Nadir sənət inciləri xəzinəsinin
dünəninə və bugününə baxış
AZƏRBAYCAN DÖVLƏT İNCƏSƏNƏT
MUZEYİ YÜKSƏK ZÖVQ VƏ QÜRUR MƏNBƏYİ
SAYILMAĞA LAYİQ MƏDƏNİYYƏT OCAĞIDIR
Hər bir xalq öz tarixi
keçmişindən söz açan zaman, ilk növbədə
mədəniyyətinə, həmin tarixi əks etdirən sənət
əsərlərinə istinad edir. Belə sənət əsərləri,
xalqın tarixi ilə yanaşı, mədəni
inkişafını, estetikasını, ədəbiyyatını,
adət-ənənələrini, mənəvi dəyərlərini
özündə əks etdirir. 16 mindən çox
eksponatın saxlanıldığı Rüstəm Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət
Muzeyindəki boyakarlıq, qrafika, heykəltəraşlıq və
tətbiqi sənət nümunələrinin bir çoxu bu
baxımdan da dəyərlidir.
Zaman keçdikcə nadir sənət
nümunələrinin toplandığı bu binanın təmirinə
ehtiyac yaranmışdı. Prezident İlham Əliyev
2006-cı ilin iyulunda muzey binasının vəziyyəti ilə
tanış olandan sonra burada əsaslı təmir və yenidənqurma
işləri barədə göstəriş verdi. İşlər
başa çatdıqdan sonra 2009-cu ilin sentyabrında muzey yeni
görkəmdə qapılarını ziyarətçilərin
üzünə açdı. Binanın fasadı öz
memarlıq üslubunu saxlamaqla yenilənib, cilalanmış
gülbar daşlarla Bakının tikinti arxitekturasına
uyğun üzlənib.
MUZEYİN YARANMA TARİXİ
Rüstəm Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət
Muzeyi qədim əsrlərdən müasir dövrə qədər
yaradılmış təsviri və dekorativ-tətbiqi sənət
əsərlərinin toplusudur. Təsviri incəsənətin
bütün növlərini özündə tam
dolğunluğu ilə əks etdirən muzeydə Azərbaycan,
qərbi Avropa, Rus, Şərq ölkələri incəsənəti
nümayiş olunur.
Muzey 1920-ci ildə təşkil
edilib və hal-hazırda 19-cu əsrin axırlarında
inşa olunmuş memarlıq abidələri olan iki binada məskunlaşıb.
Muzeyin ekspozisiyası tarixi xronoloji ardıcıllıqla
ölkələr üzrə qurulub. İncəsənət
Muzeyində Qərbi Avropa ölkələri – İtaliya,
Flandriya, Hollandiya, Almaniya, Fransanı L.Bassano, F.Solimena,
A.Brauver, Y.Sustermans, P.Klass, A.F. Kaulbax, J.Dyüpre, Q.Dyüqe və
14-19 əsrlərin başqa məşhur sənətkarlarının
əsərləri təmsil edir. Rus boyakarlıq məktəbi
18-19 əsrin tanınmış rəssamlarının –
V.Borovikovski, N.Arqunov, V.Tropinin,
İ.Şışkin,V.Vereşşagin, İ.Ayvazovski,
K.Korovin, və s. əsərləri ilə təqdim olunur. Azərbaycan
incəsənəti ekspozisiyası tamaşaçı
köklərini qədim dövrlərdən götürən
Azərbaycan təsviri incəsənətinin müasirliyə
qədər keçdiyi inkişaf yolunda yaradılmış nəfis
sənət nümunələri ilə tanış edir. Burada
arxeoloji qazıntılar zamanı Mingəçevir və
Xanlar rayonları ərazisindən tapılan, eramızdan əvvəl
6-4 minilliklərə aid edilən məişət əşyaları,
11-19 əsrlərin kaşı, bürünc, mis məmulatları,
Quba, Təbriz, Bakı, Şirvan, Qarabağ, Qazax kimi
xalça mərkəzlərində toxunmuş xalçalar,
şəbəkə, döymə, oyma üslublarında
yaradılmış zərgərlik nümunələri sərgilənir.
15-16 əsrlərdə yüksəliş dövrünü
yaşamış, dünya incəsənəti tarixinə
Soltan Məhəmməd, Məhəmmədi, Sadiq bəy Əfşar
kimi dahilər bəxş etmiş Azərbaycan miniatür sənəti
sonrakı yüzilliklərdə yeni formalar aşılayaraq
inkişaf edib. Ekspozisiyada 17-19 əsrlərdə
yaradılmış dəzgah və kitab miniatürləri
nümayiş olunur.
19-cu əsr Azərbaycan təsviri
incəsənətində realist çalarlar güclənir və
bu dövrdə yaradılmış boyakarlıq və kitab
qrafikası əsərlərində realist üslublar
miniatür sənətinə xas olan şərti formalarla
uyğunlaşdırılırdı. Bu yeni çalarlar 19-cu əsrin
görkəmli fırça ustaları Mirzə Qədim
İrəvani, Mir Mövsün Nəvvab, Abbas Hüseynin əsərlərində
öz təzahürünü tapıb. Realist təsvir
formaları XX əsrin əvvəllərində yaşayıb
yaratmış Bəhruz Kəngərli, Əzim Əzimzadənin
yaradıcılığında daha qabarıq hiss olunurdu. Azərbaycan
incəsənətinin mühüm və ən geniş
yayılmış növlərindən olan xalça sənətinin
nəfis nümunələri, müxtəlif dövrlərdə
toxunmuş xovlu və xovsuz, mövzulu və ornamental
xalçalar ekspozisiyada əhatəli təqdim olunur. Dünyanın
ən iri muzeylərində – İngiltərənin Viktoriya və
Albert, Rusiyanın Ermitaj, Fransanın Luvr, Amerikanın Tekstil, Türkiyənin
Topqapı sarayı muzeyi – sərgilənən, H.Holbeyn,
H.Memlinq kimi rəssamların əsərlərində əksini
tapan Azərbaycan xalçaları Dövlət İncəsənət
Muzeyinin də bəzəyidir. Ekspozisiyada mövzulu
xalçalardan “Dörd fəsil” (Təbriz), “Dərvişlər”
(Təbriz), “Ovçuluq” (Qarabağ), ornamental xalçalardan “Əlixanlı”
(Quba), “Pirəbədil” (Quba), “Suraxanı” (Bakı),
“Şamaxı” (Şamaxı) kimi nadir sənət nümunələri
göstərilir.
Azərbaycan dekorativ-tətbiqi sənət
nümunələri öz heyrətamiz gözəlliyi və
işlənmə texnikalarına görə dünya sənət
tarixinin qızıl fonduna daxil olmuşlar.
Müasir Azərbaycan təsviri incəsənəti
(boyakarlıq, heykəltəraşlıq, qrafika, dekorativ-tətbiqi
sənət) ekspozisiyası tamaşaçını məşhur
sənətkarların və cavan rəssamların
yaradıcılığını təmsil edən son onilliklərdə
yaradılmış əsərlərlə tanış edir.
Azərbaycan Dövlət İncəsənət
Muzeyinin zəngin toplusu keçmişin nadir bədii abidələrini
görməyə, müasir sənətin xüsusiyyətlərinin
açıqlanmasına imkan verir.
19-cu ƏSRDƏ BAKI DƏNİZDƏN NECƏ
GÖRÜNÜB?
İncəsənət
Muzeyinin yerləşdiyi binanın birinci mərtəbəsi
sağ və sol qanadlara ayrılır. Sağ qanadda 18-19-cu əsrlər
rus rəssamlıq məktəbi nümayəndələrinin əsərləri
nümayiş olunur. Zalda tanınmış fırça
ustası V.Vereşşaginin 1872-ci ildə çəkdiyi
“Bakının dənizdən görünüşü” əsəri
diqqəti xüsusi cəlb edir. Rus avanqard rəssamlarının
XX əsrin əvvəllərinə aid əsərləri də
maraq doğurur.
Sol qanadda isə Avropa incəsənətinin
nümunələri sərgilənib. Təmir-bərpadan sonra
burada ilk dəfə olaraq 18-19 əsrlərə aid keramika
nümunələri də nümayiş olunur. Muzeydəki dəyərli
əsərlərdən biri sonuncu rus imperatriçası
Aleksandra Fyodorovnanın Qarabağ xalçası üzərində
təsviri olan əsərdir. Orta əsrlərə aid heykəltəraşlıq
nümunələri, habelə intibah dövrü müəlliflərinin
əsərlərinin məharətlə işlənilən surətləri
də bu ekspozisiyanı zənginləşdirir.
Yuxarıda qeyd etdiyimiz kimi
muzeydə nümayiş etdirilən Qərbi Avropa rəssamlarının
əsərlərinin kolleksiyası 15-19 əsrlər italyan,
flamand, holland, fransız, alman, ispan müəlliflərin rəngkarlıq,
heykəltəraşlıq, qrafika və dekorativ-tətbiqi sənət
əsərləri həmin dövrün sənətkarlıq
məktəblərinin inkişaf mərhələləri,
janrları, müxtəlif üslub və cərəyanlar
haqqında təsəvvür yaradır. Ekspozisiyada dünya bədii
mədəniyyətinin formalaşması və
inkişafında müstəsna rol oynamış İtaliya incəsənəti
mühüm yer tutur. Burada Venesiya, Boloniya, Neapol rəngkarlıq
məktəblərini təmsil edən Leanardo Bassano, Covanno
Qverçino, Bartolomeo Skedno, Françesko Solimena kimi rəssamların
əsərlərini görmək mümkündür.
MUZEYİN EKSPOZİSİYALARI MÜTƏMADİ OLARAQ ZƏNGİNLƏŞİR
İkinci mərtəbə
Azərbaycan sənətkarlarının ekspozisiyasından ibarətdir.
Məlumdur ki, qədim zamanlardan Azərbaycan xalqı öz mədəni
varlığını xüsusilə dekorativ-tətbiqi sənətdə
büruzə verib. Xalq sənətkarları ağacdan, gildən,
daşdan və s. istifadə edərək öz həyat və
məişətləri ilə bağlı zövq oxşayan əşyalar
düzəldiblər. Bu əşyalar çağdaş
dövrdə də özünün sənətkarlıq
üslubu və dekorativ bəzəyi ilə diqqəti cəlb
edir.
Ekspozisiyada Mirqədim İrəvani,
Əlibəy Hüseynzadə kimi müxtəlif üslublu sənətkarların
əsərləri yer alıb. Burada Azərbaycanın ilk
peşəkar rəssamı Bəhruz Kəngərlinin, Əzim
Əzimzadə, Səttar Bəhlulzadə və Mikayıl
Abdullayevin yaradıcılığını əhatə edən
ayrıca zallar fəaliyyət göstərir.
Ekspozisiyada 20-dən çox əsərin
təqdim olunduğu heykəllər qalereyası da
yaradılıb.
Muzeyin Şərq zalında
isə İslam sivilizasiyasının mədəni irs nümunələri,
miniatürlər, müxtəlif dekorativ-tətbiqi işləmələr,
xalça və rəsm əsərləri, dini nəşr
nümunələri, yazılar nümayiş etdirilir.
Muzeydə tarixi yurdlarımızın
– bugünkü Ermənistan ərazisi sayılan
torpaqlarımızın mədəniyyətini əks etdirən
“Qərbi Azərbaycan İncəsənəti” bölməsi də
var. Burada keramika və metaldan hazırlanmış müxtəlif
məişət əşyaları, xalça və
xalça məmulatları, nadir miniatürlər, incə tikmələr,
milli geyimlər, zərgərlik və silah nümunələri,
divar rəsmləri və rəngkarlıq əsərləri sərgilənib.
Bölmədə həmçinin XIX əsrdə
yaşamış görkəmli Azərbaycan rəssamı
Mirzə Qədim İrəvaninin miniatür sənət
nümunələri təqdim edilir.
Azərbaycan peşəkar rəngkarlıq
sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin
yaradıcılığına muzeydə geniş yer verilib. Onun
lirik mənzərələri, qadın, uşaq portretləri,
o cümlədən ötən əsrin əvvəlində
ermənilər tərəfindən azərbaycanlılara
qarşı törədilmiş soyqırımından bəhs
edən “Qaçqınlar” silsiləsi xüsusi maraq
doğurur.
XX əsrin birinci
yarısında Azərbaycan təsviri sənətinin
inkişafı həmçinin görkəmli qrafika ustası Əzim
Əzimzadənin adı ilə bağlıdır. Ekspozisiyada
verilən “Yüz tip” silsiləsi, “Kasıb evində toy”,
“Dövlətli evində toy” və başqa əlvan akvarel rəsmləri
diqqətəlayiqdir.
Azərbaycan milli rəssamlıq
məktəbinin sonrakı dövrünün nümayəndələri
olan Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov,
Toğrul Nərimanbəyov, Qəzənfər Xalıqov, Vəcihə
Səmədova, Maral Rəhmanzadə və digər
fırça ustalarının, eləcə də Fuad Əbdürrəhmanov,
Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov
kimi heykəltəraşların əsərləri muzey
ekspozisiyasını zənginləşdirən dəyərli
sənət nümunələridir.
Muzeyin ikinci mərtəbəsində
100 nəfərlik konfrans salonu və xalçaların
nümayiş olunduğu zal fəaliyyət göstərir. Burada
həmçinin xalqımızın milli geyimləri, “Qurani-Kərim”in
qədim nəşrləri, orijinal mis qablar nümayiş
olunur.
Digər zallarda müasir Azərbaycan
incəsənətinin görkəmli nümayəndələri
olan Baba Əliyev, Ələkbər Rzaquliyev,
Böyükağa Mirzəzadə, Əyyub Məmmədov,
Nadir Qasımov, Oqtay Sadıqzadənin əsərləri
nümayiş olunur. Burada Zərifə xanım Əliyeva,
Niyazi, Şəmsi Bədəlbəyli, Natəvan və Azərbaycanın
digər görkəmli nümayəndələrinin portretləri
sərgilənir. Muzeydə dünya şöhrətli rəssamımız
Tahir Salahovun əsərlərindən ibarət zal da var.
Üçüncü mərtəbədəki
ekspozisiyada avanqard üslubunda əsərlər nümayiş
etdirilir. Burada Azərbaycanın müasir incəsənətinin
tanınmış nümayəndələri – Cavad Mircavadov,
Rasim Babayev, Altay Sadıqzadənin əsərlərindən
ibarət ekspozisiya mövzu rəngarəngliyi ilə
seçilir.
BEYNƏLXALQ LAYİHƏLƏR VƏ ƏLAQƏLƏR
Müasir dünya
standartlarına uyğun qurulan Dövlət İncəsənət
Muzeyi həmçinin mədəni-maarif işləri
aparır, sərgilər, mühazirə və müzakirələr
təşkil edir, kataloq, buklet, albomlar nəşr etdirir. Muzeyin
qonaqları audiogid vasitəsilə burada nümayiş olunan əsərlər
barədə 25 dildə geniş məlumat əldə edə
bilərlər. Bundan başqa, muzeydə müasir mühəndis-texniki
qurğular, mərkəzi havalandırma, videomüşahidə,
yanğın əleyhinə, həmçinin təhlükəsizlik
sistemləri qurulub. Binada inzibati otaqlarla yanaşı, internet
zalı və zəngin kitabxana da fəaliyyət göstərir.
Muzey beynəlxalq layihələrdə
də iştirak edir. Məsələn, ötən il Luvr
muzeyinin “Mərkəzi Asiyanın baş örtükləri”
ekspozisiyasının nümayişi muzeyə 16 min ziyarətçi
qazandırıb. Bu o deməkdir ki, artıq Azərbaycan
Dövlət İncəsənət Muzeyi Avropanın ən
qabaqcıl muzeyləri ilə birgə layihələr
gerçəkləşdirmək imkanındadır.
Qeyd edək ki, muzeydə
yenidənqurma işlərinin növbəti mərhələsi
olaraq ikinci bina da təmir edilib. Bir sözlə, R.Mustafayev
adına Dövlət İncəsənət Muzeyi ziyarətçilərə
Azərbaycan, Avropa, Şərq ölkələri və Rusiya
incəsənətinin müxtəlif dövrlərini əks
etdirən yüksək səviyyəli sənət əsərləri
ilə tanış olmağa gözəl şərait
yaradır.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 6 may.- S.6.