regionda və bütövlükdə beynəlxalq münasibətlərdə cərəyan edən hadisə və proseslər fonunda tədqiq edilib: “Həmçinin kitabda Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaranması, Naxçıvanın statusunun müəyyən edilməsi, Bakı nefti uğrunda mübarizə və digər məsələlər yeni arxiv sənədləri əsasında kompleks şəkildə araşdırılıb”.
BƏXTİYAR
525-ci qəzet.- 2011.- 28 may.- S.8.