Cismani paklıq mənbəyi mənəvi-mədəni dəyərə çevriləndə...

 

HACI AĞA MİKAYIL HAMAMININ BAKIDAKI TARİXİ-MEMARLIQ ABİDƏLƏRİ SIRASINDA XÜSUSİ YERİ VAR

 

Bakının qədim tarixi abidələrindən olan hamamlar memarlıq üslubu baxımından hər zaman insanlarda maraq hissi doğurub. Bu abidələr çox gözəl arxitektura obyektləri hesab olunur. İndiyə kimi də Bakıda bir sıra orta əsr hamamları qalmaqdadır. Məsələn, bunlara XVI əsr memarlıq abidəsi olan Hacı Qayıb hamamı, XVII əsrə aid olan Qasımbəy və ya xalq arasında “Şirin hamam” adlanan hamam, İçərişəhərin mərkəzində yerləşən, XVIII əsrdə inşa edilən Ağa Mikayıl hamamı və digərlərini aid etmək olar. Orta əsrlərdə inşa edilən bu hamamların özəlliyi ondadır ki, bu memarlıq abidələri müalicəvi funksiya daşımaqla yanaşı, həm də bəzi hallarda istirahət mərkəzi rolunu oynayıb. Bakıda öz tarixiliyini qoruyub saxlayan belə abidələrdən biri də Ağa Mikayıl hamamıdır. Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilən hamamın yerləşdiyi ərazi xalq etimologiyası dilində hamamçılar məhəlləsi adlanır. Hamamın girişi Kiçik qala küçəsindədir. Otaqların daxili quruluşu öz genişliyi ilə digər hamamlardan fərqlənir. Hamamın memarlıq kompozisiyası proporsional təyin olunan yaruslara bölünmüş çatma formalı tağlar, qübbələr və günbəzlərlə ifadə olunub. Yerli memarlıq formasına uyğun işlənilmiş sərt fasad və daş üzərində üstünlük təşkil edən günbəzlərin cəlbedici həcmi hamamın əsasını təşkil edir. Bina üzərində cəsarətli siluet kimi ucalan, özünəməxsus formalı tüstü bacası maraqlı qurulmuşdur. Abidə cənub-şərq şəhər mülki sisteminə fəal ictimai bina kimi daxil olub.

Hamam kiçik girişdən, paltar saxlanılan otaqdan və yuyunma salonundan ibarətdir. Paltar saxlanılan otaqda elə tikilmə dövründən bu günə qədər qorunub saxlanılan kiçik qədim hovuz, döşəmədən yarım metr hündür olan dövrələmə daş oturacağa bənzər yerlər olduğu kimi qalır. Deyilənlərə görə, o dövrdə hamama gələn sakinlər hamam ləvazimatlarını boğçada gətirir, və bu daşın üstünə qoyar, hamama girdikdə isə ləvazimatları oradan götürüb, paltarları boğçaya qoyarlarmış. İndi vəziyyət bir qədər dəyişib. Necə deyərlər, boğçaların yerini müasir paltar şkafları əvəz edib.

 

Hamamın memarlıq üslubu

 

Ağa Mikayıl hamamının özünəməxsus memarlıq üslubu var. Ümumiyyətlə, Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri olub. Mənbələrdə deyilir ki, bu yerlərin Bağdadı adlandırılan Bərdədə geniş tikinti işləri aparılırmış, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX-X yüzillərdə Xilafətin zəifləməsi nəticəsində Azərbaycandakı kiçik feodal dövlətlərin yaranması ilə bağlı X-XII yüzillərdə müxtəlif memarlıq məktəbləri yarandı. (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron). Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Lakin bu üslublar müəyyən qədər bir-birindən fərqlənirdi. Memarlar hesab edir ki, Ağa Mikayıl hamamı Şamaxı memarlığı üslubunda tikilib. Bunun da öz tarixçəsi var. Əslən İçərişəhərdən olan rəssam Mir Teymur deyir ki, hamam Şamaxı sakini Ağa Mikayılın təşəbbüsü ilə tikilib: “Bu adam dövrünün imkanlı şəxsiyyətlərindən biri olub. Yaşadığı dövrdə Şamaxıda bir çox hamamlar tikdirərək camaatın ixtiyarına verib. Sonradan tale elə gətirir ki, Ağa Mikayıl Bakıya köçməli olur. XII əsrdə, yəni 1191-ci ildə Şamaxıda zəlzələ olur və Şamaxı camaatının yarısı Qubaya, yarısı Gəncəyə, qalan hissəsi isə Bakıya köçür. O zaman Şirvan şahı I Axistan paytaxtı Şamaxıdan Bakıya köçürür. Həmin dövrdə şamaxılı ustalarla yanaşı Ağa Mikayıl da Bakıya gəlir. Ona görə də İçərişəhərin 99 faizi şamaxılı olub. Məhz bu səbəbdən bu hamam Şamaxı memarlıq üslubunda tikilir. Ağa Mikayıl öz pulu ilə bu hamamı tikdirib məhəllə sakinlərinin ixtiyarına verib. Bakıda yeganə hamamdır ki, künbəzi var. Əvvəllər hamamlarda künbəz olmayıb. Ona görə də bu hamam digərlərindən seçilir. Hamam əsas arteriyada, yəni insanların daha çox olduğu yerdə tikilib. Bura vaxtilə çox məşhur yer olub. Hamamın daşları isə Qız Qalasının daşları kimi yığılıb. İnteryeri də yaxşı qurulub”. Rəssam onu da deyir ki, hazırda İçərişəhərdə Ağa Mikayıl hamamı ilə yanaşı Qız Qalasının yanında tikilən bir hamam da fəaliyət göstərir. Amma bu hamam elə tikilib ki, içərisi çox soyuq olur.

 

Hamamın içində yeraltı kanallar olub

 

Hamamın yuyunma otaqlarında cüzi də olsa dəyişiklik olunub. Deyilənlərə görə, əvvəllər hamamda böyük mis qazanlar olub, onların içindəki su tiyanla yandırılaraq qızdırılırmış. İndi isə bu qazanlar ləğv edilərək, müasir sistemlə, yəni duşlarla əvəz edilib. Hamamın tikilmə üslubu və qızdırıcı sistemləri də olduqca heyrətamizdir. Memarın sözlərinə görə, bu hamamı digərlərindən fərqləndirən xüsusiyyət onun künbəzləridir. Belə ki, hamamın üzərində iki künbəz var. Böyük künbəz paltar saxlama otağı üzərindədir, kiçik künbəz isə yuyunma otağının üzərində tikilib. Hazırda Ağa Mikayıl hamamını idarə edən Qorxmaz Xəlilovun sözlərinə görə, əvvəllər hamamın istixanası odunla qızdırılırmış: “Bu istilik isə yeraltı kanallar və divarın içi ilə bütün hamamı qızdırıb tavana qədər qalxırmış. Sonra isə bu ocağın tüstüsü yuyunma otağı üzərində olan baca ilə çölə çıxırmış. Hamamın içində yeraltı kanallar olub, tavanda isə xüsusi bacalar quraşdırılıb. Beləliklə, istilik elə tənzimlənirmiş ki, həm döşəmə, həm də divarlar qızırmış. Elə ona görə də o zaman hamamda ayaqqabısız gəzmək olmazmış. Yalnız taxta başmaq geyinib hamama girmək mümkün imiş. Beləliklə, quraşdırılmış bu sistem həm hamama sərinlik verir, həm də hamamın havası dəyişirmiş. Elə buğ da bu yolla çıxırmış. İndi bu sistem tavanda qorunub qalsa da, döşəmədə ləğv edilib. Daha doğrusu baxımsızlıq üzündən sıradan çıxıb”. Hamamın çöl tərəfində tikilən raketə bənzər uzunsov baca döşəmənin istiliyini tənzimləyirmiş. İndi o baca öz funksiyasını itirsə də, özü olduğu kimi qalır.

 

Abidə təbii daşdan tikilib

 

Bu abidənin digər özəlliyi isə ondan ibarətdir ki, başdan-ayağa təbii daşdan tikilib. Hamamdakı istilik sistemi elə tənzimlənir ki, divarlarının qalınlığı 1 metr olan bu hamamın istixanası söndürüləndən sonra da o, 10-15 gün isti qalır. Hamam həm də müalicəvi əhəmiyyətə malikdir. Yuyunma otağında ayrıca buğ otağı (parnoy) tikilib. Buğ yeri üçün tikilmiş otaqda bir-birinin üzərində pilləkən formasında tikilmiş taxta skamyalar var. Bunun özü də məqsədli şəkildə quraşdırılıb. Belə ki, özünü yaxşı hiss edənlər, yəni sağlam olanlar yuxarı mərtəbədə, orqanizmi zəif olanlar isə aşağı mərtəbədə oturub özlərini buğa verir və təbii üsulla bədəndə olan duzlar xaric olunur. İri böyük salonda təbii daşdan dövrələmə formasında masaya bənzər kvadrat formasında tikilmiş və yerdən bir metr hündürlükdə olan xüsusi yerlər isə masaj üçün nəzərdə tutulub. Ən maraqlısı isə hamının hovuzudur. Hovuzu yuyunma salonu ilə divar ayırır. Hovuza düşmək üçün dəmir pilləkənlərlə divarın yuxarı tərəfinə qalxıb hovuza hoppanmaq mümkündür. Bundan əlavə tikilmə dövründən bu günə qədər davam edən palıd süpürgələrdən istifadə etmək ənənəsidir ki, bunun özü də müalicəvi xarakter daşıyır. Bu süpürgələri yüngül formada bədənə çırpıldıqda orqanizmdə olan kapilyarlar rahatlaşır.

Mir Teymurun sözlərinə görə, Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra hamamın önündə olan qala divarları üzərindəki arkalar sökülüb, sonra bərpa edilib: “Bu isə o demək idi ki, hamamı tarixi abidə kimi qalmasını istəmirdilər. Hamamın qədim şəkilləri də bunu sübut edir”.

 

Hamam müalicəvi xarakter daşıdığından bura gələnlərin sayı çox olur

 

Hazırda hamam tarixi-mədəni qoruq olması ilə yanaşı fəaliyyət də göstərir. Q.Xəlilovun sözlərinə görə, İçərişəhərdə hamamlar çoxdur. Hacı Qasımbəy hamamı və ya Şirin hamamı indi işləmir, aptekə çevrilib. Ağa Mikayıl hamamı müəyyən dövrə kimi fəaliyyət göstərsə də, SSRİ dağılan vaxtdan başlayaraq 1995-ci ilə qədər işləməyib. “O zaman bu abidə dağılmaq həddində idi. Hətta elə bir vəziyyətdə idi ki, hamama heç kim gəlmirdi. Yavaş-yavaş təmir edib düzəltdim. İstixananı yenidən bərpa etdim və indi o qazla işləyir. İçərişəhərdəki hamamlar kafel və metlax olduğundan içərisi qızmır. Amma Ağa Mikayıl hamamı təbii daşlardan olduğundan, daşların hamısı nəfəs alır və hamam daim isti olur”.

Bu yerdə onu da qeyd edək ki, orta əsrlərdə insanların öz səhhətlərini daha yaxşı qorumaları üçün hər həftə ən azı üç və ya dörd dəfə hamama gəlmələri məsləhət görülürmüş. Orta əsrlərdə hamamlar bir gün kişilərin, digər o biri gün isə qadınların xidmətində olurmuş. İndi isə bu ənənə dəyişib.

Ağa Mikayıl hamamı İçərişəhərdə yeganə hamamdır ki, qadınlar üçün də günlər ayrılıb. Həftənin 1-ci və 5-ci günləri hamamda qadın günü, qalan günlər isə kişilər günü hesab olunur. Hamamda ayrı-ayrılıqda qadınlar və kişilər üçün nəzərdə tutulan iki giriş qapısı mövcuddur. Hamama gələnlərin sayına qalanda, Q.Xəlilov bildirdi ki, müştərilərin sayı heç də az deyil: “Digər hamamlardan fərqli olaraq bizdə həm qiymət ucuzdur, həm də vaxt məhdudiyyəti yoxdur. Hamam müalicəvi xarakter daşıdığından da bura gələnlərin sayı çox olur. Ən çox isə idmançılar gəlir ki, öz çəkilərini saxlaya bilsinlər”.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 13 may.- S.6.