İsmailiyyə” binası: bir gənc xatirəsi üçün, bir millətin iftixarı naminə

 

XIX əsrin sonu XX əvvəllərində tikilən və bu gün də arixitektura baxımından Bakıya xüsusi gözəllik verən abidələr sırasında “İsmailiyyə” binası özünəməxsus yer tutur. Tikildiyi dövrdən bu günə qədər xalqımızın tarixində zaman-zaman baş vermiş bir çox tarixi hadisələri özündə yaşadan bu bina həm də tariximizin daşlaşmış yaddaşıdır, desək bəlkə də yanılmarıq. Ona görə ki, Azərbaycana muxtariyyat və müstəqillik verilməsi ideyaları ilk dəfə məhz bu binada səslənib. İsmailiyyənin əsası  tanınmış Azərbaycan milyonçusu Ağamusa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, o zamankı Azərbaycan milyonçuları arasında “xəsis” kimi ad çıxarmasına baxmayaraq, adıçəkilən milyonçu bizlərə nə az, nə çox 98 bina yadigar qoyub. Memarlıq üslubu baxımından isə olduqca heyrətamiz tikili olan “İsmailiyyə”ni milyonçu dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib.

 

Binanın tikilmə tarixçəsi

 

“Cəmiyyəti-Xeyriyyə” və ya “İsmaliyyə” binasının tikilməsinin maraqlı tarixçəsi var. Belə ki, Ağamusanın oğlu İsmayıl vərəm xəstəliyinə tutulur. Bakı milyonçularının ailələrini müalicə edən Varatapedov adlı həkim İsmayılı müayinə etdikdən sonra Musa Nağıyeva deyir ki, oğlunun vəziyyəti çox ağırdır. Əgər tez tədbir görülməsə, ölə bilər. Amma 50 min manata qədər xərci var. Hətta həkim milyonçuya təklif edir ki, oğlunu özü İsveçrəyə aparıb 1 il ərzində müalicə etdirib gətirəcək. Musa Nağıyev deyir ki, yalnız 10 min manat verə bilər. Söhbət bununla da bitir. Lakin İsmayılın halının günü-gündən pisləşdiyini görən milyonçu son anda onun müalicəsi üçün 50 min manat verməyə razı olur. Lakin Ağamusa gecikir. Belə ki, həkim xəstəni yoxlayandan sonra xəbər verir ki, iş-işdən keçib və indi onu heç 100 min manatla da müalicə etmək mümkün deyil. Hacı Zeynalabdin Tağıyevin xahişi ilə həkim Məhəmməd Rza Vəkilov İsmayılı İsveçrəyə aparır. Müalicədən sonra onun halı nisbətən yaxşılaşsa da, çox yaşamır. Ağamusaya oğlunun xatirəsinə bina tikdirmək təklifi isə Hacı Zeynalabdin Tağıyevdən gəlir. Deyilənlərə görə, Hacı hər il Novruz bayramı münasibətilə qız məktəbinin “Ərəbkarı salonunda” stollar düzdürüb süfrə açarmış. Ağa İsmayıl vəfat edəndən sonra o, bir neçə məşhur axund, qazı, ağsaqqal o cümlədən Mir Məhəmməd Kərim, Axund Hacı Turabla məsləhətləşib qərara gəlirlər ki, Ağamusa gələndə cəmiyyəti-xeyriyyə üçün bina tikdirməyi onun boynuna qoysunlar. Hacı qazı Məhəmməd Kərimə deyir ki, elə ki, Ağamusa razılaşdı, başlarsan dua oxumağa. Hamımız da Ağa Musanı təbrik edərik və ona macal o vermərik boyun qaçırsın. Beləliklə, o razı olandan sonra 1908-ci il dekabrın 21 –də binanın təməlqoyma mərasimi keçirildi. Təməlqoyma mərasimində Bakının qazısı dua oxudu. Beləliklə, bina üçün ərazi “Qapan dibi” adlanan yer seçilir. Əslən İçərişəhərdən olan rəssam Mir Teymur deyir ki, “Qapan dibi” adlanan bu ərazidə rayondan gələn mallar satılarmış: “Bir qədər keçəndən sonra buranı “Şeytanbazar” adlandırdılar. Ona görə də ruslar bu ərazidə müsəlmanların bina tikmələrinə imkan vermirdilər. Uzun-uzadı söz-söhbətdən sonra nəhayət Şəhər Duması bu yeri müsəlman cəmiyyətinə verir. Müsəlman cəmiyyəti də istəyir ki, burada böyük təmtəraqlı, altı sütunlu, çox künbəzli, yanında bağları, fəvvarələri olan məscid tikdirsin. Şəhərin rus icması o zaman həmin yerdə mövcud olan qızıllı kilsənin yanında belə bir məscidin tikilməsinə imkan verəmək istəmirdilər. Və burada bir qısqanclıq hissi də var idi. Elə ona görə də məscidin tikintisini saxlayırlar və bir müddət məscidin tikildiyi bu ərazi hasar içərisində qalır”.

O zaman dumanın bəzi üzvləri iddia edirlər ki, müsəlman cəmiyyətinə verilən bu yerdə şəhər bağı salınmalıdır. Lakin duma üzvü Məhəmməd Rza Bəkirov elə nitq söyləyir ki, başqaları danışmağa heç bir cürət etmir. Nəhayət, yer müsəlman cəmiyyəti-xeyriyyəsinə verilir”.

Deyilənlərə görə, əvvəlcədən tikintidən Ağamusa Nağıyevin imtina etməməsi üçün layihəçilər buraya xərclənəcək vəsaitin miqdarını az göstərirlər. Lakin bu, sonralar tikintidə problemlər yaradır. Belə ki, Ağamusa Zeynalabdin Tağıyevə giley-güzar edir ki, ay hacı, bu nə işdir sən başıma gətirdin, məni müflis edib küçələrə salmaq istəyirsən? O bina bir neçə yüz min manata başa gələcək. Məndə o qədər pul hanı? Hacı isə bu yerdə deyir ki, varidatına 2 milyon manat verirəm, sat alım. Ağamusa qəzəblənir: “Atam, mənim 50 milyon manat varidatımı 2 milyona almaq istəyirsən?”. Memar layihəni və smeta dəyərlərini Hacı Zeynalabdin Tağıyeva göstərir və deyir ki, bu qədər qiymətə başa gəlir. Hacı isə deyir ki, sən qiymətin yarısını Ağa Musaya de. Elə də razılaşırlar. Ağa Musa binanın dəyərinin yarısının ödəyir və “İsmaliyyə”nin tikintisi başlayır. Təbii ki, binanın yarısına çatanda pul qurtarır. Bu zaman memarlar Hacının yanına gəlirlər və o da bir az pul verir. Lakin növbəti dəfə pul qurtaranda Hacı memarları Ağamusanın yanına göndərir. Bu zaman Ağamusa əsəbiləşir və deyir ki, bəs demişdiz ki, bu dəyərinin bütün qiymətidir. Buna baxmayaraq, yenə pul verir. Nəhayət, Bakının mərkəzində, o zamankı Nikolayevski küçəsində möhtəşəm abidə olan “İsmailiyyə” ərsəyə gəlir.

 

“İsmailiyyə”nin memarlıq üslubu

 

Binanın tikilməsi layihəsinin müəllifi arxitektor Ploşko “İsmaliyyə”nin nəqşlərini məclisdə olanlara göstərib izahat verir. Etirafına görə, onun ən böyük arzularından biri Bakının mərkəzində, Azərbaycanın milli ornamentləri ilə bəzədilmiş əzəmətli binanın layihəsini işləmək imiş. Deyilənlərə görə, arzusuna çatan memar sevincini izah edə bilmir. Ağamusa Nağıyeva öz minnətdarlığını bildirirdi. Binanın divarlarına asılmış nəqşlər tamaşaçıları valeh etmişdi. Professor Şamil Fətullayev-Fiqarov qələmə aldığı “Polyak memarlarının Bakı yaradıcılığı” kitabında yazır: “İsmaliyyə” binasının tikiləcək sahə planlaşma cəhətdən əlverişli, memarlıq aspektində məsuliyyətli mövqe tuturdu. Venetsiya qotikası üslubunda tikilmiş dəbdəbəli saray çox plastikdir və yaxşı işlənib. O, memar məharəti və daşda həqiqi simfoniya təcəssüm etdirmiş bənnaların ustalığından heyranlıq və güclü hisslər doğuran ahəngdar bədii əsərdir”. Ümumi proporsiyalar elə götürülüb ki, bina çox gözəl alınıb. Binanın yuxarısında Qurani-Kərimdən surələr olub. Lakin bolşeviklər Azərbaycanı işğal etdikdən sonra həmin yazıları silib məhv ediblər. Tiklinin əsas arxitektura elementləri birinci mərtəbədə yerləşir. XIX əsrin sonları XX əsrin əvvəllərində bu bina dəyərli binalar sırasında özünə xüsusi yer tutub. İsmaliyyə binası 1920-ci illərin əvvəllərində yaxınlıqdakı “Kaspi” mətbəəsinin yerində Sabir adına bağ salınanda həcm cəhətdən tamamilə açıldı.

 

“Cəmiyyəti-xeyriyyə” həm də ictimai məqsədlər üçün tikilmişdi

 

Qeyd edək ki, “İsmailiyyə” binası ictimai məqsədlər üçün tikilən bir bina idi. Tarixçi Anar İsgəndərov deyir ki, binanı tikilməsi o zaman Azərbaycan şairləri, yazıçıları, yaradıcıları tərəfindən çox böyük sevinclə, maraqla qarşılanmışdı: “Doğurdan da bu o zaman üçün böyük bir hadisə idi ki, ilk dəfə Azərbaycanda ictimai, ədəbi və siyasi təşkilatların fəaliyyət göstərə biləcəyi bina tikilib fəaliyyət göstərirdi. O zaman İsmailiyyədə xeyriyyə cəmiyyəti ilə yanaşı Qafqaz Müsəlman Komitələri də yerləşirdi. Bundan başqa İsmailiyyədə həmin təşkilatlara məxsus pul və sənədlər saxlanılır, müsəlmanların yığıncaq və qurultayları keçirilirdi. Bu da xeyriyyə cəmiyyətlərinin işini xeyli asanlaşdırırdı. Artıq xeyriyyəçilər öz fəaliyyətlərini gerçəkləşdirə bilirlər. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, xeyriyyə cəmiyyətlərinin meydana gəlməsi məhz neft istehsalının yüksəlişi ilə meydana gəlirdi. 1875-ci ildə yaradılan ilk xeyriyyə cəmiyyətinin 11 nəfər üzvü arasında Zeynalabdin Tağıyevin və digər milyonçuların olması bunu bir daha təsdiqləyir. Xeyriyyə cəmiyyəti elmin və maarifin yayılmasında, əhalinin savadlanmasında müstəsna rol oynayır. Məsələn, 1917-ci ildə Qafqaz Müsəlmanlarının qurultayı bu binada keçirilib. Qurultayın keçirilməsinin əhəmiyyəti isə ondan ibarət idi ki, burada Azərbaycana muxtariyyat və sonra da istiqlaliyyət verilməsi ideyası səsləndi”.

 

İsmailiyyənin arxivi yandırılsa da, özülünü sarsıda bilmədilər

 

Lakin sonralar bu möhtəşəm binanın taleyi xalqın tarixində baş verən faciələrdən də yan ötmədi. Belə ki, Bakı bolşeviklər tərəfindən ələ keçirildikdən sonra İsmaliyyənin bir hissəsini 26-lara, Şaumyana, sonra isə rus əsgərlərinə verirlər. Tarixi mənbələrdə göstərilir ki, rus əsgərləri İsmailiyyəni çox pis vəziyyətə salmışdılar. Hətta orada İsa peyğəmbərin şəklini asmış, şam yandırırdılar. 1918-ci il martın 31-də isə bina ermənilər tərəfindən yandırıldı. Beləliklə də, həmin ildə xalqımızın erməni soyqrımına məruz qaldığı kimi, İsmaliyyə binası da vəhşiliklərin qurbanı oldu. Belə versiyalar irəli sürülür ki, ermənilər binanın bünövrəsinə qızılın qoyulması ilə bağlı xəbərlərə aludə olaraq binanı top atəşinə tutmuşdular. Amma təsəlliverici məqam odur ki, İsmailiyyənin arxivi yandırılsa da, özülünü məhv edə bilmədilər. İsmailiyyənin yandırılması milyonçunun ağır iztirablarına səbəb olur. Ermənilər təkcə binanı yandırmır, həm də binanın üzərində qızıl hərflərlə yazılmış “İsmailiyyə” sözünü qoparır, sarayı talan edirlər, arxiv sənədlərini ələ keçirirlər. Qeyd edək ki, bina yalnız cümhuriyyət dövründə bərpa olundu. Hazırda isə bu binada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.

 

 

P.SULTANOVA 

 

525-ci qəzet.- 2011.- 13 may.- S.6.