Cəmiyyətin mənəvi mənzərəsi: dərindən düşünmək zamanı
Allahın bəxş etdiyi nemətlərdən lazımınca bəhrələnib normal yaşamaq, həyatdan feyz almaq hər bir insanın haqqı, arzu və məqsədidir. Bu istəklərə çatmaq o vaxt mümkün olar ki, vətəndaşı olduğun ölkənin güclü dövləti, qüdrətli iqtisadiyyatı, sağlam mənəviyyatlı gəncliyi olsun.
Şükürlər olsun ki, dövlətimiz inkişaf edir, xalqın sosial vəziyyəti yaxşılaşır, dövlətçilik möhkəmlənir, asudə həyat tərzi bərqərar olur. Xalqımız dövlətimizin daxili və xarici siyasətini bəyənir, onu dəstəkləyir və hər sahədə öz fəaliyyətini əsirgəmir. Əlbəttə əldə etdiyimiz nailiyyətlərlə fəxr edirik, bunlar bizimdir və belə də olmalıdır. Bunu da bilirik ki, əldə etdiklərimiz imkanlarımızdan xeyli azdır. İnkişafa mane olan amillər işimizi ləngidir.
Bu nöqsanlar əsasən yeniyetmə və gənclərimizin mənəvi-elmi, fiziki və əmək tərbiyəsi ilə bağlı aparılan işlərdə daha qabarıqdır. İstərdim ki, həyat və təsərrüfat, təşkilatçılıq təcrübəsi olan bir ağsaqqal kimi məni düşündürən bəzi nöqsanları sadalamaq və onların aradan qaldırılması tədbirləri barədə öz fikirlərimi hamı ilə bölüşüm. Qoy dövlətçiliyimizə, gənclərimizə, gələcəyə hörmət bəsləyən hər kəs öz münasibətini bildirsin və valideyn kimi bu işdə yardımçı olsun. Mütəal Allah Məhəmməd (s) peyğəmbərə buyurur: “Ya Məhəmməd! Sən hər gün yüzlərlə cahillə üzləşdiyin kimi, yüzlərlə qafillə də qarşılaşırsan. Cahilləri başa sal, qafilləri xəbərdar et!” Gizlətmək lazım deyil ki, nə qədər tədbirlər görülsə də, qanunlar tətbiq edilsə də, cəmiyyətimizdə cahillər və qafillər mövcuddur və onlar ümumi işimizə mane olur, xeyirxah əməllərimizə kölgə salır, başıaşağılıq gətirir. Bütün bunlar bizi düşündürməli, narahat etməli və fəaliyyətə səsləməlidir.
Son illərdə dövlətimizin qayğısı ilə respublikamızın hər yerində idman qurğuları, mədəniyyət evləri tikilir, köhnələr bərpa edilir, paytaxtımızın sənət ocaqları ən müasir şəraitdə yenidən qurulub xalqın xidmətinə verilir. Ardıcıl olaraq aparılan bu işlərin nəticəsi göz qabağındadır. Bunu əsla danmaq olmaz və əgər danılarsa, bu münasibətə – nankorluqdan başqa bir ad vermək olmaz. Bununla birlikdə qeyd olunmalıdır ki, bütün bunlar forma üçün deyil, yalnız və yalnız kamil gənclərin elmi, xalqımızın adət-ənənələrinə, mənsub olduğu dini etiqada sədaqətli, əxlaqlı, təmiz ailə təməlli, pak mənəviyyatlı Azərbaycan vətəndaşının yetişməsinə xidmət etməlidir və buna nail olunmalıdır. Lakin etiraf etmək edək ki, gənclərimiz özləri üçün vacib olan və bilavasitə onların məşğul olacağı bu vəzifələr onlar tərəfindən çox ləng və səmərəsiz yerinə yetirilir. Bu sahədə gənclərin özləri daha passivdir. Sanki onların təhsili, məşğulluğu, sağlamlığı ilə özləri yox kimlərsə məşğul olmalıdır.
Televizor artıq məişətimizin ayrılmaz bir təminatına çevrilib. Uşaqdan-böyüyə hamı az qala televizorla yatıb-durur, televizorla yaşayır. Son vaxtlarda gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində, elm, maarif, vətənimizin coğrafiyası, tarixi şəxsiyyətləri haqqında məzmunlu verilişlər təşkil olunur. Lakin eyni zamanda, yeniyetmə və gəncləri çaş-baş salan, qeyri-insani istiqamətlərə yönəldən cürbəcür verilişlər də geniş yer tutur. Bu kimi verilişlər xalqın böyük qismini təngə gətirib. Bunlar xalqa deyil, yalnız bəzi şəxslərə və qruplara xidmət edir.
Görəsən acgözlüyü, oğurluğu, qatilliyi, çoxərliliyi və çoxarvadlılığı, bir-birinin namusuna göz dikməyi təbliğ edən “proqram”ların televizor ekranlarında nümayiş etdirilməsi gənclərimizə nə verir? Ancaq zərərli cəhətlər! Seriallarda göstərilir ki, iki gənc 2-3 il qeyri-qanuni birgə yaşayır, sonra “evlənirlər” və yaxud evlənmirlər, hər nəsə, qadın hamilə olur, qarnını ekranda hamıya nümayiş etdirirlər. Ər əlini və ya qulağını arvadın qarnına qoyub deyir: “Oğlum tərpənir, məni hiss edir”. Belə ədəbsiz, təkcə Türkün yox, bütün bəşərin əxlaqına zidd olan belə görüntülər və deyimlərin telekanallarımızda yer tutması nəyə xidmət edir və bunları təşkil edənlərin məqsədi nədir?!
Yaxud, bir çox ailələrdə yetkinləşməmiş, aşağı yaş həddində, ərlə, ailə ilə davranmaq qaydalarını lazımınca öyrənməmiş qızları ərə verirlər. Çox vaxt qohum olacaq ailələr, evlənən qız-oğlan bir-birini yaxşı tanımadan, məişətlərinə bələd olmadan, gənclərin arzu və istəkləri nəzərə alınmadan ailə qurulur. Valideyn zorakılığı ilə “təki qızım ərə getsin, oğlum evlənsin” – deyə övladlarını bəzilərinin dediyi kimi “baş-göz” edirlər. Faciə də bundan sonra başlayır. Əvvəlcə xəstəliklər, sonra da ailə münaqişələri tüğyan edir. Bu çək-çevirlərin sonu əsasən ailənin dağılması ilə nəticələnir. Son illərdə belə hadisələr günbəgün artmaqdadır. Bu vəziyyət hər kəsi, əsasən valideynləri düşündürməli, təşvişə salmalıdır. Valideynlər övladların hüquqlarını tapdalamamalı, amma özbaşına da buraxmamalıdır. Evlənmədə yaş və yetkinləşmə əsas şərtdir. Hədd-buluğa çatmaq yaşla olsa da, əslində evlənənlərin bioloji və fiziki yetişkənliyi əsas götürülməlidir. Yanlış fikirdir ki, guya İslam dini qaydalarına əsasən qızlar 9 yaşında, oğlanlar isə 14-15 yaşında ailə həyatı qura bilərlər. Bu islam Dininin qaydalarını bilməyən naşıların savadsız və primitiv bəhanələridir.
İslamın şəri qaydaları tələb edir ki, evlənmək istəyən gənclər dörd əsas vəziyyətə hazır olmalıdırlar; 1. Yaş həddinə (həddi-buluğa) çatmalıdır. Burada yaş həddi ilə yanaşı bioloji yetişkənlik və fiziki inkişaf da nəzərə alınmalıdır. 2. Ağlı yerində olmalıdır.
3. Kamilliyin müəyyən həddinə yetişməli, yəni əxlaqi, ədəbi, biliyi, davranışı təkmilləşməli, müvafiq maddi durumu olmalıdır; 4. Hər iki şəxsin sağlamlığı, fiziki gücü və dözümü ər-arvadlıq tələblərinə cavab verən həddə çatmalıdır.
Başqa bir məsələ: kiçik ölkələri və bütün insanları daim əsarətdə saxlamağa adət etmiş Qərbin kapitalından bəhrələnən və ona sığınan “bizimkilər” heç nəyin fərqinə varmadan, qazanc əldə etmək üçün “Qərb modelini” ölkəmizdə təbliğ və tətbiq edirlər. Nəticədə ifrat varlanma və kəskin sinfi təbəqələşmə, örtülü istismar və mənəviyyatsızlaşma yaranır. Oğurluq, qətl, yalan, riya, sələmçilik, rüşvətxorluq, insan alveri, əxlaqsızlıq, qumar oyunları məhz kapital dünyasının batini niyyətlərinin, zahiri əməllərinin nəticələridir.
İndi öz silahı ilə bütün dünyaya meydan oxuyan, hədələyən və yeri gələndə Vyetnam, Əfqanıstan, İraq, Fələstin və başqa neçə dövlətin, xalqın güzəranını, mədəniyyətini məhv edən Amerika, İngiltərə, Fransa, İsrail və onlara qoşulanlar bu gücü, ixtiyarı harda alıblar? Bu güc, bu var-dövlət əsrlərlə Afrika, Cənubi Amerika, Asiya ölkələrinin məzlum xalqlarının talanan sərvətləri, sorulan qanı bahasına ortaya çıxıb. Ən böyük və dərin yaramız olan Qarabağ faciəsi də məhz imperializmin bioloji zəhəridir ki, illərdir təmizləyə bilmirik.
Heç kim iddia etmir və etməməlidir də ki, mütərəqqi elmə, texnikaya, mədəniyyətə, xalqların faydalı adət-ənənələrinə yiyələnməyək, ondan istifadə etməyək. Bunlar vacibdir. Amma söhbət gənclərimizi təpədən-dırnağa qədər pulpərəst, talançı, soyğunçu və iyrənc imperializmin rəzil qanunlarından qazanc əldə etmək üçün insanları, birinci növbədə sənət adamlarını eybəcər əməllərə, çirkin dəblərə sövq edən acgözlərdən qorumaqdan gedir. Balalarımızı haqdan və insanlıq amallarından uzaqlaşdırmaq meyllərinə qətiyyən yol verməməliyik.
Bu gün hər kəs – vətənini, xalqını, dövlətçiliyini, gələcək nəsilləri sevən hamı, xüsusən alimlər, siyasətçilər, iqtisadçılar, sosioloq və filosoflar, tarixçilər gənclərimizin və uşaqlarımızın yuxarıda sadaladığım gələcək faciəvi aqibətlərinə əngəl olmalı, buna qarşı mübarizə aparmalıdır.
Hər şeydən əvvəl, həqiqətlər gənclərə çatdırılmalıdır. İstismarçı kapitalizmin xüsusiyyətləri, niyyət və məqsədləri, inflyasiya və bahalığın yaranma səbəbləri, bunları yaradanlar və bu kimi məsələlər gənclərə izah olunmalı, ümumən bu sahədə xalq maarifləndirilməlidir. Bu həqiqətlər birinci növbədə məktəblərdə, təlim-tərbiyədə aşılanmalıdır. Orta məktəblərdə sinifdənkənar və məktəbdənkənar kütləvi təbirlərin təlim-tərbiyədə, gənclərin yetkinləşməsində böyük əhəmiyyəti var. Təəssüf ki, bunlara indi ciddi əhəmiyyət verilmir.
Keçən əsrin 70-ci illərində respublikaya ulu öndər Heydər Əliyev rəhbərlik edərkən onun şəxsi təşəbbüsü ilə alim, yazıçı, mədəniyyət və maarif işçilərindən, qabaqcıl əmək adamlarından ibarət təşviqat briqadaları rayonlara gedir, məktəbli və işçi gənclərlə görüşür, onların həm vəziyyəti ilə tanış olur, həm də müxtəlif zəruri məsələlər barədə söhbətlər edirdilər.
Görüşlərin ən maraqlı məqamı yaşlı nəslin nümayəndələrinin öz təcrübələrinə əsasən apardıqları söhbətlər olurdu. Fikrimcə, bu gün də belə görüşlərin böyük əhəmiyyəti olar.
Ancaq hər şeydən əvvəl ali və orta məktəblərdə, ümumən təhsil sistemində rüşvətxorluğa tamam son qoyulmalı, təhsilin keyfiyyəti yaxşılaşdırılmalıdır. Savadsız, müəllim adına ləkə gətirən müəllimlər bu sahədən uzaqlaşdırılmalıdır. Onu da deyim ki, burada da yüksək bilikli gənc tələbələrin birgə mübarizəsi mühüm yol oynamalıdır.
İslam dini qatilliyi və intiharı, qadın və uşaq alverini, qumar və şərabxorluğu, borcu faizlə verməyi və rüşvətxorluğu, qeyri-şəri ticarəti, qadın ismətinə təcavüzü, oğurluğu, aldatma və yalançılığı, tüfeyliliyi, elmə yiyələnməyib cahil olmağı qəti surətdə rədd edir. Həm də təkcə müsəlmanlara deyil, bütün bəşəriyyətə qadağan buyurur. Baxın, bu göstərilənlərin hansı bəşər övladına xoşbəxtlik gətirir?! Oxuyanlar yaxşı bilirlər ki, Quranda insanın hər iki dünyası üçün vacib olan bütün amillər şərh olunmuşdur. Bu ilahi kitabda ailə-məişət, nikah, qadın hüquqları, ata-ana, övlad və cəmiyyətə münasibət, birgəyaşayış, sağlamlıq qaydaları, haram-halal, murdar-təmiz qaydaları, vəzifəyə və əmanətə münasibətlər, xüsusən gənclərin elmə yiyələnməsinin zəruriliyi və digər bu kimi tələb və məsləhətlər öz əksini tapmışdır.
Xalq şairi Z.Yaqub gözəl deyib:
Min-min kitab yazılsa da,
Başı bir kitaba
bağlı.
Min-min kitab oxunsa da,
Əvvəl Quranı dərk
elə.
Lakin çox təəssüf
ki, bu mətləblər gənclərimizə lazımi səviyyədə
aşılanmır. Öz növbəsində gənclərimiz
də bu sahədə fəal deyillər. Fikrimcə, ümumtəhsil
və ali məktəblərdə uşaq və gənclərimizə
İslam dininin yüzilliklər ərzində sınaqdan
keçib bəyənilmiş şəriət qanunları və
Qurani-Kərim xüsusi proqramla tədris edilməlidir. Bu tədbir
dövlətimiz, xalqımız və elmimiz, təhsilimiz
üçün müsbət nəticələr verə bilər.
İnsanın
formalaşmasında əsas amillərdən biri, ən
mühümü əməkdir, faydalı məşğulluqdur.
Ona görə də yaşamaq istəyən hər bir şəxs
əməkdən qaçmamalıdır. Əmək
insanın maddi ehtiyaclarını təmin etdiyi kimi, mənəvi
həyatını da, sağlamlığını da təmin
edir. Lakin burada da işlərimiz əngəllidir. İndi
yüngül əmək, az işləyib çox qazanmaq
ideyası hakimdir, “modda”dır. Nəzərə almaq
lazımdır ki, bu imkan hamı üçün
mümkün deyil. Buna görə də nəinki şəhərdə,
hətta kəndlərdə də gənclərin böyük
bir hissəsi işləmir. Adını da qoyurlar, “iş yeri
yoxdur”. Kəndli gənclərimiz bilməlidirlər ki, kənd
şəraitində fabrik-zavodlar, geniş tikinti sahələri
yoxdur və hələlik yaradılması da çətindir.
Odur ki, əmək qabiliyyətli hər kəs imkanı
çatan bir işin qulpundan yapışmalıdır. Atalar
yaxşı deyiblər: “Düşməninə daş
daşı, amma bekar dayanma”.
Öz həyatını
qurmağa, ailəsini saxlamağa hamı borcludur.
Bununçün oturub hansısa naməlum “xoşbəxtliyi”
gözləmək olmaz. Çalışmaq lazımdır.
İşləyib zəhmətlə ailəni dolandırmaq
ayıb deyil, ayıb ehtiyac içində yaşamaqdır. Bu
xüsusda da gözəl məsəl var: “Kişi öz ailəsinin
həm ağası, həm də nökəridir, arvad öz
ailəsinin həm xanımı, həm də kənizidir”.
Bunu da demək
lazımdır ki, dövlət və kəndli
üçün müvafiq tədbirlərlə şərait
yaratmalıdır. Kəndlini təkcə öz ümidinə
qoymaq olmaz. Əkinçiliyə, heyvandarlığa diqqət
artırılmalı, kənd təsərrüfatı məhsulları
ilə işləyən emal və yeyinti sənayesi obyektləri
tədricən də olsa bərpa edilməlidir. Nəzərə
almaq lazımdır ki, ölkəni ticarətdən
asılı qoymaq olmaz. Dövlət o zaman qüdrətli olar,
xalq o zaman firavan yaşayar ki, o ölkənin öz
istehsalı olsun, istehsal və emal sənayesi inkişaf etsin.
Ölkədə hamı
ticarətə, alqı-satqıya can atır. Daha imkanlı
adamlar ümumi və ixtisaslı bazarlar açır. Bu
lazımdır. Minlərlə ailə bundan bəhrələnir.
Lakin çox keçmir ki, burada da “hakimiyyət”
inhisarçıların əlinə keçir. Onlar da həm
qiymətdə, həm də keyfiyyətdə
insafsızcasına, imkansızcasına öz istəklərini
diktə edirlər. Bunlar bolluğa, ucuzluğa yox, əksinə
qıtlığa və bahalığa aparır. Digər tərəfdən
də bazara çıxan gənc və yeniyetmələr bəlkə
də maddi cəhətdən bir qədər xeyir
götürür. Amma mənəviyyatını,
insanlığını itirmək təhlükəsilə
üzləşir.
Etiraf edilməlidir ki,
müasir gənclərdə bir çox halda elmə,
aparılan təbliğata, qəbul edilən bəzi qanunlara
inamsızlıq yaranmışdır. Çünki bu amillər
adətən onların yaradıcıları tərəfindən
gənclərin gözü qarşısında pozulur. Həyatda
elmin, biliyin rol oynamağı, təbliğatın boş
söz olduğu çılpaqlığı ilə
görünür.
Xalqımız 1990-1991-ci illərin
hadisələrini yaxşı xatırlayır. O zaman xalq
Elçibəyin çağırışına səs verərək
küçələrə çıxdı və qalib gəldi.
Çünki xalq ona inanırdı. Elçibəyin amalı
xalqın amalı idi, fəaliyyəti xalq üçün
idi. Bəs sonra nə oldu? Bildiyimiz kimi, əvvəl yekdil olan
cəbhəçilərin hərəsi bir “partiya” yaradıb,
prezident olmaq eşqinə düşdü. Nəticədə
xalq qarşısında da, dövlət qarşısında
da etibardan düşdülər, inam itdi və meydanda tək
qaldılar.
İndi onların haqq
sözünə də, ədalətli tələblərinə
də “Müxalifətçidir” damğası vurulub, rədd
edilir. Halbuki onlar vaxtında hakimiyyət uğrunda deyil, xalq
işi, iqtidarın fəaliyyətində yol verilən
nöqsanları ədalət naminə göstərib aradan
qaldırılmasında yardımçı olsaydılar,
xalqın və hakimiyyətin etimadını qazanardılar.
Hörmətli valideynlər,
ağsaqqallar! Gəlin, dərindən düşünək,
heç bir çətinliyə və maneəyə məhəl
qoymadan, nəyisə bəhanə etmədən, Allaha xatir, vətənimizə
və xalqımıza sədaqətli balalar böyüdüb
tərbiyə etməyə cəhd göstərək. Kamil,
yetkin cəsur və sağlam gənclər yetişdirməkdə
öz vəzifəmizi yerinə yetirək!
Üzümü gənclərimizə
tutub onlardan təvəqqe edirəm ki, verilən hər bir
öyüdə, üzləşdikləri hadisələrə,
həmyaşıdlarının səhvlərinə diqqətlə
yanaşsınlar, haqqa tapınaraq doğru həyat yolu
seçsinlər. Rüşvətxorların, saxtakarların,
acgözlərin, qanun pozucularının, insafsızların,
qeyri-insani əməl sahiblərinin yox, xeyirxahların,
qurub-yaradanların, əməlisalehlərin yolunu tutsunlar,
onlardan ibrət götürsünlər.
Əli MAHMUDOĞLU (ƏLİŞOV)
525-ci qəzet.- 2011.- 19 may.- S.7.