Poeziyanın paralel planetləri

 

“Zaman bir də çətin doğa o planeti”.

Məmməd Araz, Azərbaycanın xalq şairi

 

“Misilsiz idi o, şeir laçını!...”

Abdulla Arif, Özbəkistanın xalq şairi

 

Türk xalqlarının ədəbiyyatı tarixində oxşar etno-poetik missiyanı yerinə yetirən böyük şəxsiyyətlər az olmayıb. Poeziyamızın inkişaf tarixinə, yüksəliş mərhələlərinə nəzər saldıqda bu cür paralel istedadların ardıcıllığı bariz şəkildə görünür. Söz mədəniyyətimiz tarixində XX yüzil də bu cəhətdən istisna deyil.

Rəsul Rza və Maqsud Şeyxzadə türk xalqları şeiriyyətindəki məhz belə qoşa zirvələrdən biridir. Bu iki dahi sənətkarın yaradıcılıq yolundakı həmahənglik və tipoloji oxşarlıqlar müasirlərin və tədqiqatçıların nəzər-diqqətini cəlb etmişdir. Amma onların bir insan və sənətkar kimi talelərindəki bənzərliklər də qəlbimizi riqqətə gətirir. Bildiyiniz kimi, Maqsud Şeyxzadə və Rəsul Rza ötən yüzilin əvvəllərində şairlər vətəni Şirvanda, belə demək mümkünsə, Şirvanın qərbində dünyaya göz açmışlar. Maqsud Şeyxzadə Ağdaşda, Rəsul Rza isə Göyçayda doğulmuşdur. Onların dünyaya gəlişi ilə sanki Azərbaycanın poeziya xəritəsində ciddi dəyişiklik baş verir. Poeziyanın ağırlıq mərkəzi Şirvanın şimalından qərbinə keçir. Min ildən bəri Azərbaycan şeirinin bayraqdarı olan və dünyaya Xaqani, Nəsimi, Seyid Əzim Şirvani, M.Ə.Sabir, M.Hadi, A.Səhhət kimi dahilər bəxş edən Şamaxı bu müqəddəs estafeti Ağdaşa və Göyçaya ötürür. Azərbaycanın poeziya paytaxtı kimi Qərbi Şirvan şöhrətlənir. Rəsul Rza və Maqsud Şeyxzadənin ədəbiyyata təşrifindən sonra isə, onların ardınca Əli Kərim, Fikrət Qoca, Anar, Bəkir Nəbiyev, Habil Əliyev kimi sənətkarlar, özünəməxsus istedadlar mədəniyyətimizin görkəmli nümayəndələrinə çevrildilər.

İstedadlı şair Akif Azalp “Dəryalar” şeirində ədəbi yüksəlişimizin bu özünəməxsusluğunu həssaslıqla tutmuş və gözəl bədii obrazlar vasitəsilə onu mənalandırmışdır. Şeirdə ifadə olunduğu kimi, doğma Azərbaycanımızın hər yerində, hər guşəsində coşqun sənət dəryaları dalğalanmaqdadır. Onların arasında öz mənbəyini bərəkətli Ağdaş torpağından alan şeir-sənət dəryaları da xüsusi seçilir, yurdun gözəlliyinə gözəllik, gücünə güc qoşur. Azərbaycanın söz sənətinə zaman –zaman dahilər bəxş edən Bakı və Şamaxı, Təbriz və Naxçıvan, Qazax və Gəncə , Qarabağ və Şuşa, Quba və Lənkəran kimi Ağdaş və Göyçay da bu qutsal silsilənin qiymətli inciləridir. Yurdumuzun Göyçayı Rəsul Rzanı , Əli Kərimi, Anarı, İbrahim Göyçaylını və başqalarını Vətən ədəbiyyatına bəxş etmişdir. Ağdaşda isə Maqsud Şeyxzadə dünyaya göz açıb. Ağdaş torpağından pərvazlanan və Turan səmasında qanad çalan, türk şeirində yeni səhifələr açan Maqsud Şeyxzadə bu gün poetik yaddaşın dərin qatlarına hopmuşdur. Ağdaşın şöhrətini bütün türk dünyasına yayan şairin özü Turanın rəmzinə çevrilmişdir. İstedadlı şair Akif Azalp “Dəryalar” şeirində ədəbi yüksəlişimizin bu özünəməxsusluğunu həssaslıqla tutmuş və gözəl bədii obrazlar vasitəsilə onu mənalandırmışdır. “Dəryalar” şeirinin sonuncu bəndi dövrümüzün böyük şairlərindən birinə – Maqsud Şeyxzadə və Rəsul Rza poeziya məktəbinin istedadlı davamçısı xalq şairi Fikrət Qocaya həsr olunub. Bu şeirdə Fikrət Qocanı anmamaq mümkün deyildi. Yalnız Ağdaşda doğulub boya-başa çatdığına görə deyil, həm də parlaq bir yaradıcı şəxsiyyət kimi XX yüzil türk poeziyasının təkrarsız səhifələrini yazan Fikrət Qoca yüksək təriflərə layiqdir. Həqiqətən, 60-cı illərdə şeiriyyətimizə təzə qan kimi daxil olan Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə və Fikrət Qoca nəslinin yaradıcılığı milli bədii fikrin yeni bir mərhələsi idi.

Rəsul Rza və Maqsud Şeyxzadənin poeziya aləminə gəlişiylə şeirimizin məkanında və xəritəsində ciddi dəyişikliklərin əsası qoyulub. Həmin o unudulmaz təşrifdən az qala yüz ilə yaxın vaxt keçsə də, onun səsi-sorağı, qüdrətli əks-sədaları hələ də səslənməkdə, səslənməkdədir...

Erkən çağlarından yaradıcılığa başlayan hər iki həmyerli şairin ilk qələm təcrübələri arasında güclü həmahənglik duyulur. Onların bədii ideal və kumirləri də, poetik ehtiras və arzuları da bir-birinə son dərəcə yaxın idi.

Maqsud Şeyxzadə irsini dərindən araşdıran, xüsusən onun erkən lirikası toplanmış “Şeyxzadə dəftəri”ni elm aləminə məlum edən xalq şairimiz, filologiya elmləri doktoru Xəlil Rza Ulutürk 20-ci illərdəki Azərbaycan ədəbi mühiti ilə gənc şairin möhkəm bağlılığına diqqəti cəlb etmişdir. “Şeyxzadə dəftəri”ndən görkəmli alimin dəlil-sübut kimi gətirdiyi aşağıdakı sətirlər olduqca maraqlıdır:

 

Kiməm, haralıyam, sorursan, ey dost,

Bir vaxt ərzə işıq saçanlar bizik.

Köksümüz altında qaplanlar yaşar,

Ən uca dağları aşanlar bizik.

 

Gənclik eşqiylə vuran, qurub yaratmaq əzmi ilə çırpınan qəlbin döyüntüləri bu misralarda aydın eşidilir. Hələ yeniyetmə olan , həyatla təzəcə üz-üzə gələn qələm sahibi onu anlamağa, onun qarşısında, həmlələri önündə məğrur dayanmağa çalışır.

Xəlil Rza Ulutürk gənc şairin azərbaycanca əsərlərinin mühüm bir qisminin toplandığı “Şeyxzadə dəftəri”ndən maraqlı bir nümunəni təqdim edərək aşağıdakıları yazır: “Dərdimizdən biri də...” şeiri bu baxımdan nəzəri cəlb edir. Burada söhbət inqilabdan əvvəl öz yurdundan didərgin salınmış və evi yağma edilmiş uşaqlı bir qadından gedir”. Alim gənc Şeyxzadənin həmin şeirini misal gətirərək, M.Ə.Sabirin məşhur misraları ilə müqayisə edir:

 

Ey ehtişami-milləti talan olan cocuq,

Ey dərbədər gəzib, ürəyi qan olan cocuq!

 

Bu lirik nümunələr arasında ciddi uyğunluqlar axtaran və tapan görkəmli şair – alim yalnız müqayisəli paralellər aparmaqla kifayətlənmir. Eyni zamanda, Maqsud Şeyxzadə poeziyasının mənbəyi və mənşəyi barəsində düşündürücü mülahizələr irəli sürür: “Sabir şeirindəki bu cocuq Maqsud şeirindəki cocuğun eynidir, yaxud onun tale qardaşıdır. M.Ə.Sabir əruz vəznində, gənc Maqsud heca vəznində qələm çalmasına baxmayaraq, onları xalq taleyindən eyni nigaranlıq, eyni mütəfəkkirlik və eyni dərd birləşdirir. Ümumiyyətlə, M.Ə.Sabir həm dahi hir sənətkar, həm də vətəndaş və şəxsiyyət kimi gənc Maqsudun diqqət mərkəzindədir. “Şeyxzadə dəftəri”ndəki ən yaxşı şeirlərdən birinin “Böyük Ələkbər Sabirə” adlandırılması təsadüfi deyil...”

Rəsul Rzanın da Sabir şeiriyyətinə və şəxsiyyətinə məhəbbəti xalqımıza yaxşı məlumdur. Bir çox şeirlərində Mirzə Cəlili və M.Ə.Sabiri o, böyük sevgiylə xatırlamış, tərənnüm etmişdir. Şair ulu ustadları “Nəsimiyə, Füzuliyə, Sabirə açıq məktub” şeirində ürək yanğısıyla yazırdı:

 

...Sağ olun!

Çox yaşayın,

əziz böyük babalar!

Sözünüzdə nə qərəz,

 nə başqa xalqa nifrət var,

Canlı ürək var.

Böyük amal,

sərt həqiqət var...

Sağ olun, var olun!

Əziz böyük babalar!

Sizə ustadım,

sizə babam deməyə,

sizə atam deməyə

haqqım var.

 

Bu da təsadüfi deyildir ki, xalq şairi Rəsul Rza öz yaradıcılığına bilavasitə təsir edən görkəmli sənətkarlardan biri və birincisi kimi ustad Sabirin də adını həmişə vurğulamışdır: “Mənim ilk əsərlərimə ən dərin təsiri bizim milli ədəbiyyatımız və ilk növbədə Sabir yaradıcılığı göstərmişdir. Bu da çox təbiidir”. Rəsul Rza ustadı M.Ə.Sabirə şeirlər ithaf etməklə kifayətlənməmiş, eyni zamanda, onun üslubunda onlarla satirik şeirlər yazmışdır. Xüsusən “Rüşvətxorlar mərsiyəsi”, “Qora ikən mövüc olmuşlar”, “Sual-cavab”, “Qorxuram” satiraları sabiranə üslubda, böyük Sabirin qafiyə və rədifləri ilə qələmə alınmışdır. İlk baxışda Sabirin mürəkkəb əruz poetikası ilə Rəsul Rzanın sərbəst poetikası bir-birindən çox uzaq görünür. Amma yuxarıda qeyd etdiyimiz və başqa şeirlərində ustad və şagird dünyalarının doğmalığını açıq-aydın hiss edirik. Məsələn, “Qorxuram” rədifli şeiri Sabirin eyni adlı məşhur satirası ilə həm şəklən, həm də məzmunən həmahəngdir. Rəsul Rza bu həmahəngliyi qabartmaqla ictimai fikri milli faciələrimizə, onlardan qurtuluş yollarını axtarmağa yönəltmək istəmişdir. Bu iki şeir arasında altmış illik bir zaman məsafəsi mövcuddur. Amma hər iki şairi yandıran dərdlər necə də təzə-tərdir. Sabir kədəri Rəsul Rzanın bədii aləminə də son dərəcə məhrəmdir. Şeirdə poetik qayənin dinamikası, əsas fikrə keçid də sabiranədir. Müəllif qeyd etdiyi mənəvi qüsurların hər birini əlahiddə vurğulayır. Bu dərdlərin bizim üçün təhlükəsini nəzərə çarpdırır. Şair milli təhlükəsizliyimiz üçün həyəcan keçirir. Gələcək taleyimizdən yana nigarançılıq çəkir... “Qorxuram” (1962) yazıldığı vaxtdan yarım əsrə yaxın amansız zaman keçib. Zaman isə ustadın bir çox əsərləri kimi – bu şeirini də, onda ifadə olunan dərdləri də qocalda bilməyib:

 

Bisəbəb qorxmuram, vəchi var –

Fikrini qan-qan görürəm, qorxuram.

Dəyməsələr onlara mikrob kimi

günbəgün artan görürəm, qorxuram.

Qorxuram, qorxuram, qorxuram.

 

Maqsud Şeyxzadənin yeniyetməlik şövqü və Vətən yanğısıyla yazılmış “Böyük Ələkbər Sabirə” şeirində də dahi şair ideallarına sədaqətdən söhbət gedir. Gənc şairin Sabir yolu ilə gedəcəyinə əhdi, Vətənə Sabir kimi xidmət edəcəyinə şiddəti qəlbinizə qürur bəxş edir. Sabir eşqi, Sabir şöhrəti ötən yüzilin əvvəlində öz zirvəsində idi. İyirminci illərin əvvəllərində sənət aləminə gələnlər onun yaradıcılığına pərəstiş edir, ən müqəddəs ədəbi ünvanlardan biri kimi Sabir şeiriyyətinə üz tuturdular. Xəlil Rza Ulutürk yazdığı kimi, Azərbaycanda o dövrdə M.Ə.Sabir, M.Hadi, M.Möcüz kimi klassiklərin adı ilə bağlı olan bu vətəndaş poeziyası dünya ədəbiyyatının yeni və yüksək mərhələsindən xəbər verirdi; özünün bir sıra yaşıdları kimi gənc Maqsudun böyük ustadı M.Ə.Sabirdən təsirlənməsi, onun vətəndaş poeziyası ənənələrini tamamilə yeni biçimdə, yeni ruhda davam etdirməyə təşəbbüs göstərməsi təbii idi. “Böyük Ələkbər Sabirə” şeiri gənc müəllifin Sabirin şeir yoluna məhəbbətini əks etdirməklə kifayətlənmir. Başdan-ayağa pak və səmimi sevgi ilə yoğrulmuş bu şeir gənc qələm sahibinin həm də ədəbi arzularının, yaradıcılıq kredosunun ötkəm, ehtiraslı ifadəsidir:

 

Bir gün yetişərsən diləklərinə,

Görərsən azaddır Vətən, ey ustad.

Baş qoyub Şirvanın çiçəklərinə,

Sən nəfəs dərərsən bir azca rahat.

 

O zəif, o arıq, o xəstə canın,

Mənim nəzərimdə ən uca dağdır.

Ən böyük oğlusan Azərbaycanın,

Bu qüdrət məzarda qalmayacaqdır.

Sən tiyan başında sabun bişirdin,

Millətin çirkini yumaqdan ötrü...

 

Beləliklə, dahi Sabir hər iki gənc şirvanlı şairin – Rəsul Rza və Maqsud Şeyxzadənin ilkin ədəbi təmas nöqtələri, başlanğıc poetik uyğunluq hədəfləri kimi diqqəti cəlb edir. Maraqlıdır ki, sonrakı həyat və yaradıcılıq mərhələlərində də, xüsusən 30-cu illərdə bu iki müəllifin yaradıcılıq fəaliyyətində mənəvi həmahəngliklər davam edir. Daha doğrusu, Maqsud Şeyxzadə və Rəsul Rza məkanca, məsafəcə bir-birindən uzaqlaşsalar da, onların mənəvi axtarışları, yazı və yaradıcılıq ünvanları bir-birinə yaxınlaşır. Bu cəhətdən Rəsul Rzanın otuzuncu illərdə Bakı ədəbi mühitində, Maqsud Şeyxzadənin isə Daşkənddəki bədii fəaliyyətləri arasında oxşar, biri digərini tamamlayan xüsusiyyətlər çoxdur. Hər iki şairin ədəbi şəxsiyyət kimi qəti şəkildə formalaşması, yetkin bədii manifestlərinin meydana çıxması, zamanın möhtəşəm poetik simfoniyasında özünəməxsus solo avazlar kimi səslənmələri və qəbul edilmələri məhz bu dövrdə baş verir.  

Rəsul Rza və Maqsud Şeyxzadə təkcə Azərbaycan şeirinin xəritəsində deyil, ümumtürk poeziyasının məna və mahiyyətində köklü təzələşmənin baniləri kimi şöhrətlənirlər. Onlar yeni epoxanın yeni söz sənətini yaradanların öncüllərinə çevrildilər. Amma bu misilsiz estetik missiyanı Rəsul Rza Azərbaycanda, Maqsud Şeyxzadə isə Özbəkistan ədəbi mühitində həyata keçirdi... Ümumən, iyirminci illərin sonu və otuzuncu illərin əvvəlləri hər iki gəncin həyat və fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Rəsul Rza 1930-cu ildə Bakıya gəlir. Onun bu dövrdən etibarən qızğın yaradıcılıq həvəsi və ilhamla işə başlaması mətbuatla sıx bağlılığının nəticəsi idi. “Gənc işçi” qəzetində mütərcim kimi işə başlaması R.Rzanın bədii yaradıcılığına da müsbət təsir göstərdi. Gənc qələm sahibinin dünyagörüşünün köklü dəyişməsi və qayəvi-fikri cəhətdən formalaşması “Gənc işçi”dəki fəaliyyət illərinə təsadüf edir. Həyatının bu dövrünü şair sonralar öz tərcümeyi-halında xüsusi qeyd etmişdir: “1930-cu ildə Bakıya köçdüm. Ədəbi aləmdə məktəb yoldaşım Abdulla Faruqdan başqa heç kəsi tanımırdım...

Bakıda şair Abdulla Faruqun vasitəsi ilə Mikayıl Müşfiq, Səməd Vurğun, Sabit Rəhman, Mehdi Hüseyn, Əli Nazim, Mikayıl Rəfili, Mirzə İbrahimov və başqa yazıçılarla tanış oldum.

1930-cu ildə “Gənc işçi” qəzeti redaksiyasında tərcüməçi işləməyə başladım...

“Gənc işçi” mənim üçün bir ədəbi universitet oldu. Bu komsomol qəzeti bir növ ədəbi gənclik klubu idi. Biz burada görüşər, şeirlərimizi oxuyar, mübahisələr edərdik”. Maqsud Şeyxzadə isə 1928-ci ildən etibarən Daşkəndə köçür, qardaş Özbəkistan paytaxtında yaşamağa və yaradıcılıq fəaliyyətinə başlayır. Bir müddət N.Nərimanov adına məktəbdə müəllim kimi çalışdıqdan sonra jurnalistika sahəsində uğurlu əmək fəaliyyətinə girişir. İyirmi yaşlı Maqsud tezliklə özbək həyatına və bədii mühitinə uyğunlaşır. Onun “Şərq həqiqəti”, “Qızıl Özbəkistan”, “Yaş leninçi”(“Gənc leninçi”) qəzetləri redaksiyalarındakı zəhmət illəri həyatının gərgin və coşqun dövrü kimi tərcümeyi-halının ayrılmaz bir hissəsinə çevrilir. Xüsusən “Gənc leninçi”də qızğın çalışan Maqsud Şeyxzadənin qələmi bu qəzetin səhifələrində bir jurnalist və publisist kimi püxtələşir. Məhz mətbuatda çalışdığı həmin illərdə Maqsud Şeyxzadə XX əsr özbək şeirinin gələcək lider və flaqmanları   Qafur Qulam, Aybək , Həmid Alimcan, Osman Nasir, Qeyrəti, Uyğun, Mirtemir və başqaları ilə tanış olur, dostlaşır. Jurnalistika fəaliyyəti, eyni zamanda, Özbəkistan həyatı ilə yaxından təmasda olmağa imkan verir. Xalqın yeni həyat quruculuğu sahəsindəki coşqun əməyini gənc qələm sahibi öz gözləriylə və bilavasitə müşahidə edir.Yeni cəmiyyət, yeni insan münasibətləri formalaşdırmaq uğrunda gedən mübarizə dalğaları gənc Şeyxzadəni də öz ağuşuna alır. O da özünün əksəriyyət yaşıdları kimi, bütün varlığı, istedadı və qələmi ilə yeni həyat quruculuğu işinə sidqi-ürəkdən qoşulur. Məqalə, reportaj və başqa publisist yazıları ilə yanaşı müəllifin özbək dilindəki ilk qələm təcrübələri olan şeirləri də bu dövrdən başlayaraq mətbuatda çap olunmağa başlayır. Ümumən, Maqsud Şeyxzadənin bədii əsərlərinin Özbəkistan mətbuatında işıq üzü görməsi 1929-cu ilə aiddir. Gənc şair özünə qarşı tələbkarlıq və səmimi təvazökarlıq nümayiş etdirib, hələ bu qələm təcrübələrini həqiqi şeiriyyət nümunələri, əsl poeziya hesab etmirdi. Şair özünün şeiriyyət sahəsindəki ilk addımlarını “Yeni həyat quruculuğunun əsgəri olan bir jurnalistin iş prosesində bəzən şairanə xitab və səmimi poetik hayqırıq ilə yeni-yeni qələbələrə   çağırmaq ehtiyacından doğulan qələm məhsulları” adlandırmışdı.

Maqsud Şeyxzadənin ilk kitabları isə otuzuncu illərin lap əvvəllərindən işıq üzü görür: o, bir-birinin ardınca “ On şeir”(1932) , “Ündaşlarım”(1933), “Üçüncü kitab” (1934), “Cümhuriyyət” (1935) və başqa kitablarını nəşr etdirir. Bu kitabların aparıcı pafosunu təzə həyatın tərənnümü təşkil edirdi. Gənc şair yanmayan yaşadığı, çiyin-çiyinə qurub yaratdığı yaşıdlarının , yoldaşlarının, zamandaşlarının əhvali-ruhiyyəsini əks etdirirdi. Məhz buna görə də, o kitablarından birini elə “Ündaşlarım” adlandırmışdı. Təzə yaradıcılığa başlayan şair onun hayqırığına, ününə, avazına, səsinə səs verən insanları öz qəlbinə ən yaxın adamlar hesab edirdi. Xüsusi vurğulamaq yerinə düşər ki, Maqsud Şeyxzadənin və Rəsul Rzanın ilk şeirlərindəki coşqun əhvali-ruhiyyənin ictimai-siyasi məzmunu da, bədii şəkli də həmahəng idi.

İyirminci-otuzuncu illərdə söz sənəti aləminə qədəm qoyanlar, xüsusən şeiriyyət meydanına atılan gənc qələm sahibləri bəşəriyyət tarixindəki ən çətin sınaqlardan biri ilə üz-üzə dayanmışdılar. Dünyada insanın qarşılaşdığı və həll etməli olduğu son dərəcə mürəkkəb və çətin paradokslardan birinin şahidi oluruq; yeni formalaşdırılan cəmiyyətin bünövrəsini və özülünü də, onun bazisini və üstqurmunu da, yeni dünyanın bütün mədəni-ictimai sistemini və mənəvi-humanist institutlarını da təcrübəsiz yeniyetmələr yaradırdı. Bu möhtəşəm həyat və mədəniyyət yolunun ilk yolçuları da gənclər idilər. Yaşlı nəsil, qocalar, ustadlar, dünyagörmüş, təcrübəli qələm sahibləri milli mədəniyyətləri yenidənqurma və yaratma prosesində müxtəlif səbəblərdən iştirak etmirdilər. Burada “yaşlı” nəsil sözünü ehtiyatla işlətmək lazımdır. Çünki Azərbaycanda sovet hakimiyyəti qurulanda, iyirminci illərin əvvəllərində ədəbiyyatımızın korifeyləri, məşhur ustadlarımız hələ heç qocalmamışdı, orta yaşdakı sağlam, gümrah, qüdrətli və enerjili sənətkarlar idilər: Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi və başqa mollanəsrəddinçilər 50-ni təzəcə keçmişdilər. XX yüzilin bənzərsiz dahisi Hüseyn Cavid otuz yeddi yaşında, Üzeyirbəy Hacıbəyli və Y.V.Çəmənzəminli isə 30-35 yaşlı gənclər idi. Ömür boyu təqib və təzyiqlərdən iztirab çəkən Azərbaycanın başqa bir 21 yaşlı bəxtsiz dahisi Cəfər Cabbarlı isə yeniyetməliklə təzəcə vidalaşmışdı. Amma o illərdə zaman fövqəladə   və qeyri-təbii bir sürətə malik idi. Çox vaxt ictimai-siyasi zaman öz hərəkətində təbii-bioloji zamanı qabaqlayırdı. Bu ictimai-siyasi zaman nəinki orta yaş həddinə çatmış qələm sahiblərini öz içinə buraxmadı. Hətta öz daxilindəki, onunçün doğmalaşmış, onu gənclik eşqiylə vəsf edən bir çox sənətkarları da öz içindən, öz bətnindən çıxarıb atırdı. İyirminci illərdə yalnız qırx yaşlı Aleksandr Blok   deyil, iyirmi yaşını təzəcə keçmiş Nikolay Qumilyov və Sergey Yesenin də çoxdan “qocalmışdı”. Bu cavan-qocalar zamanın qırmızı gəncliyi ilə ayaqlaşa bilmirdilər. Belə təzadlar Azərbaycan ədəbi mühiti üçün də təbii idi. Məsələn, otuzuncu illər gəncliyinin bir çox sənətkarlarımıza, o cümlədən C.Cabbarlıya münasibətini misal gətirə bilərik. Otuzuncu illərin əvvəllərində özü də gənc olmasına rəğmən, C.Cabbarlının yeni gəncliyin   həmlələrinə tuş gəlməsi yuxarıda söylədiklərimizə əyani sübut ola bilər. Ustad R.Rza özü mənsub olduğu gəncliyin C.Cabbarlıya münasibəti ilə bağlı bir sıra tipik situasiyaları həssaslıqla səciyyələndirmişdi. Şair o dövrün mürəkkəb mənəvi münasibətlərini belə xatırlayırdı: “C.Cabbarlı məşhur bir dramaturq, hər gün adı rəngli afişalarda görünən bir yazıçı idi. Biz hələ ədəbiyyatda yeni-yeni dar-dar eləyən gənclər idik... Üç-dörd yoldaşla Kommunist küçəsiylə üzüyuxarı gedirdik. Cəfərə rast gəldik. Dayandıq. Salamlaşdıq. Cəfər çox hərarətli danışmağa başladı. “Mən nə yazsam, tənqidi əvvəldən hazırdır, – deyirdi. – Siz də susub durursunuz. Cəfəri tənqid edəndə, maşallah, təbiniz rəvan olur...” Mən məqalədən çox narazı olduğumu dedim, elə bil Cəfərin gözlərində bir maraq oyandı. Diqqətlə üzümə baxdı. Elə bil məni birinci dəfə görürdü. Bəlkə də bu sözü gözləmirdi. Çünki o zamanlar bizdən də Cəfərin əsərləri haqqında haqlı-haqsız mülahizə yürüdənlər vardı. Bir neçə gündən sonra Azərbaycan Dram Teatrında çağırdığımız disputda Cəfəri tənqid edən məqalə müəllifini suya salıb çıxartdıq. Onda sağ-salamat yer qoymadıq. Cəfər son dərəcə riqqətlənmişdi. O, gənclərin bu müdafiəsindən çox məmnun qalmışdı...”

Dahi rus şairi Vladimir Mayakovski poeziyasına münasibət R.Rza və M.Şeyxzadə yaradıcılığındakı mühüm poetik həmahənglik nöqtələrindən biridir. R.Rza və M. Şeyxzadə formalaşmaqda olan yeni sosialist gerçəkliyinin ilhamlı tərənnümçüləri kimi şeiriyyət aləminə daxil olurlar. Yeni epoxanın söz sənəti qarşısına qoyduğu tələblər çətin və məsuliyyətli idi; yeni ədəbiyyat yalnız məzmunca yox, şəkilcə və formaca da tam yeni olmalı idi. İyirminci illərdən başlanan proletkultçuluq hərəkatı otuzuncu illərdə geniş vüsət almışdı. Hətta Puşkini də ədəbiyyat qatarından atmaq istəyənlərin həmlələri böyük şair vəfatının 100 illiyi münasibətilə keçirilən geniş miqyaslı tədbirlərin təsiri ilə bir qədər səngisə də, ümumilikdə klassik bədii dəyərlərin inkarı prosesi davam edirdi. Həmin dövrdə Mayakovski poetik sistemini milliləşdirmək tendensiyası məhz bu səbəbdən geniş vüsət almışdı. Yeni ictimai-siyasi münasibətlərin təsiri və təzyiqi nəticəsində ilk əvvəl yeni dövrün bədii inikas imkanı kimi yalnız sərbəst şeir sistemi düşünülürdü. Gənc şairlər əruzu yaxına buraxmamaqla kifayətlənməyib, heca sistemindən də yan keçmək istəyirdilər. İyirminci illərin sonu və otuzuncu illərin əvvəllərində, demək olar ki, əksər şairlərin sərbəst vəznə müraciəti bu ehtiyacdan doğulmuşdu. Bütün yaradıcılıqları boyu yalnız milli-ənənəvi şeir sisteminə bağlılıqları ilə seçilən S.Vurğun, M.Müşfiq, Q.Qulam, H.Alimcan, Aybek, Mirtemir və başqa şairlərin sərbəst şeir yönündəki eksperimentləri dövrün ədəbi ab-havasına , poetik dəbinə uyğunlaşmaq, zamanla ayaqlaşmaq zərurətinin estetik ifadəsi idi. R.Rza və M.Şeyxzadə isə bu yolun böyük poeziya yoluna çevrilməsində gərgin əməyə qatlaşıb, böyük cəsarət nümayiş etdirdilər.

M.Şeyxzadənin və R.Rzanın V.Mayakovski yaradıcılığına münasibəti, bu sahədəki ardıcıl bədii axtarışları milli şeir hüdudlarını aşaraq, Sovetlər Birliyinin bütün türkdilli məkanında geniş əks-səda doğurur. Onlar V.Mayakovskinin poetik sistemini milli zəmində yenidən yaratmağı ənənəvi şeir sisteminin ifadə və inikas imkanlarını genişləndirmək işi ilə üzvi surətdə birləşdirirlər. Bu cəhətdən dahi rus poeziya inqilabçısının Azərbaycan və özbək dillərinə tərcüməsində R.Rza və M.Şeyxzadənin xidmətləri əvəzsizdir. R.Rza V.Mayakovskinin “Lenin”, “Şalvarlı bulud” poemalarını və şeirlərini Azərbaycan dilində uğurla səsləndirmişdi. M.Şeyxzadə isə böyük şairin “Lenin” və “Yaxşı” poemalarını, lirikasını özbək dilinə çevirmişdi. V.Mayakovski poeziyasının son dərəcə qədim və milli ənənələrlə zəngin şeiriyyət mühitlərinə daxil olması Qərb və Şərq söz sənətinin bu qədər yaxından və bu dərəcədə ilk dəfə təması idi. Özbək və Azərbaycan poeziyasının dərin qatlarına sirayət edən bu təmas bəlkə də ilkin uğurlu və ən dərin Avrasiya estetik sintezi idi. Bu sintez yalnız otuzuncu illərdə bədii zövq və dünyagörüşlərinə güclü təsir etməklə öz estetik hərəkətini dayandırmadı. Milli poetikamızdakı bu ciddi yeniləşmənin əks-sədası sonrakı onilliklərdə də özünü büruzə verir, milli şeirin vəznindəki, metaforik düzümündə, zəngin və əlvan ahənglərində, bədii biçimindəki təzəliklərdə qabarıq surətdə nəzərə çarpır.

Tanınmış ədəbiyyatşünas alim Vaqif Yusifli R.Rza yaradıcılığını XX əsr Azərbaycan poeziyası kontekstində dəyərləndirərək yazır: “XX əsr Azərbaycan poeziyası üçün Rəsul Rza kimdir?-sualı ilk baxışda çox sadə , hətta primitiv görünür. Axı bir sıra monoqrafiyalarda, dərsliklərdə, ədəbiyyat tarixi nəşrlərində həmin suala çox geniş, əhatəli cavablar tapmaq olar. Rəsul Rza sənəti həm də ümumbəşəri olduğu üçün bu yaradıcılıq söhbəti dar milli sferada qalmamışdır. Böyük Nazim Hikmətdən tutmuş dünyanın bir çox görkəmli sənətkarları Rəsul Rza poeziyasına məhəbbətlərini gizlətməmişlər... Deməli, Rəsul Rza poeziyasının dərin milli və ümumbəşəri bir hadisə olduğunu açıqlayan onlarla, yüzlərlə faktı ortaya qoymaq olar.Ancaq bütün bunları bir kənara qoyub XX əsr şairi R.Rzanın yaradıcılığına təkcə XX əsr poeziya hadisəsi deyil, bir qədər daha geniş və qlobal zaman hadisəsi kimi baxaq. Böyük poeziya zamanında yaşamağa R.Rza sənətinin enerjisi çatacaqmı? Tutaq ki, XXII ya XXIII əsrdə yazılacaq bir ədəbiyyat tarixində R.Rzadan necə danışacaqlar: yoxsa “Zaman bir də çətin doğa o planeti” misrası yüz minlərlə unudulan mədhiyyə misralarının birinə çevriləcək? Yox, mən belə düşünmürəm. Çünki böyük Rəsul Rzanı gələcəyə bağlayan tellər o qədər güclüdür ki, bu mümkün deyil”.(“Ədəbiyyat qəzeti”, 16 aprel, 2010-cu il). Alimin yuxarıdakı düşüncə və mülahizələrinə haqq qazandıraraq vurğulamaq istəyirik ki, Rəsul Rzanın məşhur “Mayakovski” (1934) şeirini təkcə iki şairin qarşılıqlı münasibəti, ümumən, yalnız otuzuncu illər lirikasındakı yenilik istəyinin və novatorluq pafosunun əksi kimi deyil, əslində hələ də davam edən modernist və postmodernist şeir təmayüllərinin məğzindəki, mayasındakı tükənməz poetik enerjinin mənbəyi kimi qiymətləndirmək daha obyektiv dəyərləndirmədir. XXI yüzilin ilk onilliyi də artıq təsdiq edir ki, Azərbaycan şeiri Rəsul Rzadan, özbək şeiri isə Maqsud Şeyxzadədən dərin poeziya novatorunu, üslub inqilabçısını tanımır.

R.Rzanın gənclik çağlarında zamanın estetik ehtiyaclarına həmahəng tərzdə həyata keçirdiyi poeziya inqilabı olmasaydı, bəlkə də şeirimizi öz üslubları ilə zənginləşdirən məşhur altmışıncıların qazandığı uğurların miqyasları bugünkü kimi möhtəşəm olmazdı. İlk baxışda bir-birinə oxşamayan Ə.Kərim, M.Araz, V.Səmədoğlu, X.R.Ulutürk, Ə.Salahzadə, A.Abdullanın və R.Rövşən, V.Bayatlı, Dilsuz kimi şairlərimizin uğurlu üslub və ifadə yenilikləri Rəsul Rzanın poetik islahatları baş vermədən mükəmməl və ruhumuzu oxşayan dərəcəyə çata bilməzdi. Bu mülahizələri Maqsud Şeyxzadə poeziyasının əks-sədası haqqında da söyləmək olar. XX yüzil özbək şeirinin görkəmli nümayəndəsi, Özbəkistan xalq şairi Əsəd Muxtar bilavasitə Şeyxzadə poetik islahatlarının davamçısı idi. Özbək altmışıncılarının ən parlaq nümayəndələri, Özbəkistanın xalq şairləri Erkin Vahidov, Abdulla Arif, Rauf Pərfi Öztürk, Aman Mətcan, Çolpan Erqaş və başqaları Maqsud Şeyxzadə poeziyasının həyatbəxş təsirindən güc almışlar. Xüsusən Rauf Pərfi lirikası Qərb-Şərq poetık sintezinin təkrarsız nümunəsidir. Özbək poeziyasındakı bu yeniləşməni təkcə Vladimir Mayakovski – Maqsud Şeyxzadə təsiri ilə də məhdudlaşdırmaq düzgün olmazdı. Burada qardaş türk xalqları ədəbiyyatına Rəsul Rzanın təsirini də nəzərə almaq lazımdır. Mərkəzi Asiya və Azərbaycan ədəbiyyatşünaslığında Rəsul Rzanın ümumtürk şeiriyyətinə qüvvətli təsiri yetərincə araşdırılmamışdır. Bu cəhətdən onun xüsusən özbək poeziyasına yeniləşdirici və zənginləşdirici təsiri ilə bağlı mülahizələr başqa bir tədqiqatın mövzusudur.

Məşhur özbək ədəbiyyatşünası, professor Azad Şərəfiddinov bu iki sənətkarın yaradıcılıq əlaqələrinə toxunaraq aşağıdakıları yazmışdır: “30-cu illərin ortalarından etibarən Mayakovski yaradıcılığına daha da dərindən nüfuz etmək, onun əsərlərini çevirmək nəticəsində Şeyxzadə poeziyasında yeni xüsusiyyətlər əks etməyə başladı. O, indi öz ustadından təkcə bəndlər yaradıb qurmaq, misraları sıralamaq sirlərini deyil, eyni zamanda, özünəməxsus ifadə tərzini, tamamilə yeni obrazlar formalaşdırmağı öyrəndi. Bax elə Mayakovskidən öyrənməyin, poetik mədəniyyət incəliklərini mənimsəməyin   ən çətin və mürəkkəb tərəfləri də bunda idi. Məlumdur ki, Mayakovski poeziyaya tam yeni obrazlar dünyasını gəlirdi. Onun poetik surətləri son dərəcə gözlənilməz olub, ilk baxışda, hətta qeyri-təbii duyulurdu. O, gündəlik həyat hadisələrindən və təfsilatlarından poetik obraz yaratmaqda intensiv istifadə etdi, hər bir bədii detalı dövrün mühüm cəhət və əlamətlərini ifadə edən ədəbi vasitəyə çevirdi. Mayakovski şeirlərində güclü mübaliğə əsasına qurulmuş surətlər üstünlük təşkil edir. Bunların hamısı mövcud həyat və mühiti mübaliğədar tərzdə, özünəməxsus şəkildə əks etdirməyə, əsər realizmini və gerçəkliklə bağlılığını gücləndirməyə yönəlmişdir. M.Şeyxzadə Mayakovskidən öyrənmənin ikinci mərhələsində məhz bu məsələlərə – poetik obraz yaratma prinsiplərini mənimsəməyə ciddi fikir verdi. Bu yaradıcı öyrənmənin nəticəsində şairin lirikasında həyatın təhlili dərinləşdi, poetik hissiyyat və emosiyalar zənginləşdi, bədii orijinallıq daha da gücləndi”. Maqsud Şeyxzadənin həmin dövrdə yazılmış bir çox şeirləri yuxarıda deyilənləri təsdiq edir. O illərin lirikasına mənsub uğurlu nümunələrdən birində-“Qaravul” şeirində bu cür emosional və obrazlı sətirlər diqqəti özünə cəlb edir:

 

Nəqş edib nəğməni zülmət qoynuna,

Süd kimi yolları içməkdə gözü,

Kolxoz tülparının qonub boynuna,

Dəmir tək cingildər nəğmənin sözü.

Gözündə yuxunun busələri yox,

Üfüqə göz dikib birdən sorar o:

– Kim o? Kim o? Kim o?...

 

Bu misralardakı poetik ahəng, ritmik ardıcıllıq, qafiyə və bənd quruluşu böyük rus şairinin şeiriyyətindəki özünəməxsusluqlardan xeyli fərqlidir. Bu parça və ümumən şeir sərbəst vəzndə deyil, əksinə, hecada, özü də onun ən geniş yayılmış on birliyində yazılmışdır. Amma zülmət qoynuna nəqş olunmuş nəğmə, süd kimi yolları içən göz, tülpar boynuna qonub dəmir tək cingildəyən nəğmə, gözündə yuxunun busələri kimi epitet və metaforalar Mayakovski qələmindən çıxmış məşhur obrazları andırır. Əgər R.Rza daha çox sərbəst şeirdə Mayakovski ruhunu və poetik təcrübəsini, onun estetik dünyagörüşünü yaradıcı şəkildə nümayiş etdirirdisə, M.Şeyxzadə bu mənəvi-estetik həmahəngliyə heca poetikası daxilində, ənənəvi şeir müstəvisində nail olmağa can atırdı. Məhz buna görə də R.Rza və Mayakovski bədiyyətinin qovuşmasına da, Mayakovski və M.Şeyxzadə poetik sintezinə də eynicinsli estetik təcrübələr kimi yox, daha çox özünəməxsus və təkrarsız estetik reallıqlar kimi yanaşılmalıdır.

Maqsud Şeyxzadə və Rəsul Rza yaradıcılığının başlanğıcındakı bədii paralelliklər, ilkin mərhələlərindəki uyğun nöqtələr iki qardaş poeziyanın baş yollarının həmahəngliyindən, eyni etno-poetik sistemin hasiləsi kimi reallaşmasından xəbər verir. Onların təkcə otuzuncu illərdəki bədii axtarışlarında deyil, sonrakı ədəbi dövrlərdə də bir-birini tamamlayan, oxşar ədəbiyyat yollarından keçib getdiklərini müşahidə edirik. 40-cı illərdəki ehtiraslı vətənpərvərlik və sülhə çağırış lirikasında da , 50-ci illərin ortalarından başlayan yaxın keçmişin yenidən dəyərləndirilməsi ruhu ilə yoğrulmuş səmimi izhar və etiraf lirikasında da, nəhayət, altmışıncı illərdən vüsət alan milli özünəqayıdış və özünütəsdiq lirikasında da R.Rza və M.Şeyxzadə özlərinin misilsiz tarixi missiyalarına, söz sənətinin və talenin güvənclə yalnız onlara bəxş etdiyi imkanlara müvafiq tərzdə qələm çaldılar. Xüsusən 60-cı illərdə bu iki böyük sənətkar sanki bu zamanlara sağ-salamat gəlib çatdıqlarına və öz nəsildaşlarının, demək olar ki, barmaq ilə sananan nümayəndələri olduqlarına görə, on qat, yüz qat artıq ağrı və məsuliyyət ilə yazıb-yaratdılar. M.Şeyxzadə və R.Rzanın bu dövrdə ərsəyə gətirdiyi, nəşr etdirdiyi əsərlər, kitablar məhz belə söyləməyə ciddi əsas verir. Onlar heyrətamiz bir məftunluq və vurğunluqla sevdikləri, tərənnüm etdikləri ağlasığmaz Zamanın öz doğma övladlarını necə məhv etdiyini, bu görünməmiş dəhşətlərin sirlərini gələcək nəsillərə çatdırmaq arzusu ilə yanırdılar.

 

 

Yaşar QASIMBƏYLİ,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2011.- 19 may.- S.6.