Heydər Əliyev və milli-mənəvi
dəyərlər
Yüksək dövlətçilik fəaliyyəti dövründə yalnız xalqımızın qayğıları ilə yaşamış, bütün ömrünü vətəninə və xalqına həsr etmiş ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimi olmaqla yanaşı,
öz mahiyyətinə, siqlətinə və dəyərinə görə milli-mənəvi sərvət olan kulturoloji irsin müəllifidir.
Bu məzmunca tükənməz
irsin öyrənilməsi, təbliği və tətbiqi bu
gün də aktualdır və sabah da aktual olaraq qalacaq. Ulu
öndərin azərbaycançılıq fəlsəfəsinin,
humanitar siyasətinin konseptual əsaslarını əks etdirən
zəngin mədəniyyətşünaslıq irsinin və
maarifçilik fəaliyyətinin tədqiqi və mənimsənilməsi
müasir qloballaşma dövründə xüsusilə əhəmiyyətlidir.
Bu dövrdə məhz çoxəsrlik mədəniyyətimiz
və mənəvi dəyərlərimiz Heydər Əliyevin
qürur duyduğu azərbaycanlılığımızı,
milli kimliyimizi qoruyub yaşatmağa imkan verəcək zəmindir.
Mədəniyyətimizin bütün dövrlərini və
sahələrini əhatə edən Heydər Əliyev irsi,
onun yaratdığı azərbaycançılıq
ideologiyası məhz bu amala xidmət edən müstəsna dəyərdir.
Professor Timuçin Əfəndiyevin
“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”
adlı monoqrafik tədqiqatı bu milli sərvətin – Ulu
öndərin məzmunca tükənməz mədəniyyətşünaslıq
düçüncələrinin, çoxşaxəli
maarifçilik fəaliyyətinin tədqiqinə həsr
olunmuş dəyərli əsər kimi diqqəti cəlb edir.
Kitabda ümummilli liderin mədəniyyət nəzəriyyəsi
onun dövlətçilik fəlsəfəsi və dövlət
quruculuğu ilə vəhdətdə
araşdırılır, geniş tarixi mərhələdə
izlənilir.
Müəllif Heydər Əliyevin
milli-mənəvi dəyərlərin qorunması və
intişarına, mədəniyyətimizin inkişafına
yönəlmiş fəaliyyətinin şərhinə onun hələ
sovet dönəmində respublikamıza rəhbərlik etdiyi
dövrdən başlayır. Azərbaycanda 60-cı illərin
sonu – 70-ci illərin əvvəllərindən başlayaraq
vüsət almış quruculuq işləri, ölkənin hərtərəfli
inkişafı Heydər Əliyevin milli təəssübkeşliyindən
doğan əzəmətli fəaliyyətinin nəticəsi
kimi qiymətləndirilir. Ulu öndərin böyük qətiyyət
və cəsarət, müdriklik və uzaqgörənlik
göstərərək respublikamızın iqtisadi və
sosial tərəqqisi ilə yanaşı, təhsil və mədəniyyətimizin
prioritet sahə kimi inkişafına, milli mənliyimizin, ana
dilimizin qorunmasına nail olduğu vurğulanır. Məhz
Heydər Əliyevin milli təəssübkeşliyi sayəsində
və onun rəhbərliyi altında sovet dövründə
respublikamızda əsl mədəni intibah başladı, incəsənətimizin
müxtəlif sahələri inkişaf etdi, yeni, demokratik meyllər
formalaşdı, sənətkarlarımızın əsərləri
ümumittifaq və dünya səviyyəsinə çıxarıldı,
ana dili, ədəbiyyat, mədəniyyət, təhsilə hərtərəfli
qayğı göstərildi.
Timuçin Əfəndiyev
bütün bu proseslərin bir sistem kimi vəhdətini, gələcəyə
yönəlikliyini və əslində müstəqillik
ideallarını vüsətləndirməsini təsbitləyir.
Kitabdakı faktlar və ümumiləşdirmələr Heydər
Əliyevin respublikamıza rəhbərlik etdiyi həmin illərdə
milli dilimizin dövlət dili kimi rəsmən təsbit edilməsinin,
mötəbər məclislərdə səslənməsinin,
folklorumuzun və klassik yazılı abidələrimizin,
xüsusən, “Kitabi – Dədə Qorqud”un öyrənilməsinin
mühüm ümummilli əhəmiyyətini bir daha
aşkarlayır.
Tarix göstərdi ki,
bütün bunlar milli mənlik şüurunu oyadaraq, əslində
müstəqilliyimizi yetişdirən əsas amillərdən
oldu, digər tərəfdən, müstəqilliyimizin ilk illərindən
dövlət quruculuğu milli ideologiyanın
yaradılmasını aktuallaşdırdı. Və bu
tarixi-milli vəzifəni də məhz Ulu öndər Heydər
Əliyev yerinə yetirdi, dünya azərbaycanlılarının
milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı
olmaq missiyasını öz üzərinə götürərək
böyük uğurla həyata keçirməyə
başladı. Timuçin Əfəndiyev Heydər Əliyevin
milli-mənəvi dəyərlərə münasibətini
onun yaradıcısı olduğu azərbaycançılıq
ideologiyasının mühüm tərkib hissəsi kimi şərh
edir. Kitabda haqlı olaraq göstərilir ki, vətəndaşlıq
idealını, dövlətçilik əqidəsini, millilik
və digər mədəniyyətlərə
açıqlığı, tarixi ənənə və tərəqqinin
vəhdətini ehtiva edən azərbaycançılığın
təməl anlayışlarından biri də
xalqımızın eyni tarixi köklər, dil, mədəniyyət
və mənəviyyat ortaqlığı ilə
bağlandığı türk və islam dünyası ilə
birliyinin prioritetliyidir. Türk xalqlarının birliyini, “bir
millət – iki dövlət” formulu ilə ifadə olunan
konseptual ideyasını ilk növbədə gerçək fəaliyyət,
əməkdaşlıq, tərəfdaşlıq proqramı
kimi təqdim edən Heydər Əliyevin bu birliyin ideoloqu və
təşkilatçısı kimi həyata keçirdiyi tədbirlər,
ümumtürk mənəvi sərvətləri olan ana dili, mədəniyyət
abidələrimiz, ədəbiyyat və sənətimizlə
bağlı imzaladığı fərmanlar, sərəncamlar
bu baxımdan müstəsna rol oynamış tarixi hadisələr
kimi şərh olunur. Haqqında danışılan kitabda
göstərilir ki, islamı Azərbaycan xalqının,
bütün müsəlmanların “ən ali əxlaq mənbəyi”
hesab edən Heydər Əliyev bütün fəaliyyəti
boyu milli-mənəvi və dini-əxlaqi meyarlara əsaslanır
və bu meyarlar onun dövlət siyasətinin milliliyində və
humanistliyində aşkarlanırdı. Azərbaycan mədəniyyətinin
və mənəviyyatının təcəssümü olan
klassik abidələrə və sənətkarlara həssas
münasibət də Ulu öndərin fəaliyyətinə
xas keyfiyyət idi. Kitabda Füzulinin 500, “Kitabi – Dədə
Qorqud”un 1300 illiyinin beynəlxalq miqyasda qeyd edilməsi, görkəmli
sənətkarlarımızın yubileylərinin dövlət
səviyyəsində keçirilməsi ümummilli əhəmiyyəti
olan tədbirlər sırasında xatırlanır. Heydər Əliyevin
mədəniyyət nəzəriyyəsinə xüsusi diqqət
yetirən müəllif bunun prinsipial əsasları kimi
dövlətçilik mövqeyini, azərbaycançılıq
ideologiyasını qeyd edir. Burada ümummilli liderin çoxəsrlik
milli mədəniyyətimizin konseptual məqamlarını dəqiq
cizgilədiyi, öz dövlətçilik fəaliyyətində
və mədəniyyət quruculuğunda istifadə etdiyi
göstərilir. Bu anlamlar sırasında milli mənlik
şüuru, ana dili, dini və milli-mənəvi dəyərlərə
sadiqlik, əxlaq və ədalət, türk-islam birliyi, klassik
irs və müasirlik arasında varislik, xəlqilik və bəşərilik
kimi mühüm məsələlər sadalanır və təhlil
olunur. Ulu öndər tərəfindən bir sıra yeni ənənələrin
bərqərar edilməsi, qədim adətlərin və
atributların bərpa olunması da milli kimlik şüuruna
xidmət edən hadisələr kimi qiymətləndirilir.
Heydər Əliyevin hələ
Naxçıvanda işləyərkən öz sərəncamı
ilə milli bayrağa rəsmi status verməsi, Dünya Azərbaycanlılarının
Həmrəylik gününün elan edilməsi, Novruz, Qurban
bayramlarının yeni ruhda və dövlət səviyyəsində
qeyd olunması və digər bu kimi qərarlar milli-mənəvi
dəyərlərimizin qorunmasına və mədəniyyətimizin
inkişafına yönəlmiş addımlar idi.
Timuçin Əfəndiyev
Ulu öndərin mədəniyyət sahəsində fəaliyyətinin
geniş əhatə dairəsini, rəngarəngliyini də
gerçək faktlar, sənədlərlə təsbitləyir.
Kitabın müxtəlif fəsillərində Heydər Əliyevin
incəsənətin müxtəlif sahələrinə dair dərin
düşüncələri, konseptual müddəaları,
şərhləri və həm də bütün bu sənət
növlərinə və sənətkarlara diqqət və
qayğısı geniş təsvir olunur.
Görkəmli mədəniyyətşünas,
filoloq alimlərimizdən olan Timuçin Əfəndiyevin bu
maraqlı tədqiqatı həm Heydər Əliyev irsinin mənimsənilməsi,
həm də bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi ilə qüdrətlənən Azərbaycan
dövlətçiliyinin, inkişafda olan milli mədəniyyətimizin
bir sıra ideoloji məqamlarının dərki
baxımından dəyərli bir əsərdir.
KAMAL ABDULLA,
Bakı Slavyan Universitetinin rektoru,
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi,
professor.
525-ci qəzet.- 2011.- 4 may.-S.4.