Xınalıq – ilkinliyini və
gözəlliyini qoruyub saxlayan tarixi abidələr xəzinəsi
Azərbaycanın qədim və
səfalı guşələrindən biri olan Quba bölgəsində,
Şahdağ, Tufan dağı, Baba dağı, Qiblə
dağı kimi yüksək dağ silsilələri
arasında yerləşən Xınalıq, Haput, Qırız,
Buduq kəndləri tarixin və təbiətin
yaratdığı özünəməxsus muzeyi
xatırladır.
Bu qədim məkana yaxınlaşarkən diqqəti ilk əvvəl gözəl təbiət mənzərələri, pilləvari və yarusvari tikililərin sərt əzəməti cəlb edir. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən və çoxlu memarlıq abidəsinin olduğu bu kəndin nadir dili və tarixi var. İl boyu qar və buzlaqlarla örtülü olan möhtəşəm Böyük Qafqaz dağlarının əhatəsində yerləşən Xınalığın bənzərsiz landşaftı, təbiətlə səsləşən mənzərəsi bura səfər edən hər kəsi heyrətləndirir. Uzun illər təcrid olunmuş şəkildə qalan kənd ənənəvi inşaat üsullarını, folklor və etnoqrafik ənənlərini qoruyub-saxlayıb. Bir sözlə, özünün ilkin memarlıq simasını, eləcə də köhnə məişət tərzi ilə səsləşən ekzotik əlamətləri saxlayan Xınalıqla tanış olan hər kəs bu nəticəyə gəlir ki, bu diyar tam mənası ilə bəşər sivilizasiyasının dağıdıcı qüvvəsinə məruz qalmayan canlı tarixdir. Sakinlər arasında kəndin adı haqqında da maraqlı əhvalatlar danışılır. Deyilənlərə görə, əvvəllər bu qədim kənd zəlzələ nəticəsində dağıldıqdan sonra sağ qalanlar həna, yəni xına becərməyə başlayıb. Elə ona görə də kəndin adı Xınalıqdır.
Bu yaşayış məntəqəsinin yaranma tarixi elm aləminə dəqiq məlum olmasa da, ərazidə yerləşən Xınalıq, Cek, Buduq kəndlərində insanların lap qədimdən məskunlaşması şübhə doğurmur. Kəndə yaxınlaşarkən dağ yamacında salınmış və vahid memarlıq strukturu kimi təsir bağışlayan yaşayış massivi görünür. Ənənəvi çaydaşından bir-birinə çox yaxın tikilən evlər kəndin sanki qayadan çapılması təəssüratını yaradır. Tikintinin sıxlığı həyət və küçələrin olmamasına gətirib çıxarır. Beləliklə də, aşağıdakı evin yastı damı yuxarıdakı evin həyəti rolunu oynayır. Dini binalara və ya ayrı-ayrı evlərə gedən küçələr isə dardır və bəzi yerlərdə pillələrə keçir.
XALQ İNANCLARI
Qədim yunan alimi Strabon özünün 17 cildlik “Coğrafiya” əsərində qeyd edir ki,
Qafqaz Albaniyasında 26 Alban tayfası yaşayır və həmin tayfaların hərəsi öz dilində danışır.
Xınalıqlılar həmin 26 Alban tayfadan biridir və o zamandan öz dilində danışırlar. “Xınalıqlılar” etnik qrupu Qafqazda minilliklərlə yaşamış, öz dilini, adət-ənənələrini itirməmiş, bu günümüzə qədər saxlamışdır.
Təəssüf ki, bu günə qədər Xınalığın tarixini müəyyən heç bir arxeoloji ekspedisiya keçirilməyib. Bir dəfə də olsun qazıntılar aparılmayıb. Xınalıq tarixində maraqlı bir fakt olaraq onun səkkiz qəbiristanlığını göstərmək olar. Kənddə Giyad təpəsi deyilən yerin başından tutmuş ayağınadək, kəndin içərisindən tutmuş Rutsoş və Dəyirmançay çayının sahillərinə kimi görünən saysız-hesabsız qəbirlərin tarixi bu günə qədər tədqiq olunmayıb.
Qeyd edək ki, Xınalıq qəbiristanlıqlarında qəbirlərin çoxu olduqca iri və nəhəngdir. Həm enlilik həm də uzunluq cəhətdən.
Rutsoş çayına gedərkən yolun üstündəki açıq qəbirlər buna əyani sübutdur. Xınalıqdakı qəbirlərin bəziləri 3 mərtəbəlidir. Burada qəbirlər bir birinin üzərində yerləşir. Ancaq qazıntılar qəbirlərin nə qədər qədim olmasını aşkar edə bilər.
XINALIQDA 12-ci ƏSRDƏ ƏBU
MÜSLİM İSLAM DİNİNİ TƏBLİĞ ETMƏYƏ
BAŞLAYIB.
Bu gün fəaliyyət göstərən cümə məscidi də həmin dövrdə tikilir və camaat bu məscidi Əbu Müslim məscidi adlandırır. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində “runa” yazıları həkk olunub. Yazıların təqribən 3-8-ci əsrlər arasında yazıldığını ehtimal etmək olar. Yazıların tam olaraq tərcüməsi olunmasa da, təxmini mənası günəşin doğması və yeni tarixin başlanması mənasını daşıyır.
Bu gün Azərbaycanın etnik xəritəsində sayı cəmi bir neçə min olan və bir neçə kənddə yaşayan, tarixi-etnoqrafik ədəbiyyatda “Şahdağ xalqları” adlandırılan xınalıqlar, buduqlar, qırızlar, haputlar Azərbaycan tarixində izləri olan etnik qruplardır. Maraqlıdır ki, onlar dünyanın etnik xəritəsində yalnız Azərbaycanda qeydə alınıblar. Bu xalqların maddi və mənəvi mədəniyyəti, xalq memarlığının nadir estetik cəhətləri böyük maraq doğurur. Bu xüsusiyyətlər Xınalığın monolit, yığcam və əsaslı şəkildə dağ zirvələrində salınmış memarlığında olduğu kimi, xınalıqlıların xarakterində, mətin iradəsində, təbiətlə daimi ünsiyyətlərində, xarici görkəmlərində, rəngarəng geyimlərində, məişət tərzində, bayram və toy şənliklərində, məşğuliyyətlərində, əyləncələrində və qarşılıqlı münasibətlərində də öz əksini tapıb. Xınalıqlıların yağışla, əkinçiliklə, bəzi ev heyvanlarına münasibətlə, toy və yasla, səma cisimlərinin müşahidəsi ilə bağlı zəngin ənənələri var. Onların həyat və məişətinə daxil olan adət və ənənələr təbiət hadisələrinə uyğun qurulur, onların yozulması ilə bağlıdır.
Qədim dövrdən etibarən Xınalıq sakinləri ovçuluqla məşğul olublar. Ovladıqları heyvanlar – dağ kəli, dağ keçisi olub. Xınalıqlılar qaban ovlasalar da, heç vaxt ətini yeməyib – qonşu kəndlərə göndərirdilər. Ovçular ova getmənin vaxtını heç kimə bildirmir, vurulan heyvanları öz aralarında bərabər bölür, qonşu payı saxlayır, kənar adam rast gələrsə, ona da ovlarından pay verirlər.
Xınalıqda məişətdə bir çox cadu və ovsunlar da geniş yayılmışdır. Onların tarixi çox qədimdir. Xınalıqlılar insan nəfəsinin ruh olduğunu düşünür, və insan ölərkən nəfəslə birgə onun bədənindən ruhun çıxmasına inanırlar. Xınalıqlılar illəri, qoyun sürülərinin artması ilə hesablayırdılar. Bu ənənənin haradan başlandığını heç kim bilmir. Məsələn, demək olar ki, 1937-ci il – kənddə 70 min baş qoyun olduğu ildir.
Xınalıqlılar mal-qaraya həmişə hörmətlə baxırlar. Onlar öz mallarının sayını heç kəsə bildirmirlər ki, mal-qaraya bəd-nəzər toxuna bilər. Qədim ənənələrdən biri-ölən malın kəlləsini tövlənin astanasında basdırmaqdır. Bəzən malın kəlləsini çəpərə yaxud divara bərkidirlər.
XINALIQLILAR GÜNƏŞİ
MÜQƏDDƏS HESAB EDİRLƏR.
Bu mənada qızlar günəş simvolu olan qırmızı rəngdə paltar geyməyi çox xoşlayırlar, günəşə and da içirlər.
Xınalıqlılar qonşu kəndlərdən qız alıblar. Məsələn Quruş kəndindən. Amma, buna baxmayaraq, heç bir kəndə qız verməyiblər.
Xınalıq körpələri bayıra çıxarılanda və yatanda, onların başlarının altına qara qüvvələrə qarşı kömür tikəsi qoyurlar. Xınalıqda bu günə qədər istifadə olunan ənənələrdən biri də oğlan uşağının başında 7 yaşa qədər hörüyün saxlanılmasıdır. Bu adətin də nə zamandan Xınalıqda işlənməsindən heç bir informasiya yoxdur.
Adətən bir neçə qız uşağından sonra doğulan oğlanın başının ortasındakı kəkil anadan olandan 7 yaşınadək kəsilmir, hörük halında saxlanılır. Bu saç yalnız ziyarətgaha nəzir paylayıb, qurban kəsdikdən sonra kəsilir. Qırızlarda isə toy ərəfəsində bəyin 7 atlı ilə pirə gedib onun başına dolanması adəti mövcuddur. Məlumdur ki, 7 rəqəmi qədim türk xalqlarının, o cümlədən azərbaycanlıların astral inamları ilə bağlıdır. Bir sözlə, bu azsaylı xalqların maddi və mənəvi mədəniyyətinin, etnik xüsusiyyətlərinin öyrənilməsi bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinin ümummilli xüsusiyyətlərinin və dərin tarixi köklərinin üzə çıxarılmasında böyük rol oynayır. Bir məqamı xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Xınalıq sakinləri də olduqca qonaqpərvərdirlər.
MEMARLIQ ABİDƏLƏRİ
Xınalıq kəndinin dağın zirvəsində, əlçatmaz yerdə yerləşməsi strateji məqsədlərlə izah oluna bilər. Kəndə gedən yolların keçilməz olması, cığırların sıldırım yamacda salınması kəndin müdafiəsini asanlaşdırırdı.
Vaxtilə köçəri tayfaların hücumlarından müdafiə üçün Xınalıqda qala divarlarından və ayrıca döyüş bürclərindən ibarət olan müdafiə sistemi təşkil edilmişdi. Qeyd edək ki, Xınalığın ilk müdafiə sistemi məhz qala divarlarından və bürclərdən ibarət olub. Divarlar mühafizə olunmasa da, dağıdılmış piramidaya bənzər bürclər onların varlığından xəbər verir. Buradakı yaşayış evləri də xüsusi maraq doğurur. Onlar birotaqlı evlərdən və həyətyanı sahəsi olan evlərdən ibarətdir. Kəndin inşaat təcrübəsində yerli tikinti materialları – qaya və çay daşlarından, divarların tikilməsində isə samandan və gil məhlulundan geniş istifadə edilir.
Xınalığın memarlıq abidələri sırasında məscidlər də özünəməxsus yer tutur. Məlumdur ki, İslamın qəbul edilməsindən sonra Azərbaycanın hər yerində məscid, mədrəsə, türbə və başqa dini tikililərin inşasına başlanılıb. Lakin Xınalıq sakinləri İslamı qəbul etməklə yanaşı, müsəlmanlığa qədərki ənənəvi təlim və mərasimlərə də riayət edirlər. Bu gün də əhali arasında oda sitayiş və dağlarda müqəddəs yerləri ziyarət etmək ənənəsi qalmaqdadır. Məsələn, Xınalıq kəndinin 5-6 kilometrliyində Qızıl qaya dağı yaxınlığında yerləşən və Xınalıq dilində “Ca yuvr ciqa” (od yeri) adlanan təbii yanar qazın çıxdığı ərazi yerli əhali tərəfindən müqəddəs ocaq kimi qəbul edilən təbii məbədlərdən biridir. Sakinlərin dediyinə görə, adətən, ailə qurmaq, övlad sahibi olmaq diləyilə Xınalıq atəşgahına gələn yerli əhali qurbanlıq heyvanı kənddə kəsdirərək onun ətini bu müqəddəs ocağa gətirib yerdən çıxan alov üzərində bişirirdilər və ziyarətə gələnlərə nəzir kimi paylayırdılar. Sakinlərin bir qismi bildirir ki, atəşgahın atəşpərəstlik etiqadı ilə əlaqələndirilməsi düzgün deyil. Çünki atəşpərəstlikdə odun ailə və ocaq qoruyucusu kimi funksiyası yoxdur. Həm də Zərdüşt kahinləri insan nəfsinin müqəddəs odu kirlədəcəyindən qorxduqları üçün hətta ağızlarını və burunlarını da bağlayaraq oda yaxınlaşdıqları halda, türklər hər zaman oda təmizləyici element kimi baxıblar. Xınalıq atəşgahında odla fala baxma ənənəsi də geniş yayılmışdı. Ailə qurmaq, övlad sahibi olmaq diləyilə ziyarətgaha gələnlər bişirdikləri qurban ətini nəzir kimi payladıqdan sonra niyyətlərinin qəbul olub-olmadığını bilmək üçün od falına da baxardılar.
KƏNDDƏ MÖVCUD OLAN
BÜTÜN MƏSCİDLƏR PİR ADLANIR
Sakinlər arasında Pir Comərd və ya Əbu Müslüm məscidi kəndin ən qədim və əsas piri sayılır. Ümumiyyətlə, Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri pir adlandırır. Məscidlər evə bənzəyir və minarələri yoxdur.
Yerli əhalinin söylədiyinə görə, Xınalıq əhalisi İslamı ilk dəfə məhz Pir Comərddə qəbul ediblər və Əbu Müslüm bu kənddə İslamın banisi olub. Bəzi tədqiqatçılar “Pir Comərd” abidəsinin adını qədim dini rəvayətlərdəki insan nəslinin banisi Qomardla əlaqələndirirlər. Digər ehtimala görə, bu abidənin yerində Günəş məbədi yerləşmişdi və ərəblər kəndi tutduqdan sonra bu qədim ibadətgahı müsəlmanlaşdırıblar. Məlumdur ki, şumerlər də məbədlərini yüksəkliklərdə, dağın təpəsində inşa edirdilər. Üzərində balıqqulağı olan daşlar da hər halda, qədim dini təsəvvürlərin izlərini daşıyır. Belə ki, xalq arasında qarnıyarıq, qız muncuğu və s. adlarla tanınan belə balıqqulağılar Xınalıqda da qız uşaqlarının paltarına bədnəzərə qarşı tikilirdi. Ümumiyyətlə, belə balıqqulağı muncuqlar Azərbaycan ərazisində eradan əvvəl son əsrlərə aid küp qəbirlərdən tapılıb. Beləliklə, bu qədim pir inancının nümunəsində bir daha aydın olur ki, xalq İslam dini ilə bərabər öz əvvəlki inanc sistemini də qoruyub-saxlamağa çalışaraq, özündən əvvəl yaranmış dini ənənələri birləşdirərək spesifik bir sintez yaradıb.
BABA DAĞI
Bu ərazidə digər müqəddəs dağ olan Baba dağının zirvəsindəki oyuğun altında xalq arasındakı rəvayətə görə, Baba adlı müqəddəsin qəbri var. Dişi ağrıyan, övladı olmayan qadınlar bu piri ziyarət edirlər. Baba dağı 7 dəfə ziyarət etmək əhalinin inamına görə Həcc ziyarətinə bərabərdir. Bu pirə ətraf rayonlardan – Quba, Qusar, Xaçmaz, Dəvəçi, İsmayıllı, Şamaxı, Ağsu rayonlarından da ziyarətə gəlirlər. Yerli əhalinin arasındakı inama görə, Baba dağının şimal yamacı xüsusilə müqəddəs bir yer kimi qorunur. Buna səbəb Baba dağı adının müqəddəs sayılmasıdır. Baba dağı əfsanələrindən birində çox uzaqlardan gələn Baba adlı müqəddəs şəxs torpaqsız, bitkisiz uca dağın başında, qarla örtülü zirvələrdə qeyri-adi taxıl növü yetişdirmişdi. Buna görə də bu tala xüsusilə müqəddəs bir yer kimi qorunur. Bundan başqa, ziyarətə gələnlər Baba dağındakı müqəddəs sayılan bulağın suyundan içirlər. Ümumiyyətlə, xalq arasındakı inama görə, Baba dağı canlı bir varlıqdır və bu dağdan götürülən hər bir daş parçası bədənin bir hissəsi kimi müqəddəs hesab edilir. “Baba daşı” adlanan belə daşlar bərəkət, məhsuldarlıq simvolu kimi evlərdə saxlanılır.
Baba dağının zirvəsində “Aman evi” adlanan sığınacaq da var.
Ümumiyyətlə, qədim Azərbaycan sakinləri dağı ulu baba-soyun başlanğıcı kimi müqəddəsləşdirmiş, onu həm də Göydən, Günəşdən gəlmiş müqəddəs başlanğıc, qoruyucu kimi mifləşdirmişlər. Maraqlıdır ki, qədim qıpçaq əfsanəsinə görə, mifoloji personaj olan “Babay ağa” hər zaman göydə uçaraq insanlara xoşbəxtlik gətirirdi. Onun endiyi ərazi müqəddəs sayılırdı. Göründüyü kimi, qədim qıpçaq mifoloji obrazı “Babay ağa” ilə Baba adlı mifik şəxsiyyət arasında müəyyən oxşarlıq var.
Ölçülərinə görə, Cümə məscidi Xınalığın ən iri dini tikililərindən olub və kəndin ümumi məkan kompozisiyasında başlıca yer tutur. Bundan əlavə, Xınalıqda Qəmik məscidi, Şeyx Şalbuzbaba məscidi, Xıdır Nəbi piri, Qüllə piri, Cabbar baba piri, Möhüc baba piri və Şıxşalburuz baba pirləri mövcuddur. Göründüyü kimi, ölkəmizin qədim və səfalı guşələrindən biri olan Xınalıq tarixi abidələrlə zəngindir. Bu baxımdan ərazini yaxın gələcəkdə dünya əhəmiyyətli turizm məkanına çevirmək ölkəmiz üçün olduqca faydalı addım ola bilər. Elə bu məqsədlə də son illər Xınalığa dövlət qayğısı artmaqdadır. Dörd il bundan öncə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Xınalıq-Quba yolunun açılış mərasimi keçirildi. Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində Xınalıq kəndində infrastrukturun inkişafı məqsədilə bu yaşayış məntəqəsinin tarixində ilk dəfə olaraq
QUBA-XINALIQ YOLU ASFALTLANIB, YENİ MƏKTƏB
BİNASI TİKİLİB.
Eyni zamanda, dövlət başçısının sərəncamı ilə Xınalıq kəndinə etnoqrafik qoruq statusu verilib. Bundan başqa, prezidentin Quba rayonunun Xınalıq kəndində və Quba-Xınalıq yolu üstündəki kəndlərdə mövcud sosial problemlərin həll edilməsi barədə tapşırıqlarına uyğun olaraq yüksək dağlıq ərazidə yerləşən bu yaşayış məntəqələrinin problemləri ilə bağlı tədbirlər davam etdirilir. Dağ kəndlərinin bir sıra problemlərini həll etmək məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində tədbirlər planı hazırlanıb və qısa müddətdə həyata keçirilib. Belə ki, Xınalıq kəndində konteyner formasında olmaqla 128, Əlik kəndində isə 64 nömrəlik elektron ATS-lər quraşdırılıb, yeni ATS-lərin keyfiyyətli işini təmin etmək üçün Söhüb və Əlik kəndləri arasında 16 kilometrlik fiber-optik kabel xətlərinin çəkilib, Qırız kəndinə 4 ədəd, Qırız-Dəhnə kəndinə 8 ədəd peykdən qəbul üsulu ilə işləyən telefonun verilib, Bostankeş, Cek, Haput, Qeleyxudat kəndlərinə telefon çəkilişi, Əlik kəndinə yeni televiziya stansiyasının və FM-vericisinin quraşdırılması, sakinlərin müraciətlərinə əsasən, Xınalıq kəndinə AzTV və İTV-dən başqa Lider TV-nin də yayımı, Xınalıq kəndində və Xınalıq yolu üstündəki kəndlərdə “Azercell” mobil telefon rabitəsinin yayılmasını təmin edilib. Bundan başqa, rabitəçilər Əlik kənd əhalisinin xahişini nəzərə alaraq kənddə 50 yerlik yeni məktəb binası tikib istifadəyə veriblər.
Kəndin turizm obyektinə çevrilməsi istiqamətində tədbirlər davam etdirilir.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 17 may.- S.6.