Professor Tofiq İsmayılovun hekayələr pyeslər toplusu çap olunub

 

Azərbaycanın xalq artisti, professor Tofiq İsmayılovun “Kinoya gedən pişik” adlı hekayələr və pyeslər toplusu nəşr edilib. Topluya görkəmli sənətkarın müasirlərimizin həyatından söz açan “Bağ satılır”, “Mənim qızım oxuyacaq”, “Dostların sevgisi”,”Ad günü”, “Olar və olmazın nağılı”, “Sehirli sandıq”, “Könlü balıq istəyənin quyruğu suda gərək”, “Qonşular”, “Cırtdan mollaxanada”, “Sehirli qazan” pyesləri, müxtəlif illərdə qələmə aldığı “Kinoya gedən pişik”, “Diş ağrısı”, “Əlvida gəlinciklər”, “Kirpinin köməyi”, “4-1 nənənin xeyrinə”, “Özgəyə quyu qazan”, “Sarıdimdik”, “Əsl kişi”, “Qırxayağın rəqsi”, “Sehirli çubuq”, “Qırmızı çiyələklər”, “Ən əsas fəsil”, “Balaca dovşan və iki ac canavar”, “Qar çiçəyi”, “Ağıllı tısbağa”, “Sevincin yuxusu”, “Gombul” və sairə, bir-birindən rəngarəng, maraqlı hekayələri daxil edilib. Yazıçının uşaq aləmi haqqında realist fikirləri, yeniyetmələrin tərbiyəsinə dair müasir ideya və düşüncələri onun əsərlərində önəmli yer tutur.

 Hekayə pyeslərin əsas məqsədi gənc oxucularda nəcib duyğular oyatmaq, sənətə elmə həvəs yaratmaqdır. Müəllifin qələmə aldığı hekayə və pyeslərin mövzusu həyatın özündən götürülmüş hadisələrlə yaxından səsləşir. Müəllifin qələmə aldığı “Kinoya gedən pişik”, “Balaca kirpi”, “Əsl kişi”, “Balaca dovşan və iki ac canavar” hekayələri ibrətamiz əsərlərdir. Heyvanların həyatından maraqlı misallar və hadisələr hekayələrin təsir gücünü daha da qüvvətləndirib. “Sevincin yuxusu” hekayəsində tənbəl bir qızın macəraları təsvir olunub.

Professor Nizami Cəfərov nəşrə yazdığı ön sözdə T.İsmayılovun bu kitabının məzmun baxımından çox böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu qeyd edib: “Əsərlərinə, kino fəaliyyətinə nəzər yetirərkən Tofiq İsmayılov sadəcə dəyərli filmlər çəkmiş görkəmli bir rejissor olaraq görünmür. Çünki o həm də bir hekayəçi, nağılçı, yazıçı olaraq istedadlıdır. Eyni zamanda o səhnədə oynanılmaq üçün xeyli sayda pyeslər, filmlərə ssenarilər yazmış bir dramaturq kimi də tanınmışdır. Onun fəaliyyətinin digər vacib bir qolu da odur ki, uzun illər bir pedaqoq olaraq çalışmış, bir-birindən istedadlı sənətkarlar yetişdirmişdir. Bu mənada, bütövlükdə Tofiq İsmayılovun bir sənətkar olaraq fəaliyyəti geniş və təqdirəlayiqdir. Müəllifin müraciət etdiyi mövzular cəlbedici olmaqla, bədii cəhətdən çox maraqlı və tərbiyəvidir”.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 17 may.- S.7.