ÇAĞDAŞ KİNODA
YENİ İDEYALAR: LAYİHƏDƏN REALLIĞA
(Bugünlərdə Qazaxıstanın Almatı şəhərində
başa çatmış “Bastau” Beynəlxalq Kino Festivalı
barəsində etüd-düşüncələr)
Azərbaycan kino sənəti
yarandığı ilk dövrlərdən etibarən milli təfəkkürün
inkişafına xidmət mövqeyində dayanmış, sənətin
geniş mənəvi imkanlarını təcəssüm etdirərək
varlığımızın çox mühüm,
özündə milli hisslər yaşadan mədəni tərkib
hissəsinə çevrilmişdir. XIX əsrin sonlarında
Bakıda və ətrafında çəkilmiş xronika
xarakterli bir neçə kiçik lenti nəzərə
almasaq, Azərbaycan kinosu demək olar ki, öz
yaranışından üzü bəri sırf milli zəmində
inkişaf etmiş, kadrlarda bol etnik kolorit nümayiş
etdirmiş, xalq həyatının parlaq lövhələrini
canlandırmışdır.
Digər incəsənət sahələri
kimi, kinonun da cəmiyyət qarşısında məramları
yüksəkdir. Biz fəxr edirik ki, Azərbaycan kinosu
mövcud olduğu onilliklər ərzində məhz öz
xalqına – Azərbaycan xalqına xidmət etmişdir. Azərbaycan
kinosu Azərbaycan xalqının həyatının, məişətinin,
varlığının güzgüsüdür desək,
yanılmarıq. Bu unikal sənətin təsiri altında bir
neçə nəsil yetişmişdir. Azərbaycan kinosunun
müdrik aforizmləri, maraqlı ifadələri, incə
yumorla aşılanmış duzlu atmacaları çoxumuzun
dilində demək olar ki, hər gün işlənir. Bu
gün Azərbaycan kinosunun problemləri haqqında çox
danışılır. Daha çox maliyyə
çatışmazlığından, yeni dövrdə yeni tələblərin
meydana gəlməsindən, illərlə
formalaşmış təfəkkür tərzi ilə yeni
baxış bucağı arasında əmələ gəlmiş
uyğunsuzluqlardan söhbət açılır.
Əlbəttə,
yaşadığımız dövrdə bu deyilənlərin
əksəriyyətinin müəyyən obyektiv səbəbləri,
kökləri vardır ki, bunu da inkar etmək olmaz. Lakin
bütün bunlarla yanaşı, onu da qeyd etmək
lazımdır ki, ötən dövrlərlə, xüsusən
yola saldığımız əsrin 90-cı illəri ilə
müqayisədə bu gün kinomuzda ciddi bir irəliləyiş
müşahidə edilməkdədir. Həm də bu, təkcə
kinoya deyil, mədəniyyətimizin əksər sahələrinə
aiddir. Dövlət başçımızın mədəniyyətin
bütün sahələri ilə bağlı verdiyi sərəncamlar,
elm və incəsənət xadimlərinə göstərilən
qayğı bu inkişafın bariz təzahür
formalarıdır. Bütün bunlar Azərbaycan hökumətinin,
dövlətimizin məqsədyönlü, ardıcıl siyasətinin
bəhrəsidir və biz bunu gündən-günə daha
artıq hiss edirik. Əlbəttə, kinodan söz salarkən
kino təhsilini və bununla bağlı olan müxtəlif məqamları,
problemləri də unutmaq olmaz. Kino sənəti öz
başlanğıcını ixtisas təhsilindən alır.
Elə buna görə də,
kinonun ixtisas təhsili möhkəm dayaqlar üzərində
dayanmalı, peşəkarlığı, geniş
yaradıcı potensialı, həm də müasirliyi,
müvafiq imkanları ilə seçilməlidir. Azərbaycanda
kino təhsili yalnız bizim universitetin – Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
adı ilə bağlıdır. İstər kino, istərsə
də bir çox digər mədəniyyət
ixtisaslarının yalnız bizdə olması
baxımından universitetimiz Azərbaycanda yeganə ali təhsil
ocağıdır. Burada bilavasitə kino ixtisasları ilə
yanaşı (belə ixtisaslara kino rejissoru, kino operatoru, kino
aktyoru, həmçinin kino və televiziya rəssamı, kino tənqidçisi,
kinoşünas, ssenarist və s. daxildir), incəsənətin
digər sahələri üzrə də mütəxəssis
hazırlığı aparılır ki, bunlardan teatr aktyoru,
baletmeyster, mədəniyyət meneceri, kulturoloq,
muzeyşünas və başqalarını qeyd etmək
mümkündür. Kino rejissoru ixtisası üzrə təhsil
alan tələbələrimiz bir çox sənətkarlıq
uğurlarına imza atmış, nüfuzlu beynəlxalq kino
festivallarında müxtəlif nominasiyalar üzrə
mükafatlar almışlar. Təkcə elə son illərdə
tələbələrimiz Beynəlxalq Berlin Kino
Festivalında, “Kinotavr”da, Beynəlxalq Cənubi Qafqaz “Yol
ayrıcında” Kino Festivalında və daha bir neçəsində
mükafatlar əldə etmişlər. Universitetimiz müxtəlif
ölkələrin yaradıcı ali məktəbləri ilə
əlaqə saxlayır və bizi tez-tez beynəlxalq tədbirlərə
dəvət edirlər. Cari ilin may ayında qonşu Türkiyə
və Gürcüstanda keçiriləcək tələbə
festivallarına dəvət almışıq və orada
iştirak etmək niyyətindəyik. Artıq
Gürcüstanda, Tbilisidə keçiriləcək “Amirani”
Beynəlxalq festivalında nümayiş etdiriləcək film
final mərhələsindən keçmişdir. Bu,
universitetimizin kino rejissorluğu ixtisası üzrə təhsil
alan IV kurs tələbəsi Rəşad Səmədovun
“Dream” (Yuxu) filmidir. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin tələbələrinin
beynəlxalq miqyasdakı yaradıcılıq uğurları
göz önündədir. Əlbəttə, bu nailiyyətin
qazanılmasında bizim professor-müəllim heyətinin –
respublikanın tanınmış kino rejissorlarının,
aktyorların, tənqidçilərin rolu böyükdür.
Orasını da vurğulamaq istərdim ki, bu gün
universitetimizin maddi-texniki imkanları heç də arzuolunan səviyyədə
deyil. Bu cəhət, tələbələrimizin böyük
nailiyyətlər əldə etdiyi kino yaradıcılığında
özünü daha kəskin şəkildə büruzə
verir. Universitetimizin tədris kino studiyası yoxdur, halbuki biz
respublikamızda kino təhsili ilə bağlı yeganə
müəssisəyik. Həm də iş təkcə bununla
bitmir. Bizim müasir kino avadanlıqlarımız, montaj
studiyamız, yardımçı laboratoriyalarımız da
yoxdur, səsyazma studiyamız isə vaxtı keçmiş
avadanlıqla işləyir. Tələbə və müəllimlərimizin
tez-tez dəvət olunduğu Rusiya, Qazaxıstan,
Gürcüstan, Türkiyə, İran kimi ölkələrin
bədii məktəblərində maddi-texniki təchizat
yüksək səviyyədədir. İnkişaf etmiş Qərb
təhsil məkanından, onun böyük imkanlarından isə
heç danışmağa dəyməz. Lakin bu az imkanlarla
biz çalışırıq ki, Azərbaycan mədəniyyəti
və incəsənətini dünyada tanıdaq. Dünya
miqyasına mükafatlar əldə edən və yaddaqalan tələbə
filmləri çıxarırıq. Tələbələrimizin
uğurları buna ən bariz nümunədir. Universitetimizin
kino potensialından danışarkən nəzəri fəaliyyət
sahələrini də unutmaq olmaz.
Bəlli olduğu kimi,
universitetimiz bədii yaradıcılıqla yanaşı, elmi
yaradıcılıq sahəsində də hərtərəfli
iş aparır. Universitetin sənətşünaslıq
fakültəsində kinoşünaslıq, kino tənqidi,
ssenari yaradıcılığı kimi ixtisas qrupları fəaliyyət
göstərir. Bu, kinoşünaslığın
inkişafı baxımından çox vacibdir. Çünki
digər yaradıcı sahələr kimi, kino sənəti də
hər zaman öyrənilməyə, təhlil olunmağa, cəmiyyətdə
təbliğ olunmağa, mətbuatda, efir və ekran məkanında
işıqlandırılmağa, sağlam tənqidə,
şərhə möhtacdır. Çünki bunsuz sənətdə
inkişaf ola bilməz. Sənətkar öz fəaliyyətinə
ictimai münasibəti görmədən, işinin təhlilini,
təfsirini duymadan, çatışmazlıqları göstərilmədən
inkişaf edə bilmir. Əslində elə kino tənqidinin və
ümumən kinoşünaslığın
qarşısında duran əsas məqsədlərdən biri
də sənətin inkişafına yardım etməkdən,
onu istiqamətləndirməkdən ibarətdir. Universitetimizin
kinematoqraf ilə bağlı nəzəri ixtisas qruplarında
məhz bu sahədə iş aparılır. Biz eyni zamanda həm
sabahın aktyor və rejissorlarını, həm də
onların sənətini təhlil və təbliğ edəcək
mütəxəssisləri ərsəyə gətiririk. Burada
təcrübi və nəzəri meyarlar birləşir və
ciddi sənət ahənginə köklənən,
ardıcıllıq həlqəsi heç yerdə
qırılmayan münbit tədris mühiti,
yaradıcılıq aurası yaranır. Universitetimizin əldə
etdiyi tədris nailiyyətlərinin bir ucu da məhz bu
qarşılıqlı bağlılıq prinsipi ilə əlaqədardır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində Azərbaycan kinoşünaslıq elminin
aparıcı potensialı cəmləşmişdir.
Respublikamızda kinoşünaslıq sahəsində
aparılan ciddi elmi tədqiqatların böyük əksəriyyəti
universitetimizin payına düşür. Xarakterik haldır ki,
kino tarixi sahəsində ixtisaslaşan mütəxəssislərimiz
Azərbaycan kinosu ilə yanaşı, dünya və o
cümlədən qardaş türk xalqları kino sənəti
mövzularına da müraciət edirlər. Bu isə ölkəmizin
digər ölkələrlə mədəniyyət, elm və
təhsil sahələrində qarşılıqlı
münasibətlərinin xeyli intensivləşməsinə
yardım göstərir. Bu yaxınlarda Qazaxıstanın
böyük şəhərlərindən olan Almatıda
keçirilən möhtəşəm “Bastau” Beynəlxalq
Kino Festivalının da əsas məqsədlərindən
biri kino sənətinin geniş imkanlarını bir daha
nümayiş etdirmək, kino vasitəsilə
yaşadığımız mürəkkəb dövrdə
etnoslararası münasibətlərin möhkəmlənməsinə,
mədəniyyətlərin çarpazlaşmasına nail olmaq
idi. Bu Beynəlxalq Kinofestival 22-26 aprel tarixində
keçirildi və insanların yaddaşında mədəniyyətlərin
anlaşması rəmzlərindən biri kimi qaldı.
“Bastau” Beynəlxalq Kino
Festivalının tərkibi müxtəlif ölkələrin
səlahiyyətli nümayəndələrindən ibarət
olan Memorandum çərçivəsində reallaşdı. Bu
Memorandum geniş ictimai-mədəni layihəni əhatə
edir və mütəmadi olaraq Beynəlxalq Kino Festivalları
keçirilməsini nəzərdə tutur. Memorandum
“Aparıcı kino məktəblərinin assosiasiya yaratmaq məqsədilə
əməkdaşlıq etməsi” iş planı çərçivəsində
fəaliyyət göstərir. “Bastau” kinofestivalı ilk
növbədə gənclərlə bağlı olan bir layihədir;
ona görə də festivala əsasən gənc rejissor və
operatorlar, tələbə kontingenti qatılmışdı. Elə
bununla bağlı olaraq Memorandumun əsas rəhbər
orqanı – Rektorlar Şurası bədii təmayüllü,
tanınmış ali məktəb rəhbərləri tərəfindən
seçilmişdi. Rektorlar Şurasına Azərbaycan tərəfindən
mən daxil idim. Şuranın beynəlxalq tərkibinə
Memar Sinan Universitetinin rektoru Yalçın Karayagiz (Türkiyə),
Nyu-York Kino Akademiyasının direktoru Den Makler (ABŞ), ənənəvi
olaraq daha çox VQİK adı ilə tanınan Ümumrusiya
Dövlət Kino İnstitutunun rektoru Vladimir Sergeyeviç
Malışev (Rusiya), “Manas” Qırğız-Türk
Universitetinin rektoru Süleyman Kaipov, Belarus Dövlət İncəsənət
Akademiyasının təmsilçisi Pavel Vladimiroviç
İvanov, Qazaxıstan Milli İncəsənət
Akademiyasının rektoru Arıstanbek Muhammedulı da daxil idilər.
Memorandum çərçivəsində yekun sənədi təsdiqləndi
və müxtəlif ölkələrin təmsilçiləri
olan yeddi rektor tərəfindən imzalandı. “Bastau”
kinofestivalının yaradıcılıq ideyasının əsasında
etnokino adlanan maraqlı bir fenomen dayanır. Bu termin nisbətən
yeni anlayış olub zəmanəmizin kino məkanına,
xüsusilə milli kino məktəblərinə daxil
olmaqdadır. Etnokino dedikdə, öncə etnomədəniyyətin,
xalqın qan yaddaşının, soy-kökünün təsirli
bədii üsullarla, ekran vasitəsilə təcəssümü
nəzərdə tutulur. Həm də bu zaman tarixi səciyyəyə
məhz müasirlik prizmasından yanaşılır. Ona
görə də etnokino sadəcə tarixi, yaxud milli
mövzulu film olmayıb soy-kök mədəniyyətinin
müasirlik kontekstindəki bədii təzahür forması,
inikası kimi dəyərləndirilir. Üstəlik, bu təzahür
forması təkcə daxili, milli müstəvidə deyil, həm
də etnoslararası dialoq müstəvisində gerçəkləşdirilir.
Xalqlar arasında bir-birinin “daxilinə varmaq”, bir-birini daha
yaxından tanımaq imkanı yaranır. Razılaşaq ki,
çağdaş beynəlxalq durumda bu “sakit”, təmkinli dəst-xətt
etnoslararası anlaşma işinə ciddi dəstək verə
bilər. Bədii mədəniyyətin böyük,
anlaşıqlı dili və geniş kino imkanları ilə
bu ünsiyyəti qurmaq mümkündür və vacibdir. Elə
buna görə də Almatıda keçirilən Beynəlxalq
Kino Festivalının təşkilatçıları
aparıcı ideya istiqaməti baxımından məhz bu məsələyə
– etnofilm mövzusunun gündəmə gətirilməsi və
onun populyarlaşdırılması məsələsinə
ciddi önəm verirdilər. Həqiqətən də
müasir dünyamızın mədəni tərəqqisində
etnokinoya bir ehtiyac duyulur. Qloballaşan dünyamızda milli-mənəvi
dəyərlərin qorunması, onların gənc nəslə
aşılanması çoxlarının diqqət mərkəzindədir.
Mədəni tədbirlərdə, konfranslarda, teledebatlarda bu
mövzuya vaxtaşırı müraciət olunur, insanlar
öz rəylərini açıqlayır, milli-mənəvi
dəyərlərin qorunması və inkişaf etdirilməsi
sahəsində fikirlərini bildirirlər. Zənnimcə,
etnokinonun müsbət xüsusiyyətlərindən biri də
yaradıcı təfəkkürün təsir imkanlarından
bəhrələnməklə, qloballaşan, haradasa milli
unutqanlığa meyllənən cəmiyyətimizdə onun
soy-kök izlərini yeni nəsil insanlarının
şüuruna sirayət etdirmək qabiliyyətində
özünü büruzə verir. Kommunikasiya və
infrastrukturun çox yayıldığı, texnogen amilin
üstünlük təşkil etdiyi bir mühitdə etnokino
şüurlarda milli kodu aktivləşdirən gözəl bir
vasitə rolunu ifa etməyə qadirdir. Bu halda etnokino milli
oriyentasiya kimi çıxış edir və etnos
duyğusunun həddindən artıq geniş olan
çağdaş informasiya məkanında “azmasının”
qarşısını alır. Buradan aydın olur ki, nəzərdən
keçirilən mövzu kifayət qədər perspektivli və
tələb olunandır; etnokino çağdaş
dünyamızda həm sosial, həm də texnogen gərginliyi
səngitməklə böyük ictimai-siyasi iş
aparmış olur.
“Bastau” Beynəlxalq Kino
Festivalında 30-dan artıq ölkənin 200-dək təmsilçisi
– gənc rejissorlar və tələbələr iştirak
edirdilər. Onların içərisində həmyerlilərimiz,
daha doğrusu, universitetimizin təmsilçiləri də var
idi. Hələ festivaldan neçə gün əvvəl
universitetimizdə tələbə filmləri müsabiqəsi
keçirildi və tərəfimizdən iki iş qəbul
edilərək festivalda nümayiş etdirilmək
üçün Qazaxıstana göndərildi. Bunlar Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin keçən ilki məzunu Murad Muradovun “Kənar”
və rejissorluq fakültəsinin IV kurs tələbəsi
Nigar İmranovanın “Son yarpaq” filmləri idi. Bunu da
vurğulamaq vacibdir ki, ilk olaraq festivalda nümayiş etdirilən
200-dən artıq filmdən ikinci – seçmə turdan
yalnız 35-i keçə bildi. Bizim üçün fərəhli
olan budur ki, seçmə turdan keçən filmlərin
arasında Murad Muradovun “Kənar” filmi də yer
almışdı. Festivalın gedişində bu film Rektorlar
Şurası tərəfindən yüksək dəyərləndirildi
və tədbirin xüsusi mükafatına layiq
görüldü. “Bastau” festivalı bir daha ölkələr
və xalqlar arasında mədəni dialoqun və onun təzahürü
olan işgüzar münasibətlərin vacibliyini üzə
çıxardı. Yaradıcı sənət böyük
imkanlara malikdir və ictimai-siyasi münasibətlərin
inkişaf etdirilməsində diplomatik səylərdən
heç də az iş görmür. “Bastau” festivalının
gedişi istər-istəməz mənə ötən ilin
noyabrında respublikamızın paytaxtı Bakıda
keçirilən möhtəşəm Beynəlxalq Teatr
Festivalını xatırlatdı. O zaman Bakıya 30-dan
artıq ölkənin təmsilçiləri, dünya
miqyasında tanınmış teatr kollektivləri, görkəmli
alimlər, teatr sənəti xadimləri
toplaşmışdılar. Həmin möhtəşəm
festivalda teatr mühiti vasitəsilə fərqli mədəniyyətlərin
təması gerçəkləşdirilmiş, bizə
yaxın və uzaq sənət formalarının
qarşılıqlı dialoqu baş tutmuş, səmimi
dostluq münasibətləri, yaradıcılıq əlaqələri
daha da genişlənmişdi. Bütün bunlar şübhəsiz
ki, geniş müstəvidə məhz etnos mədəniyyətləri
təfəkkürünün qarşılıqlı təmasının
intensivləşməsinə, mədəniyyətlərarası
anlaşmaya yardım edir. “Bastau” Kino Festivalı da məhz bu
aura üzərində köklənmişdi. Etnotəfəkkürlərin
çarpazlaşması, anlaşması, etimad və səmimiyyətin
güclənməsi bu dəfə kino müstəvisində
reallaşdı. Sanki Bakıda, teatr mühiti vasitəsilə əsası
qoyulan münasibətlər sistemi Almatıda kino mühiti
vasitəsilə estafeti davam etdirdi və dialoqun növbəti
inkişaf mərhələsinə qədəm qoydu.
Son olaraq onu da vurğulamaq istərdim ki, “Bastau” festivalı yüksək səviyyədə, qarşılıqlı səmimiyyət şəraitində, əsl yaradıcılıq atmosferində keçirildi. Bu böyük tədbirin əsas təşkilatçıları Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi, Beynəlxalq “Türksoy” Türk Mədəniyyətləri Təşkilatı, Qazaxıstan Milli İncəsənət Akademiyası, Ş.Aymanov adına “Qazaxfilm” Səhmdar Cəmiyyəti idi. Ümid etmək istərdim ki, festivalın Memorandumu çərçivəsində gerçəkləşən razılaşmalar kağız üzərində qalmayacaq, münasibətlərimiz bundan sonra da artan xətt üzrə davam edəcəkdir.
Timuçin Əfəndiyev,
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rektoru,
professor
525-ci qəzet.- 2011.- 5 may.- S.4.