Təbiətin, memarlığın və insan qayğısının şah nümunəsi – Mərdəkan Dendrarisi

 

Təbiət saysız-hesabsız gözəl abidələrin müəllifidir, – deyirlər. İnsanları heyrətə gətirən, onları daim cəlb edən xüsusiyyət də həmin abidələrin qeyri-adiliyidir. Mərdəkanda yerləşən, əsası Bakı milyonçusu, görkəmli alim Murtuza Muxtarov tərəfindən qoyulan, hazırda Mərdəkan dendrarisi adını daşıyan bağda gəzdikcə elə bu qənaətə gəlmək olar. Həftənin bütün günləri insanların əla istirahət etməsi üçün hər cür imkanlara malik olan bu bağda təbiətin ən nadir bitkilərinə rast gəlmək olar. Ərazisi 24 hektar sahəni əhatə edən bağda Eldar şamı, Avropada yetişdirilən İspan nazı, Çindən gətirilmiş Şərq tuyası, Hələb şamı, Fələstin püstəsi, Aralıq dənizi sahillərində bitən kiparis ağacı, şam ağacı, həmişəyaşıl sərv ağacları və başqa nadir ağaclar var. Səkilərin kənarında qurudulmuş nadir bitkilərdən ibarət olan guşədə ağ evkalipt, çingil, yumuşaq akant və s. kimi bitkilər var. Öz təmizliyi və gözəlliyi ilə diqqəti cəlb edən bağa qəfəsə salınmış qartallar, yenotlar, qonur ayı, qızılquşlar və tovuz quşları xüsusi gözəllik verir.

 

MURTUZA MUXTAROV VƏ ÇEÇEN QIZI LİZA

 

19-cu əsrin ikinci yarsından başlayaraq neftin çıxarılması ilə əlaqədar Bakıya əcnəbi iş adamlarının axını başlayır. Bununla yanaşı, Azərbaycanda Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov kimi yerli burjaziya yetişirdi ki, onlar da Azərbaycan milyonçularını təmsil edirdi. Bakıda yerləşən qədim və möhtəşəm binaların əsası da məhz bu milyonçular tərəfindən qoyulub. Haqqında danışdığımız Mərdəkan dendroparkı 1895-1920-ci illərdə Bakı milyonçusu Murtuza Muxtarovun bağı olub.

Bəlkə də bağı gəzən və bu gəzintidən böyük zövq alan insanların bəziləri heç Murtuza Muxtarovu tanımırlar. Bir çoxları isə sadəcə onun milyonçu olduğu barədə məlumata malikdir. Ona görə də bu möhtəşəm bağın sahibini oxuculara daha yaxından tanıtmağa zərurət var.

Murtuza Muxtarov kimdir? Onun ev-muzeyinin yaradılması doğrudanmı, bu qədər vacib idi?

Yuxarıda qeyd edildiyi kimi Tağıyev, Əsədullayev, Nağıyevdən sonra milli Azərbaycan burjuaziyasının və neft sənayesinin ən görkəmli nümayəndəsi məhz Murtuza Muxtarov olub. Onun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini mükəmməl öyrənmiş bu azərbaycanlı balası qısa bir zaman kəsiyində çox böyük uğurlar qazanıb, neft sahəsində ən tanınmış mütəxəssislərdən biri olub. Müasirləri Murtuza Muxtarovun istedadını yüksək qiymətləndirib, onun qədər məşhur, neft işini onun kimi dərindən bilən ikinci bir sahibkarın olmadığını deyiblər...

Diplomsuz neft mühəndisi kimi şöhrət tapmış Muxtarov Azərbaycanın neft sənayesi tarixinə özünün ixtirası ilə daxil olub. 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazıma dəzgahını quraşdırıb və bunun üçün dövlət patenti alıb O, bu ixtirasına “Bakı qazıma sistemi” adı verib. Həmin dəzgahın əvvəlkilərdən üstünlüyü çox idi. Onun digər ixtirası da vardır. 1890-cı ildə yaratdığı “Podrat qazma” kontoru Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında böyük rol oynayıb.

Muxtarov həmçinin tanınmış xeyriyyəçi, mesenat, daima qurub-yaratmağa can atan, xarici ölkələrdə gördükləri yenilikləri vətənində də tətbiq etməyi özünün həyat amalı sayan soydaşlarımızdan biri olub. Təsadüfi deyil ki, onun bir əsr bundan əvvəl Bakıda tikdirdiyi binalar bu gün də öz əzəməti, gözəlliyi, yaraşığı ilə fərqlənir, müasir şəhərimizə təkrarsız görkəm verir. Öz dövrünə görə elm və texnikanın ən son nailiyyətlərini öz ölkəsində tətbiq etmək üçün milyonlarını əsirgəməyən Muxtarov, həyatının sonuna kimi bu xeyirxah missiyasına sadiq qalıb.

Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub. Əmək fəaliyyətinə də bu kənddə başlayıb. O da Bakının bir sıra milyonçuları kimi adi fəhlədən neft maqnatı səviyyəsinə yüksəlib. Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşıyıb, xırda podratçılıqla məşğul olub. Qara qızıl fontanları nəhayət onun da üzünə gülərək, əlini milyonlara çatdırıb. Murtuza təkcə Bakıda yox, Maykop və Qroznı neft –mədən sahiblərilə də müqavilə bağlayıb quyu qazırdı. Onun zavod və mədənlərlə, konstruktor büroları ilə də texniki və işgüzar əlaqələri vardı. Tez-tez Şimali Qafqaza gedirdi. Burada Muxtarov çeçen generalı Tuqanovla tanış olur və onun evinə gedib-gəlməyə başlayır. General onu Vladiqafqaza – öz evinə qonaq çağırır. Bu dəvət Murtuzanın həyatında böyük iz buraxır. O, generalın ortancıl qızı Liza xanıma vurulur və onunla evlənir. Lakin onların uzun sürən evliliklərindən heç bir övladları olmayıb. Muxtarov 1920-ci ildə bolşeviklərin Bakıya hücumu zamanı özü-özünü güllə ilə öldürüb. Liza isə ondan sonra bir müddət yaşayıb.

Liza xanımla evlənəndən sonra onunla Avropa səyahətinə çıxan Muxtarovun qarşısında yeni bir həyat açılır. Avropanı gəzib-dolanan gənc milyonçunun dünyagörüşündə və həyata baxışında mütərəqqi ideyalar baş qaldırır. O, Venesiyada olarkən buradakı binaların arxitekturasına valeh olur. Belə binaları vətəni Bakıda da tikdirmək qərarına gəlir. Vətənə qayıtdıqdan sonra Bakıda cəmi bir il ərzində (1911-1912) nəhəng bir saray inşa etdirir. Sarayın sütunları, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzək ornamentləri təkrarolunmaz sənət əsərinə, memarlıq incisinə çevrilir. Muxtarov bu binanın inşasına pul əsirgəmədiyi kimi, onun memarı, ustalar da öz səy və əməklərini əsirgəməyiblər.. Sarayın arxitektoru, məşhur polyak mühəndisi Ploşko qotik üslubunda layihələşdirdiyi bu sarayı məhz Muxtarovun arzusuna uyğun olaraq yaratmışdır. Böyük zövq sahibi olan Muxtarov xalqımıza əzəmətli binalar miras qoyub gedib. Təkcə Bakı şəhərində, onun ətraf kəndlərində deyil, habelə Rusiyanın şəhərlərində və Avropanın bəzi guşələrində də onun tikdirdiyi binalar bu gün də hamını valeh edir. Neçə-neçə bina məhz Muxtarovun adı ilə bağlıdır. 1910-cu ildə Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır.

Onun tikdirdiyi həmin binalardan biri Mərdəkanda saldırdığı bağ evi olur. Deyilənlərə görə, o, bu binaları həyat yoldaşı, milliyyətcə çeçen olan Liza xanımın şərəfinə tikdirib.

 

BAĞIN TİKİLMƏ TARİXİ

 

Muxtarov Bakının demək olar ki, bütün xeyriyyə tədbirlərində yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi.

Bu bağın əsası isə 1890-cı ildə qoyulub.

Əsrin əvvəllərində Muxtarov Mərdəkan kəndinin yarımsəhra və qayalıq ərazisində gözəl bir bağ salmaq qərarına gəlir. Lakin qumsallıq və əkin-biçin üçün yararsız olan bu yerləri “gülüstana” çevirmək elə də asan iş deyildi. Odur ki, Muxtarov vaxt itirmədən buraya Lənkərandan münbit torpaq gətizdirir. Tonlarla torpaq böyük bir əraziyə səpilir və orada nadir ağaclar, bitkilər, çiçəklər əkilir, quyular qazılır.

Az bir zaman ərzində Muxtarov bu susuz ərazidə gülüstan yaradır. Həmin ərazidə bitkilərin sulanması üçün arx düzəltdirir. Dünyanın bir çox ölkələrindən bitkilər gətizdirir. Bağın mərkəzində isə son dərəcə yaraşıqlı bir bina tikdirən Muxtarov yenə də memar Ploşkoya müraciət etmiş və bu bağ evini də onun layihəsi əsasında inşa etdirmişdir.

Bağdakı ağacları, güllükləri, hovuzları və fəvvarələri gecə-gündüz su ilə təmin etmək üçün beş yerdə sal daş təbəqəsini 40 metr dərinlikdə qazıb xüsusi anbarlar düzəldiblər. Bu anbarların hər birinin eni 5, uzunluğu 10 metrdir. Buraya güclü su nasosları qoyublar. O zaman bağa gələn ailələr buradakı şəraitə məftun olar hovuzların gözəlliyinə heyran qalardılar. Bağda qazılmış dördkünc hovuzun eni 35, uzunluğu 50, dərinliyi isə 30 metrdir. Deyilənlərə görə, bağa gələn qonaqlar və Muxtarovun yaxınları bu hovuzda bəzəkli, naxışlı iri qayıqlarda seyrə çıxıb şənlənirmişlər. Hovuzların divarları bayır tərəfdən yer səthindən 3-4 metr ucalardı. Onları sarmaşıq və ətirli bal çiçəyi bəzəyərdi. Dünyada ən nadir bitkilərin əkildiyi bu bağın başında təmtəraqlı, gəzdikcə ucu-bucağı bilinməyən sarayın hər sütunu, tağları, buta v gülləri, pəncərələri, qapıları təkrarolunmaz sənət əsəri, sənət incisidir. Saray fransız memarı tərəfindən “qotik” üslublu layihəyə əsasən tikilib. Son dövrlər əsaslı təmir olunan bu binada müasir standartlara uyğun zallar var. Sarayın əsas giriş qapısından həyətə daxil olarkən orada müxtəlif palma ağaclarına rast gəlmək olar. Deyilənlərə görə, binaya iki tərəfdən qalxan pilləkənlərin sağ tərəfində üzərinə

“Qonaq evi” yazılan otaqlarda Muxtarov Avropadan gələn qonaqlarını qəbul edirmiş. Sarayın dörd bir tərəfi isə dəmir hasarla əhatəyə alınıb və birbaşa həyətə çıxan dəmir pilləkənlər var. Tikili özü ayrı-ayrılıqda üç hissədən ibarətdir.

 

AZƏRBAYCANIN NADİR KİNO İNCİLƏRİ BU BAĞDA ÇƏKİLİB

 

Onu da qeyd edək ki, bağa daxil olan hər bir kəs ərazini gəzdikcə ani olaraq beynindən bu fikir keçir: “Mən bu yeri hardasa görmüşəm”. Və bir qədər sonra xatırlamağa başlayır: Əlbəttə ki, kinolarda. Azərbaycanın nadir kino inciləri olan “Arşın mal alan”, “Qorxma mən səninləyəm”, “Lənkəran xanın vəziri” və “Başsız atlı” filmlərində olan müxtəlif kadrlar elə bu bağda lentə alınıb. Bəzən köhnə Bakı əhalisi arasında bu bağa “Yesenin bağı” deyənlər də olur. Buna səbəb böyük rus şairi Yeseninin 1924-24-ci illərdə Azərbaycana gəlməsi və məhz bu bağda yaşaması olub. Səki ilə sağa tərəf burulan yolun sonunda şairin ev muzeyi yerləşir. İki otaqlı və qarşısında şüşəli eyvandan ibarət olan bu ev muzeyində şairin heykəli, şəkilləri və Bakıda olarkən yazdığı əsərlər qoyulub. Muzey Azərbaycan Respublikası Elmlər Akademiyasının Nizami Gəncəvi adına ədəbiyyat institutunun filialı hesab olunur. Müasir standartlara uyğun olaraq təmir edilən binanın sponsoru “LUKoyl” Beynəlxalq İctimai Xeyriyyə fondu olub. Ev muzeyinin yaxınlığında isə 1835-ci ilə aid olan tarixi abidə yerləşir. Abidə pilləkənlərlə aşağı enən dərin su quyusudur. Qeyd edək ki, ümumi uzunluğu 27 metr olan su quyusu dörd bir tərəfdən qala formasında dairəvi daş hasarla əhatəyə alınıb. Yuxarı tərəfdən isə quyunun üstü örtülüb. Taxta qapısı olan bu quyuya 18 metr yolu enmək lazım gəlir. Qalan 9 metr dərinliyi su quyusunun özü təşkil edir. Deyilənlərə görə, milyonçu yayda gələn qonaqları sərin olsun deyə orada qəbul edirmiş. Dairəvi formada olan quyunun quru hissəsi kiçik meydançadan ibarətdir. Orada 5-6 nəfər adam stol qoyub rahat otura bilər. Onu da deyirlər ki, həmin quyudan Murtuza Muxtarovun yaxın dostu olan Hacı Zeynalabdin Tağıyevin bağına yol olub.

 

SÜNİ ŞƏLALƏLƏR BAĞA  XÜSUSİ GÖZƏLLİK VERİR

 

Aparılan söhbətlərdən da bəlli oldu ki, hazırda Botanika bağının tərkibində müxtəlif laboratoriyalar fəaliyyət göstərir, elmi tədqiqat işləri aparılır. Bunlardan biri də kiçik zoopark olan Landşaft Arxitekturası Laboratoriyasıdır. Bu laboratoriyada müxtəlif quşlara, heyvanlara, bitkilərə rast gəlmək olar. Kiçik zooparkda əkilən bitkilər hər il yenilənir. Çünki qışda hava soyuq olduğundan bitkilər məhv olur, ona görə də işçilər həmin bitkiləri yenidən əkmək məcburiyyətində qalırlar. Zooparkda olan müxtəlif növ heyvanlar isə qışda məhv olmamaq üçün Muxtarovun mülkü hesab edilən evin altına köçürülür. 24 hektar sahəsi olan bağda 1800 bitki növü var. Həmin bitkilərin sırasına Rul ağacı, Saqqız ağacı, Sabun ağacı kimi nadir bitkilər də daxildir.

Bağın yuxarı tərəfində isə üzərində “1840-cı il abidəsi” yazılmış dərinliyi 8 metr olan böyük sahəli su hovuzu var. Qeyd edək ki, hovuz yerin üstündə tikilib və oraya qalxmaq üçün pilləkənlərdən istifadə etmək lazım gəlir. Bağda olan çoxlu sayda süni şəlalələr buraya xüsusi gözəllik verir. Burada uşaqların və böyüklərin ən çox diqqətini cəlb edən süni göldür. Bağa gələnlər katamaranlarda gəzintiyə çıxa bilirlər. Bağın demək olar ki, bütün yerlərində olan skamyalar əhalinin dincəlməsi üçün yaxşı imkan verir. Səkilər boyu lövhələrdə yazılan yazılarda bağın tikilmə tarixi, Muxtarov haqqında ətraflı məlumatlara rast gəlmək olar.

 

 

P.SULTANOVA   

 

525-ci qəzet.- 2011.- 4 may.- S.6.