Mərhum jurnalist Tofiq Rüstəmovun xatirəsi Qubada anılıb
Mayın 7-də Qubada görkəmli ictimai xadim, jurnalist və alim Tofiq Hacı Tağı oğlu Rüstəmovun 75 illiyi münasibətilə anım mərasimi keçirilib. Quba bələdiyyəsinin akt zalında baş tutan toplantıda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimləri, yerli icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları öncə görkəmli jurnalistin məzarını ziyarət edib üzərinə tər çiçəklər düzüblər. Tədbiri açan Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov T.Rüstəmovun həyat və fəaliyyəti barədə məlumat verib. “Tofiq Rüstəmovun milli jurnalistikamızda yeri, mövqeyi, sanballı rolu çoxdan müəyyənləşmişdir. Mətbuat tariximizin gözəl bilicisi və tədqiqatçısı, ensiklopedik biliyə malik tərcüməçi, televiziya və radiojurnalistikası sahəsində əvəzsiz mütəxəssis, tərcümə sənəti nəzəriyyələrinin ilk yaradıcılarından biri, ana dilimizin saflığı və təmizliyi keşiyində duran təəssübkeş redaktor, mətbuat işinin bacarıqlı təşkilatçısı, gənc jurnalistlərin xeyirxah tərbiyəçisi və hamisi. Bunlar onun ömür yolunun silinməz və danılmaz izləridir”, – deyə o bildirib.
1936-cı
ildə Quba şəhərində anadan olan T.Rüstəmov
1953-1958-ci illərdə Bakı Dövlət Universitetinin
filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil
alıb. Ali təhsilini başa vurandan sonra iki il sovet dövrünün ən nüfuzlu qəzetlərindən
sayılan “Uçitelskaya qazeta”nın respublikamızda
xüsusi müxbiri işləyib. Bundan sonrakı on il müddətində
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində tərcüməçi, redaktor,
böyük redaktor, şərhçi, baş redaktor
müavini, informasiya verilişləri baş
redaksiyasının baş redaktoru vəzifələrində
çalışıb. S.Məmmədov həmçinin
T.Rüstəmovun səmərəli fəaliyyətinə
görə 1967-ci ildə Azərbaycan Jurnalistlər
İttifaqının “Qızıl qələm”
mükafatına layiq görüldüyünü, Azərbaycan
SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü
olduğunu, müxtəlif illərdə Azərbaycan Jurnalistlər
İttifaqı İdarə Heyətinin katibi, ADU-nun partiya komitəsinin
katibi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin
müdiri, 1990-1995-ci illərdə isə “Kommunist” (“Xalq qəzeti”)
qəzetinin baş redaktoru vəzifələrini tutduğunu
vurğulayıb.
Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov T.Rüstəmovla
bağlı anım tədbirinin mərhumun doğulduğu
Quba rayonunda keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib:
“Şəfəq” qəzetinin 90 illiyi kimi mühüm ictimai
hadisədən sonra biz ikinci yubileydir ki, Quba rayonunda qeyd edirik.
Tədbirin təşkilatçılarına və
təşəbbüskarlarına dərin minnətdarlığımı
bildirirəm. Bu, böyük alimin, gözəl
müəllimin, istedadlı qələm sahibinin ruhuna
böyük ehtiram nümunəsidir. Belə
münasibət nədən qaynaqlanır, istərdim ki, bir qədər
bu haqda danışım. Tofiq müəllim
əsl ziyalı idi. Hadisə və proseslərə
şəxsi yanaşması və prinsipiallığı ilə
seçilirdi. Ad-sanına baxmayaraq təkəbbürdən
uzaq sadə insan idi. Öz fəaliyyəti
ilə bütöv jurnalist nəslinin formalaşmasını
təmin etdi, onun simasını, sanki gələcəkdə
necə davranmalı olduğunu müəyyənləşdirdi.
Bütün bunlar Tofiq müəllimin daim yaddaşlarda
qalacağını təmin edən mühüm keyfiyyətlərdir”
BDU-nun jurnalistika fakültəsinin dekanı, professor
Yalçın Əlizadə Tofiq müəllimi yaxın dost,
səmimi və qayğıkeş insan, görkəmli alim və
ictimai xadim kimi xarakterizə edib. Onun tələbələrlə
xoş rəftarına diqqət çəkən Y.Əlizadə
T.Rüstəmovun 75 illiyi münasibətilə hazırlanan
kitab barədə məlumat verib.
BDU-nun
rektoru Abel Məhərrəmovun təbrikini çatdıran Y.Əlizadə
universitetin hədiyyələrini tədbir təşkilatçılarına
təqdim edib.
BDU-nun jurnalistika fakültəsinin
professoru, İctimai Yayım Şurasının sədri
Cahangir Məmmədli bildirib ki, T.Rüstəmovun
ömrünün məhsuldar çağları BDU-da
keçib: “Mən də Tofiq müəllimlə jurnalistika
fakültəsində təxminən eyni vaxtda işə
başlamışam. Onun işi, xarakteri,
müdrikliyi, tələbələrinə doğma münasibəti
yaxşı yadımdadır. O, adamlar ki, illərlə
bir yerdə çalışırsan, xarakterinə, xeyirxahlığına , insanlığına
öyrəşirsən, yoxluqları hər kəsin
içində boşluq yaradır. Tofiq müəllim
belə insanlardan idi”.
Tədbirdə həmçinin
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat
İnstitutunun şöbə müdiri, professor Vaqif
Arzumanlı, BDU-nun jurnalistika fakültəsinin müəllimləri
Qulu Məhərrəmli, Nəsir Əhmədli, Mahmud Mahmudov,
“ANS”in bölgə müxbiri Aytəkin Alxaslı, Quba rayonu
Heydər Əliyev Muzeyinin direktoru Elza Orucova, Mətbuat
Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri
Yusif Kərimov, rayon sakinlərindən qocaman jurnalist Ərşad
Əzimzadə, müəllim Firidun Kazımov və başqaları
çıxış edərək T.Rüstəmovla
bağlı xatirələrindən, onun milli jurnalistikanın
inkişafındakı rolundan danışıblar.
Sonda T.Rüstəmovun
oğlu Abbas Rüstəmov çıxış edərək
mərasim iştirakçılarına, qonaqlara ailələri
adından minnətdarlığını bildirib.
525-ci qəzet.- 2011.- 2 may.- S.2.