BİR KİTABLIQ YURDSEVƏRLİK
ÖRNƏYİ VƏ YA DOĞMA TORPAQ HAQQINDA YADDAŞ
ABİDƏSİ
Xalqın bəxti onda gətirir
ki, millətin, el-obanın faciəsinə, ağrısına,
dərdinə biganə, laqeyd qala bilməyən
oğulları, ərənləri, qəhrəmanları
yaranır. Bu vətən övladları el yolunda, millət
yolunda mücadilə aparır, döyüşür,
vuruşur, xalq hərəkatının önündə gedir,
başçı olur (Cavad xan, Səttarxan, Bağırxan,
Qaçaq Kərəm, Şeyx Məhəmməd Xiyabani kimi).
Son nəfəslərinə qədər mübarizə
aparır, qələbə əzmilə, zəfər əzmilə
şəhidlik zirvəsinə yüksəlirlər. Xalqın
bəxti bir də onda gətirir ki, belə cəngavərləri,
yenilməz igidləri dastanlaşdıran,
nağıllaşdıran, əbədiləşdirən,
onların haqq işini bədiiləşdirən həm də
tarixləşdirən tarixi-bədii həqiqətləri qələmin
dili ilə, sənətin dili ilə, özü də
üsyankar bir dili ilə heykəlləşdirən söz sərrafları
yetişir. Xalqın bəxti onda gətirir ki, bədii
möcüzə, bədii ecaz yaradan sənətkarlar Mir
Mövsüm Nəvvab, M.Ə.Sabir, Əli Nəzmi,
M.S.Ordubadi, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Fərman
Kərimzadə, Eldar İsmayıl və Hüseyn
İsmayıl kimi ustadlar yaranırlar. Onlar həm bütöv
bir xalqın dilini, ədəbiyyatını, mübarizələr,
keşməkəşlər dolu tarixini, elin-ulusun
varlığını yaşadırlar, yaşatdıqları
üçün də hətta sağ ikən belə özləri
də tarixin yaddaşına həkk olunurlar, gələcək
nəsillərə örnək olurlar. Məhz Eldar və
Hüseyn qardaşlarının mənalarla, gərgin zəhmət
və mübarizələrlə dolu həyatları dediklərimizin
bariz nümunəsidir. Qarşımda bir kitabın
kompüter yazısı var:
“Göyçənin qisası qalır”. Bir neçə il əvvəl bu kitabın kril əlifbası ilə çap olunmuş variantını oxumuşdum. Bu gün isə həmin əsərin yenidən əlavələrlə hazırlanmış variantını oxuyub qeydlər götürürəm. Fikrim bir anlığa məni Azərbaycan Yazıçılar Birliyinin son qurultaylarından birində “Göyçənin qisası qalır” tarixi romanı haqda deyilmiş mötəbər sözlərə çəkir. Qurultayda bu kitabın “son dövrün ən yaxşı əsərlərindən biri” kimi dəyərləndirilməsi məndə böyük qürur doğurmuşdu. Məruzəçi professor Vilayət Quliyevin belə yüksək dəyər verməsindən sonra iftixar duydum ki, mənə yaxın olan Eldar və Hüseyn qardaşları xalqımızın tarixi ilə bağlı möhtəşəm bir sənət əsəri yaratmışlar. Ötən il avqust ayının 14-də “Göyçənin qisası qalır” kitabı daha bir mükafata layiq görüldü. Bu, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurası və Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən təşkil olunmuş “Soyqırım və erməni təcavüzü” müsabiqəsinin mükafatı idi. Mən bu uğura görə telefon açıb hər iki qardaşı təbrik elədim. Həmin dəqiqələrdə Professor Qara Namazovun vaxtı ilə deyilmiş bir ifadəsini xatırladım: “Tarixi tale Göyçəni əlimizdən aldı. Bizə isə hələlik acılı-şirinli xatirələr qaldı. İndi Göyçənin elm, sənət, mədəniyyət və ədəbiyyat adamları qələmə sarılıb Göyçə haqqında bilgilərini qələmə alır, söz qoşur, bayatı çağırır, dastan yaradır, xatirə yazır... İmkan tapdıqca müxtəlif toplularda çap etdirirlər. Bu ziyalılar arasında Eldar və Hüseyn İsmayıl qardaşları mənim təsəvvürümdə almanların Qrimm qardaşlarını xatırladır.” Yerində deyilmiş bu ifadələr nə qədər doğru-dürüst işlədilmişdir... Bütün həyatını ədəbi yaradıcılığa həsr eləmiş Eldar İsmayıl poeziyada böyük uğurlar qazanmışdır. Onun “Ulu Göyçə”, “Mən kiməm”, “Sabaha məktub”, “Nəcəf” poemaları ədəbi ictimaiyyətin rəğbətini qazanmışdır. Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Yaşar Qarayev, Nizami Cəfərov kimi yüksək söz sahibləri müəllifin əsərlərinə layiqli qiymət vermişlər. Eldar İsmayılın böyük Atatürkə həsr etdiyi “Türkün xilaskarı” poeması 2007-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında xidmətlərinə görə “Türk ədəbiyyatına xidmət” mükafatına layiq görülmüşdür. Hüseyn İsmayıl isə Azərbaycan folklorunun toplanıb çap edilməsində böyük əməyi olan alimlərimizdəndir. Azərbaycan Folklor İnstitutunun qurucusu, professor Hüseyn İsmayıl tədqiqatçı bir alim kimi bədii yaradıcılığa da geniş yer verir.
Eldar və Hüseyn
qardaşlarının müştərək
yazdığı “Göyçənin qisası qalır” sənədli
tarixi romanının belə əhatəli şöhrət
qazanması qardaşların fitri istedad sahibi olmaları ilə
yanaşı, yüksək vətənpərvərlik
duyğularına sahib, tükənməz enerjiyə malik qələm
sahibi olmalarını sübut edir. Bu kitabın əsas qayəsi
tarixi düşmənlərimiz olan erməni faşizminin
xalqımıza qarşı yürütdüyü
işğalçılıq və soyqırım iddiası və
düşmənə qarşı qəhrəman Azərbaycan
türklərinin mərdlik və igidlik mücadiləsindən
ibarətdir. Heç kəsə sirr deyil ki, tarix boyu ulu
türklərin, o sıradan Azərbaycan türklərinin həyat
yolu mübarizələrlə dolu olmuşdur. Türklər
özləri müəyyən dövrlərdə dünyaya
qılıncları ilə səs saldıqları, ad
qazandıqları kimi, dünyaya hökmran olduqları kimi,
yadellilərin işğalçı hücumu və
basqınlarına da düçar olmuşlar, bu gün də
heç rahat, hamar yolla getmirlər. Bu basqınlar, bu haqsız
hücumlar indi də davam etməkdədir. Vaxtilə müəyyən
dönəmlərdə fars, ərəb, monqol, rus
istilalarına, işğallarına xalqımız məruz
qalmış olsa da, bunların nəhayətdə sonu olub, ellərimiz
öz azadlıqlarına, müstəqilliklərinə
qovuşublar. Oxucular “Göyçənin qisası qalır”
kitabını oxuduqdan sonra həmin istilaların, həmin
zülmlərin erməni vəhşilikləri, erməni
terroru, erməni vandallığı yanında yalan
olduğunun şahidi olurlar. Müəlliflər bu kitabda tarix
boyu davam edən erməni vəhşiliklərini və
türklərə qarşı olan soyqırımın
canlı, dəhşətli səhnələrini ürək
qanları ilə yaratmış və təsvir etmişlər.
Ermənilərin törətdiyi bu dəhşətlər XIX əsrin
birinci rübündən başlayaraq 1905-07, 1918-20, 1948-53,
1988-ci illərdə daha gərgin, daha dramatik zirvəyə
yüksəlmişdir. Eldar İsmayıl və Hüseyn
İsmayılın bu və ya digər əsərləri ilə
“Mən Göyçədən
nigaran gedirəm! Göyçə amanatı!” Cığal Həsənin
Göyçədən nigaran qalması təsadüfi hal, təsadüfi
söz deyildi. Bunun üçün düşmənini
yaxşı tanımaq və ayıq-sayıq olmaq kifayət
idi. Həmin nigarançılıq sonralar öz təsdiqini
tapdı. Sənədlərin soyuq dili: 1988-ci ilin noyabr-dekabr
aylarında bu gün Ermənistan adlanan Respublikanın 19 rayonu
və 11 şəhərində tarixi Azərbaycanın qədim
yurdlarında qırğın törədilmiş, Quqark (ən
çox burada), Basarkeçər və Zəngibasar bölgələrində
yüzlərlə adam qətlə yetirilmişdir. 1988-ci il
noyabrın 27-dən dekabrın 5-dək ermənilərin həyata
keçirdikləri qətliamlar nəticəsində
Göyçə 56 şəhid (45 nəfər Basarkeçər,
11 nəfər Çənmərək rayonu ərazisində)
verdi. Göyçənin son 80 min nəfər əzəli
sakini didərgin düşdü, əhaliyə şəxsi əmlak
qismində 500 milyon, ictimai təsərrüfatların əmlakı
qismində 1 milyard dollar həcmində ziyan dəydi. Qeyd etmək
istəyirəm ki, bu hadisələr də Eldar
İsmayılın “Ermənistan türklərinin 1988-ci il
soyqırımı” kitabında öz əksini
tapmışdır. Əlbəttə vətən, el-oba
üçün ömrünü şam kimi yandıran Eldar
İsmayıl ucu-bucağı görünməyən,
yaylaqlı-aranlı, oba-oymağını, mahalını-vətənini
yerli-dibli itirən, Göyçə, Zəngibasar, Zəngəzur,
Qarabağ adlı doğma torpağı,- Azərbaycanın
yarısını itirən xalqımızın faciəsini qələmə
almaya bilməzdi. Daha doğrusu, vətənin faciəsini, dərdini,
ağrı-acısını, böyüklüyünü,
dözülməzliyini zəngin bənzətmələr,
güclü metaforalar ilə ifadə etməyə bilməzdi!
“Göyçənin qisası qalır” əsərinin ideya bədii
məzmunu və qayəsi Azərbaycan oğullarının vətən
qarşısında ən müqəddəs borcları
sayılan torpağı qorumağa, işğal olunan ərazilərimizi
yağı düşmən caynağından qurtarıb geri
almağa xidmət edir. Romanı oxuyub qurtarandan sonra belə
bir nəticəyə gəlib çıxırsan; bir millət
olaraq tarix qarşısındakı borcumuz və xidmətimiz
ilk növbədə milli birlikdə və vətənin
keşiyində dayanmaqdan ibarətdir. Eldar və Hüseyn
qardaşları kimi söz sərraflarımız qələmin
üsyankar dili ilə dərdlərimizi,
ağrılarımızı incələyib sərgiləməklə
vətənsevər, yurdsevər, qeyrətli gənclərimizə
sonsuz enerji, qeyrət enerjisi verir, onları
formalaşdırıb, düşmənə qarşı səfərbər
olmağa və barışmaz mövqedə durmağa səsləyirlər.
Azərbaycanımızın XX yüzildə zirvəyə
çatan faciəsi, tarixi faciədir, insanlarımız
öldürülüb, kəndlərimiz, obalarımız,
şəhər və rayonlarımız yandırılıb,
dağıdılıb, yerlə-yeksan edilib, sağ
qalanları da ən yaxşı halda qovulublar,
qaçqın-didərgindirlər. Bunlar tarixdir, qanlı da
olsa, cinayət də olsa tarixdir. Bu gerçəklər tarix
kitablarında yazılır, yazılacaqdır və heç
bir zaman unudulmayacaqdır. Bunlar soyuq həqiqətlərdir.
“Göyçənin qisası qalır” kimi bədii əsərlər,
xüsusən faciəyə düçar olmuş
insanların acılarını, dərdlərini sənətin,
sözün təsirli, nüfuzedici dili ilə təsvir edən,
canlandıran (həmişə də canlı qalan) sənət
əsərləri daha böyük, müddətsiz bədii
abidələrdir, onlar həmişə yaşardır. Yeri gəlmişkən
dəyərli tarixi romanlar müəllifi Yuri Tınyanovun bu
fikrini xatırlayaq: “Bədii ədəbiyyat tarix elmindən
öz uydurması ilə deyil, insanları və hadisələri
daha yaxından və daha doğma qavraması ilə, onlar
üçün daha artıq həyəcan keçirməsi
ilə seçilir”. Məhz bu həyəcan içərisində
biz görkəmli şair, nasir və publisist Eldar
İsmayılın və folklorşünas, tənqidçi
alim Hüseyn İsmayılın “Göyçənin
qisası qalır” tarixi romanını-xalqımızın
tarixinin qəhrəmanlıq səhifələrini vərəqləyirik.
Bu əsər gələcək nəsillər
üçün daha əhəmiyyətli, daha maraqlı
olacaqdır.
“Göyçənin qisası qalır” adlı rəsmi və arxiv sənədlərinə, şahidlərin informasiyalarına əsaslanılaraq yazılmış tarixi romanı Azərbaycan tarixinin unudulmaz, ibrətamiz anlarının sadəcə təsviri deyil, qan yaddaşımızı həmişə oyaq saxlaya biləcək səhifələridir. Genişmənada bu kitabda bütöv Azərbaycanımızın kənd, oymaq, mahal və ellərinin də tarixi keçmişini göz önünə gətirə bilirik. Oğuzların tarixi məkanlarından biri də Qərbi Azərbaycan olub. Göyçə gölü ərazisi, İrəvan xanlığı, Dərələyaz obaları, Zəngəzur mahalı da bu yurd yerlərindəndir. Bütünlüklə İrəvan xanlığı 15 (on beş) mahaldan ibarət olub. Bu mahalların hər qarışı, daşı, suyu oğuz türkləri üçün müqəddəs sayılmışdır. Buranın aborigen sakinləri olmuş həmvətənlərimiz nişanələrini, öz izlərini doğma yurdlarında qoymuş, istəklərini, arzularını, təfəkkür tərzi və fantaziyalarını çeşidli toponimlərdə, hidronimlərdə, oykonimlərdə ümumiləşdirilmiş şəkildə ifadə etmişlər. Lakin tarixin sonrakı arzuolunmaz dönəmlərində bu yerlərə məkrli siyasət ilə yabançı, yad dinli ermənilərin köçürülməsi başlandı. Ellərimiz kimi, xüsusi adlarımızın da faciələri başlandı. Türk yer-yurd adları köklü-köməcli dəyişdirilməyə, erməniləşdirilməyə başlandı. Romanda verilən Cığal Həsən, Qaçaq Kərəm, Topal Oruc, Səməd ağa, Məşədi Hümbət, İsmayıl (Dəli İsmayıl), Qlava Bayram, Məşədi Məmməd, Yekə İbrahim, Molla Məhəmməd, Namazalı oğlu Usub, Avdı oğlu Ağamməd, Qara Məci, Daşdəmir oğlu Salman, Kalvayı Abbasəli,Hacı Rəhim, Qaçaq Rüstəm, Aslan, İmamqulu və b. bədii obrazlar tarixi şəxsiyyətlərdir. 1900-cu illərin ilk iki onillliyində erməni daşnaklarına qarşı mərdliklə mübarizə aparmış, döyüşlərdə olmuş,intiqam almış, mümkün olmadıqda isə daha tədbirli, ehtiyatlı, müdrik planlar hazırlamış bu qəhrəmanların hər biri ilə oxucular yaxından tanış olurlar. Bütöv Göyçə mahalının hər bir tərəfindən-Basarkeçər, Çənmərək, Kəvər, Qaranlıq və qonşu Karvansaranın kəndlərindən olan bu yenilməz igidlər, mərd insanlar vətən, torpaq, el-oba namusu, qeyrəti çəkmiş və var gücləri ilə ermənilərlə vuruşmuş, müqavimət göstərmişlər. Azərbaycanın Gədəbəy, Şınıx, Şəmkir və b. bölgələrinin adlı-sanlı igidləri, millət təəssübü çəkən qəhrəman oğulları, sayılan ağsaqqalları da Göyçə camaatına həyan olmuş, hər cür yardımlarını əsirgəməmişlər. Bunları romandakı canlı, yaddaqalan epizodlardan, təsvirlərdən, bədii, real lövhələrdən görmək olar. Əsər Ermənistandakı daşnak hökumətinin XI Qızıl Ordu tərəfindən devrilməsi və cəsur “Hüsənli” tayfasının böyük faciəsi ilə bitir. Romanda vətən məhəbbəti olan, torpaq qeyrətini çəkən həmvətənlərimizin yaddaqalan obrazları, erməni zülmünə və həsrətinə qarşı son dərəcə səciyyəvi epizodlar, əsər qəhrəmanlarının mövqeləri çox məharətlə, bədii dilin imkanları daxilində verilmişdir. Romanda belə bir yer var. Dünyamalı oğlu Göyçə türklərinin itkisiz, sağ-salamat vətəni müvəqqəti tərk edib sonradan doğma yurda qayıtmalarını Cığal Həsənə deyəndə, Həsən bu təklifə qəti etirazını bildirir, üsyan edir:
– “Yox, Dünyamalı oğlu, yox! Torpağımızı döyüşsüz versək, onda yer üzünün ən namussuz adamı biz olarıq! Mən bu şərəfsizliyi özümə sığışdıra bilmərəm! Qanımız bu torpağa hopmadan onu tərk etsək, dönüb ona “vətən deməyə haqqımız yoxdur”! “İgidlər torpaq uğrunda ölərkən, vətən vətən olur! ” Bu bədii mətndən görünür ki, Cığal Həsənin qanununa görə ancaq vətən, torpaq uğrunda öldükdə vətən vətən olur, vətən adlanır. “vətən, əgər uğrunda ölən varsa, vətəndir” Hər bir vətəndaşın qanı vətən torpağına qarışmırsa, o vətəndaş sayılmamalıdır. Söhbət “Göyçənin qisası qalır” tarixi romanından getsə də, çox yerinə düşərdi deyək ki, Eldar İsmayılın şeir yaradıcılığının şah mövzusu, ana xətti barədə də bir neçə kəlmə söyləməklə bu yazımı bitirirəm. Vətənpərvər, yurdsevər, elin dərdlərini dünyaya car çəkən şairin zəngin, çoxşaxəli, çoxmövzulu, narahat və eyni zamanda həssas poeziyasını diqqətlə izləyərkən vətən, torpaq məhəbbəti, mərdlik, kişilik keyfiyyəti, milli birlik və vətəndaş həmrəyliyi, nikbin, həmişə gələcəyə, xalqın, elin gücünə inam, güvənc kimi notlar diqqətimizi çəkir.
Şair deyəndə ki:
Bu vur-sındır məqamında
Bu torpağı kim alacaq?
Qarabağı kim alacaq?
Hər il bir yol Şuşa
günü,
Laçın günü,
Ağdam günü
yaşıyırıq.
Hər il bir gün içimizdə
Bir Kəlbəcər,
Bir Füzuli.
Bir Zəngilan
daşıyırıq.
Gah asırıq, gah kəsirik,
Satqınları tənbeh
edir,
Gah inciyir, gah
küsürük...
Hər il bir gün Söz
açırıq bir bölgədən,
Qurtarmırıq çək-çevirdən...
( “Bütöv Azərbaycan olmaq istəyirəm”
kitabındakı “Bu torpağı kim alacaq” şerindən)
Eldar İsmayılın bu
misralarını həyəcansız, fəryadsız, dərin
fikir və düşüncələrə qərq olmadan
oxumaq olmur, bu sətirlərdə ifadə olunan faciənin
ağırlığına, dəhşətinə hər
insan övladının ürəyi tablaşmır. Dərd təkcə
Göyçə, Zəngəzur dərdi olsaydı, nə
vardı... Dərd dağ Qarabağ dərdidir, dərd aran
Qarabağ dərdidir. Dərd Şuşa, Laçın,
Ağdam, Kəlbəcər, Füzuli, Qubadlı, Zəngilan dərdidir.
Dərd tarixi Azərbaycan dərdi, vətən dərdidir. Dərd
bütöv Azərbaycan dərdidir. Dörd min illiklərdən
bəri çiyinlərimizə yükləndikcə yüklənən
vətən dərdidir. Eldar və Hüseyn qardaşları
siz Göyçənin qisası qalır deyərkən bunu nəzərdə
tutmusunuz: Bütöv Azərbaycanın qisası qalır!
İsmayıl MƏMMƏDOV,
professor
525-ci qəzet.- 2011.- 12 may.- S.6.