“Səadət sarayı”: qədim
şəhərdə möhtəşəm memarlıq abidəsi
Azərbaycanda ötən əsrin
şanlı neft bumu mərhələsi bizlərə həm də
iri neft maqnatlarının zəngin irsini yadigar qoyub. Qeyd edək
ki, bu dövr təkcə ölkəyə neft
investisiyalarının qoyuluşu və xarici kapitalın
axını dövrü deyildi. Bu mərhələ həm də
bütövlükdə şəhərin mənəvi həyatına
elə təsir etmişdi ki, üstündən bir əsr
keçməsinə baxmayaraq həmin zaman kəsiyinin bizlərə
qoyub getdiyi zəngin irs hələ də insanları heyrətləndirməkdə
davam edir. Əlbəttə bu irs Azərbaycanın iqtisadi həyatında
mühüm rol oynayan milli burjuaziyaya məxsus idi. Bu təbəqənin
meydana çıxması isə heç də asan
olmamışdı.
Neft sənayesinin inkişafı təkcə
xarici sahibkarların Azərbaycana axını demək deyildi. Bu
sahənin inkişafı həm də ölkədə yerli
burjuaziyanın yaranmasına təkan verdi. Azərbaycan tarixində
XIX əsrin ikinci yarısında meydana gələn bu təbəqə
xalqın həyatında mühüm əhəmiyyət kəsb
etmişdi. Hər şeydən əvvəl ölkənin
inkişafı ilə əlaqədar çoxlu xeyriyyə
işləri görmüş və öz xalqının
qayğısına qalmışlar. Təəssüflə
qeyd etmək lazımdır ki, Sovet dövründə milli
burjuaziyanın nümayəndələri və onların
gördükləri işlərdən danışmaq və
yazmaq qəti qadağan olunduğundan onların fəaliyyəti
uzun müddət xalqa məlum olmayıb. Lakin Sovet
imperiyası dağıldıqdan sonra bu insanların
keçdikləri həyat yoluna və xalq üçün
gördükləri işlərə də maraq artmağa
başladı. Onların arasında çox maraqlı və zəngin
həyat tarixçəsinə malik olan milyonçulardan biri də
Murtuza Muxtarovdur. Murtuza Muxtarov Bakının Əmircan kəndində
kasıb arabaçı ailəsində dünyaya gəlib. Bir
çox Bakı milyonçuları kimi o da kiçik fəhləçilikdən
böyük neft maqnatı səviyyəsinə qədər
yüksəlib. Ailə ənənəsinə sadiq qalaraq əvvəlcə
arabaçılıq etməklə pul qazanan Murtuza, həm də
uzun müddət suvaqçı işləyib. Nəhayət,
M.Muxtarov 1870-ci ildə öz arabasını satıb
Balaxanı-Zabrat kəndləri ətrafında salınan mədənlərdən
birində fəhləliyə başlayır və neft sənayesində
böyük müvəffəqiyyət əldə edərək
milyonçuya çevrilir. Manaf Süleymanov “Eşitdiklərim,
oxuduqlarım, gördüklərim” kitabında yazır ki,
quyuları mexaniki üsulla qazmağa başlayanda Muxtarov
buruqda adi fəhlə işləyirmiş:
“O zamanlar bu çox çətin
iş olduğundan, mədənlərdə pul qazanmaq
insanın dözümü və iradəsiylə bağlı
idi. Maratov adlı bir sahibkar Muxtarovdakı
dözümü, iradəni nəzərə alıb ona
mexaniki alət və cihazların sirrini öyrədir. Onu
tezliklə usta təyin edir, mədən emalatxanasını da
ona tapşırır. Murtuza artıq qazma zamanı quyularda
tutulan alət və cihazları xilasetmə ustası kimi ad çıxartmışdı.
Yüzə qədər dəzgahı,
çoxlu avadanlığı və mühərrikləri,
maşınları, yüzdən çox yük atı,
arabaları, furqonları vardı. Özü
ixtiraçı idi, düzəltdiyi “Muxtarov” adlı qazma dəzgahı
bütün dünyada məşhur idi, bu dəzgah çox
ölkələrə ixrac edilirdi”.
1895-ci ildə M.Muxtarov podrat
götürüb 1100 metr dərinlikdə quyu qazır. O
zamanlar kövrək, yağlı və sairə süxurlarda
quyu qazmağı möcüzə hesab edirdilər. O,
dünya tarixində ilk dəfə, 1895-ci ildə metal
ştanqlarla zərbə qazma dəzgahını
quraşdırır və bunun üçün dövlət
patenti alır.
Murtuza Muxtarov bu ixtirasına
“Bakı qazma sistemi” adı verir. Onun bir sıra digər
ixtiraları da var idi. Muxtarov XIX əsrin sonlarında Bibiheybətdə
qazma avadanlığı zavodunu işə salır. Bu, Rusiyada
ilk neft avadanlığı müəssisəsi idi. Zavodun
yaxınlığında fəhlə və qulluqçular
üçün üçmərtəbəli
yaşayış binaları tikdirir; bununla da həm
işçi qüvvəsini ətrafına toplayır, həm
də əlavə gəlir əldə edirdi. Muxtarov zavodun
buraxdığı dəzgah və avadanlığı Rusiyaya
və xarici ölkələrə satırdı. Özü də
xaricdən, xüsusilə Amerikadan çoxlu maşın,
cihaz, alət və avadanlıq alırdı. Hətta Azərbaycan
sovet Rusiyası tərəfindən işğal edildikdən
sonra da onun adına avadanlıq göndərilirdi.
M.Muxtarovun ali təhsil
almamasına baxmayaraq, heç kəs neft sahəsində olan
sirləri ondan yaxşı bilmirdi. O, ali təhsili olmayan
çox gözəl neft mühəndisi idi. Murtuza Muxtarovun
neft sənayesindəki fəaliyyəti təkcə Azərbaycanı
əhatə etmirdi. O, həm də Şimali Qafqazın Maykop və
Qroznu neft mədənlərinin sahibləri ilə iş birliyi
qururdu. Elə ona görə də M.Muxtarov tez-tez Şimali
Qafqaza səyahət edirdi. Muxtarovun həyat və fəaliyyətinin
böyük hissəsi xüsusilə Vladiqafqazla bağlı
olub. Elə orada da o, Vladiqafqazın tanınmış
generalı Tuqanovun qızı Liza Tuqanova ilə tanış
olur və ailə qurur. Onu da qeyd edək ki, bu, Muxtarovun ikinci
evliliyi idi. Əvvəlki evlilikdən onun iki qızı
dünyaya gəlmişdi. Lakin bədbəxt hadisə nəticəsində
o, qızlarını itirir və beləliklə də ailəsi
faciəli şəkildə dağılır.
Lizanın öz həyat
yoldaşından nə az, nə çox, 24 yaş kiçik
olmasına və hər iksinin müxtəlif sosial təbəqələrə
mənsub olmalarına baxmayaraq, bu heç də onların
birlikdə xoşbəxt yaşamalarının
qarşısını ala bilmir. Onların Vladiqafqazda dəbdəbəli
toy mərasimi olur və sonra Bakıya gəlirlər. Bu
cütlüyün böyük imtiyazları və zənginlikləri
tezliklə Azərbaycanda və Rusiyada olduqca dəbdəbəli
binaların tikilməsinə səbəb oldu. Məsələn,
Bakının Əmircan kəndində 1910-cu ildə tikilən
məscid hələ də mövcudluğunu saxlayır.
Muxtarov Liza Tuqanovanın şərəfinə Valdadiqafqazda da
çox gözəl məscid tikdirib və bu tikli Terek
çayının sahilində olduğu kimi qalır.
Sözügedən məscid böyük neft maqnatının
öz sevimli xanımının şərəfinə
tikdirdiyi yeganə tikli deyildi. Məsələn, bir dəfə
Avropaya səyahət edən bu cütlük İtaliyanın
Florensiya şəhərində də olurlar. O zaman Liza
xanım italyan binalarının arxitekturasına, xüsusilə
də onlardan birinə dərindən valeh olur və o, bu məftunluğunu
həyat yoldaşına bildirir. Təxminən bir il sonra
Bakıda küçə gəzintisinə çıxarkən
Muxtarov Lizanı Fars küçəsinə gətirir və
birdən Lizanın baxışları uzaq İtaliyada
gördüyü saraya bənzər bina ilə toqquşur.
Öz xanımının əllərindən öpən,
Muxtarov onu yeni mülkləri münasibətilə təbrik
edir. “Səadət sarayı” adlanan bu mülkdə xoşbəxt
cütlük həyatlarının ən gözəl günlərini
keçirəcəkdi. Saray Rusiyadan olan arxitektor Ploşko tərəfindən
fransız qotik üslubunda 1911-12-ci illərdə tikilmişdi.
Muxtarov Ploşkonun xüsusi olaraq Moskvadan Bakıya dəvət
etmiş və sonra da İtaliyaya göndərmişdi ki,
sarayın əsl görkəminə baxsın. Sarayın hər
sütunu, tağları, buta və gülləri, pəncərə
və qapıları təkrarolunmaz sənət əsəri,
memarlıq incisidir və bu detallar binanın yanından
keçən və ya içəri daxil olan hər kəsi
valeh edir.
Onu da qeyd edək ki, M.Muxtarovun
missiyası yalnız alqı-satqı ilə məhdudlaşmırdı.
O, həm də Bakıda fəaliyyət göstərən
çoxlu xeyriyyə təşkilatları ilə əməkdaşlıq
edir və onlara kömək edirdi. Liza xanım özü də
fəal şəkildə xeyriyyə fondlarının işinə
cəlb olunmuşdu. O, “Vərəmə Qarşı
Mübarizə” Qafqaz Cəmiyyətinin Bakı şöbəsinin
üzvü idi. Liza həm də 1913-cü ildə yaradılan
“Uşaq xəstəxanası” xeyriyyə cəmiyyətinin də
üzvü olur. Bu adlı-sanlı qadın Bakı Müsəlman
cəmiyyəti olan “Nicat”a da kömək edirdi. 1914-cü ildə
o Bakıda ilk Müsəlman Qadın Xeyriyyə Cəmiyyətini
yaradır və cəmiyyətə Bakının ziyalı
qadınlarını cəlb edir. Bu təşkilat xeyriyyə
tədbirləri keçirir, pul toplayır və kasıblara,
ehtiyacı olan ailələrə əl tuturdular. Lakin təəssüf
ki, bu xeyirxah cütlüyün romantik hekayətləri acı
sonluqla bitdi. Belə ki, 1920-ci ildə Azərbaycanın
bolşevik Rusiyası tərəfindən işğalından
sonra, bolşeviklər bütün varlı azərbaycanlılar
mülklərini müsadirə etməyə başladılar.
Bununla yanaşı kütləvi həbslər başladı.
Bir gün onlar Muxtarovun da evində peyda olurlar və ondan
binanı tərk etməyi, sovet hakimiyyətinə tabe
olmağı tələb edirlər. Bunu eşidən neft
maqnatı öz tüfəngini götürür, əvvəlcə
iki bolşeviki, sonra isə özünü öldürür.
Beləliklə də, Muxtarov öz sevimli xanımının
qolları üstündə evinin zirzəmisində vəfat
edir. Onun ölümündən sonra Lizaya yalnız bu zirzəmidə
yaşamağa icazə verirlər. Binanın özü isə
XI qızıl ordunun qərargahına çevrilir. Bakıda
qaldıqca həyat gündən-günə Liza
üçün daha da təhlükəli olurdu.
Onun yaxın dostları Lizanın
xaricə getməsinə cəhd edirdilər. O, köhnə
ailəvi dostlarından biri ilə saxta nikah müqaviləsi
imzalayır. Həmin şəxs türkiyəli diplomat
olduğundan onlar İstanbula gedirlər. Lakin qadın yenidən
haqsızlıqla üzləşir. Belə ki, həmin şəxs
Lizanın əlində olan və o zaman qadın
üçün çox qiymətli hesab edilən yeganə əmlak
kimi ona qalmış mücrünü alaraq səsli-küylü
küçədə gözdən itir və bir daha peyda
olmur. Bəzi versiyalara görə, Lizaya Türkiyədə fəaliyyət
göstərən Azərbaycan diasporası kömək edib və
o, 1950-ci ilə qədər yaşayıb. Bu gün Muxtarov həyatda
olmasa da, onun tikdirdiyi gözəl “Səadət sarayı”
qalmaqdadır.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 11 may.- S.6.