Vaqif Səmədoğlunun
“İntihar”ı Dillər Universitetində nümayiş
etdirilib
Dünən Dillər
Universitetinin akt zalında xalq şairi, dramaturq Vaqif Səmədoğlunun
“İntihar” pyesi oynanılıb. Bədii rəhbəri və
quruluşçu rejissoru Dillər Universitetinin “Azərbaycan ədəbiyyatı”
kafedrasının müdiri, dosent Fəridə Səfiyeva olan
tamaşa universitetin tələbələri tərəfindən
təqdim edilib.
Tamaşadan əvvəl
çıxış edən F.Səfiyeva Dillər
Universitetində tələbələrin ifasında maraqlı
tamaşaların ənənə halını
aldığını deyib. F.Səfiyeva müasir mövzuda
yazılan pyesi səhnəyə qoymasından məmnunluğunu
dilə gətirib: “Tamaşa xalq şairi Vaqif Səmədoğlunun
eyniadlı pyesi əsasında səhnələşdirilib. Vaqif
Səmədoğlunun müasir mövzuda yazdığı bu
pyesi səhnəyə qoymaq böyük məsuliyyət tələb
edirdi. Ancaq biz bu məsuliyyəti üzərimizə
götürüb pyesi səhnələşdirdik. Ümid edirəm
ki, tamaşanı hər kəs, xüsusən də müəllif
bəyənəcək. İllər bir-birini əvəz edəcək,
nəsillər dəyişəcək, zövqlər öz rəngarəngliyini
saxlayacaq. İnsanın mənəvi tələbatı artacaq.
O öz daxili aləmini zənginləşdirmək
üçün bu və ya hansısa sənətkarın
yaradıcılığına, onun yaratdığı aləmə
müraciət edəcək. Və mən əminəm ki, gələcəyin
insanının seçdiyi, sevdiyi aləmlər içərisində
bütün zamanların tələblərinə cavab verən,
həmişə müasir qalan Vaqif Səmədoğlu
dünyası əvəzsiz olacaq”. Müəllifin də
tamaşaçılar arasında olduğunu və buna görə
də ikiqat məsuliyyət hiss etdiklərini deyən F.Səfiyeva
oxucu olaraq V.Səmədoğlu yaradıcılığına
vurğunluğunu dilə gətirib: “Biz zövqlü oxucu və
tamaşaçılarıq. Odur ki, zövqlü əsərləri
oxuyur və onları tamaşaya qoyuruq. Vaqif Səmədoğlu
şeiri öz poetik sanbalına, yükünə görə
çağdaş poeziyamızda ayrıca bir qoldur desəm, səhv
etmərəm. Burada söz adilikdən və hər cür təmtəraqdan,
ritorikadan xilas olur. Söz fikirlə hissin poetik
daşıyıcısına çevrilir. Biz Vaqif Səmədoğlu
şeirində bəlkə də çoxları
üçün qəribə təsir bağışlayan
ifadələr, deyimlərlə qarşılaşırıq.
Lakin bütün bunları dərk etmək üçün
şairi duymaq lazımdır. Duyanda görürsən ki, ən
qatı, ən zil qaranlıqda da doğmalıq və
yadlıq var. Deməli, qaranlıq da ana kimi əziz, sərxoş
qadın kimi iyrənc ola bilərmiş. Mənim fikrimcə,
Vaqif Səmədoğlu poeziyası Azərbaycan və
dünya şeirinin ən müasir meyllərinin bir nöqtədə
birləşdiyi, vəhdət təşkil etdiyi bir
poeziyadır. Vaqif Səmədoğlu ilə beş əsrlik
Füzuli arasında qırılmayan poetik tellər gözə
göründüyü kimi, atası Səməd Vurğunun
yaradıcılığı arasında da yaxınlıq
tapmaq mümkündür. Həmçinin Vaqif Səmədoğlu
şeirləri ilə müasir postmodernist poeziya arasında da
belə bir uyuşmanı açıqlamaq müşkül
deyil. Dünyada bütün gözəl şairlərin yolu bu
vəhdətdən keçir. Amma ilk növbədə, V.Səmədoğlu
yalnız özünə bənzəyən şairdir. Onun
“Günün baxtı” şeirlər kitabı ilə son
şeirləri arasında təbii, poeziya üçün
qanunauyğun bir inkişaf prosesini izləmək mənim
üçün çətin deyil, amma o ilk şeirlərlə
son şeirlər arasında elə bir bağlılıq var
ki, bunu başqa bir şairdə tapmaq olmur”. Yaradılan şəraitə
görə rektor Səməd Seyidova minnətdarlığını
bildirən kafedra müdiri hamını tamaşaya baxmağa dəvət
edib.
Dillər Universitetinin rektoru, professor
Səməd Seyidov, pyesin müəllifi, şair-dramaturq Vaqif Səmədoğlu,
millət vəkili Asim Mollazadə, Bakı Şəhər Təhsil
İdarəsinin sədr müavini Hüseyn Əsgərov də
tamaşaçılar arasında olublar. Tamaşada rolları
Dillər Universitetinin tələbələri – Aytən Səlimova,
Murad Səfiyev, Zeynəb Rzayeva, Sərxan Quliyev, Əhməd
Salmanov, Aysel Babayeva, Aynur Əsgərova, Xədicə Əliyeva,
Hüseyn Cəfərov və Araz Abbasov ifa ediblər. Zaldan
ucalan gur alqışlar tamaşanın uğurlu
alındığının göstəricisi olub.
S. QARAYEVA
525-ci qəzet.- 2011.- 6 may.- S.7.