Sadiq dost, qayğıkeş insan

Hər kəs yaşadığı həyatı boyu müxtəlif insanlarla qarşılaşır. Ətrafdakılarla bu və ya digər dərəcədə münasibətlər qurur, dostluq edir. Cəmiyyətimizdə illərlə davam edən dostluqlara az təsadüf olunur. Çox vaxt münasibətlərin pozulmasının səbəbi kimi zəmanəni, şəraiti günahkar göstərirlər. Baş verənlərdə heç kəsin qəbahəti özündə, yaxud yoldaşında görmək fikrindən belə keçmir. İnam, etibar əsasında qurulmuş dostluqlar həqiqətən qibtə oyadacaq haldır. Sadiq dostlardan bəhs edərkən çox axtarışlar aparmadan nümunə kimi atam AMEA-nın müxbir üzvü Zakir Məmmədov və görkəmli ərəbşünas alim Tariyel Həsənov arasındakı inama, etibara əsaslanmış münasibətləri xatırlayıram. Atam hər zaman deyərdi ki, həyatda böyük qazanclarından biri sadiqliyi ilə sınanmış istəkli dostlarıdır.

Tariyel Həsənov da onlardan biri idi. 2011-ci ildə 70 yaşı tamam olan və bu yubileyi onsuz andığımız Tariyel müəllimi atamın Zakir Məmmədovun fikirləri ilə xatırlamağı özümə borc bildim. Təxminən qırx beş illik bir müddəti əhatə edən həmin bağlılıq həqiqətən də çoxlarında qibtə oyadırdı. Tariyel Həsənov 1941-ci ildə Əli-Bayramlı (indiki Şirvan) rayonunun Polad-Toğay kəndində anadan olmuşdu. 1958-ci ildə orta təhsilini başa vurub Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdi. Zakir Məmmədov və Tariyel Həsənovun dostluğunun təməli 1958-ci ildən qoyulub. Onların hər ikisi Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinin tələbələri idi.

Zakir Məmmədov II, Tariyel Həsənov I kursda təhsil alırdı. O zamanlar bu fakültə bütün Universitetin diqqət mərkəzində idi. Əsası professor Ələsgər Məmmədov tərəfindən qoyulmuş ərəbşünaslıq məktəbinin yetirmələri olmaları ilə onlar hər zaman fəxr edərdilər. Tariyel Həsənov Zakir Məmmədovun tələbəlik illərində qazandığı sadiq dostlardan idi. Kamil bir insan ömrünə bərabər belə etibarı qorumaq həqiqətən çox çətindir. Tariyel Həsənov ilk baxışdan az danışan təsiri bağışlayırdı. Bu insanın xeyirxahlığını, həssaslığını, alicənablığını anlamaq üçün uzun müddətli ünsiyyət vacib idi. İlk gənclik illərində təkcə Universitet daxilində deyil, tələbəlik dövrünün acılı-şirinli yataqxana mühitini paylaşmaları da onların hər ikisinə bir-birini daha yaxından tanımaları üçün şərait yaratdı. Günün əksər vaxtlarını birgə keçirmələri, qarşılıqlı hörmət və anlayış Zakir Məmmədovun və Tariyel Həsənovun bir-birlərinə etibarını artırırdı.

Tariyel Həsənov ərəbşünaslıq fəaliyyətini bir neçə istiqamətdən inkişaf etdirib. Radio, tərcüməçilik və elm-təhsil sahəsindəki peşəkar fəaliyyəti bu insanın istedadını, işgüzarlığını aydın göstərir. Hələ tələbəlik illərindən başlayaraq, 1962-ci ildən 1971-ci ilə qədər Tariyel Həsənov Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin ərəb redaksiyasında diktor işləyib. Dili mükəmməl bilməyi və gözəl diksiyası ona bu fəaliyyətində böyük uğur qazandırıb. Atam deyərdi ki, bir dəfə dostu onların tələbəlik dövrünün mənzərəsini əks etdirən veriliş hazırlayaraq, dolğun ifadəsi və yüksək tələffüzü ilə həmin məktəbin layiqli yetirməsi olmasını aydın nümayiş etdirmişdi.

Tariyel Həsənov uzun müddət ərəb ölkələrində tərcüməçi kimi çalışıb. 1966-1967-ci illərdə o, Yəmən Ərəb Respublikasında, 1973-1977-ci və 1987-1992-ci illərdə isə İraq Respublikasında xidməti ezamiyyətdə olub. Məlumdur ki, Sovetlər dövründə xarici ölkələrdən kitabları və əlyazmanın mikrofilmlərini əldə etmək çətin idi. Məhz belə çətinliyi aradan qaldırmaqda ömrünü elmə bağlamış Zakir Məmmədova köməklik göstərmiş dostlardan biri də Tariyel Həsənov idi. Atam bu barədə Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir kitabında qeyd edib. Tariyel Həsənovun Azərbaycan Elmlər Akademiyasında (indiki Azərbaycan Milli Elmlər Akademiyası) çalışması onların ünsiyyətini daha da yaxınlaşdırdı. Bu illər ərzində onların birgə əməkdaşlıqları da oldu. 1971-1987-ci illərdə Tariyel Həsənov Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda fəaliyyətə başladı. Burada kiçik elmi işçi vəzifəsindən şöbə müdirliyinə qədər yüksəldi. O, 1971-ci ildə tarix elmləri namizədi elmi dərəcəsini aldı. İraqın müasir tarixinə və islam dini məsələlərinə dair bir monoqrafiyanın və otuzdan çox məqalənin müəllifidir. Onların arasındakı yaxın dostluq elmi əməkdaşlıqla da davam etdirilirdi.

Zakir Məmmədovun və Tariyel Həsənovun birgə fəaliyyəti nəticəsində işraqilik fəlsəfəsinin banisi Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) Filosofların görüşləri traktatı rus və Azərbaycan dillərinə tərcümə edilib, ərəb orijinalı ilə birlikdə ilk dəfə 1986-cı ildə, daha sonra isə Zakir Məmmədovun tərcüməçisi və tərtibçisi olduğu Şərq fəlsəfəsi (Bakı, 1999) kitabında yenidən nəşr olunub. Eyni zamanda Zakir Məmmədovun təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 2 aprel 1991-ci ildə Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar qəbul edilmiş, qərara əsasən Təşkilat Komitəsinin sədri akademik Fuad Qasımzadə, sədr müavini Zakir Məmmədov, elmi katib isə Tariyel Həsənov olmuşdu. Akademik Ziya Bünyadovun tərcümə etdiyi Füzulinin Mətlə əl-etiqad (Bakı, 1987) fəlsəfi kitabının redaktorları Tariyel Həsənov və Zakir Məmmədov idi. İki sadiq dostun birgə elmi çalışmaları öz müsbət nəticəsini işdə də nümayiş etdirirdi. Tariyel Həsənovun görkəmli ərəbşünas kimi ən böyük xidməti islam dininin müqəddəs kitabı Qurani-Kərimi tərcümə etməsidir. İllərlə qazanılmış yüksək bilik, mükəmməl mənimsənilən ərəb dili bu tərcümədə özünü aydın şəkildə göstərib. Pedaqoji fəaliyyətinə gəlincə, o, 1992-ci ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində ərəb dilindən dərs deyib və onlarla tələbənin sevimli müəllimi olub. Tariyel Həsənov Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışıb. İstedadı və savadı sayəsində o, hansı sahədə çalışmasına baxmayaraq, öz sözünü deməyi bacarmaq iqtidarında idi.

2005-ci il 23 dekabrda alicənab insan, görkəmli ərəbşünas alim, sadiq dost Tariyel Həsənov dünyasını dəyişdi. Həyat ona acı günlər də yaşatmışdı. Lakin o, çətin anında belə ətrafdakılara həssaslığını, diqqətini qətiyyən azaltmamış, laqeydləşməmişdi. Belə böyük ürəyə sahib insanın Tariyel Həsənovun 70 yaşını onsuz qeyd etmək onu tanıyan hər kəsə olduqca çətindir. Mən atamın dostu barəsində düşüncələrimi kağız üzərinə bacardığım qədər səmimi şəkildə köçürməyə çalışdım. Təəssüflər olsun ki, Zakir Məmmədovu və Tariyel Həsənovu çox tez itirdik. Bu iki şərqşünas alimin elmi, biliyi və sadiq, qayğıkeş dostluğu gözəl bir nümunədir.

 

 

ÜLKƏR ZAKİRQIZI

 

525-ci qəzet.- 2011.- 11 may.- S.4.