Qürur duyduğum müəllimKnyaz Aslan

 

Abituriyentjurnalını sinəsinə sıxan qayğılı qızları, metroda dərs əzbərləyən narahat oğlanları görəndə tələbə olmaq, Bakıda yaşamaq arzusu ilə dolaşdığım Cəlilabadın boz, hüznlü küçələrini xatırlayıram. Təkcə küçələrin yox, sinif yoldaşlarımın, məhrəmliyinə və müqəddəsliyinə tez-tez xəyanət etdiyim məktəb illərimin də havası başımda dolanır. Məktəbi bizdən əvvəl bitirmiş tələbə oğlanlar, qızlar tətil günlərində məktəbə gələrdilər. Şəhərdəki maraqlı hadisələrdən, universitet həyatından saatlarla danışanda müəllimlərimiz də onlara qoşulub nostalji xatirələrini düyü kimi arıtlayar, əyalət həyatının yeknəsəqliyindən sinədolusu nəfəs alıb kədərlənərdilər. Tələbələrdən biri deyərdi ki, filan professorlar qiymətimi kəsdi. İkincisi onun səsinə səs verərdi ki, nahaq yerə məni dekanın yanına apardı. O vaxtlar universitetdə dərs deyən müəllimləri qorxunc simalı qəzəbli adamlar sayaq təsəvvür edirdim. Nəhayət, dönər və sevgi tamlı tələbəliyin xoşbəxtliyini yaşamaq mənə də nəsib oldu. Yayın bürkülü, qışın ayazlı gecələrində hamıdan gec yatmağıma, səhərlər xoruz banından əvvəl oyanmağıma əvəz olaraq mənə altı hərflik TƏLƏBƏ adını mükafat verdilər. O gündən cibimdə “Bakı Dövlət Universiteti Kitabxanaçılıqnformasiya fakültəsiyazılan tələbə biletini gəzdirməyə başladım. Və elə o vaxtdan anladım ki, universitet müəllimlərinin sırasında elələri var ki, nə qorxunc, nə də qəzəbli olurlar. Əksinə, yaxşı tələbənin gözündə əsl müəllim, etibarlı dost və böyük qardaş qədər ucalırlar. Knyaz Aslan kimi... Sevdikləri torpağı sanı yaşasınlar, unudulmaz müəllimimiz Zöhrab Baxşəliyev auditoriyaların yerini səhv salanda zarafatla, “Novruzəlinin qohumları” deyərdi bizə. Kənddən gələnlər odun sobalarının hisini divarlarında saxlayan, şəhər uşaqları isə döşəməsi çürük, otaqları soyuq məktəblərdə oxumuşdular. Geniş, işıqlı auditoriyaları görənimiz hardaydı..?!

 Tələbə yoldaşlarımızdan biri Zöhrab müəllimin sözünü elə birinci dərsdəcə Knyaz Aslana deyəndə, xeyli gülüb onun dodaq qaçıran başqa əhvalatlarını da danışmışdı. Orta məktəbdə 45 dəqiqəlik dərsə vərdiş edən tələbələr, həmişəki darıxmaqlarını yaddan çıxarıb Knyaz müəllimin səmimi rəftarından razı qalmışdılar. Kitabxanaçılıqnformasiya fakültəsində təhsil aldığım altı il müddətində nəinki öz tələbə yoldaşlarımın hətta digər kurslarda oxuyan tanışlarımın dilindən Knyaz Aslan haqqında bircə kəlmə naqolay söz eşitməmişəm. Fakültədə “hansı müəllimi daha çox sevirsinizadlı gizli sorğu keçirilmişdi. Tələbələrin iki sevimli müəllimlərindən biri Knyaz Aslan idi. İndi bu yazını yaza-yaza bir əhvalatı xatırlayıram. Yəqin Knyaz müəllim unutmuş olar, deyim onun da yaddaşı təzələnsin. Tələbə yoldaşlarımızdan bir qız köks ötürüb elə dərsin ortasındaca demişdi ki, fakültəmizdə müəllim qalmaq istəyirəm, amma kaş sizin kimi maraqlı dərs apara bilərdim. Tarix, ədəbiyyat, jurnalistika sahəsində dünya görüşü geniş, intellektual bazası möhkəm, peşə bilikləri dərin olan onlarla müəllim tanıyıram ki, auditoriyanı ələ almaq, onların maraqlarına hakim kəsilmək kimi keyfiyyətlərə malik deyillər. Yaxud auditoriyanı tələbəyə qorxu gəlmək hesabına əla almağa çalışırlar. Knyaz Aslanın dərsində bircə dəfə iştirak etmək kifayətdir ki, əsl müəllimlə üzzə dayandığını anlayasan. Birinci-ikinci kursda oxuyanda yazdığım hekayə və məqalələri Knyaz müəllimə göstərərdim. Oxuyub fikrini deyəndə sevindiyimdən qanadlanmaq istəyirdim. Yazının zəif tərəfini, qüsurlarını elə ustalıqla başa salardı ki, necə deyərlər, ruhum da inciməzdi. Əksinə, beynimdə olan mövzuları kağıza köçürmək üçün evə tələsərdim.

Knyaz Aslan həm də yaradıcılığa təzə başlayan, kövrək addımlarını atan gənc yazarların psixologiyasına dərindən bələd olan və ədəbiyyata ruhuyla bağlı olan insandır. Knyaz müəllimin 50 yaşı tamam oldu. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidməti, Birliyin üzvləri adından, “Ədəbiyyat qəzetində onu təbrik edib. Mən də bu kiçicik tələbə yazısı ilə əziz və sevimli müəllimimizi, kitabxanaşünaslıq elminin bu dəyərli alimini bütün yetirmələri adından təbrik edir, ona cansağlığı, uğurlar arzulayıram.

 

 

Cavid ZEYNALLI

 

525-ci qəzet.- 2011.- 18 may.- S.7.