Mədəniyyət və İncəsənət Universiteti tələbələri İstanbul festivalında

 

 2 ay öncə ADMİU-nin “ Aktyor sənəti” fakültəsinin dost Gürcüstanın Şota Rustaveli adına Dövlət Teatr və Kino Universitetinin keçirdiyi Beynəlxalq Etüd festivalındakı uğurlu çıxışlarından yazmışdıq. Növbəti festivalda çıxış etmək üçün qardaş Türkiyəyə dəvət alan ADMİU tələbələri daha böyük həvəs və ilhamla bu sənət imtahanına yol aldılar. İstanbulun Atatürk hava limanında hörmətlə qarşılanan qonaqlar nüfuzlu otellərin birində yerləşdirildi. Daha sonra Teatr festivalının təşkilatçısı İstanbul Kültür Universiteti və gözəl İstanbulun görməli yerləriylə tanışlıq başlandı. Məlum oldu ki, festivalda Türkiyənin, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Kiprin Doğu Akademik Universiteti də daxil olmaqla 12 universitetin yaradıcı fakültələri öz güclərini nümayiş etdirəcəklər.

 İstanbul Kültür Universitetinin rektoru Dursun Koçerin Azərbaycanlı tələbə və pedaqoqlara göstərdiyi xüsusi hörmət və ehtiram unudulmazdır. Hörmətli rektor Azərbaycandakı həmkarları ilə uzun illərdən bəri yaranmış əlaqələrdən qürurla danışırdı. Bu vaxtacan İlyas Əfəndiyevin “ Mahnı dağlarda qaldı” pyesinə quruluş verən Zəfər Karaokayla tanışlıq da yadda qalan oldu. Məlum oldu ki, o, həm də festivalın baş rejissorudur. Aprelin 25 – dən mayın 5 – nə kimi davam edən festivalda 12 tamaşaya baxış keçirildi. ADMİU-nin tələbələrindən ibarət truppaya isə mayın 2-də axşam saat 1930 – da fürsət verildi və Azərbaycan tamaşaçılarının uzun illər boyu daim maraqla izlədiyi İlyas Əfəndiyevin “ Unuda bilmirəm” pyesinin ilk epizodları səmimi alqışlarla revanş götürdü. Sonacan gərgin maraq və duyğusallıqla izlənən tamaşa nə az, nə çox , düz 10 dəqiqə davam edən gurultulu alqışlarla təqdir edildi.

Tamaşadan sonra isə aktyor və tamaşaçıların iştirakı ilə dəyirmi masa keçirilmiş, baş rolların ifaçıları Emin Həşimov (Kamran), Lalə Şükürova (Nərmin), Rəşad Hüseynov (Cəmil) və tələbələrimizi bu səfərdə müşayiət edən pedaqoqlardan Ötkəm İskəndərov, Ağakişi Kazımov və Hacı İsmayılovla maraqlı diskussiya aparılmışdır.

Üç gün davam edən bu səfər günlərində ölkə teatrlarının, aktyor tərbiyəsi məktəblərinin fərqləri, üstünlükləri, iş metodları aparılan söhbətlərin əsas mövzusu oldu. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” fakültəsinin yaradıcı heyəti İstanbul səfərindən fərqlənmə diplomu, başlıcası isə qürur hissi və uzun illər sürəcək xoş təəssüratlarla qayıtmışlar. Mayın 9 – da qardaş Türkiyənin İstanbul Kültür Universitetinin rektoru, professor – doktor Dursun Koçərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevin adına təşəkkür məktubu gəlmişdir. Məktubda deyilir: “ 2011-ci il aprelin 25 – dən mayın 5 – nə kimi universitetimiz tərəfindən düzənlənən “ Professor Cüneyd Gökçer adına 2-ci Uluslararası Teatr festivalı “ buraya 12 universitetin qatılmasıyla gerçəkləşdi. Bu festivala İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasıyla gələn Sizin universitetin təmsilçiləri, başda “Aktyor sənəti” fakültəsinin dekanı, dosent Ötkəm İskəndərov, professor Ağakişi Kazımov və dosent Hacı İsmayılov olmaqla bütün yaradıcı heyətiniz son dərəcə anlamlı bir əsər ortaya qoymuş, bütün festival iştirakçılarının dərin rəğbətini qazanmışlar. Festivalda Molyer, Kafka, Çingiz Aytmatov, Əziz Nesin, Turqut Özakman kimi məşhur sənətkarlarla birgə Azərbaycan teatrının nüfuzlu simalarından olan İlyas Əfəndiyevin də pyesinin yer almasından məmnunluq duyğumuzu bir daha bildirmək istərdim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradıcı truppasının festivalda iştirakına şərait və imkan yaratdığınız üçün zati-alinizə çox təşəkkür edir, işbirliyimizin bundan sonra da davamlı olması diləyi ilə dəyərli rektoruma sayğılarımı bildirirəm.”

 

 

İNTİQAM

 

525-ci qəzet.- 2011.- 18 may.- S.7.