Görkəmli alim və pedaqoq
Quba Azərbaycanda
ta qədim zamanlardan meyvəçiliyin geniş inkişaf
etdiyi rayonlardan sayılıb. Müasir dövrdə isə
burada meyvəçilik özünün yüksək
inkişaf səviyyəsinə çatıb. Və indi burda
on minlərlə hektar alma bağı var. Rayonda kənd təsərrüfatı
sahəsində aparılan islahatlardan, özəlləşdirmə
prosesindən sonra istər kəmiyyət, istərsə də
ki, keyfiyyət baxımından böyük nailiyyətlər əldə
olunub. Belə ki, ənənəvi sortlardan əlavə Azərbaycan
Elmi Tədqiqat Bağçılıq,
Üzümçülük və Subtropik Bitkilər
İnstitutunda elmi işçilər yeni alma və armud
sortları yetişdiriblər. Bu elmi müəssisəyə
isə uzun illər Əliqulu Nərimanov rəhbərlik edib.
Əliqulu Səməd
oğlu Nərimanov 1911-ci ildə Quba şəhərində
anadan olub. O dünyaya göz açdığı vaxtdan təbiətin
əsrarəngiz gözəlliyi ilə
qarşılaşıb. Belə ki, Qubanın mərkəzində
onların evi ilə üzbəüz meyvə bağları
var idi. Burada bağlara xidmət edən bağbanların
işi balaca Əliqulunun peşə, sənət seçmək
arzusunu bəlkə də elə o vaxt müəyyənləşdirib.
Kiçik yaşlarında ata-anası
vəfat edəndən sonra yaxın qohumlarının öhdəsində
qalan Ə.Nərimanov həyatın acı rüzgarı ilə
qarşılaşıb, 11 yaşından kənd təsərrüfatı
sahəsində fəhlə işləyib, 1931-ci ildə Azərbaycan
Kənd Təsərrüfatı İnstitutuna (indiki Aqrar
Universitet) daxil olub. İnstitutda oxuyarkən, II kursda
S.V.Kramiskinin rəhbərliyi ilə ölkəmizin meyvəçilik
rayonlarına ekspedisiyalarda iştirak edib, bir sıra meyvə
sortlarının bioloji xüsusiyyətlərini tədqiq edib,
onların genefondunu öyrənib. Təhsilini
“qırmızı diplom”la başa vuran Ə.Nərimanovun
geniş biliyə, yüksək istedada malik olmasını nəzərə
alıb onu meyvəçilik kafedrasında işlə təmin
ediblər.
1936-cı ildə bitirən Ə.Nərimanov
Moskvada K.A.Timiryazev adına Kənd Təsərrüfatı
Akademiyasının aspiranturasına daxil olub və bu təhsil
ocağını da 1939-cu ildə fərqlənmə diplomu ilə
bitirib. Moskvada aspiranturada təhsil alarkən Ə.Nərimanovun
qabiliyyəti, yüksək savadlı,
dünyagörüşü nəzərə alınaraq ona I
kurs tələbələrinə dərs demək etibar olunur. O,
bu illərdə Moskvada namizədlik dissertasiyası müdafiə
edir, elmlər namizədi alimlik dərəcəsi alır.
1940-cı ildə məzunu
olduğu Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunda işə başlayan Ə.Nərimanov meyvəçilik
kafedrasına müdir təyin olunur, 1942-ci ildə fakültə
dekanı seçilir.
Ə.Nərimanov Azərbaycanı
bağlar diyarına çevirmək arzusu ilə
yaşayır, bu yöndə yorulmadan fəaliyyət göstərirdi.
O, yerli sort almaları Miçurin sortlu və xaricdən gətirilən
almalarla müqayisə edərək, yerli almaların
müqayisədə misli-bərabəri
olmadığını sübut edib. Və yəqin edib ki,
babalarımız elə alma sortları yetişdiriblər ki,
onların şirinliyi, dadı, faydalı maddələrlə
zənginliyi əvəzolunmazdır. O deyərdi ki, Azərbaycan
təbiətinin bar-bəhəri can dərmanıdı:
göy-göyərtisi də, mer-meyvəsi də. Azərbaycan
bağbanları əsl xalq loğmanıdır. Xalq
seleksiyası ilə yetişdirilmiş Qubanın
“Cırhacı”, Qəbələnin “Qızıl Əhmədi”,
Şirvanın “Sinab” almaları təbii valyutadır. Ə.Nərimanov
Böyük Vətən müharibəsində iştirak edib,
ordudan baş leytenant rütbəsində “Qırmızı
Ulduz” ordeni ilə və medallarla qayıdıb. 1957-ci ildə
AKTİ-nin aqronomluq fakültəsinin dekanı seçilib,
1960-cı ildə ona həmin institutun professoru elmi dərəcəsi
verilib. 1961-ci ildə o, Azərbaycan Elmi—Tədqiqat
Bağçılıq, Üzümçülük və
Subtropik Bitkilər İnstitutunun direktoru vəzifəsinə təyin
edilib. Əliqulu Nərimanovun böyük xidmətlərindən
biri də 1964-cü ildə onun təşəbbüsü ilə
institutun Bakıdan Qubaya köçürülməsi olub. Həmin
müddətdə o, respublikamızda dağlıq yerlərdə
meyvəçiliyin inkişaf etdirilməsi üçün
elmi-tədqiqat işləri aparıb. İşinin əsas məqsədi
Quba-Xaçmaz bölgəsində dəniz səviyyəsindən
300 metrdən başlayaraq 1029 metrə qədər şaquli
zonalıq olan ərazilərdə yerli sortlardan
“Cırhacı”, “Sarı turş”, “Şıxı canı”,
“Eyyubi”, introduksiya edilmiş “Boyken”, “Şampan reneti”, “Simirenko
reneti”, “Vaqner prizovoy” və s. sortların bioloji xüsusiyyətlərini
öyrənməklə həmin sahələrdə tətbiq
olunacaq aqrotexniki xidmətlərin yeni texnologiyalar əsasında
tədqiqat işinin aparılması olub. O, eyni zamanda,
tarixçi və etnoqrafçı alimlərin elmi əsərlərinə
əsaslanaraq respublikamızda meyvəçiliyin tarixi,
müasir və gələcək perspektivlərinə dair məqalələrlə
çıxış edib.
Ə.Nərimanovun “Quba
rayonunun cır və mədəni meyvə bitkiləri”,
“Quba-Xaçmaz zonasında alma bitkisinin aqrobiologiyası”,
“Ağaca forma verilməsinin əhəmiyyəti” əsərləri
bu gün də böyük əhəmiyyət
daşıyır. Onun vaxtilə apardığı elmi-tədqiqat
işlərinin nəticələri hal-hazırda
respublikamızda mövcud meyvə bağlarında, kəndli-fermer
təsərrüfatlarında uğurla tətbiq edilməkdədir.
Meyvəçilik üzrə aparılan elmi-tədqiqat işlərində
vaxtilə onun tərəfindən əldə olunan elmi nəticələr
hal-hazırda tədqiqat işlərinin bünövrəsini təşkil
etməkdədir. Mərhum akademik M.Cəfərov çap
olunmuş məqalələrinin birində yazırdı: “Ə.S.Nərimanovun
ən dəyərli və gözəl xüsusiyyətlərindən
biri də xeyirxahlıqdır. Bu qəbildən adamlara həyatda
nadir hallarda rast gəlinir. Tələbələr ona doğma
ata, himayədar kimi yanaşırdılar. Aspiranturada oxuyarkən
belə aqil alimin məsləhət və tövsiyələrindən
güc alar, istəklərinə nail olardılar. Onun köməkliyi
və elmi rəhbərliyi ilə onlarla alim yetişib yolunu
davam etdirir, xeyirxahlığı unutmur, adını hörmətlə
yad edir, ruhu qarşısında baş əyirlər. Bircə
onu demək kifayətdir ki, respublikanın hər yerində Əliqulu
Nərimanovu tanımayana, onun insani keyfiyyətlərindən
iftixarla söhbət açmayana rast gəlmək olmaz”.
Respublikamızın mötəbər
alimlərindən, akademik N.İ.Malov, İ.D.Mustafayev, S.Məmmədova,
U.Ələkbərov, professorlardan İ.M.Axundzadə, Ə.M.Quliyev,
A.A.Ağabəyli, P.E.Qrevennikov, F.A.Quliyev, Z.M.Həsənov,
N.Cəfərov və başqaları Ə.Nərimanovun
geniş ürəkli, saf qəlbli, vətəninə, elinə
bağlı, istedadlı alim olmaqla bərabər çox ləyaqətli
şəxsiyyət, qayğıkeş və tələbkar
müəllim olduğunu söyləyiblər. Ə.Nərimanovun
əməyi yüksək qiymətləndirib, o, müxtəlif
orden və medallara, fəxri fərmanlara və mükafatlara
layiq görülüb. Vaxtilə başçılıq
etdiyi kafedraya onun adı verilib. Qubada onun xatirəsi əbədiləşdirilib,
şəhərin ən böyük küçələrindən
biri onun adını daşıyır. O, dünyasını
da iş başında dəyişib. Belə ki, kənd təsərrüfatına
aid keçirilən dövlət səviyyəli tədbirlərin
birində, 1968-ci ildə Azərbaycan Elmi Tədqiqat
Bağçılıq, Üzümçülük və
Subtropik Bitkilər İnstitutunun direktoru kimi tribunada
çıxış edərkən qəflətən vəfat
edib.
Ə.Nərimanov meyvə bitkilərinin
aqrotexnikasına aid çox qiymətli, bu günün tələblərinə
uyğun olan 50-dən artıq elmi əsərin, bir sıra
elmi tədqiqat işlərinin müəllifidir. O, meyvə
bitkilərinin cins və sortlarından asılı olaraq onlara
müxtəlif çətir formalarının verilməsinin məhsuldarlığa,
boy və inkişafına ciddi təsir etdiyini sübut edib.
Alim 1960-70-ci illər üçün meyvə
bağlarında mövcud olan seyrək əkin sxemlərinin
sort və calaqaltı kombinasiyalarından asılı olaraq
sıxlaşdırılmasının və bununla da vahid sahədən
məhsuldarlığın artmasının
mümkünlüyünü təcrübələrilə
sübut edib. Yer kürəsində əhalinin getdikcə
artdığı, məhsuldar torpaq sahələrinin isə əksinə
azaldığını müşahidə edən alim
Quba-Xaçmaz bölgəsində XIX əsrin axırları
və XX əsrdə dağətəyi qurşaqlarda
güclü inkişaf etdiyini nəzərə alaraq, meyvəçiliyin
bölgənin aran hissəsində (dəniz səviyyəsindən
200-600 m.) yox, məhz dağətəyi hissələrdə
daha da inkişaf etdirilməsinə çalışıb və
bu sahədə qiymətli elmi tədqiqat işlərinin
müəllifi olub.
O, şaquli zonalardan
asılı olaraq meyvə bağlarında aqrotexniki tədbirlər
sisteminin diferensial sürətdə aparılmasını elmi əsaslarla
sübut edib. Dərin fitri istedada, zəkaya malik olan Ə.Nərimanov
bütün mənalı ömrünü
bağçılıq elminin yeni texnoloji elementlər əsasında
bölgələrin təbii iqtisadi şəraitinə
uyğun inkişaf etdirilməsinə, bu sahədə yüksək
dərəcəli savadlı kadrların hazırlanmasına həsr
etmişdir. Ə. Nərimanov həm də gözəl valideyn
idi. Böyük oğlu Arif kimya elmləri namizədidir, Moskva
şəhərində yaşayır. Kiçik oğlu Akif
respublikanın Əməkdar mühəndisidir,
geologiya-mineralogiya elmləri doktorudur, professordur, Rusiya Təbiət
Elmləri Akademiyasının həqiqi üzvüdür.
Hazırda o, Dövlət Neft Şirkətinin Dənizdə
Neft və Qazçıxarma İstehsalat birliyinin baş
geoloqu, baş direktorun müavinidir. Görkəmli alim Ə. Nərimanov
bağçılıq elminin hərtərəfli
inkişafı üçün irəli sürdüyü
ideyalar və onun yazdığı elmi əsərlər elmi tədqiqat
işlərinin istiqamətinin müəyyənləşdirilməsində
bu gün də böyük əhəmiyyət kəsb edir.
Mən bu kadrların
arasında olmağımla fəxr edir, görkəmli alimə
rəhmət oxuyuram, onu həmişə xoş xatirələrlə
xatırlayıram.
Cəlal MƏMMƏDOV
525-ci qəzet.- 2011.- 13 may.- S.4.