Meşələrin nəğməsi

 

Yaşadığımız həyatda elə şəxslər olub ki, onlar bütün düşüncəli ömürlərini, həyatlarını dövlətin, vətənin, xalqın yolunda şam kimi əridiblər. Zaman keçdikcə taleyini xalqına sərf etmiş bu insanlar bizdən uzaqlaşır, tarixə dönür, bəziləri isə hafizələrdən silinir. Ancaq tarixi zənginləşdirən elə şəxsiyyətlər var ki, cəmiyyət üçün xeyirxah əməllər, nəcib işlər baxımından onları unutmaq sadəcə mümkün deyil. Onlar bu gün həyatda olmasalar da, unudulmurlar.

Çox şərəfli və gələcək nəslə örnək bir ömür yaşamış Mehdi Mustafayev belə insanlardan idi. O, öz insanlığı, xeyirxahlığı, nəcib əməlləri ilə respublikamızda böyük hörmət və nüfuz qazanmışdı.

Mehdi Mustafayev hər yerdə böyük ziyalı, xeyirxah insan, bacarıqlı rəhbər işçi kimi tanınırdı.O, fəhlə ilə fəhlə, müəllimlə müəllim, alimlə alim, yazıcı ilə yazıcı idi. Mehdi müəllim ömrünün nə az, nə çox düz 36 ilini respublikada meşə təsərrüfatının inkişafına sərf etmişdi.

Mehdi Həsən oğlu Mustafayev payız fəslini çox sevirdi. Deyirdi ki, bu fəsildə zəhmətə və əməyə yekun vurulur, yetişdirilən məhsullar ehtiyat fonduna toplanır, təbiət dəyişir. Bəlkə elə bu sevgiyə görə tale onu payızda dünyaya gətirib və elə payızda da dünyadan apardı. O, 1914-cü ilin sentyabr ayının 15-də Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdu. Ağlı kəsəndən zəhmətlə böyümüşdü. Bu ailəni tanıyanlar indi də xatırlayır və deyirlər ki, Mehdinin ata və anası çox halal adam olublar. Xüsusilə atası Həsən kişi sözünün yiyəsi olan kişilərdən idi. O, həmişə öz halal zəhmətilə dolanıb, heç kəsə boyun əyməyib. Söz verdimi, mütləq yerinə yetirərdi.

Mehdi də bu bulaqdan su içmişdi. Həmişə deyərdi ki, mənim ilk müəllimim atam olub. O mənə insanlığı öyrətdi və formalaşmağıma kömək etdi.

Mehdi öz kəndlərində orta məktəbi bitirdikdən sonra, atasının məsləhətilə Gəncədəki Kənd Təsərrüfatı İnstitutunda   fəhlə fakültəsində öz təhsilini davam etdirdi. O vaxtlar bu fakültənin böyük nüfuzu var idi.

Bir il sonra isə həmin institutun meyvə-tərəvəz fakültəsinə daxil olaraq, 1935-ci ildə bu fakültənin üzümçülük və şərabçılıq bölməsini bitiribaqronom ixtisasına yiyələndi.

Akademik Həsən Əliyev Mehdini çox yaxşı tanıyırdı. Deyirdi ki, bir vaxtın tələbələri olmuşuq. Mehdi institutun ən çalışqan tələbələrindən idi.Yorulmaq bilmədən oxuyurdu.O, hamımıza nümunə idi. Atası həftədə bir dəfə onun yanına gələrdi. Atasının gətirdiyi çörəyi son tikəsinə qədər tələbə yoldaşları ilə bölüşərdi. Ona görə də uşaqlar zarafata salıb, “Həsən dayı bir də nə vaxt gələcək” – deyə Mehdi ilə zarafatlaşırdılar.

Mehdi Mustafayev əmək fəaliyyətinə 1934-cü ildən başlayıb.İki il Gəncə şəhərindəki Azərbaycan Üzümçülük və Şərabçılıq zona təcrübə stansiyasında kiçik elmi işçi, Şamaxı rayonunun torpaq şöbəsində aqronom, sonralar isə Gəncə şəhərinin “Qarayeri” üzümçülük sovxozunda aqronom, şöbə müdiri, müharibənin qızğın dövründə isə direktor işləyib. O, vaxtlar Azərbaycanda üzümçülük sahəsi primitiv vəziyyətdə idi. Bağların məhsuldarlığı aşağı idi. Mehdi tez-tez Gürcüstana gedir, orada üzüm bağlarının becərilməsində yeni nə varsa hamısını öyrənir və təsərrüfata tətbiq edərdi. Mehdinin çalışqanlığı nəticəsində üzüm plantasiyalarının məhsuldarlığı 2,8 dəfə artaraq, 60 sentnerə çatdı. Bu, o vaxtlar üçün ən yüksək göstəricilərdən biri idi.

M.Mustafayev danışırdı ki, texnika olmayanda üzüm bağları əsasən qadınlar tərəfindən becərilirdi. O vaxtlar Azərbaycan K(b)P Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov kabinetdə oturmazdı. Xəbər-ətərsiz respublikanın kəndlərini gəzər, təsərrüfat işlərinin gedişi ilə tanış olardı. O, respublikanın bütün kəndlərini əzbərdən tanıyırdı. Müharibə illərində çox ciddi iş qaydası yaradılmışdı.

Bir gün M.C.Bağırov   qəflətən “Qarayeri” sovxozunun üzüm bağlarına gəlir və cavan bir oğlanın qadınların yanında üzüm cərgələrinin aralarını bellədiyini görür. Onun kimliyi ilə maraqlananda, hərə bir tərəfdən “bizim direktordur” deyir. Bu, M.C.Bağırovun çox xoşuna gəlir və Mərkəzi Komitənin birinci katibi olduğu 1953-cü ilədək Mehdiyə böyük qayğı ilə yanaşır, əməyini yüksək qiymətləndirir və onu hamıya nümunə göstərir.

 M.C.Bağırovun təklifi ilə 1942-ci ildə gənc mütəxəssisi Azərbaycan Yeyinti Sənayesi Xalq Komissarlığının siyasi sektorunun rəis müavini vəzifəsinə təyin edirlər. Bu, çox məsuliyyətli təyinat idi. Yaşıdları danışırlar ki, Mehdi bu vəzifədə həvəslə işləyirdi. 1944-cü ildə M.C Bağırov onu öz yanına işə götürür.

 Mehdi Mustafayev Azərbaycan K(b)P Mərkəzi Komitəsinin yeyinti sənayesi və kənd təsərrüfatı şöbəsinin müdir müavini vəzifəsinə irəli çəkilir.

Müharibə illərində vətənə pambıq hava su kimi lazım idi. Təsərrüfatın pambıqçılıq sahəsinə, onun inkişafına böyük diqqət yetirilirdi. O vaxt Tovuz rayonu pambıqçılıqla, üzümçülüklə və heyvandarlıqla məşğul olurdu. Amma burada kənd təsərrüfatı işləri başlı-başına buraxılmışdı. Planlar illərlə yerinə yetirilmirdi. Camaatın dolanışığı çox ağır idi. Pambıqçılıqdan isə danışmağa dəyməz. Bu sahə tamam batmışdı.

Yenə də M.C.Bağırovun təklifi ilə M.Mustafayev 1946-cı ilin əvvəllərində, 32 yaşında Tovuz Rayon Partiya Komitəsinə birinci katib seçilir.

Qocaman təsərrüfatçı, mərhum Əli Süleymanov vaxtı ilə danışırdı ki, o vaxt Mehdi gənc oğlan idi. Lakin yorulmaq bilmədən işləyirdi. Bu adamın gecəsi-gündüzü yox idi.Gecələr çox vaxt pambıq suvaran suçuların yanında qalırdı. Onun nə vaxt yatdığını, nə vaxt istirahət etdiyini görən olmadı. Mehdi kolxozçularla çox nəzakətlə rəftar edərdi. Kişilərin çoxu müharibədən qayıtmamışdı. Təsərrüfatların bütün ağırlığı qadınların çiynində idi. Mehdi müəllim onların problemləri ilə maraqlanır və ərlərini itirən qadınlara diqqət və qayğı ilə yanaşırdı. Həyat təcrübəsi və dünyagörüşü, cəsarət, dəyanət, geniş qəlb, səmimilik kimi insani məziyyətinin sanki müqayisəolunmaz hüdudları onun daima coşub çağlayan təbiətində vəhdət şəklində birləşmişdi.

1947-ci ildə Tovuz rayonunda dövlət planları artıqlaması ilə yerinə yetirildi. Pambıqçılıqda görünməmiş nailiyyətlər qazanıldı. Rayon üzrə hər hektardan 27 sentner pambıq yığıldı. Nəzərdə tutulandan çox üzüm istehsal olundu. Heyvandarlıq sürətlə inkişaf etməyə başladı. Rayonun Nizami adına kolxozu üzümçülük və heyvandarlıq sahəsində böyük qələbələr qazandı.

Qocaman partiya işçisi İsmayıl Əsgərov xatırlayırdı ki, Tovuz rayonunda əldə olunan nailiyyətlərə görə   M.C.Bağırov çox sevinirdi.

1947-ci ildə Tovuz rayonu üzrə dövlət planlarının artıqlaması ilə yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olduğuna görə Mehdi Həsən oğlu Mustafayev 34 yaşında Sovetlər İttifaqında ən yüksək ada – Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüldü.

O vaxta qədər heç bir raykom katibi belə yüksək ada layiq görülməmişdi.

Mehdi ilə yanaşı Tovuz rayonundan başqa 3 nəfərə də Sosialist Əməyi Qəhrəmanı adı verildi. 6 nəfər isə Lenin ordeni ilə təltif edildi.

Müharibədən çıxmış bir respublikada meşə təsərrüfatı batıb gedirdi.Şəhər, rayon və kəndlərdə qaz yox idi. Hamı meşələrə üz tutmuşdu. Qiymətli ağaclar qırılıb məhv edilirdi. Mehdi isə təbiət vurğunu idi. Hələ ahıl vaxtlarında qeyd edirdi ki, uşaq ikən mənim laylamı Kür çayı, Kürətrafı meşələr çalıb.

Meşələri təbiətin ağciyəri adlandırırlar. Meşə əsrarəngiz mənzərə, gözəllik yaratmaqla yanaşı, planetimizi insanlara lazım olan oksigenlə təmin edir, torpağı zərərli təsirlərdən: külək erroziyasından, bəzi yerlərdə sürüşmələrdən qoruyur, torpaqda rütubəti saxlayır, iqlimi əsaslı şəkildə yaxşılaşdırır. Azərbaycan meşələri az olan ölkələr sıralarında idi. O vaxtkı hesablamalara görə respublika ərazisinin cəmi 12 faizini meşə fondu təşkil edirdi. Azərbaycanda adambaşına 0,4 ha meşə sahəsi düşürdü ki, bu da ümumdünya göstəricisindən 4 dəfə az idi.

Meşələrimizin az olmasına baxmayaraq, öz əhəmiyyətinə görə birinci qrupa aiddir.Onlar əsasən torpaq qoruyucusu, su tənzimləyicisi, kurort və s.funksiyaları yerinə yetirirlər.

Meşə təsərrüfatında vəziyyətin ağır olduğunu nəzərə alaraq, Mir Cəfər Bağırov Mehdi Mustafayevi 1948-ci ildə meşə təsərrüfatı naziri vəzifəsinə göndərdi. O, həmin vaxtdan ömrünün axırınadək həyatını və fəaliyyətini meşə təsərrüfatı ilə bağladı. Mehdi müəllim 1 may 1953-cü ilədək Azərbaycan SSR meşə təsərrüfatı naziri vəzifəsində işləyib. Sonralar struktur dəyişikliyi ilə əlaqədar olaraq yaradılmış meşə təsərrüfatının müxtəlif ali idarəetmə orqanlarına rəhbərlik edib. O vaxt Meşə Təsərrüfatı Nazirliyini Kənd Təsərrüfatı Nazirliyi ilə birləşdirdilər. Mehdi Mustafayev kənd təsərrüfatı nazirinin müavini təyin olundu. Və yenə də ona meşə təsərrüfatı tapşırıldı. 27 iyul 1966-cı ildən ömrünün son gününədək, 5 oktyabr 1979-cu ilədək o, Azərbaycan SSR meşə təsərrüfatı komitəsinin sədri vəzifəsində işləyib.

O, bütün şüurlu həyatının 36 ilini respublikada meşə təsərrüfatının inkişafına sərf edib. Mehdi müəllim həftənin şənbə və bazar günləri Bakıda tapılmazdı. O, rayonlara gedir, meşələri tək-tənha gəzirdi. Deyirdi ki, hər ağac bir nəğmə oxuyur. Meşələrin nəğməsi mənə yeni ruh, qol-qanad, güc və qüvvət verir.

O, meşələrin vəziyyətini öz gözlərilə görmək istəyirdi.Onu aldatmaq, ona yalan demək mümkün olan iş deyildi. Sanki hər bir ağacın yerini əzbər bilirdi.

Heç yadımdan çıxmaz. Astara Rayon Partiya Komitəsinin birinci katibi idim. Gözlənilmədən Mehdi Mustafayev qapını açıb iş otağıma daxil oldu. Çox sevindim. Hal-əhval tutduqdan sonra təklif etdi ki, meşələri birlikdə gəzək. İlahi, bu adam yorulmaq nə olduğunu bilməzdi. Həmin gün meşələrdə ən azı 40 km. gəzdik. Mən əldən düşmüşdüm, utandığımdan səsimi çıxartmırdım.

Yolları, cığırları bir-bir tanıyırdı. Axtarıb cökə və dəmirağacı massivlərini tapdıq. Cökə ağacından böyük məhəbbətlə söz açdı. Dedi ki, onun çiçəkləri, meyvəsi, hətta yarpaqları min dərdin dərmanıdır.Əgər respublikada 30 min hektar sahədə cökə meşəsi olsaydı, mən rahat olardım.

Sonra bir iri dəmirağacın yanında dayandıq.Dedi ki, dəmirağacını göz-bəbəyiniz kimi qoruyun.Vaxt gələcək bu ağacın materiallarından silah düzəldiləcək. Payız fəsli idi. Dəmirağaclarının yarpaqları rəngini dəyişib,al qırmızı rəngə bürünmüşdü, meşəyə bir gözəllik gəlmişdi.

Dəmirağacı Mehdi müəllimin üzündə bir fərəh hissi, xoş təbəssüm yaratdı. O gündən Astarada cökə ağaclarının əkini başlandı. Miki kəndinin ətrafında 10 hektara yaxın sahədə cökə meşələri salındı. Bir il sonra Mehdi müəllim yenə də Astaraya gəldi. Onu cökə meşəliyinə apardım. Sahələri görüb çox sevindi, Bu qürurlu adamın gözlərinin yaşardığının şahidi oldum. O, belə adam idi: yaxşı işə qəlbən sevinərdi.

Mehdi müəllim təbiət vurğunu idi. Ova getməyi çox xoşlayardı. Hətta bir dəfə Azərbaycan KP Mərkəzi Komitənin ikinci katibi P.Yelestratovla Qızılağac qoruğuna ova getmişdi. P.Yelestratov tüfəngi səmada uçan qızılqaza tuşlayanda Mehdi müəllim hündürdən qışqıraraq, “onu vurmaq olmaz” – demişdi. P.Yelestratov da quşu vurmaqdan vaz keçmişdir.

Mən uzun illər Azərbaycan K(b)P Mərkəzi Komitəsində kənd təsərrüfatına baxan katib Hacıağa İbrahimovun köməkçisi işləmişəm.Xidməti işimlə əlaqədar tez-tez Mehdi müəllimlə görüşməli olurdum. Onun mənə xüsusi hüsnü-rəğbəti var idi. Mənimlə ən yaxın, ən əziz bir adam kimi rəftar edirdi.

Mehdi müəllim o qədər sadə və təvazökar adam idi ki, onunla bir yerdə olmaq, söhbət etmək adama ləzzət verirdi. Gözü, qəlbi tox bir adam idi.

Hacıağa İbrahimovun da ona hörməti var idi. Dəfələrlə deyirdi ki, Mehdi müəllim təmizlik, paklıq simvoludur. Heç vaxt özünü gözə soxmaz, çox danışmaz, iclaslarda və müşavirələrdə ən axırıncı sıralarda oturardı.

Sosialist Əməyi Qəhrəmanı olmasına baxmayaraq, bir dəfə də olsun onun döşündə qızıl ulduz nişanını görən olmadı. Deyirdi ki, qızıl ulduzları əmək adamları döşlərinə taxsalar, daha yaxşı olar.

Bir dəfə Azərbaycan K(b)P Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev müşavirə keçirirdi. Söz Mehdi Mustafayevə verildi. Mən o vaxtacan Mehdi müəllimin çıxışını eşitməmişdim. O, tribunaya qalxanda çox həyəcan keçirdim. Düşündüm ki, çox az danışan bu insan, Heydər Əliyevin qarşısında özünü necə aparacaq. Axı, Heydər Əliyev çox zəhmli və tələbkar adam idi.

Mən yanılmışdım. O, sakit formada danışmağa başladı. Əvvəlcə respublikada meşəçiliyin vəziyyəti barədə məlumat verdi. Sonra isə Ermənistanla Gürcüstanın meşə təsərrüfatlarını Azərbaycanla müqayisə etməyə başladı. Salon nəfəs dərmədən ona qulaq asırdı. Bizim hamımız birinci dəfə idi ki, belə müqayisənin şahidi olurduq:

“Azərbaycan və Gürcüstan qonşu ölkələrdir. Lakin Gürcüstan öz daxili imkanları hesabına su ilə daha yaxşı təmin olunur. Burada adambaşına ildə 10 kub. metr su düşür. Azərbaycanda bu göstərici təxminən bundan 10 dəfə azdır. İlin 95 faizi rütubətli keçən vaxtlarda su təminatı Gürcüstanda 8,74, Azərbaycanda isə 0,96 kub.metr olur. Bu meşələrin su axınına müsbət təsir dərəcəsi ilə bağlıdır. Gürcüstanda meşəlik ümumi sahənin 34 faizini, Azərbaycanda isə 11 faizdən azını təşkil edir. Üstəlik Gürcüstan meşələri Azərbaycan meşələrinə nisbətən 1,5 – 2 dəfə çox məhsuldardır. Həm də Azərbaycan meşələri seyrəkdir, orta sıxlıq bizdə 0,54 olduğu halda, Gürcüstanda 0,75-dir. Bu səbəbdən Gürcüstan meşələrinin su saxlayıcı və torpaq qoruyucu rolu daha yüksəkdir.

Meşələrin su saxlayıcı və su nizamlayıcı rolu çay sularının miqdarından asılıdır. Çünki, çaylar suyun qurudan okeana axması üçün yoldur. Respublikamızın ərazisində 8400-dən çox xırda və iri çay var.

O, çıxışının sonunda dedi: Bizim hamımızın başı pambığa, tütünə, tərəvəzə qarışıb. Lakin şəhər və rayon partiya komitələrinin heç biri meşə təsərrüfatı ilə məşğul olmur. Buna nə ad vermək olar ki, respublikamız ildən-ilə inkişaf edir, pambıq, tərəvəz, taxıl istehsalı ilbəil artır, meşələrimiz isə ildən-ilə azalır. Xahiş edirəm gəlin, burdan sonra üzümüzü meşələrə də çevirək”.

Düzü mən özümü itirdim. Düşünürdüm ki, yəqin Heydər Əliyev bu çıxışdan narazı qalıb Mehdi müəllimi danlayacaq. Lakin belə olmadı.Heydər Əliyev üzünü salondakılara tutub gülə-gülə böyük hörmətlə dedi:

– Görürsünüzmü, Mustafayev meşə təsərrüfatını necə təhlil elədi.İşlə məşğul olmaq belə olar. Bu ildən başlayaraq meşələrə diqqət və qayğını artırmalıyıq.

Minlərlə, milyonlarla adam yəqin ki, Bakı-Quba yolu ilə Nabrana, Qəşrəşə istirahətə gediblər. Onlar Şabran şəhərinin ətrafındakı yamaclarda salınmış terrasları görüblər. Həmin terraslardakı ağaclar Mehdi Mustafayevin rəhbərliyi altında əkilib, onlara lazımı qulluq göstərilib və artıq böyümüş həmin meşələr Mehdi müəllimin yadigarlarıdır. Şamaxı-Ağsu döngələrində, Yevlax şəhərinin girəcəyindəki şamlıqlar Mehdi müəllimin təşəbbüsü ilə salınıb.

Keçən əsrin 70-80-cı illərində Bakının Şıxov düzənliklərində iməcilik yolu ilə 100 ha sahədə meşə salındı. Düzdür, həmin meşələrin salınmasında Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin böyük xidməti var idi. Lakin həmin ağacları saxlamaq və böyütmək üçün Mehdi müəllim gecə-gündüz həmin sahələrdə olur və ağacların suvarılmasına şəxsən nəzarət edirdi.

Bakı şəhərində küləyin qarşısını almaq üçün küçələrdə, xiyabanlarda ilk dəfə olaraq Eldar şamları əkilməyə başladı. Dağüstü parkın, Sumqayıt şəhərinin girəcəyinin, Ceyranbatan gölünün ətrafının yaşıllaşdırılması işləri Mehdi müəllimin adı ilə bağlıdır.

Göygöl qoruğunda seyrəklik aradan qaldırıldı. Qoruğa çoxlu ceyran buraxıldı.

Cəbrayıl şəhərindəki nəhəng çinarın vurğunu idi. Çinar o qədər böyük, o qədər əzəmətli idi ki, ağacın iri budaqları arasında çayxana düzəldilmişdi. Mehdi müəllim bundan narahat olub, dedi ki, çayxana, od-ocaq, adamlar çinar ağacına zərər yetirə bilərlər. Odur ki, çayxananın başqa yerə köçürülməsinə nail oldu.

Mehdi müəllim dönə-dönə deyirdi ki, Azərbaycanda hər yerdə çinar ağacları əkilməlidir. Əvvəla bu ağacın çətiri böyük olduğundan 100-150 kv.m. sahəyə kölgə salır, suya az tələbkardır, kökləri 3-4 metr dərinliyə gedir və yayda onun yarpaqları sərinlik verir. O, bir çinarın kəsilməsinə belə icazə verməzdi.

Mehdi müəllimin insanlara, ilk növbədə öz işçilərinə qarşı münasibəti böyük maraq doğururdu. Komitədə bir nəfər idarə müdiri var idi. O, ayrı-ayrı təşkilatlara fasiləsiz olaraq Mehdi müəllimdən ərizə və şikayətlər yazırdı. Həmin idarə rəisi yazı-pozunu nazir müavini olmaq xatirinə aparırdı. Çalışırdıq ki, bu barədə Mehdi müəllimə məlumat verməyək. Çünki yazılanların əksəriyyəti böhtan, şər-şəbədə, cəfəngiyat idi.

Bir gün Meşə Komitəsinə, Mehdi müəllimin yanına getmişdim. Həmin adam təsadüfən Mehdi müəllimin kabinetinə daxil oldu. Mehdi müəllim onunla elə nəzakətlə danışdı ki, mən yerimdə donub qaldım.

Bu adamın Mehdi müəllimdən ərizə yazdığını ona deyəndə o, gülümsündü və özünəməxsus təmkinlə dedi: “Onsuz da tarix kimin kim olduğunu ortaya qoyacaq. Meyvəli ağaca daş atarlar”.

Mehdi Mustafayev zahirən nə qədər sakit və təmkinli adam təsiri bağışlayırdısa, o qədər də sərt idi. Nöqsanların yanından sakit keçə bilmirdi.

O, dönə-dönə deyirdi: “Düşmənlərdən qorxma, onlar səni öldürə bilərlər. Dostlardan qorxma, ən pis halda səni sata bilərlər.Biganələrdən qorx, onlar öldürmürlər və satmırlar, lakin yer üzündəki satqınlıq və qətl yalnız onların sükutu və razılığı ilə mövcud olur”.

Çox yaxşı xatırlayıram.... Bir dəfə Meşə Təsərrüfatı Komitəsində yeni meşələr salmaq üçün tingliyin daha da genişləndirilməsi haqqında qərar layihəsi hazırlanırdı. Həmin qərar layihəsi Nazirlər Sovetində qəbul edilməli idi. Mehdi müəllim həmin layihəni adi mütəxəssislərlə də müzakirə edirdi. Deyirdi ki, onlar qaynar işin içərisində olur, hər bir xırda işi yaxşı bilirlər.Komitədə Həmid Vəliyev adlı adi bir mühəndis işləyirdi. Onun zəngin təcrübəsi var idi. Həmin qərar layihəsini Həmid Vəliyevə verib dedi: “Sən işin içindəsən. Bu qərar layihəsini 5 günlüyə sənə verirəm. Onunla diqqətlə tanış ol. Səni nə qane etmirsə layihədən çıxart. Nə istəsən onu layihəyə əlavə edə də bilərsən”.

Həmid Vəliyev qərar layihəsinə çoxlu faydalı təkliflər əlavə etdi. Mehdi müəllim bununla kifayətlənmədi. Layihə rayonlarda sıravi meşə işçilərinin iştirakı ilə müzakirə edildi. Ən axırda sanballı bir sənəd alındı.

Hansı vəzifədə işləməsindən asılı olmayaraq, Mehdi Mustafayev həmişə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdı.İnsan üçün bundan böyük şərəf və mükafat ola bilməz.Həyatda iz qoymaq, işlədiyi yerlərdə yenilikçi olmaq onun xarakterini səciyyələndirən amil idi.

Mehdi Mustafayevdə qətiyyən saxtakarlıq, qeyri-səmimilik yox idi.O, işi iş xatirinə görməzdi.   Tale elə gətirmişdi ki, mən uşaq evində böyümüşdüm. Demək olar ki, ata-ananın nə olduğunu bilmirdim.Həyatda çoxlu çətinliklər, əzab-əziyyətlər görmüşdüm. Bunu Mehdi müəllim haradansa eşitmişdi.Onun mənə yuxarıda qeyd etdiyim kimi, xüsusi bir münasibəti, ata-oğul, qardaş münasibəti var idi. Mən də bunu yaxşı hiss edib, yaxşı duyurdum.

Hər dəfə Mərkəzi Komitəyə gələndə Yunis Rzayevlə birlikdə ilk növbədə mənim otağıma gəlirdilər. Mən tələm-tələsik onları çaya qonaq edirdim. O isə həmişə mənə olduğu kimi ürək-dirək verərdi.

Mənə elə gəlir ki, Mehdi Mustafayevin xarakterindəki bütövlüyü tamamlayan keyfiyyətlərdən biri onun milli xarakterinin – candan, qandan gəlməsi idi.Ən çətin anda belə o, millətini, onun problemlərini unutmayıb, ona görə də onun özü də bu gün də unudulmayıb.

Mehdi müəllim mənə deyirdi ki, üç uşağım var: biri oğlandır, ikisi qız. Oğluna babasının adını vermişdi. Onu çox sevirdi. Qızları haqqında qürurla, ürəkdolusu deyirdi ki, çox mərd və savadlı uşaqlardır.

Mehdi müəllim poeziya vurğunu idi. Aşıq musiqisini də çox sevirdi. Şair Hüseyn Arif həmişə onun yanında olardı. Yeni yazdığı şerlərini birinci ona oxuyardı. Mehdi müəllim böyük şairin ilk oxucusu idi. Yüzlərlə şer bilirdi.

1979- cu ildən başlayaraq Mehdi Mustafayevə münasibət dəyişməyə başladı.Hiss edirdim ki, ona daş atır və bir qədər sıxışdırırlar.Görünür, onun vəzifəsinə göz dikmişdilər.

Bir gün mənə telefon edib dedi ki, istirahət günü işdə olacağam, saat 11-də gəl görüşək.

Komitəyə getdim. Məni qapının düz ağzında bənzərsiz gülüşü ilə qarşıladı. Hiss etdim ki, çox narahatdır. Mənə dedi ki, son vaxtlar bu komitədən bəzi adamları öyrədib, məndən imzasız məktublar yazdırırlar. Yoxlama-yoxlama dalınca gəlir.Mən heç vaxt belə soyuq münasibət hiss etməmişəm.

Mərkəzi Komitənin katibi Hacıağa İbrahimovun Mehdi müəllimə isti münasibətinin olduğunu çoxdan hiss edirdim. Deyirdi ki, Mehdi müəllimi müharibə illərindən tanıyıram. Mir Cəfər Bağırov təmiz və tələbkar bir adam idi, hamını xoşlamazdı, səmimi bir insan kimi qəbul etməzdi. Əgər o, Mehdi müəllimin əməyini, insanlığını, dövlətçiliyimizə münasibətini yüksək qiymətləndirirdisə, deməli Mehdi müəllim layiqli adamdır.

Mən Hacıağa İbrahimova deyəndə ki, Mehdi müəllim çox narahatçılıq keçirir, o gülümsədi və əlini hökumət telefonuna uzatdı.

– Mehdi, deyirlər, uşaqlıq edirsən. Məgər bu dünyanın qəribəliklərini görməmisən. Axı, sənin yaşın az olsa da, qədim kişilərdənsən. Başını aşağı sal və necə işləyirdinsə elə də işlə, deyib telefonun dəstəyini yerinə qoydu.

Bir gün onun köməkçisi Həmzə Məlikov mənə xəbər verdi ki, Mehdi müəllim ağır infarkt keçirib. Tələm-tələsik klinikaya getdim. Həkim dedi ki, mütləq sağalacaq, elə bir qorxu yoxdu.

Mehdi müəllim mənim bikef olduğumu hiss edib, gülə-gülə dedi: – Darıxma bala, bir gün gələn, bir gün də gedər bu dünyadan.

Çox kövrəldim. Elə bu vaxt Mehdi müəllimin qızı palataya daxil oldu. Güc-bəla ilə özümü ələ aldım.

Az sonra Mehdi müəllim tezliklə işə çıxdı və fəaliyyətə başladı. Tez-tez görüşərdik. Mən onun dilindən heç bir narazılıq, kiminsə barəsində şikayət eşitmədim. Xəstə olmasına baxmayaraq çox fəal işləyirdi.

Gözləmədiyimiz halda qəfildən onu ikinci infarkt vurdu. Bu xəbər məni sarsıtdı. Heç cürə özümə gələ bilmirdim. Böyük narahatçılıq keçirirdim. Hiss edirdim ki, Mehdi müəllim ömrünün son günlərini yaşayır.

Cəmi 65 il yaşadı Mehdi müəllim. Onun dəfninə adamların necə axışdığını indi də xatırlayıram. 1979-cu il oktyabrın 6-da İkinci Fəxri Xiyabanda dəfn olundu.

 Hər dəfə onun məzarı üstünə gedəndə özümü saxlaya bilmirəm. Pıçıltı ilə Mehdi müəllimin çox sevdiyi bir şeri dönə-dönə təkrar edirəm.

 

Həyatdan getsəm də xatiratdayam,

Arzuma həmişə çathaçatdayam.

Üstümə nə qədər torpaq atılsa,

İşığam yenə də üst qatdayam.

 

 

Çingiz Fərəcov,

Kənd Təsərrüfatı Nazirliyinin

şöbə müdiri, respublikanın

əməkdar kənd təsərrüfatı işçisi.

 

 525-ci qəzet.- 2011.- 12 may.- S.4.