Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər
keçirilib
Hər il 18 May Beynəlxalq Muzeylər Gününü dünya muzeylər ictimaiyyəti geniş miqyasda, maraqlı, rəngarəng tədbirlərlə və Açıq qapı günlərilə qeyd edir. Azərbaycan da bu baxımdan istisna ölkə deyil. Dünən Beynəlxalq Muzeylər Günü Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində geniş qeyd olunub. Tədbir Azərbaycan mətbuatı tarixində mühüm əhəmiyyət və şöhrətə malik, Şərqin ilk fundamental satira nəşri olan “Molla Nəsrəddin” jurnalının 1-ci sayının çapdan çıxmasının 105-ci ildönümü münasibətilə “Molla Nəsrəddin: güldürür-düşündürür” devizi altında keçirilib. Tədbirdə Qarabağ qrupuna aid XX əsrin əvvəllərində toxunmuş, Molla Nəsrəddin obrazı təsvir olunan xalçalardan və Azərbaycan rəssamları Yaşar Səmədov, Bayram Qasımxanlı, Günay Qasımxanlının Molla Nəsrəddin mövzusu və Elturan Avalovun “O olmasın, bu olsun” musiqili komediyası mövzusunda karikaturalarından ibarət sərgi nümayiş etdirilib. Bundan başqa Muzeyin Uşaq Teatrının ifasında dahi Məhəmməd Füzulinin satirik mövzuda yazdığı “Meyvələrin bəhsi” adlı musiqili tamaşa göstərilib, muzey əməkdaşlarından ibarət vokal ansamblın ifasında bəstəkar Tofiq Quliyevin iki məzəli mahnısı və xalq mahnıları ifa olunub, Molla Nəsrəddin lətifələri söylənilib. Ekspozisiyada “Molla Nəsrəddin” jurnalında dərc olunan illüstrasiyalardan ibarət slayd-şou təqdim edilib.
Beynəlxalq Muzeylər Günü Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində də qeyd olunub. Tədbirdə Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin ifasında görkəmli maarifçi-dramaturq, jurnalist Cəlil Məmmədquluzadənin felyetonlarından və Mirzə Ələkbər Sabirin şeirlərindən ibarət kompozisiyalar təqdim olunub, tədbir boyu 5 saylı uşaq İncəsənət Məktəbinin şagirdlərinin “Molla Nəsrəddinin gözü ilə” mövzusunda çəkdikləri rəsmlər nümayiş etdirilib.
GÜNEL
525-ci qəzet.- 2011.- 19 may.- S.7.