“Teleskop”un göstərdikləri
Azərbaycan Dram Teatrında yazıçı Elçinin “Teleskop” pyesinə baxış keçirilib. Xatırladaq ki, tamaşaya Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdan quruluş verib.
Səhnə əsərinə tərtibat vermək üçün Rusiyanın məşhur tərtibatçı rəssamı Eduard Koçerqin Milli Dram Teatrına dəvət olunub. “Teleskop”un geyim üzrə rəssamı Eduard Koçerqinin həyat yoldaşı Anna Koçerqinadır. 11 şəkildən və 2 epiloqdan ibarət tragikomediyanın musiqi tərtibatı Həmid Kazımzadəyə həvalə edilib.
Tamaşada rolları teatrın aparıcı aktyorları, xalq artistləri Füzuli Hüseynov, Ramiz Novruz, Hacı İsmayılov, Əjdər Həmidov, Kazım Abdullayev, Rafiq Əzimov, aktyorlar İlahə Həsənova, Şəhla İsmayılova, Rövşən Kərimduxt və başqaları ifa edirdilər. Səhnə əsərini izləyənlər arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, onun birinci müavini Ədalət Vəliyev, AYB-nin katibi Fikrət Qoca, AYB katibi Rəşad Məcid, dramaturq Əli Əmirli, gənc yazarlar, jurnalistlər və aktyorlar da vardı. Əvvəlcə onu qeyd edək ki, səhnə dekorasiyaları, həqiqətən də, göz oxşayırdı, hadisələrin baş vermə məkanından asılı olaraq, dekorasiya da tez-tez yenilənirdi. Qəhrəmanların rəqsləri və tamaşanın musiqi tərtibatı da olduqca ürəkaçan idi. Səhnə belə açılır: qəzaya uğrayan baş qəhrəman komaya düşüb.
Onun arvadı, uşaqları, qaynanası, dostu və dostunun həyat yoldaşı əməliyyat gedən zaldaca, həkimin etirazlarına rəğmən ağlaşma qururlar. İlk baxışdan adama elə gəlir ki, aktyorlar doğmasının itirməkdə olan adamın faciəsini təbii şəkildə göstərə bilmirlər, kişilərin nitqi pafoslu görünür, qadınlar isə daha çox vay-şüvən salırlar. Amma hadisələrin sonrakı gedişi bəlli edir ki, əslində, tamaşanın içərisində başqa bir tamaşa da var – “Teleskop” da elə məhz bunu göstərmək üçündür. Amma qəhrəman teleskopdan baxmaq üçün o biri dünyaya düşməli, burada birinci arvadı ilə qarşılaşmalı, yalnız bundan sonra teleskopun varlığından xəbər tutmalıdır. Yalnız o zaman aydın olacaq ki, kürəkənin “mələk” hesab etdiyi qaynana riyakarlıq edirmiş, sevimli arvadı onun komaya düşməsini gözləyirmiş ki, yeni ər axtarışlarına çıxsın, oğlu və qızı isə atalarının halına acımaq əvəzinə onun gizlədiyi pulları axtarsınlar. Müəllif o biri dünyanı bu dünyadakı sivilizasiyada öyrəşdiyimiz anlayışlardan kənar təsəvvür etmir – o biri dünyada da restoran, test imtahanları, dispetçerlər var, məhkəmə, apelyasiya şikayəti, hətta teleskop da var. Amma bunların hərəsinin ayrı, bizim öyrəşmədiyimiz təyinatı var. Bütün insanlar günahkardırlar, əslində, bu dünyada biz özümüzü gizləməklə məşğuluq və əgər bir gün, şair Ramiz Rövşənin də dediyi kimi, dünya qəfil işıqlansa, kimin kim olduğu görünəcək.
Elə buna – günahlarımıza görədir ki, Şeyx Nəsrullah “ölüləri diriltmək” istərkən, heç kəs doğmasının geri qayıtmasına razılıq vermir. Çünki hamımız ölənlərin qarşısında gözükölgəliyik. Və Elçin qəhrəmanlarının dilindən söylədiyi replikalarda öz yanaşmasını ortaya qoyur. Məlum olur ki, birinci arvad öləndən bugünədək cəmi bir nəfər – xeyirxahlığı bu dünyada heç kəsdə şübhə doğurmayan Terezanı cənnətə buraxıblar. O da uzun müzakirələrdən sonra. Baş qəhrəman o biri dünyada qarşılaşdığı birinci arvadına deyir: “Dünyada günahkar olmayan adam yoxdur. Amma günahkar adamlardır, biz isə ruhuq. Nə yaxşı ki, biz bir-birimizə teleskopla baxa bilmirik”. İstər-istəməz, tamaşaçıda sual yaranır: tamaşada hamının iç üzü görünür – cərrahiyyə əməliyyatını aparan həkimdən tutmuş ölüm ayağında olan kişinin dostunadək. Bircə, qəhrəmanın keçmiş arvadı “sudan quru” çıxa bilir. Bu, tamaşaçıda müəyyən şübhələr yaradır, amma dərindən düşünəndə müəllifin yanaşması aydın olur: məsələ teleskopdadır. Onunla yalnız diriləri izləmək olar, teleskop ölüləri göstərmir. Digər tərəfdən, bu həm də mental dəyərlərə ziddir, qəhrəmanlardan fərqli olaraq, müəllif bu dəyərə də hörmətlə yanaşır. Sonda o biri dünyadakı ruhlar teleskopa qarşı üsyan qaldırırlar, baş qəhrəman isə teleskopu tərsinə çevirir ki, gözlər heç nə görməsin, könüllər bulanmasın. Qəhrəman dörd əsas mələyin mübahisələrindən sonra həyata qaytarılır, amma o, riyakarların arasında yaşamaqdansa, geriyə, birinci arvadının – ruhun yanına qayıtmağı üstün tutur...
Tamaşa faktoloji baxımdan xoş sonluqla tamamlanmasa da, qəhrəmanın o biri dünyaya qayıtması zaldakıları sevindirir. Pərdələr enməzdən əvvəl qəhrəmanlar sonuncu dəfə rəqs edirlər və onlar zala, tamaşaçıların yanına gəlirlər...
Kim bilir, bəlkə də, səhnəni izləmək səhnədən izləməkdən daha maraqlıdır. “Teleskop”a baxmaq zövq verdi, amma inanmıram ki, bu tamaşadan sonra kimsə teleskopla ulduzlara baxmaq istəyəndə belə, yerdə baş verənləri düşünəcək. Özünə və doğmalarına baxacaq, bu dəfə teleskopla yox, sanki mikroskopla...
Rəbiqə NAZİMQIZI
525-ci qəzet.- 2011.- 11 may.- S.7.