Milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsini xatırlarkən...

 

Məmməd Quliyev – 75

 

Professional bəstəkar və musiqişünasların müstəqil ictimai yaradıcılıq təşkilatı olan Azərbaycan Bəstəkarlar İttifaqı öz çoxşaxəli fəaliyyətini Azərbaycan milli musiqi sənətinin, bəstəkar yaradıcılığının və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanması, yeniləşdirilməsi və təbliği prinsipləri əsasında qurur. Bu mənada vaxtaşırı olaraq keçirilən bəstəkarların yaradıcılığına həsr olunmuş festivallar, plenumlar, eləcə də yaradıcılıq və xatirə gecələri də istisna deyil. Belə tədbirlərdən biri də 3 May 2011-ci il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonunda keçirilən, əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Quliyevin 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi idi.

Qara Qarayev məktəbinin yetişdirməsi olan və 60-cı illərdə yaradıcılığa başlayan bəstəkar və pedaqoq Məmməd Mehdi oğlu Quliyevin adı akademik musiqi həvəskarlarına yaxşı tanışdır. 10 ilə yaxındır dünyasını dəyişən bəstəkarın əsərləri sonuncu dəfə onun sağlığında, yəni 2001-ci ildə anadan olmasının 65-ci ildönümü münasibəti ilə kamera və orqan musiqi zalında keçirilən müəllif konsertində səslənmişdi. Amma Qara Qarayevin istedadlı tələbələrindən biri olan və yaradıcılığı milli musiqidən qaynaqlanan bir çeşməni xatırladan Məmməd Quliyevin əsərlərinin ifasına verilən 10 illik fasilə heç də xoşagələn hal deyil. Belə ki, xalq musiqi xəzinəsinə istinadən və böyük professionallıqla yazılan M.Quliyevin əsərləri, bilavasitə yeni yaradıcılığa başlayan və daha çox sırf modern musiqi dilinə, müasir texnikaya əsaslanan ifadə vasitələrinə üstünlük verən əksər gənc bəstəkarlar üçün bir növ örnək ola bilər. Buna görə də keçirilən tədbiri donan buzların əriməsi kimi dəyərləndirmək və Bəstəkarlar İttifaqının təşkilatçı və aparıcı missiyasını yüksək qiymətləndirmək lazımdır.

Məmməd Quliyevin kamera-instrumental əsərlərinin səsləndiyi bu anım gecəsində, həm onun həyat və yaradıcılığına həsr olunmuş videofilmin nümayişinə yer verildi, həm də bəstəkar haqqında söylənilən xatirələr dinlənildi.

Gecəni ön sözlə açan Azərbaycan Respublikasının Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov tar ifaçılığından bəstəkarlığa gələn Məmməd Quliyevin simfonist təfəkkürə malik bir bəstəkar olduğunu və yaradıcılığında instrumental musiqi sahəsinə üstünlük verdiyini söylədi. O, bəstəkarın muğamlardan bəhrələnərək və tezis kimi istifadə edərək yazdığı 7 simfoniyasının hər birinin tərkibi, mövzu dairəsi və bacarıqla edilən orkestrləşdirilməsi haqqında məlumat verməklə yanaşı, Azərbaycan Bəstəkarlarının V qurultayında səslənən “Simfoniya-muğam”da 7 müxtəlif səciyyəli muğam-dəstgahı ustalıqla bir-biri ilə bağlaması və əlaqələndirməsi kimi etdiyi yeniliyi də vurğuladı. R.Zöhrabov söylədi ki, M.Quliyevin vokal musiqi janrına müraciət edərək səs və simfonik orkestr üçün yazdığı “7 Azərbaycan xalq mahnısı” məcmuəsində o, həm xalq mahnılarının (“Dəli ceyran”, “Süsən sünbül”, “Yaxan düymələ” və s.) mövzularından istifadə etmiş, həm də xalq mahnılarına bənzər mahnılar da yazmışdır. Xalq mahnılarının melodiya və formasını götürüb özünəməxsus şəkildə orkestrləşdirən M.Quliyev, ilk dəfə olaraq Azərbaycan bəstəkarları arasında məhz xalq mahnılarından ibarət olan belə iri həcmli silsilə bəstələmiş və onu, bu əsərin ilk ifaçısı, əməkdar incəsənət xadimi, mərhum müğənni R.Adıgözəlova ithaf etmişdir. Professor söylədi ki, M.Quliyevin 20 pyesdən ibarət olan “Fortepiano üçün albom” əsəri də öz orijinallığı ilə seçilir, yəni bəstəkar burada müxtəlif lad-məqamlardan istifadə edərək, hər muğamı bir pyes şəklində təqdim edir. Sonda R.Zöhrabov qeyd etdi ki, M.F.Axundovun “Aldanmış kəvakib” əsəri əsasında M.Quliyevin yazdığı “Aldanmış ulduzlar” satira operası, bu janrın yeganə nümunəsidir, amma təəssüf ki, bir neçə tamaşadan sonra bu əsər repertuardan çıxarıldı. Biz, Bəstəkarlar İttifaqı adından Məmməd Quliyevin 75 illik yubileyi münasibəti ilə operanın yenidən bərpa edilməsi və tamaşaya qoyulması üçün Azərbaycan Mədəniyyət və Turizm nazirliyinə müraciət etmək niyyətindəyik. Ümumiyyətlə, Azərbaycan musiqisində yaxşı operaların sayı azdır və ona görə də M.Quliyevin uzun illər üzərində çalışdığı zəngin musiqi dilinə, rəngarəng koloritə malik olan bu opera yaşamalı, öz səhnə təcəssümünü yenidən tapmalıdır. Gecədə nümayiş etdirilən Məmməd Quliyevin həyat və yaradıcılığına həsr olunmuş videofilmin mətninin müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Zümrüd Dadaşzadə idi və filmi də o özü səsləndirdi. Videofilmin nümayişi zamanı 2001-ci ildə Məmməd Quliyevin anadan olmasının 65-ci ildönümü münasibəti ilə kamera və orqan musiqi zalında keçirilən müəllif konsertinin II hissəsindən dirijor R.Abdullayevin idarəsi ilə Azərbaycan Dövlət Simfonik orkestrinin ifa etdiyi “Müğamsayağı” və “Aşıqsayağı” əsərləri, onun yaradıcı şəkildə istifadə etdiyi və zövqlə alətləşdirdiyi “Heyratı” zərb muğamının intonasiyalarının sədaları ilə öz ifadəsini tapırdı. Mətndə deyilirdi ki, 1936-cı ildə Göyçay rayonunda anadan olan, tarda çalmağı müstəqil öyrənən və 1956-cı ildə A.Zeynallı adına musiqi məktəbini yazdığı tar və fortepiano üçün konsertlə bitirən Məmməd Quliyev, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Musiqisinə səcdə etdiyi Qara Qarayevin bəstəkarlıq sinfində oxuyan Məmməd Quliyev, bütün həyatı boyu öz ustadını böyük minnətdarlıq hissi ilə xatırlayır.

 Onun müəllimi, peşəkar pedaqoq olan Qara Qarayev isə istedadı, eləcə də musiqiyə olan məhəbbəti yüksək qiymətləndirirdi və onun 1965-ci ildə sevimli tələbəsinə hədiyyə etdiyi şəklində “İstedadına və musiqiyə olan təmənnasız xidmətlərinə şübhə etmədiyim əziz Məmmədə yadigar” kimi səmimi sözlər yazılmışdı. Zümrüd xanım, M.Quliyevin Ə.Salahzadənin sözlərinə bəstələdiyi “Nizami” oratoriyasında yeni ifadə vasitələrinə müraciətini, vokal-səhnəciklərində ilk dəfə qroteskdən istifadə etdiyini qeyd edir. Onun “Aldanmış ulduzlar” operasını səhnə əsərləri və teatr musiqisində yeni mərhələ adlandırır və Xocalı qurbanlarına həsr olunmuş faciəli “Simfoniya-rekviem”ini isə yaşanan ağrılı-acılı hisslərin ifadəsi kimi dəyərləndirir. Ümumiyyətlə, bir çox əsərlərində Vətəni tərənnüm edən M.Quliyev, şair F.Qocanın sözlərinə yazdığı 5 solist, qarışıq xor və simfonik orkestr üçün “Azərbaycan” adlandırdığı III simfoniyasındakı solo vokal partiyalarda qədim mərasim mahnısı olan ağıdan bacarıqla və yaradıcı şəkildə istifadə edir. Videofilmin sonunda isə M.Quliyevin layiq olduğu Xalq artisti, Dövlət mükafatı laureatı, professor kimi fəxri adlarının olmaması, yalnız parlaq musiqisi ilə və sadə insan kimi xatirələrdə, ona yaxın olan insanların və ailəsinin qəlbində yaşayacağı vurğulanırdı. Videofilmin nümayişindən sonra pianoçu Məmməd Quliyev, bəstəkarın kontrastlıq prinsipinə əsaslanan və müxtəlif janr sferasını təcəssüm etdirən fortepiano üçün yazılmış 4 pyesi ifa etdi. Fortepianonun klaviaturasına geniş şəkildə sahib olan və bütün registrləri əhatə edən bu dörd musiqi nümunəsində (rəqs-skertso, beşik mahnısı-elegiya, marş-ballada və şıltaq uşaq səhnələri kimi) fərqli obrazları və müxtəlif lad-məqamları (şur, şüştər, rast, bayatı-şiraz və s.) səciyyələndirən pyeslər dinlənildi. Ümumilikdə fortepianonun fakturası, yəni musiqi materialının ifadə üsulları milli koloritin dissonans harmoniyalarla verilən və bütövlükdə təntənəli əhval-ruhiyyəni əks etdirən musiqini canlandırdı.

 Pianoçu Məmməd Quliyevin müşayiəti ilə vokalçı Azərbaycan Respublikasının əməkdar artisti Gülnaz İsmayılovanın ifa etdiyi Hüseyn Cavidin sözlərinə yazılmış səs və piano üçün 2 ballada əsərindən birincisi, dramatik-fəlsəfi səciyyə daşıyaraq, dahi Azərbaycan şairi və dramaturqunun mənzum faciə əsəri olan “Şeyx Sənan”dan “Oyan” müraciətini “Cahargah”ın intonasiyaları ilə təqdim edərək üsyankar etiraz ruhunu təcəssüm etdirirdi. Digəri isə təbiətin təsvirini verən “Hər yer səfalı” balladası idi ki, poetik mətnin süjetini ardıcıl olaraq inkişaf etdirən bu nəqli əsərdə vokalçının soprano səsinin ifadə imkanları əsərin kulminasiya anında daha qabarıq şəkildə öz ifadəsini tapırdı. Fortepianonun müşayiətində isə basso ostinato prinsipi üstünlük təşkil etsə də, müxtəlif fiqurasiyalara və hətta mnimalizm elementlərinin intonasiyalarına da rast gəlinirdi. Sonuncu musiqi nömrəsi isə bəstəkar Məmməd Quliyevin 3 hissədən ibarət olan simli kvarteti idi ki, onu da Azərbaycan Dövlət simli kvarteti (Uran Seyidov-I violin, Sultan Məmmədova –II violin, Vaxtanq İmanov-viola, Aleksey Miltıx-violençel ) ifa etdi. Əsərin kənar, yəni I-III hissələri tokkata səciyyəsi daşıyaraq skertsovaridir və simli alətlərin ifadə imkanlarını, onların müxtəlif tərkibli dialoqlarını (II skripka-violençel, I-II skripkalar) tez (Allegro) tempdə əks etdirir. Bəstəkar hər bir simli alətin kiçik solo ifasını digərlərinin müşayiəti ilə, müxtəlif ifadə vasitələri (polifonik elementlər, tersiya münasibəti və s.) və simli alətlərə xas olan ştrixlərlə (pizzicatto, martle, divizi və s. ) verərək sanki insanın keçdiyi fəlsəfi həyat yolunu canlandırır. Kontrastlıq təşkil edən kvartetin II hissəsində (Adagio) reçitativlik əlamətləri üstünlük təşkil edir. Əsasən bir mövzu ətrafında inkişaf olunan bu orta hissə, daha çox sual-cavab intonasiyalarını dinləyiciyə çatdırır. III hissənin sonunda verilən koda isə professional dördlüyün unison ifası ilə tamamlanır. 3 hissəli simli kvartetdə bəstəkar milli musiqinin intonasiyalarının müasir musiqi texnikası ilə sintezinə nail olur, beləliklə də, innovasiyaların – yəni xaricdən gələn və özəlləşdirilərək istifadə edilən bəstəkarlıq metodlarından istifadə olunmasına geniş yer verir.

 Gecə, bəstəkar Məmməd Quliyev haqqında söylənilən maraqlı xatirələrlə də yadda qaldı. Bəstəkar, əməkdar incəsənət xadimi Sevda İbrahimova, Məmməd Quliyevi səmimi insan, gözəl dost və istedadlı sənətkar adlandırdı, onu tanıyan şəxslər arasında xüsusi hörmətə layiq yeri olduğunu və M.Quliyevin öz əsərləri ilə daima yaşayacağını söylədi. Sevda xanım, ata və ana qədər müəllimin də müqəddəs varlıq sayıldığını deyərək, hər ikisinin müəllimi Qara Qarayevin şagirdlərinə qarşı tələbkar, lakin isti münasibətli bir insan olduğunu qeyd edib, bəzən əsərlərini bəyənməsə belə, onu etik normalar əsasında öz tələbələrinə anlatdığını da xatırladı.

 Məmməd Quliyevlə bir qrupda oxumuş bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva isə onun əsil milli ruhda yazan bir bəstəkar olduğunu, tələbəlik dövründə əsərlərində modal intonasiyaların az olmasına görə narahatlıq hissi keçirən mərhum bəstəkarın yaradıcılığının sonralar geniş təkamül və inkişaf tapdığını, müasirliklə milliliyin uzlaşması zirvəsini əldə etdiyini bildirdi. Məmməd Quliyevin bəstəkar dostu, əməkdar incəsənət xadimi Azər Dadaşov, onu əsil zəhmətkeş insan adlandırdı, çünki musiqiçilərin anladığı dildə desək, subdominanta-dominanta üçsəsliklərini birləşdirə bilməyən, ümumiyyətlə, orkestrləşdirmədən anlayışı olmayan bir tarzənin professional bir bəstəkar kimi zirvələr fəth etdiyini söylədi və dostuna ithaf olunmuş elegiya səpkili fortepiano pyesini ifa etdi. Məmməd Quliyev 30 ildən artıq bir müddət ərzində pedaqoji fəaliyyətlə də məşğul olmuş və A.Zeynallı adına Bakı Musiqi Kollecində alətşünaslıq, dirijorluq fənlərini tədris etmişdir. Gecədə, bu tədris ocağının direktoru pedaqogika üzrə fəlsəfə doktoru Nazim Kazımov da M.Quliyev haqqında xatirələrini danışaraq qeyd etdi ki, tar ifaçılığından bəstəkarlığa gəlmək çox çətindir, amma o bu maneələri dəf edə bildi, hələ 1966-ci ildə o, tələbə olarkən, 30 yaşlı Məmməd yataqxanada yaşayır və musiqi texnikumunda da dərs deyirdi. Məmməd Quliyev çox böyük istedada malik professional musiqiçi, bəstəkar və pedaqoq idi. Onun maddi imkanlarına bələd olan Q.Qarayev isə öz sevimli tələbəsinə royal bağışlamışdı. Çox təəssüf ki, belə yüksək talantlı insan dünyasını tez dəyişdi, 2001-ci il oktyabrın 2-də, 65 yaşında vəfat etdi. Allah ona rəhmət etsin!

Tədbirin sonunda bəstəkarın oğlu, psixiatr Mehdi Quliyev atasının anım gecəsini təşkilində əməyi keçən bütün insanlara, yüksək səviyyəli əsərlərinin yaranması üçün atası Məmməd Quliyevə o isti atmosferi yarada bilən anası Cülyetta xanıma, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, respublikanın xalq artisti, professor, YUNESKO-nun fəxri “Dünya artisti” titulunu daşıyan Firəngiz xanım Əlizadəyə öz təşəkkürünü bildirdi. Öz parlaq, orijinal, bənzərsiz musiqisi ilə qəlbləri isidən, professionallığı ilə seçilən, özündən sonra zəngin yaradıcılıq irsi qoyan bəstəkar Məmməd Quliyevin əsərlərinin yaşayacağına və ifaçılar tərəfindən unudulmayacağına inanan

 

 

Güllü İSMAYILOVA,

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2011.- 12 may.- S.6.