Nəriman Həsənzadə
dünyasına səyahət və ya 80 illik dostluğun
qısa tarixçəsi
Ədəbiyyatla az-çox maraqlananlar Nabat Xalanın kim olduğunu, nədən söhbət gedəcəyini bilərlər yəqin... Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılan mükəmməl Ana obrazından – Xalq şairi Nəriman Həsənzadənin anası Nabat Xaladan və Ana nisgili ilə indi də göynəyən şairlə tanışlıq təəssüratlarımdan danışacam sizə...
“Dünya bir nərdivandı...”, – deyir Nəriman Həsənzadə. Bu nərdivanın 20-ci pilləsində tale məni onunla görüşdürdü... Əslində çoxdan “tanıyırdım” onu. Nəriman müəllimin 1 yaşı olandan... Anam mənə “Nabat xalanın çörəyi” əsərini oxuyan vaxtlardan...
Əsərdən sonra bir müddət özümə gələ bilmədim. Elə hey bu oğlanın anasından sonrakı taleyi barədə düşünürdüm... Onun yerində özümü təsəvvür edib, hər an anamı itirəcəyimdən qorxaraq xəlvətdə ağlayırdım da... Tez-tez anama: “Bütün analar öləcək, – sən də, ana?”, – deyə sual verirdim. Anam məni ovundururdu: “Yox ay bala, əsərdi də yazılıb”. Ancaq özünün də ağladığını görmüşdüm... Anam da 1 yaşında olarkən atasını itirmişdi, eynilə əsərdəki kimi anası ilə tək qalmışdı...
Onda heç ağlıma da gəlməzdi ki, bir vaxt gələcək rayonumuz işğal olunacaq, Bakıya köçəcəyik, oxuyub nəşriyyatda işə düzələcəm. Və günlərin birində mənə zəng olacaq: “Salam, qızım. Danışan Nəriman Həsənzadədi. Bir yazım var onu yazarsınızmı, qızım?”
Mən axtarmağa macal tapmamış tale onu mənimlə görüşdürəcək... Bununla da Nəriman Həsənzadə ilə işgüzar əlaqələr başlanacaq...
75 illiyi ilə əlaqədar Azərbaycan Televiziyası haqqında film çəkəcək. Nabat Xala və balaca Nəriman obrazını tapmağı o mənə tapşıracaq. Heç axtarmağa ehtiyac olmayacaq, rəfiqəm Qəmər və oğlu Vüsal yanıma gələcək. Mən sevincək: – Tapdım, Nəriman müəllim, deyəcəm...
Beləcə 5-6 yaşlarımda ölümünə heyfsiləndiyim Nabat Xalanın, anasız qalan o nisgilli oğlanın obrazını seçmək xoşbəxtliyi mənə nəsib olacaq...
Elə bir obraz yaranacaq ki, hamı təəccüblə: – bu uşağı hardan tapmısız? – Necə oxşayır deyəcək...
...Yadımdadır... Çəkiliş vaxtı Nəriman müəllim necə təsirlənmişdi... Sanki Anası Poyludan şəhərə ona baş çəkməyə gəlmişdi... İsti xamralının ətri vurduqca ürəyindən nələr gəlib-keçdiyini duymaq çətin deyildi...
Çəkilişin sonunda alnımdan öpüb: – Sağ ol, qızım, heç bilirsən neylədin, analı dünyamı mənə qaytardın, – dedi.
Onu bir az da olsa sevindirdiyimə görə xoşbəxt idim...
...Film necə təsir etmişdisə, bir gün “Poylu – beşiyim mənim” adlı şeiriylə sevincək yanıma gəldi. Necədir, fikrini bildir, – dedi. Çox xoşuma gəlmişdi. Ancaq hiss etdim ki, bunun davamı olacaq. Özünə də dedim...
Səhəri gülə-gülə zəng etdi ki, bir-iki bənd “gəlib”. Beləliklə, bir müddət bu əsər üzərində işlədik...
Sonra o xəstələndi... Ürəyindən əməliyyat olunmalı idi... Almaniyaya getməyə hazırlaşırdı...
Əsərin çap olunmamasına təəssüf edirdi... Kitabın redaktoru Güldanə xanımla əsəri bitmiş bilib kitab halında çap etdirdik... Və onu bir az da olsa sevindirməyə çalışdıq...
Əməliyyatdan qayıdandan sonra zəng etdi ki, Aliyə, yenə bəndlər “gəlib”...
Filmin çəkilişi zamanı Poyluya etdiyi səfər – uşaqlıq xatirələri, anasız yurd yeri, bəlkə də keçirtdiyi həyəcan və kədərli-sevincli anların təsirindən ürəyində yaranan ciddi problem, ağır Almaniya səfəri və s. uzun illər gözü tutulmuş bulağı sanki qaynatmışdı...
Bir gün əsəri oxuyub mənə gətirmişdi. Gördüm o qədər əlavələr edib... Səliqə ilə kağızları da kəsib yapışdırıb səhifələrin qıraqlarına. Elə bil, qırçınlı paltar geyindirib əsərə. Zarafatla dedim ki, bu lap qırçınlı əsər oldu...
Kitab çap olunanda o qədər təşəkkür etdi, sanki mən yazmışdım bunları...
Deyirdi, yaradıcı adama yumruq, qapaz yox, tərif “vurulmalıdı” ki, o daha da ilhamlansın...
Əsərdə də bunu qeyd etmişdi:
“...Yaz, Aliyə, mən dedikcə sən
ekranda yaz,
nə yaxşı ki, zövq əhlisən, üstəlik həssas.
Mənim Poylu beşiyimdən deyirsən olmaz,
mən nə deyim saf ürəklə deyilən sözə,
ürəyimdən
neçə bəndi çıxardın üzə...”
Beləliklə, 7-8 bəndlik şeir artıb 144 səhifəlik poemaya çevrildi və “Poylu – beşiyim mənim” kitabı 2-ci dəfə nəşr edildi.
İlk nüsxəsini gətirib: “Bu sənin əsərindi. – Allah qoysa təqdimatını keçirdəcəm, sən bu əsər necə yaranıb danışarsan orda”, – dedi...
...15 ilə
yaxındır, N.Həsənzadəli dünyada yol gedirəm...
Bu yollar hamar yox,
daşlı-kəsəkli yollar oldu... Çox sınaqlardan
keçdim bu yollarda...
İstedadlı insanların
dostu, ailə üzvü olmağın necə çətin
olduğunu Onunla tanışlıqdan sonra anladım...
Sağdan-soldan, yuxarıdan-aşağıdan – dörd bir
yandan daim təqiblərdə, hücumlardasan... Onları təkləyib
“udmaq” üçün nələrə əl atmırlar...
“Bir qadın
ömrünü girov qoymuşam, bir şair ömrünü
yaşatmaq üçün” fikirlərinin müəllifi nakam
Sara xanım bu niskiliylə bütün istedadların əzizlərinin
iztirabına, əzabına bir abidə qoyub... Sara
xanımın vaxtsız “qeyb olması”nın səbəbi onun
Böyük bir İstedadın xanımı olması idi...
Həyatın təzadına
bax ki, hamı ona həsəd aparır: “Bəxtəvər
filankəsin həyat yoldaşıdır” – deyir... “Bəxtəvər”sə
onu izləyən amansız qüvvələrlə – nəfslə,
həsədlə, kinlə, paxıllıqla daimi mübarizədədir...
Dincliyi yoxdur ki, yoxdur... Sonu da məlum... Canından artıq
sevdiyi insana son nəfəsində: “Nə yaxşı mən
ölürəm, sənə bir şey olsaydı mən neyniyərdim”
desə də, ona gələcəkdə tək çətin
olacağını da yaxşı bilirdi: “Məndən sonra sənin
vəziyyətin necə olacaq?” deyərək,
nigarançılıqla, gözü arxada qala-qala
köç edirdi...
O günləri ürək
yanğısıyla xatırlayan Nəriman müəllim
özü danışır ki, “o yazıq qıza daim stres
verirdilər... məni incidirdilər, ağrısını o
çəkirdi... axır əlimdən alıb dincəldilər...”
Soruşanda ki, niyə
bunları yazmırsınız? Deyir istəmirəm kiminsə
övladı valideyninə görə xəcalət çəksin...
İstedad, Tərbiyə, Əxlaq
bax, budur...
Bir “məşhur” akademik
tanıyırdım. 25-30 il bundan əvvəl aralarında
münaqişə olan – çoxdan dünyasını dəyişmiş
iş yoldaşı barədə təhqiramiz ifadələrlə
dolu bir yazı yazmışdı... Hamı nifrət etdi ona.
80 yaşın ola, akademik olasan, özün də bu
ağılda...
Nəriman müəllim haqda
“Azərbaycan” jurnalının 2011-ci il 2-ci sayında Südabə
Ağabalayeva adlı bir xanımın “Məni bayraq kimi tutun
yuxarı...” başlıqlı yazısını oxudum.
Südabə xanım yazır ki, ...Nəriman Həsənzadə
Azərbaycan mədəniyyətinin
daşıyıcısıdır və onu belə qəbul
etmək lazımdır. S.Vurğunu, İ.Muğannanı,
İ.Şıxlını, M.V.Vidadini, M.Hüseyni... “qağa”
statusunda görmək məhəbbətdən gəlsə də,
onlar çərçivəni çoxdan qırıblar...
...Əraziyə salsaq...
Batıdan Doğuya... Harda Türk dilində
danışılırsa, orada şair Nəriman Həsənzadənin
Səsi eşidiləcək...
Bu günlərdə N.Həsənzadənin
80 illiyi ilə bağlı Azərbaycan Dövlət
Filarmoniyasında keçirilən tədbirə mən də
dəvət olunmuşdum. Aparıcı millət vəkili, Nəriman
müəllimin “böyük oğlu” Nizami Cəfərov idi...
Onun
yaradıcılığı ilə bağlı olan hər
bir çıxış, əsərlərindən
nümayiş olunan parçalar, şeirlərinə bəstələnən
mahnılar, balaca qızın onun gözəl bir şeirini
ustalıqla söyləməsi, bu yaxınlarda çapdan
çıxan, Türkiyədə çox böyük əks-səda
doğuran “Nuru Paşa” poemasından bir hissənin söylənməsi,
iki türk dövlətinin bayraqlarının səhnəyə
gətirilməsi, hamının bu mənzərəni ayaq
üstə qarşılaması – Türkiyə səfirinin,
eləcə də bir çoxlarımızın göz
yaşlarına səbəb olacaq qədər təsirli idi...
Bax, elə bu andaca
sözü Nəriman müəllimə verib
görüşü yekunlaşdırmaq olardı. Ancaq məclis
xeyli uzadıldı və bu müddət sanki Qazax və
Ağstafa “fəallarının” yarışına
çevrildi.
Nizami bəyin humanistliyindən
gen-bol istifadə edənlər o ki var, ürəklərini
boşaltdılar... Nəriman müəllimin
çıxışını intizarla gözləyənlər
isə onlara qulaq asmağa məcbur oldular...
Bir dəfə yox, on dəfə
təkrar olunan “Nəriman Həsənzadə Ağstafalı,
ya Qazaxlıdır”, “qazaxlı”, “ağstafalı” ifadələrinin
belə rəsmi tədbirdə səslənməsi çox
yersiz idi. Bu, mənə bir neçə il əvvəlki əhvalatı
xatırlatdı...
Nəriman müəllim
haqqında film nümayiş olunandan və “Poylu – beşiyim mənim”
kitabı çıxandan sonra bizi təbrik edənlərlə
yanaşı, “imzasız” zənglər edərək: “Siz
kimsiniz ki, Poylu ilə bağlı filmə çəkiləsiniz,
əsər işləyəsiniz. O bizimkidir. Nə lazımsa
özümüz də edərik, çıxın onun həyatından”
– deyənlər oldu...
80 illiyində Nəriman
müəllim özü onlara cavab verdi: “Anamdan sonra Poyluda getməyə
bircə yerim yox idi, indi eşidirəm orda-burda deyirlər Nərimanı
biz saxlamışıq”...
Nəriman müəllim
analı dünyasından, Poylusundan o qədər
danışıb ki, mən demək olar ki, Poyluda
hamını tanıyıram... Yolum düşsə,
“Suçu Məcid”in, “Dəmirçi Mirzə”nin,
“Cıppı Rüstəm”in, “Sədi kişi”nin, “Lüt Əziz”in
sorağıyla qonaq olmağa bir ünvan tapacam yəqin ki...
Çox qəribə idi ki,
Nəriman müəllim hətta Poyluların
yazdığı məktubu da mənimlə işləyib
çap etmək istəyirdi. Elə bil mən onun “Poylu
üzrə mütəxəssisi” olmuşdum...
...Bir gün zəng etdi ki, əsərimi
oxuyub Poyludan mənə məktub yazıblar. Kitab kimi çap
etmək istəyirlər... Müəllif də
yanımdadır... Çapdan çıxan ilk nüsxəsini
gətiriblər... Amma çoxlu iradlarım var. İstəyirəm
yazını birlikdə işləyək... Nədənsə
yazı mənə gəlmədi. Sonra dedi ki, iradlarımı
nəzərə alıb özləri 2-ci dəfə nəşr
ediblər...
Bu, mənim taleyimdir... 5-6
yaşımdan “tanıdığım” insanla
görüşdüm və bu görüş mənim həyatımda,
tərcümeyi-halımda heç vaxt unudulmayacaq səhifələr
açdı...
Elə səhifələr
ki, hər birindən cild-cild kitablar yazmaq olar, yazılacaq da...
Onun “Kimin sualı var?”
poeması haqda Xəlil Rza yazır: “Niyə istedadlının
üzündə həyası var? Niyə istedadsızın
hardasa arxası var? Üstündə etiketi, böyründə
markası var?” Etiketli, markalı istedadsızların
bütöv bir sürüsünü ifşa edən Nəriman
Həsənzadə sadəcə olaraq, ifşaçı
deyil, yalnız özündən deyil, həm də oxucusundan fəlsəfi
təhlil tələb edən mütəfəkkir şairdir. O
yalnız sual vermir, düşündürür, beyinləri hərəkətə
gətirmək, ürəklərə od salmaq
üçün düşünür”...
Bu gün də cəmiyyətimizdə
“etiketli, markalı” bir sürü istedadsız arvad peyda olub
ki, istedadların kölgəsində meydan sulamağa
çalışırlar... Və onlar ədəbiyyatımızda
yeni bir “bölmə” yaradıblar — “duet kitablar bölməsi”.
Çox təəssüf ki, bəzi istedadlar da belələrinin
təsiri altına düşürlər...
15 ildən artıqdır ki,
nəşriyyat sistemində çalışıram.
Redaktorların rədd edib geri qaytardığı
yazıların müəllifləri hansı yollarlasa
istedadlı insanların ürəyinə yol taparaq “duet
kitablar” buraxırlar, təqdimat mərasimləri keçirirlər...
Bu kitabların “kişi” müəlliflərinə sponsorluq edən,
əvəzində duet ortağı olub “yazıçı,
şair, alim” kimi cəmiyyətə sırınanların əksəriyyəti
məmur arvadlarıdır...
Bu barədə “Yeni elmi-ədəbi
era gəlir, qaçın!” adlı yazımda oxuyacaqsız...
Nəriman müəllimin
çox sevdiyim bir şeiri var: “Niyə
qızılgülün üstə tikan var?..”
...Bu dünya sirrini öyrən,
gör nədir!
Niyə hər addımda bir
imtahan var?
Niyə novruzgülü qar
altda bitir?
Niyə
qızılgülün üstə tikan var?..
Soruşdum ki niyə? Dedi
fikir vermisənmi, bağda bir qızılgül kolu əkirsən,
bircə dəfə su tökən kimi, yüzlərlə alaq
otu, sarmaşıq əmələ gəlir ətrafında.
Gülün əmələ gəlməsi üçünsə,
gərək bağban uzun müddət mübarizə
aparsın bu alaq otları ilə... Sonrakı mərhələdə
isə görünür, Tanrı tikanlar verir ki, gül
özü-özünü qorusun...
Bu misal məni çox təsirləndirmişdi...
Nəriman müəllim bizim
ədəbiyyat tariximizdə tikansız QIZILGÜLdür. Onu
sevən hər bir kəs lazım gələndə tikana
çevrilib ona daraşmaq istəyən sarmaşıqlardan,
alaq otlarından qorumalıdır onu...
Mən başqa bir mühitdə
böyümüşəm... Ana nəslim Cavanşirlərin –
X.Natəvanın, Ağabəyim Ağanın, Q.Zakirin,
babalarım Məhəmməd bəy Aşiq Cavanşirin, Əbdüssəməd
bəy Aşiqin və b. qəzəllərini nənəm
laylasında oxuyub mənə...
Bacım Səadətin
şeirlərilə tanış olan N.Həsənzadə onun
kitabına yazdığı ön sözü ayaq üstə
sevincək oxuyaraq: “Səadət Xan qızı Natəvanın
qadın varisidi” dedi. Hətta onun adını “Poylu –
beşiyim mənim” poemasına da saldı:
Üç cavanın bəyənmişəm
mən ilhamını, –
Mirdaməti, Səadəti,
bir də Ramini.
Bugünkü ədəbiyyatımızda
baş verənləri görəndə isə heyrətə
gəlirəm...
Nizami bəy məndən
inciməz yəqin. O Nəriman müəllimin “böyük
oğlu”dursa, mən də onun “kiçik qızı”yam. Bizim
borcumuz mənəvi ATAMIZIın başını uca etməkdir...
Necə olur ki, Türkiyədə böyük məhəbbətlə
qarşılanan, eyni vaxtda 9 jurnalda dərc olunan “Nuru Paşa”
poemasının Azərbaycanda təqdimat mərasimi
keçirilmir, ancaq “duet kitab” müəllifləri gündə
bir tədbir keçirirlər...
Bu əsər Azərbaycan və
Türkiyə ədəbiyyatı tarixində bir bayram kimi məhz
“Atatürk Mərkəzi”ndə qeyd olunmalıydı... Onun bu əsərindən
bir hissəni dinləyən Türk səfiri özü dedi
ki: – Nəriman Həsənzadə tək Azərbaycanın
yox, həm də Türkiyənin Xalq şairidir...
Nəriman müəllimin
xoş günündə – 80 illiyində bu cür yazı
yazmaq istəməzdim. Bəlkə də inciyəcək məndən...
Ancaq özünün belə bir aforizmi var: “Yaxşı
adamları sevin, qoruyun, dağılar, çürüyər
yoxsa cəmiyyət”...
Nabat Xalanın oğlu Nəriman
Həsənzadə ilə mənim Böyük Dostluğa
çevrilən ilk tanışlığımın qısa
tarixçəsi budur...
Bu tanışlıq mənim
üçün əsl həyat məktəbi oldu. Dərk
etdiyim bir çox şeylərlə yanaşı, onu da
anladım ki, İlahi bir qüvvənin İstedadlara nəzarət
etməsi şəksizdir... Tanrı tərəfindən
seçilmişlərin həyatına nə zorla girmək, nə
də oradan zorla çıxarılmaq mümkün deyil...
Taledir, alın yazısıdır,
nədir, bilmirəm... Onu bilirəm ki, çox xoşdur Nəriman
Həsənzadəli dünyada yaşamaq və onunla yol getmək...
Tanrıdan bu yolun çox,
çox... uzun olmasını arzulayıram...
Aliyə QABİLQIZI
525-ci qəzet.- 2011.- 11 may.- S.6.