Kinorəssam Mayis Ağabəyovun 70 illik yubileyi qeyd olunur

 

2011-ci il mayın 1-də tanınmış kino rəssamı, Dövlət Mükafatı Laureatı, Azərbaycanın Xalq Rəssamı Mayis Ağabəyovun 70 yaşı tamam olub. Ömrünü kino və təsviri sənətin inkişafına həsr edən, öz istedadı və bənzərsiz sənəti ilə seçilən Mayis Ağabəyovun adı Azərbaycan kinematoqrafiyası tarixində xüsusi yeri olan “Nəsimi”, “Babək”, “Nizami” kimi mürəkkəb quruluşlu tarixi filmlərin yaradılması ilə bağlıdır. Belə filmlərin istehsalı zamanı filmin yaradıcılarından və ilk növbədə filmin quruluşçu-rəssamından ekranda göstərilən tarixi dövrü əla bilməyi və çox böyük erudisiya tələb olunur. Bütün bu keyfiyyətləri özündə cəmləşdirən və həssas zövqə və yaradıcı intuisiyaya malik olan Mayis Ağabəyov yüksək məharətlə və peşəkarlıqla, qoyulan bütün məqsədləri realizə edərək dövrün mühitini dekorasiyalarda, əlbəsələrdə və kostyumlarda ustalıqla əks etdirə bilib.

Dərin psixoloji dram janrında olan və mənəvi dəyərləri özündə əks etdirən “Xoşbəxtlik qayğıları”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Keçən ilin son gecəsi”, “Burulğan”, ”Özgə vaxt”, “Nə gözəldir bu dünya”, “Məkanın melodiyası” filmlərində isə Mayis Ağabəyov rejissorun ekranda yaradacaq mühiti və qoyduğu məqsədi hiss edərək, qəhrəmanların xarakterlərinə, duyğularına və zamanın tələbinə uyğun dekorasiyalar yaratmış və onun eskizləri ümumiyyətlə filmin vizual ahənginə və plastik həllinə istiqamət vermişdir.

 Mayis Ağabəyov Bakıda anadan olub. 1965-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1969-cu ildə isə Moskvanın Kinematoqrafiya İnstitutunun kinorəssamlıq fakültəsini bitirərək “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. Azərbaycanın audiovizual sənətinə yüksək bədii-estetik mədəniyyət gətirən və ekran sənətinin təsvirinə öz yaradıcı münasibəti ilə başqalarına nümunə olan Mayis Ağabəyov çox nadir rəssamlardandır. O, bütün çətin və mürəkkəb proseslərlə bağlı olmağına baxmayaraq, ardıcıl və məqsədyönlü olaraq qarşısına qoyduğu məqsədə çatmağı, lazımi təsvir ahənginə nail olmağı bacarır. Mayis Ağabəyovun əsərləri Bakı, Moskva, Berlin, Almaatı, İstanbul, Avinon (Fransa) və Vyanada beynəlxalq sərgilərin iştirakçısı olub. Onun əsərləri Şərq Xalqları Muzeyində (Moskva), Rusiyanın Bədii Fondunda, Azərbaycanın müxtəlif muzeylərində və İspaniya, Yaponiya, Fransa, Türkiyə və Almaniyanın şəxsi kolleksiyalarında saxlanılır.

Mayis Ağabəyov Azərbaycan Rəssamlıq Akademiyasının professoru, Rəssamlar İttifaqının üzvü, Kinorejissorlar Gildiyasının Kinorəssamlıq bölməsinin rəhbəri və Büronun üzvüdür. Böyük istedada və peşəkarlığa malik, zəhmətkeşliyi və təvazökarlığı ilə seçilən sevimli sənətkarımızı – Mayis Ağabəyovu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona həyatda və sənətdə yeni-yeni uğurlar arzulayırıq. Yubileylə bağlı bu gün 17.00 da Azərbaycan Muzey Mərkəzində Xalq rəssamı Mayis Ağabəyovun fərdi səgisinin açılışı olacaq. Mayın 27-də isə Kinorejissorlar Gildiyasında yubiley tədbiri keçiriləcək.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 17 may.- S.7.